Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Geoloq ömrünün nəğmələri

Son Yenilənmə : 2020-06-22 03:11:26
Baxış sayı : 2070

Azərbaycan Respublikası Dövlət  Elm və Texnika Sənədləri Arxivində zəngin şəxsi fondu olan alimlərimizdən biri də geologiya-mineralogiya elmləri doktoru, professor, şair-publisist Hikmət Mahmudovdur. Şərəfli ömür yolunu, zəngin elmi axtarışlarını, bənzərsiz bədii yaradıcılığını əks etdirən sənədlər bunu deməyə əsas verir. Bu sənədlərlə tanışlıq Hikmət Mahmudovu daha yaxından və dərindən tanımağa imkan verir və mənəvi zənginliyindən, insani keyfiyyətlərindən zövq alırsan.

Hikmət İsmayıl oğlu Mahmudov 1936-ci il may ayının 15-də ölkəmizin dilbər guşələrindən olan İsmayıllı rayonunun Mican kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin  (o vaxtkı S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) fizika, sonra isə geoloji coğrafiya fakültəsində oxumuşdur. 1963-cü ildə mühəndis-geoloq ixtisasına yiyələndikdən sonra təyinatla Qazaxıstan respublikasına, Aktyubinsk vilayətinin Miqodjar geoloji partiyasına göndərilir. Burada o, texniki-geoloq, sonra isə Mərkəzi geoloji-axtarış partiyasında geoloq vəzifələrində çalışır. Bu müddət ərzində H.Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinsk vilayətində  bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars yataqları aşkar edir. Altıntau və  Altınsay  iri qızıl yataqlarının aşkar olunması məhz həmyerlimizin adı ilə bağlıdır. Bunun üçün o, yüksək bilik və bacarıqla yanaşı iradə və prinsipiallıq nümayiş etdirmişdir. Bu barədə Azərbaycan  Yazıçılar Birliyinin üzvü, „Qızıl Qələm” və „Vətən” media mükafatları laureatı olan Hikmət Mahmudov „Mən qızıl yatağını necə aşkar etdim” adlı publisistik qeydlərində xatirələrini qələmə almışdır.

"Təxminən gündüz saat 3-4 radələri idi. Bərk acmış və yorulmuşdum. Böyük bir kvars damarı üzərində oturmalı oldum (uzunluğu 82m,eni 1 metr). Təzəcə çörək torbasını açmışdım ki, güclü fısıltı səsi eşitdim. 3 metr uzunluğunda xallı bir gürzənin üstümə hücum çəkdiyini gördüm. Sağ biləyimlə gürzənin boğazından vurdum və dərə aşağı yumarlanaraq özümü xilas etdim. Bir müddət sonra özümə gələrək ilk növbədə çəkicimi və kompasımı, su qabımı tapdım. Kvars damarından çəkiclə sındıraraq nümunələr götürdüm. Bu nümunələri bir neçə təcrübəli mütəxəssisə göstərdim. Əminliklə dedilər ki, bu qızıldır. Sonra bu yataqdan 2 km aralıda „Altunsay”da yeni yatağı tapdım. Lakin Qazaxıstan Elmlər Akademiyasının Akademiki İ.Bok tapdığım yataqlarda qızılın olmasını inkar edirdi. Uzun mübahisələrdən sonra mənim haqlı olduğum təsdiqləndi."  (ARDETSA, fond174, siy.1, saxlama vahidi 48).

Qazaxıstanda „qızıltapan oğlan” adı ilə məşhur olan H.Mahmudov səmərəli fəaliyyətinə görə bir sıra fəxri fərmanlar, təşəkkürnamələr, pul mükafatları alan Hikmət Mahmudov 1965-ci ildən Aktyubinsk vilayətinin Mərkəzi Geoloji partiyasında rəis vəzifəsinə təyin olunur. Qazaxıstanın rəhbər orqanları ona Əlcəzairdə işləmək təklifini etsə də, Vətənini, doğma Azərbaycanı sevən alım-şair bu təklifdən imtina edərək Bakıya qayıtmağa üstünlük verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (o vaxtkı Azərbaycan Geologiya İdarəsində) fəaliyyətini davam etdirir. Elmə olan həvəsi onu 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasına gətirir. Az vaxt ərzində gənc alim Kəlbəcər rayonunun perlitləri, onların fiziki və Kimyəvi xüsusiyyətləri mövzusunda elmi işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülür. 1992-ci ildə isə o „Azərbaycanın mezo-kaynazoy yaşlı vulkanik şüşələrin mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

Hikmət Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri üzrə tanınmış alimdir. O, respublikada aşkar edilən perlit yataqlarının geokimyəvi xüsusiyətlərini ilk öyrənən və hərtərəfli  tədqiq edən tanınmış mütəxəssisdir. Miosen yaşlı Güneydağ  perlit yatağının aşkar edilməsi onun adı ilə bağlıdır.

H.Mahmudov tərəfindən yaradılmış vakuuum sistemli cihaz vasitəsilə o, ilk dəfə olaraq dünya elm təcrübəsində vulkanik şüşələrdən suları və qazları alaraq onların tərkibini müəyyənləşdirmişdir. Bu süxurlarda  ilk dəfə olaraq hidrogenin ağır izotopunu və oksoni növ suyu aşkar etmişdir.

H.İ.Mahmudovun elmi yaradıcılığını bir çox dünya alimləri, o cümlədən akademiklər O.A.Boqatiko (Moskva), M.Ə.Qaşqay, Ş.F.Mehdiyev, X.S.Retrov, V.V.Nasedkin, A.N.Platonov, F.A.Makarenko, A.İ.Qorskov, V.M.Qriqoryev (Moskva), İ.V.Yanev (Bolqarıstan), Q.E.Fridman (ABŞ) və bir çox başqaları yüksək qiymətləndirmişlər. O, bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda, konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir.

Professor Hikmət Mahmudovun apardığı elmi tədqiqatların nəticələri respublika və xarici ölkələrin nəsrlərində çap edilmiş 15 elmi kitabında, o cümlədən 9 monoqrafik əsərdə, 4 dərslik və dərs vəsaitində, 150-yə qədər elmi məqalələrində öz əksini tapmışdır. Onun ən böyük maraq doğuran əsəri “Perlitlər və onların tətbiq sahələri” (Bakı,Azərnəş, 1991, rus dilində) adlı monoqrafiyasıdır.

Hikmət Mahmudov (Hikmət Mahmud) eyni zamanda geniş xalq məhəbbəti qazanmış şairdir. Bəlkə də peşəsi onun poetik yaradıcılığna da təsir göstərmişdir.

                                Hər çeşmə gözündən bir damla su iç,

                                Çiçəkdən çiçəyi ayrı salma sən

                                Dostların yanından elə dolan keç,

                                Üz-üzə gələndə, peşman olma sən.

„Seçilmiş əsərləri”ndən götürülmüş bu misralar şairin müdrikliyini və hikmətini təlqin edir.

                               Yaşadım zamanı, gəzdim dünyanı,

                               Hikmətəm, dərk etdim yaxşı-yamanı.

                               Neçə el dolandım mən qarış-qarış,

                               Yenə cənnət gördüm Azərbaycanı!

Dörd misralıq şeirdə dünyanın xəritəsi və Azərbaycanın cənnət olduğu göstərilir. Ümumiyyətlə, Hikmət Mahmud məhsuldar şairdir. “Çiçəklərin intizarı”, “Danışanda-güləndə” (Bakı, Gənclik, 1971), ”Qocalmağa tələsmə”, “Könül açan söz deyək” (Bakı, Yazıçı, 1989), “Dünya, sənin nəyin yoxdu”,  “Qıyma gözəlliyə”, “Seçilmiş əsərləri”, “Mənim yaddaş kitabım” (xatirələr kitabı, Bakı, 2003) və s. kitabların müəllifidir. İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Əli Vəliyev, Hüseyn Arif, Məmməd Araz, Nəriman Həsənzadə, Famil Mehdi və s. məşhur qələm sahibləri onun yaradıcılığı haqqında ürək sözlərini demişlər. Onun yaradıcılığına yüksək qiymət verən böyük ədəbiyyatşünas alimlər - Əkrəm Cəfər, Pənah Xəlilov, Xalid Əlimirzəyev, akademik Firudin Köçərli H.Mahmudun yetkin sənətkar və ilhamlı bir şair olduğunu vurğulamışlar. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Hikmət Mahmudov nəğməkar şairdir. Ounun sözlərinə görkəmli bəstəkarlarımız Ələkbər Tağıyev, Oqtay Rəcəbov, Şəfiqə Axundova, İsrail Kərimov, Eldar Mansurov, Tahir Əkbər və başqaları musiqi bəstələmişlər. „Ola bilməz”, „Təzə il”, „Ad günün mübarək”, „Bizim Vətən qizları” və onlarca sevilən mahnıların sözləri Hikmət Mahmudundur.

Professor Hikmət Mahmudov geniş dünyagörüşlü, dərin zəkalı, fitri istedada malik zəhmətsevər bir insandır. Bütün insani kefiyyətləri özündə cəmləşdirən alim-nəğməkarın ömür yolu çoxlarına  örnəkdir.

       Rəna Namazlı,

   ARDETSA-nin mütəxəssis arxeoqrafı



Bugün: 248
Dünən: 774
Bu həftə: 5617
Son həftə: 6350
Bu Ay: 18326
Son Ay: 25108
Bu İl: 284475
Ümumi: 1304896
1304896