Azərbaycan Respubulikası Dövlət Elm və Texnika Sənədləri Arxivində görkəmli oftalmoloq alim Zəhra Tahir qızı Quliyevanın ayrıca fondu mühafizə edilir. Fondun sənədlərini araşdırdıqca gözlərə nur bəxş edən bu alimin geniş məzmunlu elmi və təşkilatçılıq fəaliyyəti göz önündə canlanır.
Zəhra Tahir qızı Quliyeva ölkəmizin görkəmli alim və ictimaiyyətçi qadınlarından biri idi. Həyatı boyu tutduğu vəzifələrin, ona tapşırılan işlərin hamısında var qüvvəsi və bütün qəlbi ilə çalışmışdı. O, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, görkəmli oftalmoloq-alim, Azərbaycan Dövlət Tibb Universitetinin professoru, Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədri, tanınmış ziyalı, ictimai xadim olmaqla bərabər, fədakar ana, qayğıkeş nənə, gözəl insan idi.
Z.Quliyeva 1923-cü ildə Bakı şəhərində anadan olub. 1940-cı ildə orta məktəbi əla qiymətlərlə bitirdiyi üçün ali məktəbə-Azərbaycan Dövlət Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul olunub. 1944-cü ildə institutu uğurla bitirdiyindən onu institutun oftalmologiya kafedrasında saxlayırlar. Bu, böyük işin, biliklərin zirvəsinə doğru gedən və bir o qədər də asan olmayan yolun başlanğıcı idi. Bunun üçün institut gənc mütəxəssisə hər cür şərait yaratdı. Əvvəllər kafedranın ordinatoru kimi çalışan Zəhra xanım sonralar assistent, 1959-cu ildə isə müsabiqə yolu ilə dosent vəzifəsinə seçilir. 1958-ci ildə "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişasının sferikliyinin və refraksiyasının dəyişilməsi " mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1959-cu ildən doktorluq dissertasiyası üzərində çalışmağa başlamışdır. "Görmə itiliyinin, refraksiyanın və akkomodasiyanın rəng duyğusuna təsiri" adlı doktorluq dissertasiyasını 1967-ci ildə müdafiə etmiş və 1968-ci ildə tibb elmləri doktoru adına layiq görülmüşdür.
Hansı vəzifədə işləməsindən asılı olmayaraq, o həmişə özünü bacarıqlı həkim kimi göstərmiş, bütün biliyini və gücünü öhdəsinə düşən vəzifələrin vicdanla yerinə yetirilməsinə sərf etmişdir. Məhz belə xüsusiyyətlərinə görə 1972-ci ildə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə təyin edilmişdir. Bu təyinat Z.Quliyevanın bir alim, həkim və müəllim kimi qabiliyyətinin, həm də xalqa sədaqətli xidmətinin müqabilində ona dövlətin, o zaman Azərbaycana başçılıq edən ümummili liderimiz Heydər Əliyevin böyük etimadı idi. Z.Quliyeva öz xatirələrində qeyd edirdi ki, H.Əliyev hələ o vaxtki gender problemini də həll edirdi. Heydər Əliyevin rəhbərliyinə qədər Azərbaycanda heç bir ali məktəbin rektoru qadın olmamışdı. Məhz H.Əliyevin təşəbbüsü ilə bir neçə institutun rektoru vəzifəsinə qadın təyin edildi. Onlardan biri də məhz Zəhra xanım idi. Rektor təyin edilməmişdən əvvəl müsahibədən keçərkən o, H.Əliyevə demişdi ki, bu məsul vəzifənin öhdəsindən gələ bilməyəcək. O , isə etimad göstərərək, bu məsuliyyətli vəzifəni ona həvalə etdi.
Azərbaycan Tibb İnstitutunun keçmiş rektoru, akademik Əhliman Əmiraslanov Z.Quliyeva haqqında belə yazır: "Zəhra xanımın yaradıcılığının zirvə nöqtələrindən birini onun Azərbaycanın yeganə ali məktəbinə rəhbərlik etdiyi 1972-1983-cü illər təşkil edir...Zəhra xanım bu illərdə H.Əliyev dühasının yaratdığı imkanlardan bacarıqla bəhrələnmiş, ölkəmizin tibb təhsili sisteminin, tibb elminin, səhiyyə sisteminin inkişafında səmərəli və dəyərli işlər görmüşdür. Dahi şəxsiyyətlə işləməyin məsuliyyətini öz təcrübəmdə əyani şəkildə gördüyümdən mən Zəhra xanımın rektorluq fəaliyyətini, heç bir mübaliğəyə yol vermədən, onun yaradıcılığının zirvə nöqtələrindən, xoşbəxt anlarından biri hesab edirəm".
1975-ci ildən Azərbaycan oftalmoloqlar cəmiyyətinin sədri seçilib. Ümumittifaq oftalmoloqlar cəmiyyətinin üzvü, SSRİ Səhiyyə Nazirliyinin Ali Tibb Mərkəzi şurasının üzvü olub. Z.Quliyeva elmi-tədqiqat işlərində qazandığı uğurlara görə "Şərəf nişanı" ordeni və Lenin yubiley medalı ilə təltif olunmuşdur.
Zəhra xanım eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında da aktiv iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı, Sovet Qadınlar Komitəsinin sədri Valentina Tereşkovanın müavini kimi fəaliyyət göstərib. Uzun müddət Nəsimi rayonunun qadın şurasının üzvü və sədri vəzifəsində olsa da, 1995-ci ildən "Sevil" Azərbaycan Qadınları-Məclisinin sədr müavini, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü idi. 1998-ci ildə isə o, Heydər Əliyev cənablarının sərəncamı ilə yeni təsis edilmiş Qadın problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.
Zəhra xanım 2000-ci ildə Nyu-york şəhərində "Qadınlar 2000-ci ildə: gender bərabərliyi sülh və inkişaf XXI əsrdə" mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının iştirakçısı olmuş və məruzə ilə çıxış etmişdir. Beləliklə, Baş Assambleyada çıxış edən ilk azərbaycanlı qadın Zəhra xanım olmuşdur. Bundan başqa 2000-2001-ci illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Cenevrə, Türkiyənin Bursa, İstanbul, İranın Tehran, Çinin Pekin, Şanxay və Makedoniyada keçirilmiş yüksək səviyyəli toplantıların iştirakçısı və məruzəcisi olmuşdur. O, Amerika Bioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin qadını" seçilmişdir.
Zəhra Quliyeva 150-dən artıq elmi işin, 4 monoqrafiya, Azərbaycan dilində yazılmış bir neçə dərslik və dərs vəsaitinin, ixtira və təkliflərin müəllifidir. Sayı bilinməyən keçmiş tələbələri isə indi xalqımızın sağlamlığı keşiyində dayanaraq hörmət, izzət, ad-san qazanıblar. Onlardan birinin, tanınmış oftalmoloq, professor, şair Paşa Qəlbinurun Z.Quliyeva haqqında yazdığı məqalədə deyilir: "Müxtəlif adamların boyuna biçilmiş elə ifadə və təyinlər var ki, Zəhra xanıma aid olanda gərək aydın, aramla oxunsun və yalnız böyük hərflərlə yazılsın: Ana, Vətəndaş, Alim, Həkim, Natiq, İctimai xadim. Millətimin və onun bütün övladlarının uğurlarına sevinən insan! "
Zəhra xanımın həyat yolu digər qadınlara örnəkdir. Onun zəngin həyat və elmi təcrübəsi bir məktəbdir. O, ölkədə qadın problemləri ilə yaxından məşğul olur, daim gərgin və səmərəli işləyirdi. Tez-tez qaçqın və məcburi köçkün qadınların yaşadıqları yerlərə gedirdi. Onun yolunu tək komitə sədri kimi deyil, həm də müəllim, həkim, ziyalı kimi gözləyirdilər. Ümumiyyətlə, Azərbaycan qadınlarının problemləri ilə dərindən maraqlanır, yeri gəldikcə onlara kömək edir, dayaq durur, ümid verirdi.
Zəhra xanımın tələbələri, daha sonralar isə onunla bir yerdə işləmiş olan insanlar onun necə alicənab, səmimi, əsilzadə bir xanım olduğunu qeyd edirdilər. Vaxtilə Zəhra xanımın tələbəsi olmuş həkim, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət Həsənova qeyd edirdi ki, universitetdə oxuduğu illərdə Zəhra xanımı çox əlçatmaz bir insan hesab edirdi. Ancaq onun necə qeyri-adi, insanpərvər,xeyirxah insan olduğunu görmüşdü. İş yoldaşları daima onun stolunun xəstələrindən gələn məktublarla dolu olduğunu qeyd edirdilər. Bu məktublar Respublikamızın müxtəlif bölgələrindən gəlirdi. Cavan yaşlarından başlayaraq bölgələrdə, kəndlərdə xəstələri müayinə edib, hətta yerlərdə cərrahiyyə əməliyyatları aparırdı. Məktublarda ona- ana, bacı deyə müraciət olunurdu.
Sənədlərdən öyrənirik ki, Zəhra xanım bir çox ölkələrdə keçirilən konqreslərin, forumların, konfransların və bir sıra dövlət əhəmiyyətli görüşlərin iştirakçısı olub, ölkəmizin səhiyyəsini və Azərbaycan qadınlarını dəfələrlə layiqincə təmsil etmişdir. O, öz işinə son dərəcə bağlı adam idi. Azərbaycan qadınlarının ictimai vəziyyəti, məişət problemləri onu həmişə narahat edirdi. Xüsusən getdiyi rayon və kənd yerlərində qadınların fəallaşdığını, tədbirlərdə çıxış etdiklərini, öz hüquqlarını başa düşdüklərini gördükcə necə fərəhlənirdi.
Zəhra Quliyevadan yazarkən onun Zərifə xanımla olan dostluğundan bəhs etməmək mümkün deyildi. Bunu onun öz sözləri ilə qeyd etsək daha düzgün olardı:
"Mənim bəxtimə uzun illər Zərifə xanımla dostluq etmək, onun həssaslığını, qayğıkeşliyini, insansevərliyini, səxavətli xeyirxahlığını, təkrarolunmaz dərəcədə parlaq ruhunu bütün əzəməti ilə hiss etmək səadəti nəsib olub. Bizim tanışlığımız düz 40 il bundan qabaq, hələ N.Nərimanov adına Dövlət Tibb İnstitutunun divarları arasındakı tələbəlik vaxtlarımızdan başlamışdır. Zərifə xanımla bir dam altında,ancaq başqa-başqa müəssisələrdə çalışırdıq. O vaxt Tibb İnstitutunun Göz Xəstəlikləri kafedrası Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun binasında yerləşirdi. Zərifə xanım həmin institutun əməkdaşı idi. Biz hamımız bir böyük otaqda yerləşmişdik və uzun müddət dərindən sevdiyimiz həkimlik sənətimizin bizə gətirdiyi sevinci və kədəri bir-birimizlə bölüşürdük. Xəstələr Zərifə xanımı çox sevirdilər. Onlara bəxş etdiyi nura, işığa, xeyirxahlığına və qayğıkeşliyinə, başqasının dərdi-sərini özününkü kimi duyduğuna görə, vaxtında dediyi xoş sözə, verdiyi məsləhətlərə, göstərdiyi yardım və dəstəyə görə sevirdilər."
Akademik Zərifə xanım Əliyeva öz elmi, bilik və bacarığı ilə xalqına, respublikasına ürəklə xidmət etmişdir və bu xidməti özünə borc bilən yüksək amallı şəxsiyyətlərdən biri idi. Zəhra Quliyeva həmişə qeyd edirdi ki, taleyimdən çox razıyam, çünki belə şəxsiyyətlə bir vaxtda anadan olmuş, birgə çalışmaq, addımlamaq və dostlaşmaq səadəti şəxsən mənə də nəsib olub. Bu nəcib insanın və istedadlı alimin parlaq xatirəsi yetirmələrinin və onu tanıyanların hamısının qəlbində yaşayır, xeyirxahlıq və təvazökarlıq nümunəsi kimi hörmətlə yad edilir.
Mənalı və şərəfli ömür yaşayan Zəhra xanım Quliyeva respublika səhiyyəsinin inkişafına, tibb elminə böyük töhfələr verib. Onun milli tibb kadrlarının yetişməsində, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatına cəlb edilməsində böyük əməyi olmuşdur.
Zəhra Quliyeva 2005-ci il noyabr ayının 28-də 82 yaşında vəfat etmişdir. Gözəl oftalmoloq həkim kimi tanınan Zəhra Quliyeva yüzlərlə insanlara şəfa verən, gözlərinə nur, işıq gətirən, el arasında hörmət qazanan bir xanım idi.
Məqalənin yazılmasında Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilən 159 nömrəli fondun sənədlərindən istifadə edilmişdir.
Kəmalə İsgəndərova
Azərbaycan Respublikası Dövlət Elm və Texnika
Sənədləri Arxivinin mütəxəssis arxeoqrafı
Bugün: | 88 |
Dünən: | 824 |
Bu həftə: | 3390 |
Son həftə: | 6294 |
Bu Ay: | 22393 |
Son Ay: | 25108 |
Bu İl: | 288542 |
Ümumi: | 1308963 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az