Fətəli Xan Xoyski
Son Yenilənmə : 2018-06-21 21:35:46
Baxış sayı : 3138
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından və bütün əziyyətlərini öz çiyinlərində daşıyanlardan biri də dövrünün görkəmli siyasi və ictimai xadimi Fətəli Xan Xoyski olmuşdur. Fətəli Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci il noyabr ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Fətəli Xanın atası İsgəndər Xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Soyadları da buradan götürülmüşdür. Qafqaza köçmüş İsgəndər Xan Şəkidə ailə həyatı qurmuş, çar ordusunun general-leytenantı rütbəsinə qədər yüksəlmişdir.
Gəncə (keçmiş Yelizavetpol) klassik gimnaziyasını, 1897-ci ildə isə Moskva universitetinin hüquq fakultəsinin tam kursunu 1-ci dərəcəli diplomla bitirən F.X.Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilir. Tiflis Məhkəmə Palatasının 1897-ci il 26 avqust tarixli 56 saylı əmrilə Fətəli Xan Yelizavetpol dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsini təyin olunur. 1898-ci il fevralın 27-də ali əmrlə ona kollej katibi rütbəsi verilir. F.X.Xoyski Tiflis Məhkəmə Palatası sədrinin 1899-cu il 24 mart tarixli 15 saylı əmri ilə böyük məhkəmə məmuru vəzifəsinə keçirilir və Palatanın elə həmin il 16 iyul tarixli əmri ilə Kutaisi dairə məhkəməsinə böyük məhkəmə məmuru vəzifəsinə dəyişdirilir. Kutaisi dairə məhkəməsi ümumi iclasının 1899-cu il 4 sentyabr tarixli qərarı ilə Fətəli Xan Ozurket istintaq sahəsinin, 1900-cu il martın 8-də isə Kutaisi qəza istintaq sahəsinin müdiri təyin olunur. Həmin il aprelin 4-də ona 3 aylığa Kutaisi qəza məhkəməsi prokurorunun müavini vəzifəsini icra etmək tapşırılır.
Ədliyyə nazirliyinin 1900-cu il 27 iyun tarixli 27 saylı əmri ilə o, Zuqdidi barışıq məhkəməsinin köməkçisi vəzifəsinə təyin olunur.
Vətəndaş idarələri üzrə 1901-ci il 9 iyun tarixli 48 saylı ali əmrlə ona Titulyar müşavir rütbəsi verilir. Ədliyyə nazirliyinin 1901-ci il 18 sentyabr tarixli 33 saylı əmri ilə Fətəli Xan Suxumi barışıq məhkəməsinin köməkçisi vəzifəsinə dəyişdirilir. Ədliyyə nazirliyi özünün 1903-cü il 22 aprel tarixli 12 saylı əmri ilə F.X.Xoyskini Yekaterinodar dairə məhkəməsi Yekaterinodar şəhəri birinci sahəsinin məhkəmə müstəntiqi vəzifəsinə təyin edir. Yekaterinodar dairə məhkəməsi ümumi yığıncağının 1903-cü il 29 sentyabr tarixli qərarı ilə isə Yekaterinodar şəhəri üçüncü sahəsinə müdirlik vəzifəsinin icrası Fətəli Xana tapşırılır.
Vətəndaş idarələri üzrə 1904-cü il 11 sentyabr tarixli, 70 saylı ali əmrlə Fətəli Xan Titulyar müşaviri rütbəsindən kollej assesoru rütbəsinə keçirilir və 1904-cü il oktyabrın 25-də, 79 saylı əmrlə Yekaterinodar dairə məhkəməsi prokurorunun müavini vəzifəsinə təyin olunur. 1907-ci il fevral ayının 20-dək yəni II Dövlət Dumasına deputat seçilənə qədər həmin vəzifədə qalır.
1907-ci ildə F.X.Xoyski Yelizavetpol quberniyasından II Dövlət Dumasına deputat seçilir. II Dövlət Dumasının müsəlman deputatları fraksiyasına daxil olan F.X.Xoyski Duma iclaslarında aqrar məsələlərə dair çar hökumətinin yeritdiyi ayrı seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar etmişdir.
Həmin il may ayının 18-də F.X.Xoyskinin də iştirak etdiyi 173 deputatın imzaladığı Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət dumasına qanun layihəsi təqdim edilir. Təqdim olunmuş qanun layihəsində bütün Rusiya vətəndaşlarının hüquq bərabərliyi, daimi yaşayış üçün yer seçmə azadlığı, dövlət və ictimai xidmət sahələrində bərabərlik, şəxsiyyət toxunulmazlığı, söz və mətbuat azadlığı, təhsil hüququ tələb olunurdu. Dumanın sədri bu qanun layihəsi haqqında deputatlara məlumat verərək onun müzakirə olunacağını bildirmişdi. Lakin II Dövlət Dumasının da ömrü çox qısa oldu və cəmi 103 gün fəaliyyət göstərdi. 1907-ci il iyunun 3-də II Dövlət Dumasının buraxılması haqqında çar manifesti elan olundu.
Bundan sonra Yelizavetpola qayıdan Fətəli Xan iyulun 17-də Yelizavetpol dairə məhkəməsinə müraciət edərək, Yelizavetpol şəhərini daimi yaşayış məskəni seçdiyi üçün onun Tiflis məhkəmə palatasının Yelizavetpol dairə məhkəməsinə andlı iclasçı qəbul olunmasını xahiş edir. Yelizavetpol dairə məhkəməsinin 1907-ci il 21 iyul tarixdə keçirilən ümumi iclası qərara alır ki, istefada olan kollej assesoru Fətəli Xan Xoyski Tiflis Məhkəmə Palatası Yelizavetpol dairəsinin andlı iclasçıları sırasına qəbul edilsin.
Bununla əlaqədar həmin il iyulun 24-də Yelizavetpol dairə məhkəməsinin sədri raportla Rusiya ədliyyə nazirinə müraciət edərək II Dövlət Dumasının keçmiş üzvü, istefada olan kollej assesoru Fətəli Xan Xoyskinin Yelizavetpol dairə məhkəməsinə müraciət edərək onu Tiflis Məhkəmə Palatası andlı iclasçılarının siyahısına daxil etməyi və dairə məhkəməsinin ümumi iclasının Fətəli xanın xahişini qəbul etməyin mümkün olduğu haqqında qərar çıxardıqlarını bildirərək, onu göstərilən dairə üzrə Tiflis Məhkəmə Palatasının andlı iclasçıları siyahısına daxil etməyə icazə verməyi xahiş edir.
1907-ci il avqustun 27-də Tiflis Məhkəmə palatasının böyük sədri V.R.Zavadski Yelizavetpol dairə məhkəməsinin sədrinə məktubunda bildirirdi ki, Ədliyyə nazirliyinin ikinci departamenti özünün 9 avqust tarixli məktubu ilə bildirir ki, Yekaterinodar dairə məhkəməsi prokurorunun keçmiş müavini Fətəli Xan Xoyskinin Tiflis Məhkəmə Palatasının andlı iclasçıları sırasına qəbul olunmasına icazə verilir.
Yelizavetpol dairə məhkəməsinin sədri 1907-ci il sentyabrın 3-də Tiflis Məhkəmə Palatasına məlumat verirdi ki, dairə məhkəməsi Fətəli Xanı Tiflis Məhkəmə Palatasının iclasçıları siyahısına daxil edərək ona 1551 saylı şəhadətnamə vermişdir. Həmin şəhadətnamə Tiflis Məhkəmə Palatası tərəfindən təsdiq edilərək Yelizavetpol dairə məhkəməsinə qaytarılmış və qəbz almaq şərtilə həmin şəhadətnamənin F.X.Xoyskiyə çatdırılması tapşırılmışdır. Məktubun üzərində sentyabrın 17-də Fətəli Xanın göstərilən şəhadətnaməni aldığı haqqında qeyd də vardır.
Həmin il sentyabrın 17-də Yelizavetpol şəhərində Yelizavetpol dairə məhkəməsinin məhkəmə sədri vəzifəsini icra edən A.K.Moseviç, məhkəmə üzvləri İ.S.Stradomski, M.İ.Yankovski, prokuror müavini V.İ.Frizir və katibi F.F.Lorentsinin iştirak etdiyi ümumi yığıncaqda F.X.Xoyskinin andlı iclasçı kimi and içməsi mərasimi keçirilir.
Molla Hacı Həsən Mollazadə «Qurana» əl basdıraraq Fətəli Xana and içdirir. Andda deyilirdi: «Söz verir və hər şeyə qadir Allahın Müqəddəs Quranı qarşısında and içirəm ki, bütün Rusiyanın əlahəzrət İmperatoru və hökmdarına sədaqətlə xidmət edəcək, imperiyanın qanunlarını öz dərrakəmlə son dərəcə dəqiq icra edəcək, məhkəmədə Pravoslav kilsəsinə, dövlətə, cəmiyyətə, ailəyə və xoş əxlaqa zərər gətirən heç bir söz deməyəcək və yazmayacağam, öz üzərimə götürdüyüm vəzifəni namusla və vicdanla yerinə yetirəcəyəm, məhkəmə və hakimiyyət orqanlarına qarşı sədaqətimi pozmayacaq, mənə etibar edənlərin və ya işi mənə tapşırılacaq şəxslərin mənafelərini qoruyacaq və yadda saxlayacağam ki, bütün bunlar üçün qanun və Allahın ədalət məhkəməsi zamanı onun qarşısında cavab verəcəyəm. Dediklərimi təsdiq üçün əl-Quranın Müqəddəs kalamlarını öpürəm. Amin».
Andın mətninin altında Fətəli Xan öz dəsti xətti ilə «Bu and vərəqəsi əsasında and içdim» sözlərini yazmış və imzalamışdır. Sonra isə orada iştirak edənlərin hamısı o cümlədən Molla Hacı Həsən Mollazadə də həmin vərəqi imzalamışlar.
1913-cü ilə qədər Yelizavetpolda andlı iclasçı kimi işləyən və ictimai xadim kimi fəaliyyət göstərən F.X.Xoyski həmin ildən Bakıya köçərək dairə məhkəməsində andlı iclasçı kimi öz fəaliyyətini davam etdirir. Bununla əlaqədar Yelizavetpol dairə məhkəməsinin sədrinin 1913-cü il 7 sentyabr tarixli məktubu ilə Bakı dairə məhkəməsi F.X.Xoyskinin andlı iclasçı kimi həmin məhkəmə heyətinin siyahısında olub-olmamasını soruşur. Bakı dairə məhkəməsi sədri vəzifəsini icra edən K.Kolbasin isə özünün 30 oktyabr tarixli cavabında bildirir ki, Fətəli Xan Xoyski 1913-cü il 3 sentyabr tarixli ərizəsi ilə öz yaşayış yerini Yelizavetpoldan Bakıya dəyişdirdiyi haqqında məlumat verib. Həmin vaxtdan başlayaraq Fətəli Xan 1917-ci ilə qədər Bakı dairə məhkəməsində andlı iclasçı kimi çalışmaqla yanaşı Bakının ictimai və mədəni həyatında, xüsusilə Bakıda yaradılmış Xeyriyyə cəmiyyətlərinin işində də fəal iştirak etmiş və onlara köməkliklər göstərmişdir.
1917-ci ildə Rusiyada baş verən fevral inqilabından və çarizm üsul-idarəsi devrildikdən sonra F.X.Xoyskinin fəaliyyətinin yeni ən məhsuldar dövrü başlayır. Cəmi 3 ildən bir az artıq vaxtı əhatə edən bu illərdə F.X.Xoyskinin bacarıqlı bir siyasi xadim, hökumət rəhbəri və təşkilatçı kimi fərdi keyfiyyətləri üzə çıxır. Məhz bu qısa vaxt Fətəli Xanı Azərbaycanın ən görkəmli siyasi xadimlərindən biri kimi öz xalqına tanıtdı və sevdirdi.
Fevral inqilabından sonra F.X.Xoyski fəal siyasi fəaliyyətə qoşulur. O, Bakıda yaranmış milli müsəlman şurası müvəqqəti icraiyyə Komitəsinin üzvü seçilir. Həmin ilin aprelində Bakıda çağrılmış Ümumqafqaz müsəlmanlarının qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.
Oktyabr inqilabının qələbəsindən sonra 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya komissarlığı yaradılır. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya seymi işə başlayır. Zaqafqaziya seyminə Zaqafqaziyadan Ümumrusiya müəssislər məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına 44 deputat, o cümlədən F.X.Xoyski də daxil idi.
1918-ci il aprelin 22-də Zaqafqaziya müstəqil federativ respublikası elan olunur, aprelin 22-də isə Zaqafqaziya federasiyasının yeni hökuməti təşkil edilir və bu hökumətdə F.X.Xoyski ədliyyə naziri vəzifəsini tutur. Zaqafqaziyanın müstəqilliyinin elanı və yeni hökumətin yaradılması ölkəyə nə daxili və nə də xarici siyasət sahəsində heç bir yenilik gətirmədi. Zaqafqaziya komissarlığında, sonra isə nazirliklərində fəaliyyət göstərən hər üç millətin nümayəndələri hərə öz qurumunun mənafeini Ümumzaqafqaziya mənafeindən üstün tuturdu. Belə bir şəraitdə gürcülər Zaqafqaziya federasiyasından çıxıb öz istiqlaliyyətlərini elan etmək qərarına gəlirlər.
1918-ci il mayın 25-də İ.Sereteli bu məsələ ilə əlaqədar seymin Azərbaycan fraksiyasının iclasında çıxış edir. Onun çıxışına cavab olaraq F.X.Xoyski bildirir ki, «Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birləri ilə o qədər sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaqdır. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır». Sonra F.X.Xoyski məlumat verir ki, seymin və hökumətin üzvü X.Korçikyanla söhbət zamanı o da bildirmişdir ki, gürcülər ayrılacaqları halda erməni deputatları da Ermənistanın istiqlaliyyətini elan etməyə hazırlaşırlar.
1918-ci il mayın 26-da Zaqafqaziya seyminin son iclası keçirilir və seym buraxılır. Elə həmin gün Gürcüstan öz istiqlaliyyətini elan edir. Ertəsi gün, mayın 27-də keçmiş Zaqafqaziya seyminin azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Mili Şurası elan edir və Azərbaycanın idarəsini öz üzərlərinə götürürlər. Mayın 28-də keçmiş Qafqaz canişinin iqamətgahında keçirilən birinci iclasında Azərbaycan Milli Şurası ətraflı müzakirələrdən sonra Zaqafqaziyanın Cənubi-Şərq ərazisində Azərbaycan Xalq Cümhuriyyəti elan etmək haqqında qərar qəbul edir və Azərbaycanın istiqlaliyyəti haqqında bəyanat verilir. Milli Şura, şuranın üzvü F.X.Xoyskini yekdil səslə ilk Azərbaycan hökumətinin sədri seçir və ona ilk Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırır. Bir saatlıq fasilədən sonra F.X.Xoyski öz hökumətinin tərkibini elan edir. Bu hökumətdə Fətəli Xan baş nazir vəzifəsi ilə yanaşı daxili işlər naziri vəzifəsini də tutur.
Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar bütün təşkilati tədbirləri həyata keçirdikdən və onu bütün dünyaya bəyan etdikdən sonra Milli Şura və Azərbaycan hökuməti bilavasitə öz ölkəsi ərazisində fəaliyyətini genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçür. Gəncəyə gələn Milli Şura və Azərbycan hökuməti mürəkkəb daxili və xarici çətinliklərlə üzləşir. Hələ mayın ortalarında 300 nəfər təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşa şəhərdə real hakimiyyəti öz əlində cəmləşdirmişdi. O, Gəncəyə gəlmiş Azərbaycan Milli Şurası və hökumətinə şübhə ilə yanaşır. Belə bir şəraitdə iyunun 17-də keçmiş şəhər idarəsinin binasında milli şuranın sayca yeddinci iclası keçirilir. Hökumətin sədri F.X.Xoyski hökumətin istefası bəyanatı ilə çıxış edir. Geniş müzakirədən sonra hökumətin istefası qəbul olunur və F.X.Xoyskiyə yeni hökumət təşkil etmək tapşırılır. Müxtəlif partiyaların nümayəndələrindən ibarət təşkil olunmuş yeni hökumətdə F.X.Xoyski baş nazir vəzifəsi ilə yanaşı Ədliyyə naziri vəzifəsini də tutur. Özünün yeni hökumət proqramı ilə çıxış edən F.X.Xoyski bildirir ki, onun hökumətinin başlıca vəzifəsi azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.
Azərbaycan Milli Şurasının bu iclasında onun buraxılması, bütün qanunverici və idarəedici hakimiyyətin Azərbaycanın müvəqqti hökumətinin əlində cəmləşdirilməsi haqqında iki mühüm qətnamə qəbul olunur.
Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.X.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməməlidir.
F.X.Xoyskinin başçılıq etdiyi hökumətin hüquq və vəzifələrindən bəhs edən ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın istiqlaliyyətini və siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə hökumətə səlahiyyət verilmir. Qalan məsələlərdə hökumətdə bütün hüquqlardan istifadə etmək səlahiyyəti verilir. F.X.Xoyski hökuməti altı ay müddətindən gec olmayaraq müəssislər məclisi çağırmalıdır.
F.X.Xoyskinin ikinci hökuməti Gəncədə çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə ilk növbədə Fətəli Xan hökuməti dövlət aparatının təşkili işini davam etdirir. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin idarə aparatı yaradılır.
İyunun 27-də Azərbaycan dili dövlət dili elan olunur. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olunur. Fətəli Xan hökumətinin Gəncədə ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etmək oldu. Müstəqil Azərbaycanın qoşun hissələrinin yaradılması işinə başlandı. Azərbaycanın tam istiqlaliyyəti üçün onu müdafiə edəcək ordunun yaradılmasının müstəsna əhəmiyyəti var idi. Avqustun 11-də qəbul olunmuş hərbi mükəlləfiyyət haqqında qanuna müvafiq olaraq tam 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan olunur.
F.X.Xoyski kabinəsinin mühüm tədbirlərindən biri də iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın qarşısında birinci dünya müharibəsi illərində, xüsusilə Bakıdakı mart hadisələri zamanı və ondan sonra Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilmiş vəhşiliklər, onların əmlaklarına qəsd ilə bağlı məsələləri araşdırmaq, bu işdə günahkar olanları aşkar etmək və onları məsuliyyətə cəlb etmək vəzifəsi qoyulmuşdur.
Gəncənin çarizm hakimiyyəti zamanı ləğv olunmuş adı Azərbaycan hökumətinin 30 avqust tarixli qərarı ilə özünə qaytarıldı. Elə həmin qərarla Qaryagin qəzası da Cəbrayıl qəzası adlandırıldı.
Ümumiyyətlə, paytaxt Bakıya göçürülənə qədər F.X.Xoyski hö.kuməti Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun, poçtanın bərpası və s. ilə bağlı bir sıra digər mühüm tədbirlər də həyata keçirmişdir.
Qeyd etmək lazımdır ki, bu dövr Azərbaycan üçün ən ağır və mürəkkəb dövr olmuşdur. O vaxt sözün əsil mənasında Azərbaycanın varlığı, onun olum və ölüm məsələsi həll olunurdu. Belə bir dövrdə ölkəyə rəhbərlik etmək ağlagəlməz dərəcədə çətin bir iş idi. Fətəli Xan hökumətinin o dövr fəaliyyəti haqqında Üz.Hacıbəyov yazırdı: «Yeni vücuda gəlmiş olan Azərbaycan hökumətinin birinci rəisi-vüzarəsi olmaqla, Azərbaycan tarixində mühüm bir mövqe tutmuş olan Fətəli Xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır... Bu zəif gəmini, bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli Xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və qəbul edibdə gəmisini kamali-ehtiyat və ehtimal ilə aparıb hələ sahili-nicata çıxarılmasında, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirdi və bu ustalığında böyük bir məharət göstərdi».
1918-ci il sentyabrın 15-də türklərdən və azərbaycanlılardan ibarət Qafqaz islam ordusu Bakıya daxil olur, sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçür. Bakı Azərbaycanın paytaxtı elan olunur. Bütün Şimali Azərbaycan ərazisi F.X.Xoyskinin başçılıq etdiyi azərbaycan hökumətinin hakimiyyəti altına keçir.
Bakıya köçdükdən sonra F.X.Xoyski hökuməti istər ictimai-siyasi istərsə də təsarrüfat və mədəni quruculuq sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başlayır. Müəssislər məclisinin çağrılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, Daxili İşlər və Xalq Maarifi nazirlərindən ibarət komissiya yaradılır.
1918-ci il noyabrın 9-da F.X.Xoyskinin məruzəsi əsasında Azərbaycan hökuməti Azərbaycanın üç rəngli bayrağını təsdiq edir.
Beş aylıq fasilədən sonra 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının Bakıda birinci iclası toplanır. İclasda çıxış edən Azərbaycan hökumətinin sədri F.X.Xoyski bildirir ki, hökumətin Müəssislər məclisini çağırmaq üçün hazırlıq işlərinə vaxtı çatmadığı üçün Milli Şura bu işi öz öhdəsinə götürsün. Milli Şura bu təkliflə razılaşır. Noyabrın 19-da keçən iclasında Milli Şura 120 nəfərdən ibarət Azərbaycan Parlamentini yaratmaq haqqında Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsini bəyənir.
Azərbaycan parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də açılır, Azərbaycan hökumətinin sədri F.X.Xoyski öz hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında geniş hesabat verir və hökumətin istefasını qəbul etməyi parlamentdən xahiş edir. Parlament hökumətin istefasını qəbul edib, yeni hökumətə rəhbərliyi və onun tərkibini müəyyənləndirmək işini yenidən F.X.Xoyskiyə tapşırır. Dekabrın 26-da Fətəli Xan hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə çıxış edir. Geniş müzakirədən sonra parlament F.X.Xoyski hökumətinin proqramını bəyənir və hökumətin yeni üzvlərinə etimad göstərir. Bu hökumətdə F.X.Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutur.
Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları elə ilk aylardan Fətəli Xan hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar. Bu partiyalar hökuməti fəaliyyətsizlikdə taqsırlandırır, Azərbaycanda baş verən bütün qanunsuzluqları və hərcmərclikləri onun adı ilə bağlamağa çalışırdılar. «İttihad», «Əhrar» və Sosial-demokrat partiyalarının parlament fraksiyaları daha barışmaz mövqedən çıxış edirdilər.
1919-cu il yanvarın 28-də keçirilən Parlament iclasında çıxış edən «İttihad» partiyasının lideri Qarabəy Qarabəyov ölkədə neft, taxıl, H.Z.Tağıyevin mahud fabrikasının istehsal etdiyi bezlə bilavasitə möhtəkirlərin alver edərək, böyük qazanclar götürdüklərini tənqid edir. Bu işdə bütün günahları hökumətin fəaliyyətsizliyində görür.
1919-cu il fevralın 4-də keçirilən parlamentin digər iclaslarında Ermənistanda Azərbaycan hökumətinin nümayəndəliyini yaratmaq haqqında məsələ müzakirə olunarkən yenədə Q.Qarabəyov Fətəli Xan hökumətini kəskin tənqid edir. Buna cavab olaraq F.X.Xoyski deyir: «Bu barədə hökumət heç bir nöqsan buraxmamışdır. Böylə olmaz ki, biz müqəssir kimi əyləşək, sizdə mümkün olmayan hər məsələ barəsində bizi niyə belə oldu, nə üçün belə olmadı deyə töhmətləndirəsiniz. Hər işdə qüsur mümkündür. Amma bu barədə hökumət əsla nöqsan qoymamışdır».
Elə həmin iclasda yenidən çıxış edən Q.Qarabəyov, «Əhrar» partiyasından Aslanbəy Qardaşov hökuməti alveri şirnikdirməkdə, alveriçilərə qarşı heç bir cəza tədbirləri görməməkdə taqsırlandırırlar. Bu işdə daxili işlər nazirliyi məmurlarının əli olduğu da vurğulanır. Onlara cavab verən M.Ə.Rəsulzadə bildirir ki, hökumət «bu az müddət ərzində imkan daxilində nə etmək mümkün olardı etmişdir». O, qeyd edir ki, bugün biz cəmi beş həftədi fəaliyyət göstərən hökumətdən bütün işlərin dəyişdirilməsini və yeni işlər görülməsini tələb edirik. Amma «insandan imkan xaricində şeylər tələb edilərsə şübhəsiz təbiət onu verməz və nəticədə insan məyus olar».
Parlamentin 1919-cu il fevralın 5-də keçirilən iclasında çıxış edən Hacı Kərim Sanılı, Səmədağa Ağamalı oğlu, Qarabəy Qarabəyov, İbrahim Əbilov, Murtuza Axundzadə, Əhməd Cövdət Pepinov, Aslanbəy Qardaşov cəmi beş həftə fəaliyyət göstərən hökuməti yenədə kəskin tənqid edirdilər. Onlara cavab verən F.X.Xoyski bildirir ki, o günlərki siz neçə dəfə mənə müraciətlə hökumət təşkilinə məni vadar etdiniz. Mən birinci bəyanatımda demişdim ki, belə ağır bir zamanda heç kəs cəsarət edib hökuməti ələ ala bilməz. O vaxt mən dedim ki, «Sizin sidqi dil ilə hökumətin arxasında durub kömək edəcəyinizə ümid oluruq... Əgər görsəm ki, hökumətə sədaqət yoxdur bir dəqiqədə hökumət başında durmaram». Sonra Fətəli Xan öz nitqində qeyd edir ki, bir var sorğu ilə hökumətə kömək edilsin, onun nəzərindən qaçırdıqları yada salınsın, heç vaxt hökumət belə sorğudan inciməz. «Amma bir sorğuda zəhərli, bədxahlıq sorğusudur... Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir... Ayə bu müqəssirlər skamyasıdırmı ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın?... Hərə bir söz deyir, hətta ixtiyarımız yoxdur onlardan bir qədər ehtiramlı davranmağı tələb edək».
Daha sonra Fətəli Xan öz çıxışında bildirir ki, «siz bunu bilməlisiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükəlidir. Biliniz indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə mühüm zamanda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz».
Yaranmış vəziyyətlə əlaqədar olaraq F.X.Xoyski öz hökumətinin istefası haqqında Parlamentə məktub göndərir və 1919-cu il fevral ayının 25-də Parlamentin iclasında həmin məktub elan edilir. Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. Aprelin 14-də N.B.Yusifbəylinin sədrliyi ilə yeni 4-cü hökumət kabinesi yaradılır.
İstefaya çıxdıqdan sonrada F.X.Xoyski fəal siyasi fəaliyyətindən qalmır. Azərbaycan parlamentinin üzvü kimi, o, 1919-cu ilin aprelində siyasi, iqtisadi və maliyyə məsələlərində, habelə Zaqafqaziya respublikaları arasında mübahisəli sərhəd məsələlərini həll etmək üçün Qafqaz konfransının hazırlanması və keçirilməsində fəal iştirak edir.
F.X.Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini həll etmək üçün çağırılacaq konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sədri təyin olunur. Həmin il dekabrın 22-də N.B.Yusifbəylinin təşkil etdiyi hökumət kabinəsində F.X.Xoyski xarici işlər naziri vəzifəsini tutur və 1920-ci ilin aprelinə qədər həmin vəzifədə qalır.
1920-ci il yanvarın 12-də Birinci dünya müharibəsində qalib gələn müttəfiq dövlətlərin ali şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıyır. Həmin ilin yanvarından aprelinə qədər Azərbaycan Cümhuriyyəti xarici işlər naziri F.X.Xoyski və RSFSR Xalq Xarici işlər komissarı G.V.Çiçerin dəfələrlə nota mübadiləsi edirlər. Bu notalarda F.X.Xoyski Azərbaycan cümhuriyyəti istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən tanınmasına nail olmağa çalışır. G.V.Çiçerin isə Azərbaycan Cümhuriyyətini Denikin qüvvləri ilə mübarizə ittifaqlarına cəlb etmək istəyirdi. Onun bu tələbinə cavab olaraq F.X.Xoyski bildirirdi ki, Azərbaycan hökuməti Sovet Rusiyasının Denikin orduları ilə mübarizəsini rus xalqının daxili işi hesab edir və ona qarışmağı yolverilməz hesab edir.
1920-ci il aprelin ortalarında XI Qızıl Ordu Şimali Qafqazda Denikin ordularının qalıqlarını məğlub edərək Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. F.X.Xoyski öz hökuməti adından aprelin 15-də Sovet Rusiyası hökumətinə nota verərək ölkəsinin təhlükəsizliyindən narahat olduğunu bildirdi. Onun bu notası cavabsız qaldı, aprelin 27-də XI Qızıl Ordu Azərbaycan sərhədlərinin keçərək Bakıya doğru hərəkət etdi. Həmin gün axşam Azərbaycan Parlamenti hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul etdi.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra F.X.Xoyski Tiflis şəhərinə getmiş və həmin il iyunun 19-da orada muzdlu erməni quldurları tərəfindən sui-qəsd nəticəsində qətlə yetirilmişdir.
Ataxan Paşayev
Milli Arxiv İdarəsinin rəisi,
Tarix elmləri doktoru