Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və onun fəaliyyətində rolu və xidməti olmuş görkəmli ictimai-siyası xadimlərdən biri də Əhməd bəy Ağayevdir (Ağaoğlu)dur. Görkəmli ictimai-siyasi xadim, böyük mütəfəkkir,ziyalı Əhməd bəy Ağayevin (Ağaoğlunun) ictimai-siyasi portretini bir məqalə ilə təsvir etmək qeyri-mümkündür.Arxiv sənəd və materialları əsasında yazdığım bu məqalədə Əhməd bəy Ağayevin (Ağaoğlunun) ictimai-siyasi portretinin yalnız bəzi cizgilərini təsvir etməyə çalışaraq qeydlərimi hörmətli oxucularımızın diqqətinə çatdırıram:
Sovet dövründə layiq olduğu qiymətini almayan, üzərindən sükutla keçərək unutdurulmağa çalışılan və nəticədə bu gün də cəmiyyətimizdə kifayət qədər tanınmayan Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimlərindən biri də Əhməd bəy Ağayevdir (Ağaoğlu). Əvvəlki dövrdə onun zəngin siyasi, nəzəri və elmi irsi, Azərbaycan və Türkiyə üçün gördüyü əhəmiyyətli işlər kifayət qədər öyrənilməmiş və milli mənafe baxımından əsaslı surətdə tədqiqata cəlb edilməmişdir. Məlum olduğu kimi keçmiş sovet tarixşünaslığında bütün tarixi proseslərə, o cümlədən Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərə birtərəfli yanaşılaraq sinfi, siyasi və ideoloji mübarizə mövqeyindən qiymət verilmişdir. Nəticədə tariximizin həmin dövrü sonrakı nəsillərə birtərəfli və təhrif edilmiş şəkildə çatdırılmışdır. Xalqımızın ümummilli lideri H.Əliyev vaxtı ilə tariximizin öyrənilməmiş səhifələrinin tədqiqinin vacibliyi barədə fikrini bildirərkən qeyd etmişdir:”Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtki ümumi ideologiyaıın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz.”
Yalnız 1991-ci ildə, Respublikamız yenidən öz müstəqilliyini əldə etdikdən sonra tariximizin kifayət qədər öyrənilməmiş səhifələrinin geniş surətdə tədqiqata cəlb edilməsi mümkün olmuşdur. Artıq bu sahədə müəyyən işlər görülmüş və görülməkdədir.Sovet siyasi rejiminin süqutundan sonra Azərbaycanın tarixi, ədəbiyyatı və mətbuatında adları yasaq edilmiş görkəmli ictimai-siyasi xadimlərin,mütərəqqi ziyalıların-M.Ə.Rəsulzadə,Əhməd Ağaoğlu, Ə. Hüseynzadə, Ə.M.Topçübaşov, Hüseyn Cavid, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və başqalarının irsi, habelə öz dövrünün qabaqcıl mətbuat orqanlarının – tərəqqipərvər müsəlman ziyalılarının tribunasına çevirilmiş “Kaspi”, ”İrşad”, ”Həyat”,“Tərəqqi”, ”Həqiqət”,”Təkamül” ”Füyuzat”, ”Açıq söz” və digər mətbuat orqanlarının fəaliyyəti yeni metodoloji prinsiplər əsasında öyrənilməyə başlanıldı. Respublikamızin arxiv və kitabxanalarında qayğı ilə qorunub saxlanılan və Əhməd bəy Ağayevin (Ağaoğlunun) ictimai-siyasi fəaliyyətini əks etdirən tarixi mənbələr, həmin dövrün mətbuatı təsdiq edir ki, bu nəhəng ictimai-siyasi xadim mənsub olduğu ölkə və milləti üçün çalışmışdır. O, öz dövrünün ən mühüm və aktual mövzularını qələmə alaraq müxtəlif qəzet və jurnallarda dərc etdirmişdir. Əhməd bəy Ağayev (Ağaoğlu) azərbaycan xalqının milli oyanışına təsir göstərmiş, Azərbaycanda milli mənlik şüurunun formalaşmasında yaxından iştirak etmişdir. Əhməd bəy Ağayev (Ağaoğlu) “ xalqın azadlıq yolunda islamçılıq və türkçülük yolunu seçmiş, müsəlmanları “ maarifi-umumiyyə”,“hüquqi-mədəniyyə” uğrunda mübarizəyə səsləmişdir. Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndələrindən biri Əhməd bəy Ağayev (Ağaoğlu) Azərbaycan türklərində milliyətçilik və türkçülük şüurunun oyanmasında və inkişaf etməsində çox mühüm rol oynamışdır. O, özündən sonra böyük irs qoymuşdur. Lakin Sovet dövründə ona qəti “panislamist” və “”pantürkist”damğası vurularaq adı və əsərləri qadağan edilmişdir. Əhməd bəy Ağaoğlunun özü qeyd etdiyi kimi: “ həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər”. Azərbaycan, daha sonra Türkiyənin siyasi həyatında görkəmli türkçü və demokrat kimi qəbul edilən Əhməd Ağaoğlu, həm də böyük şəxsiyyət olmuşdur. Müasir türk alimi Fəxrəddin Gülsevən qeyd edir ki," O, heysiyyətli və möhtəşəm bir mütəfəkkirdir, mərd və cəsur mübarizə adamı, professor və maarifçi, usta qəzetəçi-yazar, dürüst siyasətçidir.Hürriyyət və demokratiya aşiqi bir insan, millətçi və inqilabçı ziyalı, inanılmış və vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli atadır. Deyə bilərik ki, o, insanlığın bütün üstün cəhətlərini və məziyyətlətini öz simasında toplamış böyük insan,dahi şəxsiyyətdir."
Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyası xadim, şərqşünas, hüquqşunas, pedaqoq, yazıçı, tənqidçi, publisist,“Həyat”, ”İrşad”, “Tərəqqi” qəzetlərinin redaktoru, ermənilərin Azərbaycanda törədikləri terror hadisələrinə qarşı cavab olaraq “Difai” partiyasının qurucusu, 1918-ci ildə Сümhuriyyət dövründə Azərbaycanın köməyinə gəlmiş Türkiyə ordusu komandanının siyasi müşaviri,Cümhuriyyət dövründə Azərbaycan Parlamentinin deputatı, Parlament sədrinin birinci müavini, Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransının iştirakçışı, Türkiyədə müxtəlif vaxtlarda “Süleymaniyyə” kitabxanasının müdiri, “Türk yurdu” jurnalının redaktoru, İstanbul universitetinin müəllimi, Ankara Cümhuriyyət Baş Mətbuat bürosunun müdiri, ikinci və üçüncü Türkiyə Böyük Millət Məclisinin deputatı, “Hakimiyyəti-milliyə”,"Cümhuriyyət", "Millət" qəzetlərinin baş redaktoru olmuş Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın füsünkar guşələrindən biri olan Şuşa şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Onun atası Mirzə Həsən və babası Mirzə İbrahim bəy ərəb, fars, rus dilini öyrənmiş və öz dövrünün savadlı insanlarından olmuşdular. Əhməd bəy Ağayev (Agaoglu) ilk təhsilini ənənəvi məktəb olan mollaxanada almış, ərəb və fars dillərini öyrənmişdir. Sonrakı təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında davam etdirmişdir. Əhməd bəy 1884-cü ildə orta təhsilini Tiflis gimnaziyasında başa vurduqdan sonra 1888-ci ildə Peterburqa gedərək Texnologiya İnstitutunda təhsilini davam etdirmək istəmişdir. O, Peterburqda olduğu qısa müddət ərzində özü kimi gənc olan Ə.Topçubaşov və Ə. Hüseynzadə ilə tanış olmuşdur. Lakin Peterburqda İnstituta daxil ola bilməmiş və ali təhsil almaq üçün Avropanın mərkəzinə Parisə yola düşmüşdür. Parisdə hüquq məktəbini və Sarbonna Universitetini bitirmişdir. Bir neçə xarici dil - latın, fransız, ingilis, alman və rus dillərini öyrənən Ə. Ağayev 1892-ci ildə şərqşünaslarm Londonda keçirilən konfransında «Şiə məzhəbinin qaynaqları»" mövzusunda məruzə etmişdir. Əhməd bəy Fransada tələbə olarkən gənc türklərlərin irəli sürdükləri türk xalqlarının özünüdərk ideyalarını ürəkdən qəbul etmişdir. Parisdə Əhməd bəy Ağayev Fransada yaşayan türk inqilabi gəncliyinin (gələcəyin “Gənc türkləri”) nümayəndələri ilə yaxınlaşır. Həmçinin Şərqin böyük mütəfəkkiri Şeyx Camaləddin Əfqani ilə tanış olur. Bu tanışlıq onun dünyagörüşünə, ictimai-elmi fəaliyyətinə çox böyük təsir göstərir.
Müxtəlif xarici dilləri, ədəbiyyatı və mədəniyyətləri mükəmməl öyrənən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlamışdır. Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması üzrə fəaliyyətə başlayır.1894-cü ildə atasının vəfat etməsi ilə əlaqədar olaraq vətəninə - Azərbaycana qayıdır. Bir müddət Şuşada qaldıqdan sonra 1897-ci ildə Bakıya köçür və onun həyatında Bakı dövrü başlayır. Əhməd bəy Ağayev( Ağaoğlu) 1897-ci ildə “Kaspi” qəzetinin naşiri, Bakı milyonçusu H.Z.Tağıyevdən rus dilində nəşr olunan “Kaspi” qəzetində çalışmaq təklifini qəbul edir.1898-ci ildən 1905-ci ilə qədər Əhməd bəy Ağayev (Ağaoğlu) “Kaspi” qəzetinin daimi əməkdaşı kimi müxtəlif mövzularda, o cümlədən dini-fəlsəfi, ictimai-siyasi və ədəbi mövzularda qəzetin səhifələrində çıxış etmişdir. 1898-1905-ci illərdə onun “Kaspi” qəzetində 200-dən cox müxtəlif mövzulu məqaləsi dərc olunmuşdur. Əhməd bəy Ağayevin (Ağaoğlunun) milli tərəqqi, milli özunudərk və milli oyanış, mütləqiyyətin müsəlmanlara qarşı yürütdüyü ayrı-seçkilik siyasəti və müsəlmanların gerililiyinin səbəbləri haqqında, habelə müsəlmanların təhsili və maarifləndirilməsi və s. aktual problemlər üzrə yazdığı məqalələr ictimai şüurun oyanması və onun inkişafında əhəmiyyətli rol oynamışdır. 1905-ci ildə Rusiyada baş vermiş inqilab burada yaşayan müsəlman-türk xalqlarının milli tərəqqisi uğrunda mübarizənin başlangıcı oldu. İnqilabın təsiri altına düşmüş çar mütləqiyyəti ölkədə ictimai təşkilatların yaradılması və mətbuat azadlığı istiqamətində güzəştlər etməyə məcbur oldu. 1905-ci ildə baş vermiş rus inqilabından sonra Bakıda nəşr olunan “Həyat”, “İrşad”, “Tərəqqi”, “Təkamül” və başqa qəzetlərin milli şüurun oyanışında və onun formalaşmasında əhəmiyyətli rolu olmuşdur. “Həyat” qəzeti 1905-1906-cı illərdə Bakıda H.Z. Tağıyevin yardımı ilə qüdrətli qələm sahibləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevin redaktorlugu ilə nəşr olunan gündəlik qəzet olmuşdur. “İrşad” qəzeti 1905-1908-ci illərdə Əhmədbəy Ağayevin redaktorlugu altında çıxan gündəlik, ictimai-siyasi,iqtisadi-ədəbi qəzet idi. Qəzet bir çox milli ziyalıları öz ətrafında cəmləyə bilmişdir. Azərbaycanda milli şüurun oyanmasında və formalaşmasında irşadçıların böyük rolu danınmazdır. Qəzetin 1908-ci ildə 46-57-ci nömrələrinin redaktoru M.Ə.Rəsulzadə olmuşdur. Onun 1906 və 1908-ci illərdə “İrşad”ın səhifələrində 47 yazısı dərc olunmuşdur. “Tərəqqi” qəzeti -1908-1909-cu illərdə Bakıda Ə.Ağayevin redaktorluğu ilə çıxan gündəlik iri formatlı ictimai, siyasi, iqtisadi, ədəbi qəzet idi. M.Ə.Rəsulzadə “Tərəqqi”ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırırdı. Qəzetin naşiri 46-cı nömrədən Murtuza Muxtarov idi. “Tərəqqi”ni öz dövrünün ciddi tarixi salnaməsi adlandırmaq mümkündür. Azərbaycanın ən güclü milli qələm sahiblərinin böyük bir dəstəsi “ Tərəqqi” ətrafında cəmləşmişdi.(Ə.Ağayev, Ə.Hüseynzadə,Ü. Hacıbəyov,M. Hadi, Ə.F.Nemanzadə, Ə.Qəmküsar və b.) M.Ə.Rəsulzadə qəzetin ən fəal və əməkdaşlarından və müəlliflərindən idi. Onun bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri dərc olunmuşdur.
Rusiya İmperiyası I dünya müharibəsində ağır məğlubiyyətlərə uğradı. Müharibənin nəticələri digər döyüşən dövlətlərlə müqayisədə Rusiya üçün daha fəlakətli olmuşdur. Böyük insan itkisi ilə müşayiət olunan bu məğlubiyyət, iqtisadiyyatdakı bərbat vəziyyət, milli əsarətin güclənməsi İmperiyanı iflasa doğru sürüklədi. İmperiyanı iflasa gətirib çıxaran başlıca səbəblərdən biri də milli amillər olmuşdur. XX əsrin əvvəllərində Rusiya İmperiyasının vəziyyətini təhlil edən bir çox tədqiqatçılar qeyd edirlər ki, əgər I dünya müharibəsi ərəfəsində çar rejiminin sosial, inqilabi ziyalılarla münasibətləri və iqtisadi tərəqqi üzrə problemləri həll etməyə şansı vardırsa da, milli məsələni həll etməyə cüzi də olsun şansı yox idi. Onların qənaitinə görə məhz milli problemlər çar rejiminin təkamül yolunun qarşısını alırdı. Belə ki, P.Stolıpinin təkcə qaragüruhçu (черносотенный) millətçiliyi deyil, həmçinin onun “liberal-demokratik mütərəqqi alternativi də milli məsələni həll etmir və nəticədə İmperiya süquta doğru gedirdi”. ХIХ əsrin sonu ХХ əsrin əvvəllərində Rusiya İmperiyası ucqar müstəmləkəli bir dövlət olmuşdur. Burada milli məsələ xüsusi kəskinliyi ilə seçilirdi. Çar hökuməti nəyin bahasına olursa olsun imperiyanın vahidliyini möhkəmləndirməyə çalışır, bu məqsədlə ucqarlarda yaşayan xalqlara qarşı assimilyasıya siyasəti yeridirdi. Yürüdülən həmin siyasət ölkədə milli əsarətin daha da güclənməsinə, ölkənin “xalqlar həbsxanasına” çevrilməsinə gətirib çıxartdı, İmperiyanı iflasa doğru sürüklədi.
Qeyd edirik ki, təkcə Rusiyanın deyil,hətta dünyanın ən böyük yazıçısı və mütəfəkkirlərindən biri kimi tanınmış və hörmət qazanmış Lev Nikolayeviç Tolstoy Rusiyada baş vermiş hadisələrin təsiri altında qeyd edirdi: ”Məncə, Rusiya adlandırılan xalqların böyük yığnağı nəinki kəndlilərə və fəhlələrə lazımdır , hətta onların manefelərinə zidd olub, bədbəxtçiliyin əsas mənbəyinə çevrilmişdir... sizin müdafiə etdiyiniz Rusiya nəinki böyük bəladır, həmçinin böyük günahdır. Çünki, Rusiyanı mühafizə etməkdən ötrü tələb etməlisən ki, qafqazlılar, litvalılar, tatarlar, ...özləri istədikləri kimi deyil, hökumətin onlara hökm etdiyi kimi yaşasınlar.”
Azərbaycan ikiyə parcalanaraq İran və Rusiyanın müstəmləkəsinə çevrildikdən sonra xalqımız digər ucqarların xalqları kimi ikinci dərəcəli-“özgə xalq” (инородец») adlandırılmağa başlanmışdı. Çarizm Rusiyanın xalq kütlələrinin maariflənməsi işinə hər vasitə ilə maneələr törədirdi.Azərbaycanın qabaqcıl ziyalıları çarizmin yürütdüyü milli ayrışeçkilik siyasətinə qarşı mübarizə aparır, dövrü mətbuatda məqalələrlə cıxış edərək bina dərin etirazlarını bildirirdilər. Tanınmış rus ədəbiyyatının klassiklərindən biri, yazıçı-realist, şair, publisist, dramaturq, tərcüməçi- İvan Sergeyeviç Turgenyevin 100 illiyi ilə əlaqədar olaraq örkəmli müsəlman publisisti Əhməd bəy Ağayev qeyd etmişdir: ” Rus ədəbiyyatının mənəvi-mədəni təsiri müsəlman ziyalılarını Rusiyaya bağlamışdır. İnsan ləyaqətinin azadlığı uğrunda yorulmadan mübarizə aparmış Turgenyev, köləliyə və zorakılığa nifrət bəsləyən hər kəs üçün əzizdir. Rusiya mütləqiyyəti hər bir «инородец»-in qəlbinə ağır yaralar vurdu, lakin böyük rus ədəbiyyatının ən yaxşı nümayəndələrinin-Tolstoy, Dostoyevskiy, Turgenyev, Korolenkonun bu qəlbləri nurlandıran parlaq işığı ilə müqayisədə bütün bu yaralar nə deməkdir? Rusiya mütləqiyyətinin əsarəti altında qalmış rus ədəbiyyatı misli görünməmiş təqiblərə baxmayaraq daim insanın azad olunması uğrunda mübarizəyə səslənmiş və ədəbiyyat qalib gəlmişdir. Rus ədəbiyyatı, sıralarında Turgenyev olan əsl rus ədəbiyyatı «инородeц»-in, həmçinin “ özününkü” və “özgənin” nə olduğunu bilməmişdir.O,əsarət altına alınmış hər kəs uğrunda səsini ucaltmışdır. Alçaldılmış və təhqir olunmuş hər bir kəsə təsəlli vermiş və ruhlandırmışdır.”
27 yanvar1906-cı il tarixli 21№li “Баку”qəzetində Əhməd bəy Ağaoğlunun 23№li “İrşad”qəzetində“müsəlmanlarıngeriliyinin aradan qaldırılmasıvəonuntərəqqisinə yolaçan şərtlər və hüquqlar haqqında”məqaləsinin dərc olunduğu barədə məlumat verilirdi.Həmin məqalədə Əhməd bəy Ağayev(Ağaoğlu) müsəlmanların tərəqqisi üçün aşağıdakı şərtlərin vacib olduğunu bildirirdi: 1) Müsəlmanlar Rusiyanın bütün xalqları ilə bərabər hüquqlu olmalı, siyasi, dini və ictimai sahədə mövcud məhdudiyyətlər ləğv olunmalıdır;2) Müsəlmanlara dini azadlıq verilməli, onlar sərbəst olaraq məktəblər, ibadət evləri təşkil edə bilməlidirlər ki, digər xalqlar arasında öz ana dilini və xalqını inkişaf etdirə bilsinlər; 3) Hökumət tərəfindən götürülmüş vəqf mülkləri geri qaytarılmalı və məscidin maliyyə işlərinə müdaxilə edilməməlidir; 4) Söz və mətbuat azadlığı verilməli, dini və ictimai işlərdə senzura ləğv edilməlidir; 5) Şəxsiyyət azadlığı verilməli, yalnız məhkəmənin qərarı ilə həbsə alınmalı, ittihamnamə təqdim edilmədən 24 saatdan artıq həbsdə saxlanılmamalıdır; qanunu pozarkən həbs olunan məhbusun çəkilmiş ziyana görə iddia vermək imkanı olmalıdır;6) Polisin özbaşına həbs etmək və şəhərdən sürgün etmək hüququ olmamalıdır;7) Tezliklə seçkili hakimlərdən ibarət xalq məhkəməsi yaradılmalıdır; 8) Təxirə salınmadan dövlət hesabına ana dilində xalq məktəbləri açılmalı, 7-14 yaşlı müsəlman uşaqlar ana dilində təhsil almalı, əgər uşaqlar yoxsuldurlarsa, onların oxuması və dolanması üçün vəsait ayrılmalıdır; 9) Təhsil və mədəniyyəti inkişaf etdirmək üçün sərbəst surətdə məktəb ( mədrəsə) və ali təhsil məktəbləri açılmalıdır; 10) Sərbəst surətdə ruhaniləri seçmək, vəqf mülkiyyətlərinə sahiblik etmək, məktəb, mədrəsə, xeyriyyə cəmiyyətlərini və digər xeyriyyə təşkilatlarını açmaq hüququnun verilməsi; 11) Müsəlmanların məhkəmələrdə və digər hökumət idarələrində sərbəst surətdə öz dillərindən istifadə etməsi;12) İstənilən yerdə yaşamaq və hərəkət etməkdən ötrü pasport sistemi ləğv edilməli; 13) Müsəlmanlara sərbəst surətdə birliklər, cəmiyyətlər yaratmağa və iclaslar çağırmağa imkan verilməlidir; 14) Məhkəmənin buna icazəsi olmadan heç kimin şəxsiyyətinə və ya əmlakına toxunmağa və şəxsi yazışmalarını oxumağa ixtiyarı olmamalıdır;15) Kəndlilər yaxşı yaşamaları üçün dövlətdən kifayət qədər torpaq ala bilməlidir ki, xərcləri və ziyanı ödəyə bilsin;16) Müsəlman fəhlələr digər fəhlələrlə bərabər hüquqlu olmalıdır;17) Xalq nümayəndəliyinə seçkilər ümumi, bərabər və gizli olmalıdır; 18) Şəhərlər və kəndlərdə tezliklə geniş surətdə özünüidarəetmə tətbiq edilməlidir.
Mütləqiyyətin xalqa qarşı yürütdüyü ziddiyyətli siyasət nəticəsində XX əsrin əvvəllərində Rusiya İmperiyasının ucqarlarında, o cümlədən Azərbaycanda yaşayan əhalinin 4/3 hissəsi savadsız idi. Çarizm ölkənin ucqarlarında yaşayan xalq kütlələrinin maariflənməsi işinə xüsusilə ciddi maneə törədirdi. Kifayətdir qeyd edək ki, 1897-ci ildə keçirilmiş siyahıya alınmaya görə Bakı quberniyasında savadlıların sayı əhalinin cəmi 8 faizini təşkil edirdi ki, bu da ümumrusiya göstəricisindən(23%) 3 dəfə az idi. Əğər yalnız kənd əhalisi götürülərsə, bu göstərici daha az 4,5 % təşkil edirdi ki, bunun da 4%-ni azyaşlı və həddi-buluğa çatmamış uşaqlar, yalnız 0,5 % -ni 20 yaşdan yuxarı və seçkilərdə iştirak etmək hüququ olan şəxslər təşkil edirdi. Bakı kəndlərində yaşayan və 20 yaşdan yuxarı olan əhalinin yalnız yarım faizi savadlı idi. Xəzinənin Azərbaycanda maarifin ehtiyaclarına sərf etdiyi xərclər yenə də cüzi bir məbləğ təşkil edirdi. Bu xərclər 1902-ci ildə Bakı Quberniyasında adam başına 79,3 qəpiyə, Yelizavetpol quberniyasında isə cəmi 37 qəpiyə bərabər idi. XX əsrin əvvəllərində Azərbaycanda maarifin ehtiyaclarına ildə adam başına orta hesabla ən çoxu 64 qəpik pul xərclənirdi. Azərbaycanın tanınmış ziyalıları və görkəmli ictimai-siyası xadimləri İmperiyanın yürütdüyü belə mürtəce siyasətə qarşı çixış edirdilər. Azərbaycanda milli ideologiyanın əsaslarını proqram və tələblər şəklində işlənib hazırlanmasında görkəmli ictimai xadımlər Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə və başqaları bilavasitə iştirak etmişdilər. Ümumiyyətlə, qeyd edirik ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində mətbuatı təmsil edənlərin əksəriyyəti-H.Zərdabi, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağayev, M.Hadı,M.Ə.Sabir,H.Cavid,Ü. Haçıbəyov, C.Haçıbəyov, M.Hacinski, M.Şahtaxtlı, A. Şaiq və b.yenicə yaranan millilik şüurunun intişarı ilə daim məşğul olurdular. Onların demək olar ki, böyük əksəriyyəti ali təhsilli,yüksək ixtisaslı elm, ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar idilər. Azərbaycanın tanınmış ictimai xadimləri “Kaспий”,”Баку”,”İrşad”,” “Həyat”,”Tərəqqi” ,”Təkamül” və digər dövrü mətbuatda xalqımızın gələcək inkişafı üçün əhəmiyyət kəsb edən taleyüklü məsələlərə həsr olunmuş müxtəlif aktual məqalələrlə çıxış edirdilər. Mütləqiyyət milli məsələdə bir addım da olsun güzəştə getmir, əksinə I-ci Rusiya inqilabı illərində millətin əsarətdə saxlanmasının köhnə əsarət formalarına qayıdaraq Qafqazın 1844-1881-ci illər ərzində idarə olunması təcrübəsindən istifadə olunmasına qərar vermişdir.İlk növbədə,1905-ci il fevralın 26-da Qafqazda geniş mülki və hərbi səlahiyyətlərə malik canişinlik bərpa olundu. Qafqaz canişini təyin olunmuş qraf Vorontsov-Daşkovun adına verilmiş çar reskriptində qeyd edilirdi ki, onun birinci vəzifəsi “Qafqazda yubanmadan dinclik yaratmaqdır.” 1905-ci il fevralın 18-də II Nikolayın fərmanı ilə Bakıda və Bakı quberniyasında, 1905-ci ilin sentyabrında isə Yelizavetpol quberniyasında hərbi vəziyyət rejimi tətbiq edildi. Elizavetpol quberniyası ərazisində iki müvəqqəti general-qubernatorluq yaradıldı. Bunlardan biri Zəngəzur, Cavanşir, Cəbrayıl və Şuşa qəzalarını, o biri isə digər qəzaları əhatə edirdi. Mütləqiyyətin bütün ucqarlarda olduğu kimi Azərbaycanda da yeritdiyi müstəmkəçilik siyasəti və xalq hərəkatı ilə mübarizə formalarından biri milli nifaq salmaq, millətlərarası toqquşmalar yaratmaq idi. Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci il fevralın 6-da Bakıda təşkil olundu. Çar hakimiyyətinin poliş və qoşun qüvvələri yüzlərlə insanın qurban getdikləri qanlı toqquşmalara qarışmırdı. Erməni-azərbaycanlı toqquşmaları yenidən 1906-cı ildə Bakı Yelizavetpol və İrəvan quberniyalarında təskil olundu.
M.Ə.Rəsulzadə çarizmin siyasətini tənqid edərək yazırdı: ”Rusiya məmləkətində hökm sürən istibdadın ən qədim və köhnə üsullarından biri budur ki, istibdad özünə tabe olan millətləri bir -biri ilə yağılaşdırıb və tutuşdurub və belə müxtəlif millətlər arasında ziddiyyət və düşmənçilik salırdı”.
XIX əsrin 90-cı illərinin ortalarından etibarən çar Rusiyasının himayədarlığı ilə erməni məsələsi Türkiyədən Zaqafqaziyaya köçürülür. Erməni məsələsinin bu yerlərə köçürülməsi və”Daşnaksütyun”partiyasının gələcəkdə yaratmaq istədikləri Ermənistan muxtariyyəti üçün ərazilər əldə etmək üzrə öz məqsədli prooqramı ilə bu yerlərə soxulması Zaqafqaziyanın həyatına milli düşmənçilik və ədavət toxummlarını səpdi. “Daşnaqsütyun” partiyası erməniləri “Böyük Ermənistan” yaratmağa ruhlandırırdı.Gizli erməni təşkilatları və “Daşnaksütyun” partiyası tərəfindən - “Qan tökmək lazımdır və ermənilər bütün istədiklərini əldə edəcəklər” –sərsəm başlıq altında misli görünməmiş böyük bir faciələr törətdilər. Daşnaklar bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törətməyə başladılar. Çar Rusiyasının köməklik və himayədarlığı ilə Zaqafqaziyada XIX əsrin sonu- XX əsrin əvvəllərində özlərinə yer etdikdən sonra ermənilər özlərinin həqiqi simalarını göstərməyə başladılar.
1905-ci il fevralın 6-da Bakının mərkəzində, erməni kilsəsinin yaxınlığındakı “Parapet” meydanında Bakı qəzasının Sabunçu kənd sakini, varlı müsəlman Ağarza Babayevin ermənilər tərəfindən öldürülməsi azərbaycanlılarla ermənilər arasında qanlı qarşıdurmanın başlannmasına təkan verdi . Bakı qəza rəisinin Bakı qubernatoruna göndərdiyi 7 sentyabr 1905ci il tarixli 3233№li raportda qeyd edilirdi:”... mənim diqqətim iğtişaşlar başlayan vaxtdan həm yanğının, həm də tatarlarla (azərbaycanlılarla-R.S.) ermənilər arasında qırğının baş verə biləcəyi daha təhlükəli bölgə olan Bibi-Eybətə yönəlmişdir. Bibi-Eybət polis bölməsinin məlumatlarında geyd edildiyi kimi iğtişaşlar ermənilər tərəfindən başlanmışdır.Onlar Bakı şəhərində qərar tutmuş yeganə hərbi hissə olan 2-ci xoper kazak alayının 2-ci sotnyasının düşərgəsini atəşə tutmağa başlamışdılar. Lakin baxtında görülmüş tədbirlər nəticəsində cinayətkarlar saxlanılmış, onların atəş açdıqları yerlər axtarılaraq möhürlənmişdir...”
1905-ci il fevralın 6-da Bakıda başlamış qanlı qarşıdurmalar qısa müddətdə Azərbaycanın başqa qəzalarına, o cümlədən Naxçıvan, Ordubad,Cavanşır,Şuşa, Qazax, İrəvan, Eçmiədzin, Zəngəzur, Dərələyəz,Göyçə,Vedi və digər bölgələrə yayılmışdır. Yelizavetpol quberniyasında azərbaycanlıların vəziyyəti olduqca ağır idi. 1905-ci il iyunun 26-da “Баку” qəzetində Yelizavetpol şəhərinin ziyalı nümayəndələrinin proklamasiyası dərc edilmişdir.Həmin sənəddə qeyd edilirdi ki, hər iki xalqı birləşdirən tarixi köklər var və onlar başa düşməlidirlər ki, Qafqaz onların ümumi vətənidir. Proklamasiyanın müəllifləri azərbaycanlılara və ermənilərə müraciət edərək onları bir-birini qırmaq əvəzinə maarif və mədəniyyəti inkişaf etdirməyə səsləyirdilər.Proklamasiyanı imzalayanlar arasında sonralar “Difai”partiyasının Yelizavetpol şöbəsinin üzvləri A.Rəfibəyov,A. Rəfiyev, A. Xasməmmədov var idi. Erməni-daşnak qüvvələrinin 1905-ci ilin fevralında Bakıda törətdikləri erməni-müsəlman münaqişəsi tezliklə Cənubi Qafqazı qanlı qırğın meydanına çevirdi. Münaqişə nəticəsində azərbaycanlıların tərk etdiyi torpaqlarda Türkiyədən və qismən də İrandan gəlmiş ermənilər yerləşdirilirdi.
Erməni-müsəlman toqquşmaları 1906-cı ildə yenıdən Bakı,Yelizavetpol və İrəvan quberiyalarında təşkil olundu.1905-1906-cı illərdə erməni-azərbaycanlı ziddiyyətlərinin kəskinləşməsi milli siyasi partiyanın yaradılmasını zərurətə çevirdi.Qeyd edirik ki, 1906-cı ilin fevral-mart aylarında Tiflisdə keçirilmiş “barışdırıcı” qurultayda Azərbaycan nümayəndələrinin çıxışlarında milli qüvvələrin birləşməsi, xalqın mənafelərinin müdafiyəsi və onun təhlükəsizliyini qorumaq üçün təşkilatların yaradılmasının xüsusi əhəmiyyət kəsb edildiyi qeyd olunmuşdu. Qurultayda aparılmış ciddi diskussiyalar nəticəsində belə nəticəyə gəlmişdilər ki, irticaçı partiya olan “Daşnaksütyun”-a və onun silahlı qüvvələrinə qarşı siyasi partiyanın və döyüş drujinalarının yaradılması zəruridir. Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd bəy Ağayev(Ağaoğlu) 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, habelə xəyanətkar ermənipərəst çar idarələrinin antiazərbaycan siyasətinə cavab vermək üçün 1906-cı ilin avqustunda Şuşada Əhməd bəy Ağayevin başçılığı altında “Qafqaz Ümummüsəlman müdafiə komitəsi”- “Difai” partiyası yaradıldı. Mərkəzi Komitəsi Bakıda yerləşən partiya əsasən Qarabağda fəaliyyət göstərirdi. Partiyanın yaranmasının əsas səbəbi Qafqazdakı rus hakim dairələrinin dəstəyi ilə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi amansız qırğınlar olmuşdur.“Difai” partiyasının yaradılmasını Azərbaycanda milli mənlik şüurunun formalaşmasının ifadəsi kimi qəbul etmək mümkündür. “Difai” partiyası Azərbaycan xalqını erməni qırğınlarından xilas etməyi, həm də müsəlmanların maarifləndirilməsi uğrunda mübarizə aparmağı özünün başlıca məqsədi elan etmişdir. Partiyanın ən fəal şöbələrindən biri Şuşada fəaliyyət göstərirdi və “Qarabağ Məclis birliyi “ adlanırdı. Döyüşkən partiya kimi yaranmasına və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra qəti tədbirlər keçirməsinə baxmayaraq, “Difai” yalnız hərbi məqsədlər güdmürdü. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanan “Polis departamentinin xüsusi şöbəsi” fondundakı materiallarda Mikayıl İsrafilov adlı bir nəfərin şahidlik ifadəsində “Difai” partiyasının Bakıda yaşayan “İrşad” qəzetinin redaktoru Əhməd bəy Ağayevin təşəbbüsü və rəhbərliyi meydana gəldiyi, partiyanın başçısı və Mərkəzi Komitəsinin sədri Əhməd bəy Ağayev olduğu qeyd edilirdi. Bildıirilirdi ki, Əhməd bəy Ağayev 1906-cı il avqustun əvvəllərində son qırğın zamanı Şuşaya gələrək nüfuzlu və fəxri tatarların (Azərbaycanlıların-R.S.) yığıncağını keçirir. Ağayev, doktor Mehmandarov və b. çıxışlarında bildirirlər ki, müsəlmanlar indiyə qədər rus hökumətinə sadiq qaldığı halda əvəzində general Qoloşapov erməni xumbaları ilə birləşərək imkanlı tatarların (azərbaycanlıların-R.S.) evlərini, saray məscidlərini dağıtdılar, minlərlə dinc müsəlmanlar aclığa düçar oldular. Həmin yığıncaqda canışındən general Qoloşapovun geri çağırılmasının xahiş edilməsi və müraciətnamə buraxmaq barədə qərar qəbul edildi.Buraxılmış müraciətlərin birində partiyanı yaratmaqda məqsəd və qarşıya qoyulan vəzifələr geniş şərh olunmuşdur: ” Artıq iki ildir ki, Qafqaz müsəlmanları həyatlarını təhlükə altında qoyan mərhumiyyətlərə məruz qalmışdılar. Buna səbəb aşağıdakılardır:1) erməni müsəlman münaqişəsi; 2) Xalqın savadsızlığı, nadanlığı; 3) Müsəlmanların sosial-mənəvi tənəzzülü. Bu dəhşətli təhlükədən qurtarmaq üçün hökumətə və özünü xalqın rəhbəri adlandıranlara ümid olmaq mənasızdır. Hökumət adamları qorxaqcasına “Daşnaksütyun”-un bomba və güllələri qarşısında boyun əyərək onların Qafqazda alətinə çevrilmişlər. Nəticədə isə “Daşnaksütyun”-un planı həyata keçirilmişdir. Qoloşapov, Kleşşinski, Mitskeviç, Smoradski və başqa yaramazların rəhbərliyi ilə Zəngəzur, Şuşa, Cəbrayıl və Cavad qəzaları darmadağın edilmiş, faktiki olaraq ermənilərin əlinə keçmişdir. Külə dönmüş yurdlarından didərgin düşmüş minlərlə qaçqın kəndli ailəsi özünə nə sığınacaq, nə müdafiə, nə yemək, nədə ki, ev tapmayaraq Yelisavetpol quberniyasında səfil sərgərdana dönüblər... Nəticə göz qabağındadır: hazırda xalğımız məhv olur. Bir tərəfdən xarici qüşmənlərin təzyiqi, digər tərəfdən talançılıq, öldürməklə özümüz-özümüzü məhv edirik. Daha dözmək olmaz. Buna görə də minlərlə cavanlar bütün Şimali Qafqazdan, Dağıstan və Zaqafqaziyadan toplanaraq, müqəddəs Qurana and içib partiya yaratdı. Onun yeganə məqsədi bütün Qafqaz müsəlmanlarını məhv olmaq təhlükəsindən azad etməkdir. Bunun üçün isə iki əsas vasitə:1) maariflənmək və 2) qüvvə tətbiq etməkdir.” Maariflənmək üçün məktəblərin açılması, terrorla isə düşmənin zülmündən azad olmaq nəzərdə tutulurdu.
Polisin məruzələrində MK üzvləri arasında aşağıdakı şəxslərin adları göstərilirdi:1) Əhməd bəy Ağayevet-“İrşad” qəzetinin redaktoru; 2) Qarabəy Qarabəyov-həkim, ”Hümmət” təşkilatına mənsub idi; 3) Məmmədhəsən Hacinski; 4) İsa bəy Aşurbəyov –Ə.Ağayevin ən yaxın əməkdaşı; agentura məlumatlarına görə “İrşad” qəzeti əsasən Aşurbəyovun vəsaiti hesabına saxlanılırdı; 5) Behbud Cavanşirski;6) Niftali bəy Behbudov. Şuşada azərbaycanlı əhalinin vəhşicəsinə qırılması və qovulmasında hərbi yardım göstərən general Qoloşapov 1906-cı il noyabrın 8-də Tiflisdə partiyanın tapşırığı ilə Hüsü Əli, Kleşşinski isə 1907-ci il aprelin 25-də Seyid Miriş tərəfindən qətlə yetirilmişdir.Hər iki sui-qəsdin məsuliyyətini öz üzərinə götürən partiyanın buraxdlğı intibahnamədə qeyd edilirdi:” Müsəlmanlar! General Qoloşapov aldığı iki güllə yarasından bizim üçün biabırçı və nifrətamiz həyatına biabırcasına son qoydu. O, Qarabağda törətdiyi pisliklərə görə “Difai” partiyası tərəfindən ölümə məhkum edilərək layiq olduğu piyaləni içdi. Bu “Difai” partiyasının Qafqaz müsəlmanlarının qeyrət və ləyaqətinin müdafiəsi yolunda ilk çıxışı və xalqın qaynamaqda olan hiddətinin intiqam aktıdır...İndi “ bu müsəlmanların daha çox qanını tökün”- deyən Qoloşapovun yüzlərlə qurbanının qəlbi sakitləşər. İndi minlərlə köməksiz ana və bacıların göz yaşları quruyar. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşır qəzalarının minlərlə müflisləşmiş sərgərdan əhalisi, heç olmasa, bir balaca dincələr.” Müraciətnamədə “Yaşasın “Difai!”, “ Məhv olsun xalqın cəlladları və xəyanətkarlar” sözləri ilə bitirdi.
Saysız-hesabsız erməni terrorları ilə müqayisədə “Difai” partiyasının sui-qəsd aktları o qədər də nəzərə çarpacaq dərəcədə olmasa da, çar üsul-idarəsi, habelə erməni “Daşnaksütyun” partiyası azərbaycanlıların daha əvvəlki kimi sakit oturub hökumətə itaət edərək erməni xumbalarının qarşısından qaçması hallarına son qoyulduğunun, ciddi və inadla müqavimət göstərdiyinin şahidi oldular. Bununla əlaqədar olaraq partiyanın müraciətnaməsində deyilirdi:” Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda yeni silahlarla, hətta toplarla təchiz edilmiş daşnak partiyası bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edən ümdə məqsədlərinə nail olmağa çalışırlar. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Bu məqsədlərinə nail olduqdan sonra ermənilərin fikirləri Qafqazda ermənilər üçün milli müstəqil bir idarə yaratmaqdır. Əgər daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətinin həqiqi proqramını aşkar söylərsə və bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlığı və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə bizdən layiqli cavabını alar və Qafqaz başdan-başa sonsuz qanlı səhnə halına düşər.” Daşnak” partiyası əmin olsun ki, heç bir vaxt öz millətimizin xarabazarlığı və külü üzərində erməni millətinin səadət və xoş güzaran qurmasına yol vermərik. Özlərini müsəlman rəhbərləri hesab edib, əslində isə xalqın məhvi üçün işləyən cənablarla da belə rəftar olunacaq. Partiyanın qılıncı onların cinayətkar başları üzərindən daimi asılı alacaq və bütün hərəkətlərinə görə onları amansız intiqam gözləyir. Partiya xüsusilə xalq arasında nifaq salıb düşmənçilik edən partiyalar yaradanları, xalqın əzilməsində hökumətə yarınanları, müsəlmanların siyasi və elmi tərəqqisinə maneə törədənləri amansızcasına təqib edəcək. ”Difai” partiyasının qısa proqramı budur.”
1906-cı ildə “Difai” partiyasının yaradılması Azərbaycanın müsəlman-türk əhalisinin erməni təcavüzündən və represiyalardan qorunmasında misilsiz rol oynadı. “Difai” ərəbcə müdafiə deməkdir. Adından da göründüyü kimi bu partiya özünümüdafiə, antiterror təşkilat kimi fəaliyyət göstərmişdir. Əgər “Daşnaksütyun” partiyası elə ilk vaxtdan etibarən yeni ərazilər iddiasında olan və öz etnosunun müstəsnalığını bəyan edən bir terror təşkilatı kimi yaranmışdırsa, “Difai” isə erməni terrorçularının bu hərəkətlərinə cavab olaraq, antiterror təşkilat kimi fəaliyyət göstərmişdir.”Difai” partiyasının yaradılmasının başlıca səbəbi 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişəsi olmuşdur. ”Difai” partiyasına o dövrün yüksək təhsilli, Avropanın nüfuzlu universitetlərində təhsil almış azərbaycanlı ziyalılar rəhbərlik edirdi. “Difai” partiyasının meydana gəlməsi Azərbaycanda milli mənlik şüurunun formalaşmasının parlaq ifadəsi kimi qəbul etmək mümkündür. Ermənilərin yaxşı silahlanmış “Daşnaksütyun” partiyası müqabilində “Difai” müdafiə təşkilatı Azərbaycan xalqının milli azadlıq hərəkatında özünəməxsus yer tutdu. “Tədqiqatçı-alim Eldar Əzizovun “Difai”(XX əsrin əvvəllərində erməni-Azərbaycan münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri.) - əsərində haqlı olaraq qeyd edilir ki, “Difai” partiyası inandırıcı şəkildə nümayiş etdirdi ki, Azərbaycan xalqı özü-öz taleyini həll edə bilər.Özünü müdafiə etmək və bunun üçün zəruri strukturlar, güc strukturları yaratmaq məqsədə doğru ucalmaq iqtidarına malikdir.”Difai” Qafqazda ilk türk dövlətini yaratmaq və xalqı maarifləndirmək ideyasını irəli sürdü. Difaiçilərin əməliyyatları çar hökumətini narahat etdiyindən, onlara qarşı mübarizəyə başladılar. Qafqaz canişini 1908 il 4 mart tarixli fərmanla "Difai" Partiyasını qadağan etdi. Əhməd bəyin rəhbəri olduğu “İrşad” qəzeti qapadıldı. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. 1908-ci ildə İstanbula gedərək burada gənc türklərin "Birlik və tərəqqi" partiyasına daxil olmuşdur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla İstanbul universitetində rus dilindən dərs demişdir. 1918-ci il mayın 28-də Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyət qurulduqda Əhməd bəy Ağaoğlu vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi üzrə geniş fəaliyyətə başlayır. Azərbaycan Parlamentinə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Versal Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir. Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Türkiyə ordusu komandanının siyasi müşaviri olmuşdur. O, Bakıda Azərbaycan parlamentinə üzv seçilərək Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak edir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqutu və sovet rejimi dövründə Əhməd Ağaoğlu İstanbula gələrək burada "İttihad və Tərəqqi" partiyasının işində daha fəal iştirak edir. Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyətindən sonra Əhməd Ağaoğlu "İttihad və tərəqqi" partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur. Sürgündən qayıtdıqdan sonra kamalçılarla yaxınlaşaraq Ankara İnformasiya Agentliyinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuş və xarici siyasət sahəsində qüvvə və bacarığını sərf etmişdir. 30-cu illərdə təqaüdə çıxan Əhməd bəy Ağaoğlunun adı məşhur türk yazıçısı və alimlərindən Həmdullah Sübhü, Cəlal Sahir, Cavid Yalçın,Nazim Hikmət və digərləri ilə yanaşı çəkilmiş, əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. O, “Sərbəst insanlar ölkəsində”, “Mən nəyəm”, “Könülsüz olmaz” kimi bədii-fəlsəfi traktatlar, bir çox elmi-kütləvi oçerkləri ilə yadda qalmışdır. Əhməd bəy Ağayev (Ağaoğlu) 1939-cu ildə İstanbul şəhərində vəfat etmişdir. Azərbaycan dövlətinin yaradılması uğrunda fövqəladə işlər həyata keçirmiş, kamil biliyə, dərin savada malik mütəfəkkir şəxsiyyət, görkəmli ictimai-siyasi xadim və ziyalı Əhməd bəy Ağayev (Ağaoğlu) XIX əsrin sonu XX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O, zəngin siyasi, nəzəri və elmi irsi hələ də yetərincə öyrənilməyən fikir nəhənglərindən, türk xalqlarının yetirdiyi son ensiklopedistlərdən biridir. Əhməd bəy Ağayevin dünyagörüşü və ictimai fəaliyyəti səmərəli, mürəkkəb, həm də müəyyən dərəcədə ziddiyyətli olmuşdur. Həyatının müxtəlif dövrlərində dünyagörüşü və siyasi düşüncəsi üç ana xətt üzərində cəmləşmişdir: İslamçılıq, Qərbçilik və Türkçülük. O, Qərb mədəniyyətindən öyrənmək fikrini yazılarında ardıcıl olaraq irəli sürmüş, İslama baxışlarında demokratik mövqedən çıxış etmişdir. Əhməd bəy Ağayev Azərbaycan türklərində milliyyətçilik və türkçülük şüurunun oyanmasında və güclənməsində çox mühüm rol oynamışdır.
Fotolar Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivindəndir.
RAFİQ SƏFƏROV
Azərbaycan Respublikası Milli İdarəsinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin
baş məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
1.. 525-ci qəzet. 14 dekabr 2004-cü il, №240.
2.https://az-az.facebook.com/EhmedBey.
3. «Каспий».1903. 14 мая.
4.files.preslib.az/projects/azerbaijan
5.http://jurnal.meclis.gov.az/news.php
6.Aygün Əzimova “ Ə.Ağaoglu “Kaspi” qəzeti səhifələrində. Üç Əsrin
Bugün: | 291 |
Dünən: | 774 |
Bu həftə: | 5660 |
Son həftə: | 6350 |
Bu Ay: | 18369 |
Son Ay: | 25108 |
Bu İl: | 284518 |
Ümumi: | 1304939 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az