Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Əsgəran döyüşlərinin qəhrəmanı - general-mayor Həbib bəy Səlimovun xidmətlərinə dair qeydlər

Son Yenilənmə : 2026-01-26 08:35:37
Baxış sayı : 237

Azərbaycanın şanlı hərb tarixinə düşmüş görkəmli hərbi sərkərdələrdən  biri də general-mayor  Həbib bəy Səlimovdur. Görkəmli hərbi sərkərdə- Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də Azərbaycanın qədim torpaqlarından biri sayılan İrəvanda anadan olmuşdur. Onun orduda xidməti 1900-cu ilin avqust ayından başlayır. Həbib bəy Səlimov 1900-cü ilin avqust ayından etibarən 156-cı Yelizavetpol suvari alayına könüllü yazılaraq  orada qısa müddətdə - cəmi on dörd ay  xidmət etdikdən sonra   unter-zabit rütbəsini əldə etmişdir.

Həbib bəy Səlimov 1902-ci ildə  Tiflis şəhərində  süvari məktəbini bitirərək  üçüncü Qafqaz  Atıcı Batalyonunda xidmət etməyə  başlamışdır.O, Qafqaz  Atıcı Batalyonunda podporuçik rütbəsində xidmət etmişdir. Yeri gəlmişkən qeyd edirəm ki,o vaxtkı  podpuruçik rütbəsi hazırki leytenant rütbəsinə uyğun gəlir. 

Həbib bəy Səlimov 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə isə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin edilmişdir. O, həmin ilin sentyabrında hərbi xidmətinə görə Müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir.

1908–1910-cu illərdə Həbib bəy Səlimov Beşinci Qafqaz Atıcı  Batalyonunun tərkibində Naxçıvan-Cülfa sərhədində xidmət etmiş və məxfi tapşırıqlarla  Tehrana  göndərilmişdir. 1912-ci ildə Həbib bəy Səlimov növbəti  kapitan rütbəsini əldə etmişdir. O, daha sonra Peterburq şəhərində Baş Qərargahın  Nikolayev Hərbi  Akademiyasını bitirmişdir.  

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqil dövlətin yaradılması Azərbaycan xalqının tarixinə və yaddaşına son dərəcə  əhəmiyyətli bir tarixi hadisə kimi daxil oldu. Xatırladıram ki, həmin dövrdə müstəqil dövlət kimi yenicə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti istər ölkəmizin daxilində, istərsə də ölkəmizin xaricində  yaranmış  olduqca  çətin və gərgin  tarixi ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Milliyətindən, cinsindən, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlət atributlarının qəbul edilməsi, döğma dilimizin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi və qəbul edilmiş digər vacib  qanun və qərarlar  Azərbaycanın gələcək mütəqil həyatı  üçün olduqca mühüm əsas və zəmin  yaratmışdır.

Mövcud arxiv sənəd və materiallarına əsaslanaraq qeyd edirəm ki, o dövrün ictimai-siyasi həyatının  müxtəlif sahələrində, o cümlədən demokratik dövlət quruculuğu, eləcə də  iqtisadiyyat, mədəniyyət, təhsil, ordu quruculuğu istiqamətlərində  atılmış mühüm addimlar, qəbul edilmiş qanun  və qərarlar  tarix üçün olduqca qısa müddət sayılan 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini parlaq surətdə xarakterizə edir.

 Arxiv sənəd və materialları təsdiq edir ki, Azərbaycan Xalq  Cümhuriyyətinin ordu quruculuğunda fəal iştirak etmiş görkəmli hərbçilərdən biri də Azərbaycan Ordusunun Baş Qərargahının general-mayoru, Baş ştabın Baş İdarəsinin, daha sonra Azərbaycan Ordusu ştabının, eləcə də Bakı istehkam rayonunun  rəisi- hərbi sərkərdə Həbib bəy Səlimov olmuşdur. Cümhuriyyət dövründə Azərbaycanda Ordu quruculuğunda yaxından iştirak etmiş Həbib bəy Səlimovun imzaladığı ilk sənədlərdən biri də 7 noyabr 1918-ci il tarixə aiddir. Belə ki, həmin tarixdə Artilleriya generalı Səməd bəy Mehmandarov 1 saylı əmr imzalayaraq Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə özünün hərbi nazirin müavini təyin edilməsi haqqında məlumatı  elan etmişdir. Həmin sənəd Artilleriya generalı S.Mehmandarovla yanası Azərbaycan Ordusunun Baş Qərargahının rəisi Həbib bəy Səlimov  tərəfindən də  imzalanmışdır. Səməd bəy Mehmandarov 25 noyabr 1918-ci il tarixdə Gəncə şəhərindən Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri Fətəli Xan Xoyskiyə raport göndərərək Əli Ağa Şıxlinskinin Hərbi Nazirin ikinci müavini təyin edilmədini xahiş etmişdir. Həmin raport Artilleriya generalı S. Mehmandarovla yanaşı  həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının rəisi polkovnik H.b. Səlimov tərəfindən də imzalanmışdır.

1918-ci  il  noyabrın  1-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti   hökumətin  nəzdində  Hərbi  Nazirliyin  yaradılması  haqqında  qərar  qəbul  etdi. Həmin qərarda  qeyd  edilirdi  ki, Hərbi  Nazir  portfeli  Nazirlər Şurasının  sədrinə  həvalə  edilsin,  onun  müavini   isə artilleriya  generalı  S.S.Mehmandarov  təyin  edilsin. Daha  sonra  isə qısa  müddət  ərzində  Hərbi  Nazirliyin  aparatı   yaradıldı. Noyabrın  15-də  S.Mehmandarovun  müvafiq  əmri  əsasında  Ordunun  Baş  Qərargahı    Dəftərxanası  təsis  edildi  və polkovnik Həbib  bəy  Səlimov  Baş  qərargah    Hərbi  nazirin  dəftərxanasının  rəisi  vəzifəsinə  təyin  edildi. Hərbi  Nazirin  yuxarıda  qeyd  olunmuş  əmri  ilə  polkovnik  Səlimova  həmçinin tapşırılırdı  ki, Nazirlər  Şurasının  təsdiq  etdiyi  ştata  uyğun  olaraq  Hərbi  Nazirliyin Baş  Qərargahını    Dəftərxanasını  yaratsın.

Hərbi nazir S.b. Mehmandarovun bu tapşırığı H.b. Səlimov tərəfindən müvəffəqiyyətlə yerinə yetirilmiş və Hərbi Nazirliyin Baş  Qərargahı və  Dəftərxanası H.b. Səlimov tərəfindən müvəffəqiyyətlə yaradılmışdır. Yeri gəlmişkən mövcud sənəd materiallarına əsaslanaraq qeyd edirəm ki,  Azərbatcan Respublikası Hərbi Nazirliyinin Baş  Qərargahı H.b.Səlimovun iştirakı ilə yaradılmış  bir neçə şöbələrdən, o cümlədən general-kvartirmeyster,növbətçi general, artileriya, intendant, mühəndislik, hərbi məhkəmə, hərbi təlim, topoqrafik və nəzarət şöbələrindən ibarət olmuşdur.

Daha sonra Azərbaycan Nazirlər Şurasının 1918-ci  il  25  dekabr  tarixli  qərarı  ilə  artilleriya  generalı  Səməd  bəy  Mehmandarov  Hərbi   Nazir, dekabrın  29-da  Azərbaycan  korpusunun  komandiri,general-leytenant  Əliağa  İsmayılağa  oğlu  Şıxlinski  isə  Hərbi  Nazirin  müavini  təyin  edilmişdir. Arxiv sənəd və materialları təsdiq edir ki, Həbib bəy Səlimov Azərbaycanın ordu quruculuğunda S.b. Mehmandarov və Əliağa Şıxlinski ilə yanaşı yaxından iştirak edərək fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasının hərbi qoşunlarını kiçik tibbi personalla təmin edilməsi məqsədi ilə   Gəncə hərbi xəstəxanasının nəzdində feldşer məktəbinin yaradılması haqqında Hərbi nazir artileriya generalı Səməd bəy Mehmandarov və  Hərbi Nazirliyin  Baş  Qərargahının rəisi H.b. Səlimov tərəfindən 22 yanvar 1919-cu il tarixdə 36 saylı əmr imzalanmışdır. Daha sonra 23 yanvar 1919-cu ildə polk məhkəmələrinin yaradılması haqqında Hərbi nazir artileriya generalı Səməd bəy Mehmandarov və  Hərbi Nazirliyin Baş  Qərargahının rəisi H.b. Səlimov tərəfindən növbəti əmr imzalanmışdır. Həmin əmrə əsasən polk məhkəmələrinin aşağıda qeyd olunmuş polk hissələrində yaradılması nəzərdə tutulmuşdur:

1-ci  Cavanşir piyada polkunda (Agdamda)

2-ci Bakı piyada polkunda (Ağcaqabulda)

3-cü Gəncə piyada polkinda (Gəncə şəhərində)

Yaradılacaq məhkəmələr öz ilk iclaslarını 1919-cu il 15 fevral tarixindən gec olmayaraq  keçirməli  idilər. Əgər hər hansı bir cətinlik ortaya çıxardısa, Hərbi Nazirliyin hərbi-məhkəmə şöbəsinə müraciət olunması tövsiyyə edilirdi.  

Hərbi nazir Səməd bəy Mehmandarov və Baş qərargahın rəisi Həbib bəy Səlimovun Gəncə şəhərində 11 fevral 1919-cu il tarixdə  imzaladığı 69 saylı əmrə uyğun olaraq  agır artileriya divizionu yaradıldı və burada ilk növbədə ordu hissələrində qısalüləli ağır qaubitsa batareyasının yaradılması nəzərdə tutulurdu. Hərbi nazir Səməd bəy Mehmandarov və Baş qərargahın rəisi Həbib bəy Səlimovun Gəncə şəhərində 16  fevral 1919-cu il tarixdə  imzaladığı 76 saylı əmrə uyğun olaraq istifadə olunan furajkalar yeni baş geyimi sayılan papaqlarla əvəz edildi. Hərbi nazir artileriya generalı Səməd bəy Mehmandarov və  Hərbi Nazirliyin Baş Qərargahının rəisi H.b. Səlimovun imzaladıqları 14 iyul 1919-cu il tarixli 328 əmrlə yaradılmış beş piyada polkundan ibarət iki piyada diviziyası yaradıldı.

1919-cu ildə Ağdamda səpmə yatalaq epidemiyası geniş yayılmışdır. 1919-cu il fevralın 21-də I piyada Azərbaycan diviziyasın rəisi general-mayor Süleyman bəy Əfəndiyevin səpmə yatalaq xəstəliyinə yoluxaraq vəfat etməsi barədə məlumat daxil olmuşdur. Həmin dövrdə bu epidemiyaya qarşı mübarizə aparılması üçün Hərbi nazir vəzifəsini icra edən general-leytenant Əliağa Şıxlinski və Ali ştabın Baş ştabının rəisi polkovnik Səlimovun  Gəncə şəhərində imzaladıqları 24 fevral 1919-cu il tarixli 98 saylı əmrlə Ağdama əlavə tibbi personal göndərilmişdir. Yeri gəlmişkən qeyd edirəm ki, general-mayor Süleyman bəy Əfəndiyev də xidməti zamanı yoluxduğu səpmə-yatalaq xəstəliyisəbəbindən 1919-cu il fevralın 21-də Ağdamda vəfat etmişdir. 

Hərbi nazir  vəzifəsini icra edən general-leytenant  Ə. Şıxlinski və Baş Qərargahın Baş ştabının rəisi polkovnik H.b. Səlimovun Gəncə şəhərində  imzaladıqları 21 fevral 1919-cu il tarixli 89 saylı əmrdə  qeyd olunurdu ki, Azərbaycanın hərbi qüvvələri qarşısında xidmətləri olmuş  Azərbaycan Ordusunun Piyada Diviziyasının general-mayoru  S.Əfəndiyevin dəfn mərasiminin xərcləri dövlət xəzinəsi hesabına görürülsün.

Arxiv sənədləri təsdiq edir ki, Həbib bəy Səlimov  Cümhuriyyət dövründə müvəqqəti olaraq Hərbi Nazir vəzifəsini də icra etmişdir. Məsələn, ictimai yerlərdə hərbi xidmətçilərin davranış qaydalarına dəyişikliklərin edilməsi haqqında 7 mart 1920-ci il tarixli əmr Hərbi Nazir vəzifəsini müvəqqəti olaraq icra etmiş H.b. Səlimov və Ordu Ştabının rəisi yerinə isə general-mayor Qaytabaşı tərəfindən imzalanmışdır. Yeri gəlmişkən qeyd edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə 30 nömrəli əmri ilə H.b. Səlimov general-mayor rütbəsi ilə təltif olunmuşdur. Həbib bhəy Səlimov 1920-ci ilin martında “Əsgəran müharibəsi”nin qəhrəmanı  kimi ad-san qazanmışdır. General Həbib bəy Səlimovun ölkəmiz qarşısında xidmətlərindən biri də 1920-ci ilin mart-aprel aylarında uğurla həyata keçirdiyi Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə və ölkəyə xəyanət etmiş, silahlı qiyam qaldırmış azğın erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə endirilərək yerlərində otuzdurulmuş və bu bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilmişdir.

Cəsur hərbiçi Həbib bəy  Hacı Yusif oğlu  Səlimovun ölkəmiz və dövlətimiz qarşısındakı xidmətləri xalqımız tərəfindən heç vaxt unudulmayıb və unudulmur. Onun vətən qarçısındakı fədakar xidmətləri daim hörmətlə yad edilir!

 

Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

                                   Rafiq Səfərov

 

İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası,Bakı.2005, cild.II,səh.341

2. Адресь Календарь.1918-1920гг.с.19.

3. ARDA.f.2894, siy.1,iş.1.v.1-2.

Aзербайджан.1918,18 ноября,№38.

Азербайджанская Демократическая Республика(1918-1920) Армия.ст 26-27.

4.ARDA.f.2898, siy.2,iş.22.v.152.

5. ARDA.f.2898.siy.2.iş.22.v.4.

Азербайджанская  Демократическая Республика(1918-1920).Армия. Баку.1998.с.26.

6. ГААР,f.2894,siy.1,iş.1,v.2.

Азербайджанская  Демократическая Республика(1918-1920).Армия.Баку.1998.с.34.

7.ARDA.f.2894.siy.1.iş.1.v.2.

 Азербайджанская  Демократическая Республика(1918-1920).Армия.Баку.1998.с.34.

8.Yenə orada.

9.ARDA.f.2898.siy.2.iş.22.v.4.

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.44-46

10. Азербайджан.1919.5 января, №4.

 Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Баку.1998.с.259.

11. ARDA.f.2894, siy.6,iş.2.v.32.

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.55.

. 12.ARDA.f.2894, siy.1, iş.2.v.23.

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998.с.56-57.

13. ARDA.f.897, siy.2,iş.23.v.26.

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.56-57.

14. ARDA.f.897, siy.2, iş.23.v.38.

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.66-67.

15. ARDA.f.894, siy.2, iş.23. v.36.

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.123

16. ARDA.f.897, siy.1,iş.5.v.57..

Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.70-71.

17. ARDA.f.897, siy.2,iş.23.v.62.

18. ARDA.f.2894, siy.1,iş.39.v.120.

19. ARDA.f.897, siy.2.iş.23.v.57

Азербайджанская Демократическая Республика (1918-1920) Армия. ст 70-71

 



Bugün: 1016
Dünən: 1505
Bu həftə: 12417
Son həftə: 13420
Bu Ay: 35922
Son Ay: 55392
Bu İl: 187961
Ümumi: 1881886
1881886