Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycanın görkəmli ziyalısı Firudin bəy Köçərli

Son Yenilənmə : 2023-09-21 11:15:15
Baxış sayı : 1905

( Maarifçi-pedaqoq, tənqidçi, ədəbiyyatşünas, yazıçı- publisist, ictimai xadim Firidun  bəy Əhməd  ağa  oğlu  Köçərlinin  anadan olmasının 160 illik  yubileyinə həsr  edilir)

 

 XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  və  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  tarixində   dərin  iz  qoymuş  görkəmli  Azərbaycan  ziyalılarından  biri  də  Firidun  bəy  Köçərlidir( Köçərlinskiy).  

Görkəmli  maarifçi, pedaqoq, tənqidçi, ədəbiyyatşünas, yazıçı- publisist, ictimai  xadim - Firudin  bəy  Köçərli  həyatda cəmi  57  il  ömür sürmüşdür. Lakin onun həyatda belə qısa ömür sürməsinə baxmayaraq  xalqımızın  mədəni  inkişafı  yolunda  çox  əhəmiyyətli  işlər  görə bilmişdir. O, ömrünün  40  ilini  millətin  maariflənməsi  və  mədəni  tərəqqisinə, savadsızlığın  və  geriliyin  aradan qaldırılmasına,  mövhumat  və  cəhalətə  qarşı  mübarizəyə  həsr  etmişdir. Firudin  bəy  Köçərlinin  qələminin  müqəddəs  vəzifəsi  xalqın  xoşbəxtliyi  yolunda  xidmət  etmək  olmuşdur.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  hələ on il bundan əvvəl-2013-cü  il  fevralın  14-də  Azərbaycanın  görkəmli  ədəbiyyatşünas  alimi, tanınmış  maarifpərvər  Firidun  bəy  Köçərlinin  150  illik  yubileyinin  keçirilməsi  haqqında  imzaladığı  sərəncamda  qeyd  edilirdi:”  2013-cü  ildə  Azərbaycanın  görkəmli  ədəbiyyatşünas  alimi, tanınmış  maarifpərvər, ictimai  xadim, publisist-yazıçı, tənqidçi  və  tərcüməçi  Firidun  bəy  Əhməd  ağa  oğlu  Köçərlinin  anadan  olmasının  150  illiyi  tamam  olur. Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatının  tarixi  inkişaf  yoluna  dair  qiymətli  mənbə  təşkil  edən  əsərlər  yaratmış  və  çoxcəhətli  zəngin  fəaliyyəti  ilə  ictimai-mədəni  fikrin  təşəkkülünə  mühüm  töhfələr  vermişdir. Ölkəmizdə  təhsil  sisteminin  milli  əsaslar  üzərində  qurulması  prosesində  onun  maarifçi  ziyalı  kimi  apardığı  işlər  böyük  əhəmiyyətə  malikdir. Azərbaycan  mədəniyyətinin  inkişafı  naminə  xidmətlərini  nəzərə  alaraq, Firidun  bəy  Köçərlinin  150  illik  yubileyinə  həsr  olunmuş  tədbirlər  planı  hazırlanaraq   həyata  keçirilsin.”    

         Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  tarixində  əhəmiyyətli  yer tutmuş  Firudin  bəy  Əhməd  bəy  oğlu Köçərli  1863-cü  il  yanvarın  26-da  Şuşada  ziyalı  ailəsində  anadan  olmuşdur. O, ibtidai  təhsilini  Mirzə  Kərim   Münşizadənin  məktəbində  aldıqdan  sonra  1876-cı  ildə  atasının  məsləhəti  ilə   Şuşadakı  dördsinifli  rus şəhər məktəbinə  daxil  olmuşdur. Firidun  bəy  Köçərli dövrünün  tanınmış   pedaqoqu, Zaqafqaziya  Müəllimlər  Seminariyasının  Azərbaycan  bölməsinin  inspektoru  A.O. Çernyayevskinin  dəvəti  ilə  1879-cu  ildə  Zaqafqaziya  Müəllimlər  Seminariyasına  oxumağa  getmiş  və  1885-ci  ildə  həmin  seminariyanı  bitirmişdir. Qeyd  edirik  ki, Zaqafqaziya  Müəllimlər  Seminariyası  Rusiya  İmperatoru  II  Aleksandrın   8 aprel  1875-ci  il  tarixli  fərmanı  ilə  təsis  edilmişdir. Zaqafqaziya  Müəllimlər  Seminariyasında  və  onun  nəzdindəki  üç  ibtidai  məktəbdə - rus, gürcü  və  erməni  məktəblərində  təhsil  rus  dilində  aparılırdı.  Həmin  məktəblərdə  təhsilin  rus  dilində  aparılması  və Azərbaycan  dilini  bilən  müəllimlərin  olmaması azərbaycanlı  uşaqların  böyük  əksəriyyətini  həmin  tədris  ocağına  cəlb  edilməsi  işində  böyük  çətinliklər  yaradırdı. Övladlarının  rus  tədris  ocağına  cəlb  edilməsinin əhəmiyyəti  barədə  əhali  arasında aparılan  maarifləndirmə  işləri  də  olduqca  ləng  gedirdi. Ana  dilində  savad  almaq  cəhdi  azərbaycanlı  uşaqların  böyük  əksəriyyətini  ənənəvi  məktəblərə  cəlb  edirdi. Seminariyanın  nəzdində  müsəlman uşaqlar  üçün  də  dünyavi  ibtidai  məktəbin  açılmasına  böyük  tələbat  və  ehtiyac  duyulurdu. 

XIX əsrin  ikinci  yarısından  başlayaraq  Rusiya  İmperiyasının  ucqarlarında, o  cümlədən  Azərbaycanda  çarizmin  yeritdiyi  ruslaşdırma  və  ayrıseçkilik siyasətinə  qarşı, habelə  milli dünyavi  məktəb  uğrunda  mübarizə  güclənirdi. XIX  əsrin  sonlarından  başlayaraq, Azərbaycanda  maarifçilik  ideyası  və  təşəbbüsünün  başında  duran  milli  mətbuatımızın  banisi  Həsən  bəy  Zərdabi  və  onun  ətrafında  toplanmış   dövrün  digər  mütərəqqi  ziyalıları “Əkinçi” qəzetinin  demək  olar  ki, hər  bir  nömrəsində  xalqı cəhalətə, geriliyə  qarşı  mübarizəyə  səsləyir, xalqa - maarif, mədəniyyət  və  məktəb  deyərək  öz  səslərini  ucaldırdılar. XIX əsrin  II yarısında Azərbaycanda  milli  şüurun  oyanmasında  və  onun  formalaşmasında, maarifçilik  hərəkatının  yaranmasında, mütərəqqi   fikrin  inkişafında H.Zərdabi  və  onun ”Əkinçi” qəzetinin  böyük  xidmətləri   olmuşdur. 

Xalqın  qəflət  yuxusundan  ayılmasıda, maarif, elm, mədəniyyət  meydanına  qədəm qoymasında qəzetin rolunu yüksək qiymətləndirən  xalqımızın digər  mütərəqqi  ziyalısı  Firudin  bəy  Köçərlinin “İqbal ”,” Kaspi “,  “İrşad ”, “ Kavkaz”, “Zakafkaziya” və  başqa  qəzetlərdə  dərc  etdirdiyi  məqalə  və  materialları  bu  məqsədə  xidmət  edirdi. 

1897-ci  ilin  oktyabr  ayında  N.Sokolinskinin  vəfat  etməsi  ilə  əlaqədar  olaraq  “Каспий” qəzetinin  naşirlik  səlahiyyəti  Bakı  milyonçusu, Azərbaycan  tarixində  əhəmiyyətli  rolu  olmuş  Hacı  Zeynaləbdin  Tağıyevin  ixtiyarına  keçmişdir. Bakı  milyonçusu  Hacı  Zeynalabdin  Tağıyev 1897-ci  ilin  oktyabr  ayında   dörd  qəzeti  və  mətbəəsini  57  min  manata  satın  almışdır. H.Z.Tağıyev dövrünün  məşhur  nəşrlərindən  olan  və  rus  dilində  çıxan “Каспий”  qəzetini  satın  alaraq  qəzetin  fəaliyyətini  milli  maraqların  müdafiəsinə  yönəldə  bilmişdir.

H.Z. Tağıyev “Kаспий” qəzetinin  sahibi  olduqdan  sonra  Ə.Topçubaşovun  qəzetin    redaktoru  təyin  edilməsinə  nail  olmuşdur. Ə.Topçubaşov  24 iyun  1898-ci  ildən  20  oktyabr  1907-ci  ilədək “Каспий” qəzetinin  redaktoru  olmuşdur. Ə.Topçubaşov, “Kaspi” qəzetinin  redaktoru olduğu dövrlərdə əsası hələ N.Sokolinskinin   redaktorluğu  dövründən  qoyulmuş  maarif  və  təhsil  məsələlərinin  işiqlandırılması kimi şərəfli  ənənəni davam  etdirməyə  çalışmışdır. Həmin  vaxtlarda   dövrün  tanınmış  pedaqoqları- F.Köçərli  və  M.Mahmudbəyov  təhsil, təlim-tərbiyə  problemlərinə  həsr  edilmiş məqalələrlə  “Kaspi” qəzetinin səhifələrində çıxış etmişdilər. F.Köçərli ”Orta  məktəblərdə  yerli  dillərin  tədrisi məsələləri.”(“Kaspi”.1905.№143-144);”Yeni tədris planı ”Kaspi”.1905.№161); ”İrəvan quberniyasının xalq məktəbləri şagirdlərinə  müraciət”(“Kaspi.”1905.№193) məqalələrində görkəmli rus pedaqoqu  K.D.Uşinskinin  mötəbər  fikirlərinə  əsaslanaraq  şagirdlərin  mənəvi  inkişafında  xalq dilinin böyük rol oynadığını qeyd edirdi.Onun  “A.O.Çernyayevski” (vəfatının  20  illiyinə  həsr  olunur.) sərlövhəli  məqaləsi  17  dekabr  1914-cü  il  tarixli  282№li “Каспий” qəzetində  dərc  edilmişdir.

Qeyd  edirik  ki, F.Köçərli  və  M.Mahmudbəyov  müxtəlif  vaxtlarda ”Kаспий” qəzeti  ilə  əməkdaşlıq  etmiş, lakin pedaksiyanın  işlərində  iştirak  etməmişdilər.

Keçmiş  car  Rusiya  İmperiyasıın qabaqcıl  seminariyalarından  olan  Zaqafqaziya  Müəllimlər  Seminariyasının  nəzdində gec də olsa nəhayət ki, tatar ( Azərbaycan-R.S.) bölməsi  də yaradıldı. Həmin  bölmə 1879-cu  il  sentyabrın  23-də Qori  şəhərində  fəaliyyətə  başladı. Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan-R.S.) bölməsinin  fəaliyyəti  Rusiya İmperatoru  II  Aleksandrın 13 may 1880-ci il  tarixli fərmanı  ilə  rəsmən qanunlaşdırıldı. 

Çarizmin  xalq  maarifi  sahəsində  yürütdüyü  mürtəce  siyasətlə  əlaqədar  olaraq  Azərbaycan  bölməsi Azərbaycandan  uzaqda, Gürcüstanın  Qori  şəhərində  açılmışdır. Lakin  bölmənin  çar  hakimiyyəti   tərəfindən  mürtəce  məqsədlə  açılmasına  baxmayaraq,  onun  yaradılması  müsəlman - azərbaycanlı  müəllim  kadrlarının  hazırlanmasında  mühüm  mərhələ  təşkil  etmişdir. Qori  Seminariyası  öz  mövcudluğu  və  fəaliyyəti  ilə  Azərbaycanda  xalq  məktəbinin, təhsil və mədəniyyətin  inkişafında  müstəsna  rol  oynamışdır. 

Bölmənin  açıldığı  ilk  vaxtlarda  orada  oxumaq  üçün  ərizə  vermək  istəyən  azərbaycanlı müsəlman  uşaqların  sayı  olduqca  az  olmuşdur. Vəziyyətin  belə  olması  bölmənin  gələcək  fəaliyyətini  şübhə  altına  alırdı. Gərginlik  yaşanan  belə  bir  zamanda  Şamaxıda  kasıb  rus  ailəsində  doğulub  boya  başa  çatmış,   tatar ( Azərbaycan-R.S.) bölməsinə  inspektor  təyin  olunmuş  və  öz  dövrünün  tanınmış  rus  pedaqoqlarından  olan  Aleksey  Osipoviç  Çernyayevski   bölmənin  fəaliyyətini  təmin  etmək  məqsədilə  savad  almaq  istəyən  azərbaycanlı  uşaqların  axtarışına  çixır. O,  axtarışlarını  İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Lənkəran, Quba  və  Dərbənddə  aparır. A. Çernyayevskinin  axtarışları  nəticəsiz  qalmır. Çox  keçmir  ki, Şuşadan  Firudin  bəy  Köçərli, Səfərəlibəy  Vəlibəyov, Baba  bəy  Səfərəlibəyov, Lənkərandan  Teymur  bəy  Mahmudbəyov, Teymur  Bayraməlibəyov, Qazaxdan  İsmayıl  ağa  Vəkilov, Məmmədağa  Şıxlinski, Səkidən  Rəşid  bəy  Əfəndiyev  Çernyayevskinin  ümidlərini  doğruldur  və  həmin  tədris  ocağına  oxumağa  təşrif  buyururlar. Qeyd  edirik  ki, 1879-cu  ildə  Zaqafqaziya  müəllimlər  seminariyasının  Azərbaycan  bölməsinə  Firudin  bəy  Köçərli  ilə  eyni  vaxtda  daxil  olmuş  ilk  azərbaycanlı  şagirdlərin sırasında   sonralar  məhşur  pedaqoq  kimi  yetişmiş  və  xalqımızın  milli  təhsil  tarixində  əhəmiyyətli  rol  oynamış  Rəşid  Əfəndiyev, Mahmud  Mahmudbəyov,  Səfərəli  Vəlibəyov, Həşim  Nərimanbəyov, Ağababa Ağabababəyov,  İsmayıl Vəkilov, və  başqaları  da  olmuşdur. Qori  Seminariyasının  məzunu, böyük  ziyalı  Firudin  bəy  Köşərli  sonralar  yazırdı:” Qori  seminariyasının  Azərbaycan  bölməsində  yaxşı  və  diqqətəlayiq  nə  vardısa, hamısı  Çernyayevskinin  adı  ilə  bağlıdır...Çernyayevskinin  “Vətən  dili  bizim  məktəblərdə yeni  bir  dövr  açdı”. Oxumaq  üçün  seminariyaya  gəlmiş   azərbaycanlı  müsəlman   gənclər  ilk  pedaqoji  təhsillərini   seminariyada  aldıqdan  sonra  pedaqoji  fəaliyyətlərini   Azərbaycanın müxtəlif  kəndlərində  ibtidai  məktəblərin  yaradılması  işinə  həsr  etmiş, həmçinin  mövcud  olan  ibtidai  kənd  məktəblərində  müəllimlik   edərək   xalq  kütlələri  arasında  elm  və  maarifin  yayılması  və   savadsızlığın, geriliyin aradan  qaldırılmasında    yaxından  iştirak  etmişdilər. 

İrəvan  və  Yelizavetpol  quberniyalarının  Xalq  məktəbləri  direktoru  B.İ. Boqaçov 1884-cü  il  aprelin  17-də  Yelizavetpol  şəhərindən  Zaqafqaziya  Müəllimlər  Seminariyasının  direktoru  Dmitriy  Dmitriyeviç  Semyonova   göndərdiyi  məktubda onun  rəhbərlik  etdiyi  direksiyanın  ibtidai  məktəblərində  müəllimlik  edən  Seminariyanın  məzunları  haqqında  məlumat  təqdim  etmişdir. O, həmin  məktubda    seminariyanın  məzunları - Mirzə  Əli  Xəlilovun  26  iyun  1881-ci  ildən  etibarən  Naxçıvan  şəhər  məktəbində; Qasım  Cəfər  oğlu  Qasımovun  1  sentyabr  1882-ci  ildən  Ordubad  məktəbində; Ələsgər  Molla  Süleyman  oğlu  Süleymanovun  1  avqust  1882-ci  ildən  etibarən  İrəvan  quberniyasının  iki  sinifli  Yengicə  məktəbində; Həşim  bəy  Nərimanbəyovun  1 sentyabr  1882-ci  ildən  Yelizavetpol  quberniyasında   2-sinifli  Dağkəsəmən  kənd  məktəbində; Ələsgər  Şeyx  Həsənovun  1 iyul  1883-cü  ildən İrəvan  quberniyasında  Böyük-Vedi  kənd məktəbində; Abdul  Rəşid  bəy  Əfəndiyevin  1 sentyabr  1882-ci  ildən Yelizavetpol  quberniyasında  Qutqaşen  kənd  məktəbində; Məmməq  Ağa  Əfəndiyevin  1 iyul  1882-ci  ildən  Yelizavetpol  quberniyasında, Ağdaş  məktəbində; Alış  bəy  Tahirovun  1 iyul  1883-cü  ildən  etibarən Yelizavetpol  quberniyasında  Qarğabazar  məktəbində; Mahmud  bəy  Mahmudbəyovun  1 iyul  1883-cü  ildən Yelizavetpol  quberniyasında  Ağcabədi  məktəbində ; Muxtar  Muradovun  1 iyul  1883-cü  ildən Yelizavetpol  quberniyasında  Ağdaş  məktəbində  və başqa  məzunların  da  pedaqoji  fəaliyyətləri haqqında  məlumat  verirdi.Əlavə  olaraq  qeyd  edirik  ki, Seminariyanın  nəzdindəki  tatar (Azərbayca-R.S.) bölməsinin  məzunu  olmuş  Səfərəli  bəy Vəlibəyov   1881-ci  ildə  seminariyanı  bitirdikdən  sonra     dərs  demək  üçün  Seminariyada  saxlanılmış  və  o, Seminariyanın  tatar  bölməsindəki  ibtidai  məktəbdə  1881- 1888-ci  ilədək olan  müddətdə   müəllim  işləmişdir.

 

Qeyd  edirik  ki, Zaqafqaziya  müəllimlər  seminariyasının  tatar ( Azərbaycan-R.S.)  bölməsinin  Azərbaycana  verdiyi  kadrları çar  Rusiyası dövründə heç  bir  məktəb  verməmişdir. Seminariyanın  Azərbaycan  bölməsinin  mövcüd olduğu  39  il müddətində  Azərbaycan  məktəbi   üçün 250-ə yaxın müəllim - Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Şıxlinskilər  və  onlarla   başqa   tanınmış  müəllim  və  ziyalılar  hazırlamışdır ki, onlar da öz növbəsində  Azərbaycan  Milli  maarifçilik  hərəkatının inkişafında müstəsna rol oynamışdılar. ZMS  Azərbaycan  bölməsinin  məzunu  Firudin  bəy  Köçərli  qeyd  edirdi: “ Seminariya   məzunlarının  bəziləri dərsliklər  tərtib  etməklə, başqaları  rus  ədəbiyyatından  tərcümələr  etməklə  məşğul  olur, bəziləri  də  povest  və  romanlarda  öz  gücünü  sınayır, bir  hissəsi  də  özlərini  tamamilə  dramatik  ədəbiyyata  həsr  edirdilər.” Onların  böyük  əksəriyyəti  müəllimlik  peşəsinə  yiyələnərək  ömrlərini  xalqın  maariflənməsi  və  təhsili, xalq  kütlələri  arasında  elm  və  maarifin  yayılması, savadsızlığın  aradan  qaldırılması  işinə  həsr  etmiş  və  bu  sahədə  olduqca  əhəmiyyətli  işlər  görmüşdülər.

F.Köçərli Zaqafqaziya  müəllimlər  seminariyasının  tatar ( Azərbaycan-R.S.)  bölməsini 1885-ci  ildə  bitirmişdir. O, Seminariyanı bitirdikdən  sonra İrəvan  gimnaziyasına  müəllim  təyin  edilərək  Azərbaycan  dili  və  şəriyət fənlərindən dərs  demişdir. Yeri  gəlmişkən  qeyd  edirik  ki, xalqımızın tarixən qədim torpaqlarından olan  və  orada yaşamış  əhalinin  böyük əksəriyyətini  müsəlmanlar - azəri  türkləri  təşkil  etdiyi  İrəvan  mahalında 1881-ci ildə üç mühüm hadisə baş vermişdir. İrəvan  seminasiyası, İrəvan  qimnaziyası  və  yeni  tipli  Uluxanlı  məktəbi  açılmışdır. İrəvan  seminariyası  və  qimnaziyasında  tədrisin  rus  dilində  aparılmasına  baxmayaraq,  həmin  tədris  ocaqlarının ştat  cədvəlində  müsəlman  dini  üzrə  şəriət  dərsləri  və  Azərbaycan  dili  fənlərinin  tədris  edilməsi üzrə  müvafiq  müəllim  ştat  vahidi  olmuşdur.Qafqazın  ayrı-ayrı   yerlərində, o cümlədən Kubanda və Kutaisi quberniyasında açılmış seminariyalardan  fərqli olaraq, İrəvan  müəllimlər  seminariyasında  Azərbaycan  dili və müsəlman  dini  üzə şəriətin  tədris  edilməsi  üzrə  müvafiq  ştat  vahidinin olması  heç  də təsadüfü deyildir. Çünki, bu seminariya xalqımızın tarixən qədim  torpaqlarından  olan  İrəvan   mahalında yaradılmışdı  və  o zaman  həmin  mahalda  yaşayan  əhalinin böyük əksəriyyətini  müsəlmanlar, azəri  türkləri  təşkil  etmişdir.  

 İnqilabdan  əvvəlki  Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri-  Tiflisdə, Qafqaz Canişinin  Baş  İdarəsinin nəzdində dərc  edilmiş  “Кавказский  Календарь”-da  dərc edilmiş müxtəlif  illərə dair  məlumatlara əsaslanaraq  qeyd  edirik  ki, Firidun bəy Köçərli  İrəvan  qimnaziyasında  1885-ci  ildən  deyil, 1886-cı  ildən  etibarən 11 il müddətində-(1886-1896-cı  illərdə) müsəlman dini üzrə şəriət müəllimi və  azərbaycan  dili  müəllimi  kimi pedaqoji fəaliyyət  göstərmişdir.“Kавказский   Календарь”-da  dərc  olunan  məlumata  görə  1885-ci ildə  İrəvan gimnaziyasında  müsəlman  dini  üzrə şəriət  və azərbaycan  dili  fənlərini  Mirzə  Elxanov  tədris  etmişdir. Firidun  bəy  Köçərli İrəvan qimnaziyasında pedaqoji  fəaliyyətə 1886-cı  ildən  etibarən başlamışdır.  1895-ci  ilin  “Kавказский  Календарь”-da  qeyd  olunan  növbəti məlumata  görə  Firudin  bəy  Köçərli  1895-ci ildə İrəvan gimnaziyasında yalnız müsəlman  dini  üzrə  şəriət, azərbaycan  dili  fənlərini deyil, həmçinin  hüsnxətti  də tədris etmiş, həmçinin gimnaziyanın pansionunda tərbiyəçinin köməkçisi kimi fəaliyyət  göstərmişdir. Yeri  gəlmişkən  qeyd  edirik  ki, Firidun  bəy  Köçərli  İrəvan  gimnaziyasında işlədiyi  vaxtlarda tədris  olunan  “Azərbaycan  dili” fənninin  proqramını da işləyib  hazırlamışdır. Həmin  proqramın  tam  mətni çağdaş Azərbaycan  pedaqoji  elminin sarvanı, akademik  Hüseyn  Əhmədov  tərəfindən  keçən  əsrin  70-ci  illərində  İrəvan  Dövlət  Arxivində  araşdırmalar  apararkən  aşkar  edilmiş  və proqramın  mətni rus  dilində  olduğu  kimi  2009-cu  ildə  pedaqoji  jurnalda  dərc  edilmişdir. 

 Firudin  bəy  Köçərli  1897-ci  ildən etibarən  isə artıq  məzunu olduğu Zaqafqaziya Müəllimlər Seminariyasının  Azərbaycan  bölməsində  müsəlman  dini  üzrə  şəriət  müəllimi  kimi  pedaqoji  fəaliyyətə  başlamışdır. Onun Azərbaycan  ədəbiyyatı  tarixinə  aid ilk  əsərlərindən  biri  rusca  yazılmış  və  1903-cü  ildə  Tiflisdə  dərc olunmuş 54 səhifəli «Литература Адербейджанских татар» (“Azərbaycan tatarlarının  ədəbiyyatı” ) kitabıdır. Həmin  əsər hazırda M.F.Axundov  adına Milli Kitabxanada qayğı ilə qorunub saxlanılır. F.Köçərli 1911-ci ildə “Mirzə Fətəli Axundov”, 1912-ci ildə “ Balalara  hədiyyə” kitablarını nəşr etdirmişdir. Tanınmış ədəbiyyatşünas  pedaqoq, ictimai  xadim  F. Köçərli həyatı boyu Azərbaycan ədəbiyyatı  və  mədəniyyətinə  aid  materiallar  toplamış  və həmin  materialları tədqiq etmişdir.Xalqımızın digər  ədəbiyyatşünas  alimi, tənqidçi, yazıçı, tərcüməçi, Əməkqar  elm  xadimi-  Əziz  Şərif  1972-ci  ildə “Ədəbiyyat  və  İncəsənət”  qəzetində  dərc  etdirdiyi “ Firidun  bəy  Köçərli  və  onun  arxivi”  adlı  məqaləsində  Firidun  bəy  Köçərlinin  uzun  illər boyu  topladığı  materiallara  qiymət  verərək  qeyd  edirdi: ”...Burada  nələr  var  idi! Molla  Nəsrəddin, Sabir, Səhhət, İsmayıl  bəy  Qaspirinski, Ömər  Faiq, Əli  Mərdan  bəy  Topçubaşov, Salman  Mumtaz  və  daha  kimin  yüzlərlə  məktubu...Firidun  bəyin  arxivi  XX  əsr  ictimai  həyatımızın  güzgüsüdür, bu  dövrdə  yaşayan  bir  nəfər  də  ictimai  və  mədəni  xadim  yoxdur  ki, burada  onun  izi  olmasın...Hələ  XVII-XIX  və  daha  qədim  əsrlərə  aid  materiallar  öz  yerində. Burada  Vaqıf  haqqında  Mirzə  Fətəli  Axundovun  əlyazması  da  var  idi...Biz  gecə  saat  birə  qədər  oturduq. Bu  bir  neçə  saatın  içərisində mən  sandıqdakı  materialın  ancaq  azacıq  bir  hissəsini  gözdən  keçirə  bildim.”  

Firudin  bəy  Köçərlinin  azərbaycanca  və  rusca  yazıb  nəşr  etdirdiyi  məqalələr, kitablar bu  gün  də  əhəmiyyətini  itirməmiş, cəmiyyətimizdə  maraqla  oxunur, tədqiq  edilir  və yüksək  qiymətləndirilir. Qeyd  edirik  ki, Firidun  bəyin  vaxtsız  ölümündən  sonra  Azərnəşr  1925-1926-cı  illərdə  onun  dörd  iri  cilddən  ibarət  olan  və  bu  gün  də  öz  əhəmiyyətini  itirməyən  materiallarını  çap  etmişdir.     

Firidun  bəy  Köçərli  pedaqoji  fəaliyyəti  ilə  əlaqədar  olaraq  rus  dilindən  tərcümələr  etmişdir. O, Puşkin, Lermontov  və  Koltsovdan   bir  sıra  kiçik  şerlər  tərcümə  edərək  dərs  kitablarına  daxil  etmişdir. Onun A.S.Puşkinin” Torçu  və  balıq”, M.Y. Lermontovun “Üç xurma ağacı”,A.V.Koltsovun “A kişi niyə yatıbsan?! kimi şerlərini tərcümə edərək şagirdlərin  diqqətinə çatdırması uşaqların  rus ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə tanış olması istiqəmətində onun tərəfindən atılmış əhəmiyyətli bir addım kimi qiymətləndirmək  mümkündür. Qeyd edirik ki, Firidunbəy Köçərlinin yaradıcılığında əsas yeri  “Azərbaycan  ədəbiyyatı  tarixi  materialları” əsəri  tutur. Firidun  bəy  Köçərlinin xalqımız  qarşısında  ən  böyük  xidmətlərindən  biri  də ZMS Azərbaycan bölməsinin  Gürcüstanın  Qori  şəhərindən Azərbaycanın Qazax  şəhərinə  köçürməsi, onu  müstəqil  seminariyaya  çevrilməsində  bilavasitə yaxından  iştirak  etməsi    olmuşdur. 

 Firidun bəy Köçərli 1918-ci il fevralın 14-dən mayın 27-dək Zaqafqaziya Seyminin müsəlan fraksiyasının, 1918-ci il mayın 27-dən fasilələrlə  dekabrın 7-dək olan  müddətlərdə  Azərbaycan Milli Şürasının üzvü olmuşdur. Zaqafqaziya Seyminin müsəlan fraksiyasının  1918-ci il martın 16-da keçirilmiş ilk  müstəqil  iclasında  “Musavat” partiyası və demokratik bitərəflər qrupundan Firidun bəy Köçərli Seymin kitabxana komissiyasına  seçilmişdir.

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında  Azərbaycan Milli Şurasının  ilk  iclası  keçirilir.Həmin  iclasda  Azərbaycanın müstəqil dövlət elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul edilir. Xalqımız  üçün  tale  yüklü  həmin  tarixi  iclasda, İstiqlal  Bəyannaməsinin qəbul  edilməsində Firidun bəy Köçərli də iştirak  etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının azadlıq hərəkatının yekunu kimi meydana gəlmişdi.Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti  yarandığı  ilk  vaxtdan  etibarən  xalq maarifi və mədəniyyətinin inkişafı  məsələlərinə xüsusi diqqət yetirirdi.Çünki,çar Rusiyası  hökuməti  əvvəlki dövrlərdə  özünün  xüsusi  siyasi  niyyətlərini  əldə  rəhbər  tutaraq, ölkədə zorla ruslaşdırma siyasətini yeritmiş, təhsili əsasən rus diində apararaq milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törətmiş, ixalqın  maariflənməsi  işinə  çox  az  qayğı  göstərmişdir.Keçmiş çar  Rusiyası Hökumətinin uzun illər xalqımızın təhsilə olan ehtiyaclarına belə biganə  münasibəti geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdır.Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur.Azərbaycan  Xalq  Maarif  Naziri  N. Yusifbəyli  1918-ci ilin  dekabrında Bakı qubernatoruna  göndərdiyi  məktubda  qeyd  edirdi:”...həmin  hökumətin  ucbatından  Azərbaycanın  bütün  ərazisi  boyu  məktəblərə  böyük  ehtiyac  vardır...Ölkənin gələcək  taleyi  bu  işlərin  müvəffəqiyyətindən  çox  asılıdır.”

                Dövrün tanınmış maarif xadimi, görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndiyev Parlamentin 26 dekabr 1918-ci il tarixli 5-ci iclasındakı çıxışında mövcüd vəziyyəti belə qiymətləndirmişdir: “...Tədris ibtidai, ümumi, məccani(pulsuz) və məcburi  olmalıdır.Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacını və başqa ehtiyacatın fövqindədir.Ümum fəlakətlərin birinci səbəbi maarif yoxluğudur...Şimdiki məktəblər mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir.”

Respublikamızda təhsilin geniş yayılmasına nail  olmaqdan  ötrü ilk növbədə  Respublikada yaşanan  müəllim qıtlığı  probleminin   həll  edilməsi  istiqamətində təxirə salınmadan tədbirlər görülməli idi.Bu  baxımdan  Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi Milli  hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) bölməsinin Qazaxa köçürülməsi  üçün F.X. Xoyskinin  sədrlik  etdiyi  Azərbaycan hökumətinin  22 iyun 1918-ci il tarixli qərarı ilə ZMS  Azərbaycan  bölməsinin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrılır. Beləliklə, bilavasitə Firidun bəy Köçərlinin  səyi  və  təşkilatçılığı ilə  Azərbaycan bölməsi Qazaxa köçürülür, müstəqil seminariyaya çevrilərək burada fəaliyyətini  davam etdirir. Xalq Maarif Naziri N. Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 №li əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru  Firudun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru  təyin  edilir.

Firidun bəy Köçərli 13 oktyabr 1918-ci il tarixli “Аzərbaycan” qəzetində dərc etdirdiyi   “Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında ”məqaləsində yazırdı: “1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında...tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 10 iyun 1918-ci il tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərar qəbul edilmişdir. Tatar (Azərbaycan-R.S.) bölməsinin əmlakının daşınıb-gətirilməsi  Xalq  Maarif  Naziri tərəfindən bölmənin  inspektoruna

həvalə edilmişdir ki, bu da onun  tərəfindən  yerinə  yetirilmişdir.

Qazax  Müəllimlər  Seminariyası kimi vacib bir məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn  köməkliyi  əsirgəməyəcəkdir.Biz şübhə etmirik  ki, bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəkdir.”

Gürcüstanın mərkəzində mövcüd olduğu 39 il ərzində seminariyanın yetirmələri tədris dairəsi rəhbərlərinin  yürütdükləri ruslaşdırma tendensiyasına  baxmayaraq, istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşdular.

Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərli 1919-cu il martın 20-də Dövlət Müfəttişliyi İdarəsinin direktoruna 80№li məlumatı məktub göndərərək Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) şöbəsinin 1918-ci il iyunun 20-də müstəqil müəllimlər semnariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada çalışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiq olunmaq üçün Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi barədə məlumat vermişdir.

Azərbaycan Respublikası Xalq Maarif  Nazirliyinin  28 oktaybr 1918-ci il tarixli əmri ilə həmin heyət təsdiq edilmiş və əmrə uyğun olaraq, oktyabrın 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında müəllimlik etməyə icazə verilmişdir:

 -İsfəndiyar bəy Vəkilov-rus dili və təbiyyət elmləri.

 -Yusif Qasımov – tarix fənləri

 -Əli Hüseynov – tarix və coğrafiya

 -Məhəmməd Hüseynzadə - riyaziyyat

 -İbrahim Əfəndi Qayıbov – ana dili

Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilmiş və bu təhsil ocağında dərslər həmin gündən etibarən başlamışdır. Seminariyanın açılışında yerli komendant Səbri bəy, qarnizon rəisi Camal bəy, qəza rəisi Şıxlinski, xalq məktəbləri müfəttişi Qiyasbəyov, ali-ibtidai məktəb müfəttişi Mustafayev, yerli hökumət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin  valideynləri və s. iştirak etmişdilər.

Açılışda toplaşanları salamlayan Qayıbzadə Əfəndi İbrahim müəllim öz çıxışında gənc dövlətin pedaqoji təhsilə böyük ehtiyacı olduğunu qeyd etmişdir.            

Mərasim iştirakçısı  Səbri bəy seminariyaya yeni daxil olmuş şagirdlərə müraciət edərək onları və Qazax cəmiyyətini bu təhsil ocağının açılışı münasibətilə təbrik etmiş və müəllimlərin cəmiyyətdəki roluna yüksək qiymət verərək qeyd etmişdi: “Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xöşbəxt, güclü və qüdrətli olması mümkün deyildir”.

Səbri bəyin ardınca toplantıda iştirak edən şagirdləri  Camal bəy təbrik edərək onları Vətən naminə məhsuldar çalışmağa səsləmişdi. Eyni zamanda, gənc tələbələrə xatırlatmışdı ki, Vətən təkcə iti qılıncla deyil, elmi cəhətdən inkişaf etmiş ağılla da müdafiə edilir ki, o da məktəbdə yetişdirilir. Odur ki, onlara təhsil almaqda fədakarlıqla çalışmaqlarını dilədi.

Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd etmişdir ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman aləmindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti olmuş, mövcudluğu dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına çoxlu sayda müəllimlər hazırlamışdır. Vətəndən ayrı düşmüş, müsəlman gəncləri milliliyinin təmizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil seminariyaya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş tatar (Azərbaycan-R.S.) bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çevriləcək  bu  yolda var qüvvəsi ilə çalışacaqdır.

ZMS Azərbaycan  bölməsi  mövcüd olduğu  39 il müddətində Azərbaycan məktəbi üçün 250-ə yaxın müəllim-Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Şıxlinskilər və b. hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycan Milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamışlar. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının  aparılmasında  və  ana dili dərsliklərin hazırlanmasında  vaxtilə  ZMS Azərbaycan bölməsini bitirmiş məzunlar, o cümlədən  Firidun  bəy  Köçərli yaxından iştirak etmişdir. Görkəmli pedaqoq  Firidun  bəy Köçərlinin təhsilin  milli  köklər  üzərində  qurulması işlərinə və Qazax Müəllimlər Seminariyasına  bağlılığını  və  sadiqliyini təsdiq  edən  və örnək  ola  biləcək  bir  tarixi  faktı oxucuların  diqqətinə  catdırıram. Azərbaycan Parlamentinin  25  yanvar  1919-cu il tarixli  iclasında  maraqlı və  aktual bir məsələ- eyni zamanda dövlət  qulluğunda vəzifə  daşımaqla yanaşı Parlamentin üzvü  rütbəsinin daşınması  haqqında  qanun  layihəsi müzakirəyə çıxarılmışdır. Həmin qanunlayihəsində qeyd edilirdi  ki, Nazirlərdən  savayı  dövlət qulluğunda olan bütün şəxslər eyni zamanda  Parlamentin üzvü rütbəsini  daşıya bilməzlər.Buna müstəsna hal olaraq Bakıdakı professor və müəllimlərə, habelə sərbəst peşə sahiblərinə, advokat və həkimlərə icazə  verilirdi.Belə ki, onlar sanki bir tərəfdən dövlət  qulluğundadırlar, digər  tərəfdən  hökumət məmuru deyildirlər.Dövlət qulluğunda  və  eyni zamanda Parlamant üzvü olan başqa şəxslər ya qulluğu və yaxud Parlamenti  tərk  etməli  idilər.Bundan  ötrü Bakıda  yaşayanlar üçün 3 gün, Bakıdan  kənarda  yaşayanlar üçün isə 10 gün müddətində vaxt  verilirdi.Bu qanunun məqsədi qanunvericilik hakimiyyətinin  icra hakimiyyətindən ayırmaq idi. Parlamentin 25 yanvar 1919-cu il tarixli qanununa görə  məbuslara Hökumət  qurumlarında vəzifə tutmalarına  icazə verilmirdi. Parlamentin  4 fevral 1919-cu il tarixli iclasında, iclasın sədri-doktor Həsən bəy Ağayev  Təhsil- maarif  sahəsində  məmur  vəzifəsində çalışan Qazax  müəllimlər seminariyasının  direktoru Fridun bəy Köçərlinin öz xidmətində daimi qalaraq  məbusluqdan istefa  verdiyini bildirmişdi.  

Azərbaycanda təhsilin, maarif və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan iştirak etmiş və Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində  əhəmiyyətli  yer  tutmuş  şəxslərdən  biri  olan  Firidun  bəy  Köçərlinin  xatirəsi  bu  gü  də  xalqımız  qəlbində  yaşayır, dərin  hörmət  və  ehtiram  hissi  ilə yad edilir. Yetişməkdə  olan  nəsil onun  həyat  və  yaradıcılığını  dərindən  öyrənilməli  və  tədqiq  edilməli, özlərinin elmi-pedaqoji  biliklərinin  artırılmasında  onun  zəngin  yaradıcılığından  səmərəli istifadə  etməlidirlər. Firidun  bəy  Köçərlinin yaradıcılığının  tədqiq edilməsinə ehtiyac  vardır.  Görkəmli  pedaqoq  Firidun  bəy  Köçərlinin  zəngin  pedaqoji  irsi  və  müəllimlik  peşəsi  ilə  bağlı  fikirləri  xalqımızın  məktəb  və  pedaqoji  fikir  tarixinin  şanlı  səhifələrindəndir,  olduqca  əhəmiyyətli  və  unudulmazdır. 

 Fotolar  Azərbaycan  Respublikası  Kino-Foto  sənədlər  Arxivindəndir.

Rafiq Səfərov

Milli Arxiv İdarəsi

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

 



Bugün: 53
Dünən: 824
Bu həftə: 3355
Son həftə: 6294
Bu Ay: 22358
Son Ay: 25108
Bu İl: 288507
Ümumi: 1308928
1308928