Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qəlbi vətən həsrəti ilə susan şair

Son Yenilənmə : 2024-08-15 12:08:23
Baxış sayı : 131

         “Ömr et, sakit axan bulaq kimi yox,

           Coşqun sel kimi...

           Elə vur, vuranda ömrü başa ki,

          Özündən sonra da yerin görünsün...”

       Bu misraların müəllifi 35 il əvvəl dünyasını dəyişsə də, bu gün də yeri görünən şair Hafiz Baxışdır. Ölümündən sonra “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram” kimi şeir kitablarında, “Mənim dünyam”, “Xızı dağları”, “Azərbaycan oğluyam”, “El yolunda”, “Mən oldum”, “Necə  unudum?”, “Ana laylası”, “Bir gün səni görməyəndə” , “Yaz gəldi” və daha neçə-neçə gözəl, dillər əzbəri olmuş mahnılarda yaşayan Hafiz Baxış  şair-publisist, rejissor, jurnalist olmaqdan daha çox gözəl mahnıların müəllifi kimi yad edilir. Onun yüzdən çox şeirinə mahnı bəstələnib.

      Hafiz Baxış ürəyi ilə, qanı ilə bu torpağa bağlı olan Azərbaycan oğlu idi. Qəlbi Vətən eşqi ilə çırpınırdı. Cəmi 57 il ömür sürdü.

         Hafiz Baxış 1932-ci il oktyabr ayının 15-də  Qərbi Azərbaycanın dilbər guşələrindən olan qədim oğuz yurdu Qafanın Dağ Gilətağ kəndində anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq və aktyorluq fakültəsinə daxil olub. Dövlət televiziyasında rejissor köməkçisi kimi işə başlayan şair, baş rejissor vəzifəsinə qədər yüksəlib. Hafiz Baxışın hazırladığı verilişlər bu gün də tamaşaçıların yaddaşından silinməyib və neçə illərdir ki, həmin verilişlər şirkətin qızıl fondunda qorunur. Bütün varlığı ilə vətənə, torpağa, elə-obaya bağlı olan Hafiz Baxış ürək sevgisini böyük məhəbbətlə misralara düzürdü. Onun şeirlərinə bəstələnmiş onlarla mahnıları tanınmış müğənnilərimiz sevə-sevə oxuyurdular.

         Qoynunda dünyaya göz açıb, saf havası ilə nəfəs aldığı, sərin sularını içib, torpağının nemətləri ilə böyüdüyü doğma kəndini “kiçik  vətən” adlandırırdı Hafiz Baxış. Zəngəzurun füsunkar təbiətə malik  Qafan rayonunun Dağ Gilətağ kəndi dəfələrlə erməni millətçilərinin törətdiyi qırğınlara məruz qalmışdı.

      1988-1989-cu illərdə soydaşlarımızın öz ata-baba yurdlarından deportasiya edilməsinə  qədər elə bir il olmazmış ki, Hafiz “kiçik vətənini” yad etməsin. Bircə il doğma yerlərlə görüşməsəymiş, darıxarmış:

 

                                        Neçə ildir, çaylar axıb çağlar mənsiz,

                                        Buz bulaqlar için-için ağlar mənsiz,

                                        Darıxıbmı güllər mənsiz, dağlar mənsiz

                                        Dağlar üçün, güllər üçün darıxmışam...

 

     Əsərlərində dönə-dönə adlarını çəkdiyi Çəməndağı, Göygədik, Laləli, Gəzbel, Ağcagüllər kimi səfalı yaylaqlar, Canbulağı, Çapaqçeşmə, Turşsu kimi sərin bulaqlar onun “kiçik vətəni”nin zərrələri idi.

        Şair sanki ömrünün qısa olacağını, dağlardan kam ala bilməyəcəyini, canından artıq sevdiyi doğma yaylaqarının  namərdlər  əlində qalacağını əvvəlcədən sövq-təbii hiss edir, nigarançılıq keçirirmiş:

                                                 Deyirəm bu dünya ölüm-itimdir,

                                                 Qoy bir də qoynunda gəzim dağların.

                                                 Bəlkə də bu görüş son qismətimdir,

                                                 Sorum əhvalını bizim dağların.

 

 Və ya başqa bir şeirində şair deyir:

                                                Siz ey görüşünə gəldiyim ellər,

                                                Qədrini əzəldən bildiyim ellər.

                                                Doyunca danışıb-güldüyüm ellər,

                                                Məni nə ötürün, nə yola salın.

                                                Salamat qalın!

 

       Deyilənlərə görə, Hafiz Baxış hələ ötən əsrin yetmişinci illərində özünün “Yurd həsrəti” poeması əsasında bir saatlıq teletamaşa çəkibmiş. Bu ekran əsərində ermənilərin hiyləgərliyi, yalançı göz yaşları, türkün qanına susamaları qırmızı xətt kimi keçirdi. “Yurd həsrəti” sanki bu günümüzün proqnozu, öncəgörməsi idi.

     Tamaşa axşamların birində ekranda göstərilir. Səhər işə gələndə Hafiz müəllim soraq  tutur ki, lentdəki təsvirlər hansısa bir nadanın zəhmli göstərişi ilə silinib. Bunu eşidən şairin halı dəyişir, vəziyyəti pisləşir. İş yoldaşları həkim çağırmalı olurlar. Nəhayət, şair özünə gəlir. İş yoldaşları ona təskinlik verdikcə Hafiz hönkür-hönkür ağlayır, hıçqıra-hıçqıra  “o lenti pozduran mənim yox, xalqın düşmənidir” sözlərini deyirmiş . Bu hadisə şairin səhhətində ciddi iz  buraxır, o bir ay xəstəxanada yatmalı olur. Sonralar Hafiz Baxış “Yurd həsrəti” tamaşasını bir daha xatırladıb, onu hansısa zaman kəsiyində heçə-puça döndərən səlahiyyət sahibinə lənətlər oxuyub deyirmiş ki, “Lənət o kəslərə ki, öz şəxsi marağını, istəyini xalqın, Vətənin mənafeyindən üstün tutur”. Bir də deyirmiş ki, “hayıf o qızıldan qiymətli torpağımıza ki, illər boyu marığa girən, üstümüzə diş qıcayan, göz ağardan patoloji düşmənlərimizə qalacaq”.

         Son dəfə isti avqust günlərinin birində Zəngilandakı qohumugilə qonaq gedən şair qohumuna Mikayıl Müşfiq haqqında poema yazmaq istədiyini deyir. Ev sahibi evinin geniş və sakitlik olduğunu, işləmək üçün hər cür şərait yaradacağını bildirir.

         Hafiz kədərli-kədərli: “Mən hər gün kəndimizin mənzərələrinə baxmasam heç bir şey yaza bilmərəm” cavabını verir.

        Bu artıq o dövr idi ki, Qərbi Azərbaycanda yaşayan minlərlə soydaşımız doğma vətənlərindən deportasiya edilmiş, soyqırıma məruz qalmışdılar.

        Qohumu ora getməyin heç cür mümkün olmadığını bildirir. Sonra məsləhətləşirlər ki, şair Zəngilanın Qafanla həmsərhəd olan Günqışlaq kəndinə gedib oradakı qohumlarının evində qalsın. Həmin kənddən Qafanın panoramı çox aydın görünürmüş. Hafiz belə də edir.

       Kəndin sakinləri deyirmişlər ki, Hafiz doğulduğu Qafan dağlarını saatlarla seyr etməkdən doymurmuş. Sanki ürəyinə nə isə damıbmış.

     Hafiz Baxış ötən əsrin 80-ci illərinin sonunda süni olaraq yaradılmış “Dağlıq Qarabağ problemi” ətrafında gedən siyasi oyunlara ürəyi tab gətirməyən ilkin qurbanlardan, ilkin şəhidlərdən biri  idi. İctimai-siyasi hadisələrin girdabında şairin keçirdiyi sıxıntılar, iztirablar onun səhhətində silinməz izlərini buraxırdı.Yaxınlarının dediklərinə görə, 1988-ci ildə azərbaycanlılar Ermənistandan didərgin salınan vaxt Hafiz Baxış evdə tapılmazmış. Qaçqınların yerləşdirilməsinə kömək edər, kim ona ağız açsaydı,

nəyin bahasına olursa-olsun, onun işini düzəldərdi.

      Kiçik Vətənini itirən Hafiz müəllim qəlbində böyük vətəninin ağrılarını yaşadırdı. Vətəninə dəyən hər güllə onun köksündən keçirdi. Onun ürəyi bu dərdin ağırlığına dözmədi. 1989-cu ilin sentyabr ayının 7-də Hafiz Baxış çalışdığı Dövlət Teleradio Komitəsinin toplantı zalında xalqa qarşı olan haqsızlıqdan, o zamankı hakimiyyət nümayəndələrinin satqın mövqe tutmağından danışa-danışa ürəyini tutub yıxılmışdı...

      Hafiz Baxış nə vaxtsa  dediyi sözə, içdiyi anda əməl elədi sanki:

                                  Dar gündə Vətənə arxalanmışam

                                  Arxasız, köməksiz yaşayammaram.

 

        Doğrudan da, Vətənin arxasızlığı, köməksizliyi qoymadı onu yaşamağa. Hafiz Baxış Vətənin dağdan ağır dərdlərini sinəsinə yığıb haqq dünyasına apardı. Bizə qalansa onun kövrək, həzin şeirləri, bir də Hafiz Baxışın həyat eşqiylə dolu nəğmələri oldu...

                                     Məqalənin hazırlanmasında 723№-li fondun sənədlərindən istifadə olunmuşdur.

                             

                                                                                                   

                                                        S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                        və İncəsənət arxivinin şöbə müdiri

 Xatirə Qədirova         

 

 



Bugün: 278
Dünən: 774
Bu həftə: 5647
Son həftə: 6350
Bu Ay: 18356
Son Ay: 25108
Bu İl: 284505
Ümumi: 1304926
1304926