Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Hənəfi Terequlovun həyatının açılmamış səhifələri haqqında

Son Yenilənmə : 2024-11-07 05:50:59
Baxış sayı : 237

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 389 saylı “Bakı şəhər idarəsi”adlı fondunda bir çox  materiallar, o cümlədən Bakı şəhər idarəsinin məktəb şöbəsi tərəfindən tərtib etdilmiş tarixi sənədlər qayğı ilə qorunub saxlanılır. Bakı şəhər idarəsinin məktəb şöbəsinin 1912-1914-cü tədris ilinə dair tərtib etdiyi həmin tarixi sənədlərdən biri də öz dövrünün tanınmış pedaqoqu Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun 308 saylı şəxsi kartoçkasıdır. Yeri gəlmişkən qeyd edirəm ki, öz dövrünün tanınmış pedaqoqlarından biri sayılan, Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin məzunu Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun həyatı və onun pedaqoji fəaliyyəti  bugünədək təəssüflər olsun ki, kifayət  qədər araşdırılmamışdır.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin fondlarında saxlanılan Arxiv sənədləri təsdiq edir ki, Məhəmməd Hənəfi Həsən oğlu Terequlov Azərbaycanın müəyyən bölgələrində və Bakı şəhərində əhəmiyyətli pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Yazdığım bu məqalə  Məhəmməd Hənəfi Terequlovun məhz pedaqoji fəaliyyətinə həsr edilir.

Bu məqalədə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan qiymətli arxiv materiallarındakı məlumatlardan istifadə edərək Məhəmməd Hənəfi Terequlovun pedaqoji fəaliyyətindən bəhs etməyə çalışacağam.

Məhəmməd Hənəfi Terequlovun Dövlət Tarix Arxivində saxlanılan 308 saylı şəxsi kartoçkasındakı tarixi məlumatlara əsaslanaraq qeyd edirəm ki, Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də Tiflisdə anadan olmuşdur.[1] Həmin kartoçkada Məhəmməd Hənəfi Terequlovun tatar (azərbaycanlı-R.S.) və müsəlman olduğu qeyd edilir.Yeri gəlimişkən qeyd edirəm ki, həmin dövrlərdə Rusiya imperiyasında yaşayan azərbaycanlılar tatar deyə adlandırdıqlarına  görə Məhəmməd Hənəfi Terequlov da azərbaycanlı olduğuna görə  kartoçkada tatar kimi qeyd olunmuşdur. Arxiv sənədlərində qeyd olunmuş məlumatlara uyğun olaraq qeyd edirəm ki, Məhəmməd Hənəfi Həsən oğlu Terequlov Zaqafqaziya Müəllimlər  Seminariyasında pedaqoji təhsil alaraq həmin Seminariyanın  tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir. [2] O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Məhəmməd Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Aştarakdakı normal məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.[3] Bu fakt bir daha təsdiq edir ki, hazırda Ermənistanın tərkibinə daxil edilmiş Aştarak Bakı Şəhər Duması və onun nəzdindəki Məktəb Komissiyasının tabeçiliyində olmuşdur.

Məhəmməd Hənəfi Terequlovun Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində qayğı ilə  qorunub saxlanılan  şəxsi işində onun Tiflisdən Bakı şəhərinin  məktəb komissiyasının sədrinə ünvanladığı 31 iyul 1900-cü il tarixli ərizəsi də  mövcüddur. Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun  həmin ərizəsində   qeyd edirdi: ”Siz cənablardan xahiş edirəm ki, mənə Bakıdakı rus-tatar məktəblərinin birində müəllim  yeri verəsiniz və eyni zamanda nəzərinizə çatdırıram ki, mən nəğmə dərslərini üç səs üzrə apara bilərəm. Mənim sənədlərim Yelizavetpol və İrəvan quberniyaları üzrə cənab direktorun dəftərxanasındadır. Mənim ünvanım isə belədir-Tiflis şəhəri,Хлебная горка, İvanovanın evi.” [4]

Arxiv sənədində qeyd olunmuş məlumatlara əsaslanaraq qeyd edirəm  ki, Məhəmməd Hənəfi Terequlov 1914-cü ildə 8-ci rus-tatar məktəbinə daxil olana qədərki  dövrlərdə doqquz ayrı-ayrı məktəblərdə pedaqoji fəaliyyət göstərmişdir. [5] Məhəmməd Hənəfi Terequlovun  adına tərtib edilmiş şəxsi kartoçkada onun son beş ildə öz vəsaiti hesabına Moskva pedaqoji kurslarında təhsil aldığı da qeyd edilirdi.[6] Məhəmməd Hənəfi Terequlov 1912-1914-cü illərdə Bakı şəhərində yerləşən  8-ci rus-tatar məktəbində 42 nəfər şagirdi olan sinifdə həftədə 24 saat olmaqla, azərbaycan, rus dili və hesab fənlərini tədris etmişdir.[7] Dövri mükafatlar və pensiya üçün çıxılan pullar nəzərə alınmadan onun əsas maaşı ildə 900 rubl olmuşdur. Şəxsi kartoçkasında Məhəmməd Hənəfi Terequlovun əlavə gəlir yerinin olmadığı, həmçinin onun evli olduğu və ailəsinin 3 nəfərdən, yəni özü, həyat yoldaşı və uşaqdan ibarət olduğu göstərilirdi.[8] Məhəmməd Hənəfi Terequlovun evli olmasına baxmayaraq  onun şəxsi evi yox idi. O, birinci mərtəbədə üç otaqdan ibarət  kirayə götürdüyü evdə yaşayaraq ayda 17 rubl ödəmişdir.[9]

18 sentyabr 1900-cü ildə Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktorunu Tixorjevskinin Bakı məktəb komissiyasının sədrinə ünvanladığı məktubda  Terequlova 6-cı rus-tatar məktəbində müəllim vəzifəsini icra etməsinə icazə verdiyi haqqında məlumat qeyd edirdi.[10] Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəbləri direktorunun Bakı şəhəri  məktəb komissiyasının sədrinə ünvanladığı 08 sentyabr 1903-ce il tarixli, 1965 saylı məktubda Məhəmməd Hənəfi Terequlovun 22-ci məktəbdən 9-cu rus-tatar məktəbinə keçirildiyi barədə məlumat təqdim edirdi.[11] Məhəmməd Hənəfi Terequlov pedaqoji fəaliyyət göstərmək üçün bir məktəbdən digər məktəbə keçirildiyi üçün  o, bir sıra  ayrı-ayrı məktəblərdə pedaqoji fəaliyyət göstərməyə məcbur olmuşdur. Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A. Txorjevskinin Bakı məktəb komissiyasının sədrinə ünvanladığı 10 sentyabr 1903-cu il tarixli məktunda Məhəmməd Hənəfi Terequlovu 7-ci rus-tatar məktəbinə müəllim təyin etdiyi haqqında  məlumat verilirdi.[12]A.Txorjevskinin həmin məktubda həmçinin bildirurdi ki, iki şöbədən ibarət 9-cu rus-tatar məktəbində mövcud olan müəllim yerləri tutulduğuna və boş vakansiya yerinin olmadığına görə  Məhəmməd Hənəfi Terequlov 7-ci rus-tatar məktəbinə keçirilir, Məlik Allahverdyansı isə vakansiyalar açılanadək təyinatsız qalır.[13]   

Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A. Txorjevskinin  Bakı şəhəri məktəb komissiyasının sədrinə ünvanladığı 13 sentyabr 1904-cü il tarixli 2779 saylı məktubda qeyd edilirdi:” İki sinisli şəhər məktəbində boş vakant yeri olduğuna görə Terequlov cənabları 830 saylı 15.09. 1904-cü il tarixli, 830 saylı əmrlə 8-ci rus-tatar məktəbinə keçirilir.”[14]    

Bakı şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin Bakı şəhər başçısına ünvanladığı 10 aprel 1909-cu il tarixli 506 saylı məktubda qeyd edilirdi:” Xalq məktəbləri direksiyası tərəfindən xidmətdən azad edilmiş 6 sinifli şəhər məktəbinin müəllimi Məhəmməd Hənəfi Terequlov İdarəyə ərizə ilə müraciət edərək bildirirdi ki, o, səkkiz il cavanlıq illərini şəhərə xidmətə həsr etmiş və indi isə əsassız olaraq işdən azad edildiyi üçün böyük bir ailəsi ilə birlikdə dolanmaq üçün vəsaitsiz  qaldığına görə Şəhər İdarəsindən xahiş edirdi ki, ona iş tapana qədər ailəsini dolandırmaq üçün səkkiz aylıq əmək haqqı həcmində  vəsait ödənilsin. Terequlov xidmətə 15 sentyabr 1900-cü ildə daxil olmuş 1 iyun 1908-ci  ildə isə xidmətdən azad edilmişdir.Məktəb komissiyası 6 aprel tarixli iclasında Terequlovun yaxşı müəllim kimi 8 il şəhərə xidmət etdiyini nəzərə alaraq ona 400 rubl məbəğində vəsaitin verilməsini Şəhər Dumasından xahiş edilməsi haqqında qərar qəbul edilmişdir.”[15]

Yeri gəlmişkən xatırladıram ki,Məhəmməd Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşı, yəni Azərbaycan aktyoru, opera müğənnisi, teatr xadimi, ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri sayılan Uzeyir Hacıbəyovun qayını olmuşdur.

Məhəmməd Hənəfi Terequlov 1913-cü il iyunun 11-də ona rus-tatar məktəblərinin birində ona müəllim vəzifəsinin verilməsi xahişi ilə Bakı şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə  ərizə ilə müraciət etmiş və sənədlərinin Məktəb Komissiyasının dəftərxanasında olduğunu bildirmişdir.[16] Bakı şəhər Duması nəzdindəki məktəb komissiyasının sədri  1913-cü il iyunun 11-də Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A. Txorjevskiyə 2432 saylı məktub göndərərək  Zaqafqaziya və İrəvan Müəllimlər Seminariyalarının məzunlarını, o cümlədən Məhəmməd Hənəfi Terequlovu  şəhər rus-tatar məktəbinə müəllim vəzifəsinə götürdüyü barədə məlumat verirdi.[17]

Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevin Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə göndərdiyi 7 sentyabr 1913-cü il tarixli 449 saylı məktubunda qeyd edilirdi ki, “ Qafqaz Tədris Dairəsinin sərəncamına uyğun olaraq İrəvan Müəllimlər Seminariyası bitirmişlər İrəvan Direksiyasının xalq məktəblərində qulluq etməyə burcludurlar. Digər seminaristlərə,o cümlədən Məmmədov Məmməd, Qasımov Əli, Qasımov Əli, Məhəmməd Hənəfi Terequlov, Ömərbəyov Məmmədə  rus-tatar məktəblərində müəllim vəzifəsinin yerinə yetirməsinə icazə verilir.”[18]

Bakı Şəhər Başçısı dəftərxanasının 4 noyabr 1913-cü il tarixli, 944 saylı əmrinə uyğun olaraq Məhəmməd Hənəfi Terequlov 1913-cü il sentyabrın 9-dan etibarən 8-ci məktəbə müəllim təyin edilmişdir.[19]

Məhəmməd Hənəfi Terequlov Üzeyir Hacıbəylinin həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşı idi. Məhəmməd Hənəfi Terequlov həyatının sonrakı mərhələlərində Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi, ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri kimi formalaşaraq tanınmışdır.
           Qeyd etmək lazımdır ki, Hənəfi Terequlov Azərbaycanın tatar əsilli məşhurlarındandır. H. Terequlov həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyovla yanaşı Müslüm Maqomayevin də qaynı idi. Məhəmməd Hənəfi Terequlov 18 dekabr 1942-ci ildə 65 yaşında Bakı şəhərində vəfat etmişdir. Onun Azərbaycan musiqisi sahəsindəki xidmətləri, eləcə də onun pedaqoji fəaliyyəti xalqımız tərəfindən unudulmur və daim böyük hörmət və ehtiramla yad edilir.

 

Ayaq üstə-soldan: N.Sarabski, H.Terequlov; oturanlar-soldan: Ü.Hacıbəyli və M.Maqomayev

 

 

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

RAFİQ SƏFƏROV



[1] ARDTA,f.389, siy.8, s.v.1848,v.1.

[2] Yenə orada

[3] ARDTA,f.389, siy.8, s.v.1848,v.3

[4] ARDTA,f.389, siy.8, s.v.1848,v.2.  

[5]ARDTA,f.389, siy.8, s.v.1848,v.1..  

[7] ARDTA,f.389, siy.8, s.v.1848,v.2.  

[8]ARDTA,f.389, siy.8, s.v.1848,v.1(arxa üzü)

[9] Yenə orada. 

[10] ARDTA,f.389, siy.8, s.v.1848,v.5-6

[11]ARDTA,f.389, siy.8, s.v.1848,v.9.

[12] ARDTA,f.389, siy.8, s.v.1848,v.11,

[13] ARDTA,f.389, siy.8, s.v.1848,v.12.

[14] ARDTA,f.389, siy.8, s.v.1848,v.15.

[15] [15] ARDTA,f.389, siy.8, s.v.1848,v.27

[16] ARDTA,f.389, siy.8, s.v.1848,v.29

[17]ARDTA,f.389, siy.8, s.v.1848,v.30

 

[18]ARDTA,f.389, siy.8, s.v.1848,v.31.

[19] [19]ARDTA,f.389, siy.8, s.v.1848,v.37.



Bugün: 548
Dünən: 774
Bu həftə: 5917
Son həftə: 6350
Bu Ay: 18626
Son Ay: 25108
Bu İl: 284775
Ümumi: 1305196
1305196