Həsən bəy Zərdabinin 180 illiyinə həsr olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il iyunun 4-də Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncamda o cümlədən qeyd edilirdi:" Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır".
Xalqımızın görkəmli oğlu, tanınmış maarifçi demokrat Həsən bəy Səlim bəy oğlu Məlikov 1842-ci ilin iyulunda kеçmiş Bakı quberniyasının Göyçay qəzasının Zərdab kəndində bəy аiləsində dünyaya göz açmışdır. Həsən bəy Məlikov ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almış, sonralar isə təhsilini Şamaxı qəza məktəbində davam etdirmişdi.Yeri gəlmişkən qeyd edirəm ki,Şamaxı qəza məktəbi 12 may 1838-ci il tarixli əsasnamə əsasında yaradılmış və bu məktəb1854-cü il yanvarın 1-də Şamaxı ali 4 sinifli məktəb kimi yenidən təşkil edilmişdir. 15 may 1859-cu ildə Şamaxıda baş vermiş zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçürüldü. 1859-cu ilin dekabrında quberniya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi ilə əlaqədar olaraq həmin məktəb də Şamaxıdan Bakıya köçürülmüş və Bakı ali 4 sinifli məktəb adını qəbul etmişdir. Bakıda Bakı real progimnaziyası yaradıldıqdan sonra həmin məktəb 10 iyul 1866-cı il tarixdə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin "Bakı Ali 4 sinifli məktəb" adlı fondunda (f.313-də ) və digər fondlarında saxlanılan arxiv sənədlərinə əsaslanaraq qeyd edirəm ki, Həsən bəy Məlikov Şamaxı qəza məktəbində oxuduğu müddətdə özünü nümunəvi şagird kimi göstərmişdir.Şamaxı qəza məktəbinin 22 dekabr 1852-ci il tarixli qərarı ilə Həsən bəy Məlikov tədrisdə əldə etdiyi müvəffəqiyyətlərə və tərbiyəsinə görə tərifnamə və kitablarla mükafatlandırılaraq həmin məktəbin ikinci sinifinə keçirilmişdir. Şamaxı qəza məktəbinin 24 noyabr 1854-cü il tarixli imtahan siyahısında Həsən bəy Məlikovun Şamaxı ali dörd sinifli məktəbininn pansionuna daxil olması və onun həmin məktəbin 2-ci sinifində oxuması haqqında məlumatlar yer almışdır. Qafqaz Tədris Dairəsinin Qəyyumu A.P.Nikolai 20 dekabr 1854-cü il tarixdə məktəblərin Tiflis direksiyasının direktoru K.L.Çermaka göndərdiyi məktubunda bildirirdi ki, Şamaxı ali dörd sinifli məktəbin nəzdində yeni açılmış pansiona Həsən bəy Məlikovun xəzinə hesabına qəbul edilməsinə onun tərəfindən icazə verilmişdir. Həmin məktubda həmçinin təklif edirdi ki, şagirdlər pansiona bu təlim-tərbiyə ocağının açıldığı vaxtdan, yəni 13 noyabr 1854-cü ildən etibarən qəbul edilsinlər.
Arxiv sənədləri təsdiq edir ki, Həsən bəy Məlikov elmin öyrənilməsinə və qarşısında duran vəzifələrin layiqincə öhdəsindən gəlməsinə hələ məktəb illərindən böyük diqqət yetirmişdir. Məsələn, əgər Şamaxı ali dörd sinifli məktəbin 1954-cü il üzrə imtahan vərəqində H.b.Məlikovun bütün fənlərdən müvəffəqiyyəti 4 qiymət idirsə, artıq iki il sonra 1856-cı ilə dair imtahan vərəqində onun həmin məktəbdə tədris olunan bütün fənlərdən- şəriət,rus dili, tatar(Azərbaycan)dili, riyasiyyat,coğrafiya, tarix, təbii elmlər, qanunşünaslıq üzrə tədris olunan fənlərdən qiymətləri əla olmuşdur.
1857-ci il iyunun 17-də Şamaxı ali dörd sinifli məktəbin müfəttişi D.İ.Kovalevski Tiflis Direksiyasına raport yazaraq H.b.Məlikovun Tiflis quberniya gimnaziyasına qəbul olunmasıını xahiş etmişdir. D.İ.Kovalevskinin həmin raportunda qeyd edilirdi:" Mənə həvalə edilmiş məktəbin pansionunda təlim-təhsilini xəzinə hesabına alan Həsən bəy Məlikov bu il burada təhsilini başa vurur. Təhsil aldığı bütün müddət ərzində Həsən bəy Məlikov əla tərbiyə və xüsusilə, yerli əhali arasında nadir rast gəlinən təhsilə olan böyük sevgisini nümayiş etdirərək böyük naliyyətlər əldə etmiş və indi kursu bitirərkən o, öz təmayülünü başa düşərək bir gənc kimi çox təəssüflə bildirirdi ki, məktəbdən çıxandan sonra təhsilini davam etdirə bilməyəcək və xidmətə başlamalı olacaqdır. Hazırda onun qardaşı Mehri bəy ərizə ilə mənə müraciət edərək qardaşının təhsilini davam etdirmək arzusunda olduğunu bildirir və onun xəzinə hesabına Tiflis quberniya gimnaziyasına qəbul edilməsini məndən xahiş edir. Bildirirəm ki, mənim bu xahişimə sizin tərəfdən lütfkarlıqla diqqətin yetirilməsi rəhbərlik etdiyim məktəb üçün əhəmiyyətli olar, həmçinin yerli sakinlər şagirdlərin əldə etdikləri müvəffəqiyyətlərin onların, o cümlədən rəhbərliyin diqqətinə layiq olmuş, elmə çox gözəl və təmənnasız sevgi göstərən qabaqcıl müsəlman kimi Məlikovun qarşısında açılan yaxşı yolun canlı şahidi olardılar. Guman edirəm ki, H.b.Məlikov mənə tapşırılmış məktəbin kursunu bitirdikdən sonra asanlıqla gimnaziyanın 5-ci sinifinə qəbul oluna bilər, o ki, qaldı burada tədris olunmayan fənlərə, rəhbərliyin icazəsi ilə həmin fənlərin burada da tədris olunması mümkündür.
Sizə bu yazılı məlumatı təqdim edərək tabeliyimdəki məktəb naminə qeyd olunan məsələ haqqında yuxarı rəhbər qarşısında xahişinizi əsirgəməməyinizi rica edirəm."
Şamaxı ali dörd sinifli məktəbin müfəttişi D.İ. Kovalevskinin məktəblərin Tiflis Direksiyasına təqdim etdiyi raportda o cümlədən Şamaxı ali dörd sinifli məktəbin 3-cü sinif şagirdi H.b.Məlikovun təhsildə əldə etdiyi əla müvəffəqiyyətlərə görə onun M. Kazımbəyin müəllifi olduğu "Türk-tatar qrammatikası" və "A.Poqorelskinin əsəri" adlı kitablarla, həmçinin tərifnamə ilə mükafatlandırıldığı haqqında məlumatlar da qeyd edilirdi.
H.b.Məlikovun Tiflis quberniya gimnaziyası nəzdindəki Əsilzadələr pansionuna qəbul olunmasına icazə verildiyi haqqında 1857-ci il noyabrın 5-də Tiflis Direksiyasının direktoru K.L. Çermakdan Şamaxı ali dörd sinifli məktəbin müfəttişi D.İ. Kovalevskiyə məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd edilirdi:" ... bu il Şamaxı 4 sinifli məktəbin təlim kursunu bitirən Həsən bəy Məlikov Qafqaz Tədris Dairəsi Qəyyumunun icazəsi ilə Tiflis quberniya gimnaziyası nəzdindəki pansiona qəbul olmaq üçün namizəd götürülsün; eyni zamanda sizin mənə ünvanladığınız 17 iyul 1857-ci il tarixli raportunuza cavab olaraq xahiş edirəm ki, adı çəkilən şağird sizin məktəbdə təhsil kursunu bitirdikdən sonra Tiflis quberniya gimnaziyası nəzdindəki Əsilzadələr pansionuna qəbul olunması üçün qohumları tərəfindən Tiflisə gətirilsin və onun pansionda müsəlmanlar üçün xəzinə hesabına vakansiya açılana qədər məktəblərin Tiflis direksiyasının iqtisadi məbləğı hesabına müəssisənin öz xərcinə olan vakansiyaya yerləşdirilməsi təmin edilsin. " Beləliklə, Həsən bəy Məlikov təhsilini Tiflis quberniya gimnaziyasında davam etdirdi.
1861-ci il fevralın 15-də Həsən bəy Məlikova Tiflis quberniya gimnaziyasını bitirdiyi haqqında Attestat təqdim edilmişdir.Tiflis quberniya gimnaziyasının direktoru-Dementyev, müfəttişi-Pençinskiy, gimnaziyanın əsas fənn müəllimlərinin imzası ilə tərtib edilmiş Attestatda Həsən bəy Məlikov haqqında aşağıdakı məlumatlar da qeyd edilmişdir:" Təqdim olunan Həsən bəy Məlikov, praporşik Səlim bəy Məlikovun oğlu, on səkkiz yaşı vardır, məzhəbi müsəlmandır, sünnüdür, 1858-ci ildən etibarən Tiflis quberniya gimnaziyasında və onun nəzdindəki pansionda Tiflis Direksiyasının iqtisadi məbləğı hesabına təhsil almış və tam kursu 23 dekabr 1860-cı ildə bitirmişdir. Oxuduğu bütün müddət ərzində tərbiyəsi əla olmaqla, mineralogiya-kafi, fizika kafi, digər əsas fənlərdən isə olduqca qənaətbəxş qiymətlər almışdır." Tiflis quberniya gimnaziyasının Pedaqoji şurasının qərarı ilə Həsən bəy Məlikov Universitet təhsili almağa hazır və qadir olduğu bildirilirdi.
Həsən bəy Məlikov Moskva Universitetində riyaziyyat fakultəsində təhsilinə məsulluyətlə yanaşaraq artıq 2-ci kursda gümüş medala layiq görülmüşdür.
Həsən bəy Məlikov Mockva Universitetinin rektoru C.Barşev və Mockva Universitetinin fizika-riyaziyyat fakultəsinin dekanı –A. Davidovun imzası ilə Mockva Universitetinin fizika-riyaziyyat fakultəsini bitirməsi haqqında 1865-ci il iyunun 25-də Attestat əldə etmişdir. Həmin Attestatda o cümlədən qeyd edilirdi:"...Həsən bəy Məlikov Tiflis gimnaziyasını bitirdikdən sonra 1861-ci ilin avqustunda imtahansız Universitetin tələbələri siyahısına qəbul edilmiş, əla tərbiyə ilə Zaqafqaziya məmləkətinin hesabına fizika-riyaziyyat fakultəsinin təbii elmlər üzrə şöbənin kursunu əla müvəffəqiyyətlərlə bitirmiş, bu ilin iyunun 10-da keçirilmiş Universitet şurasının qərarı ilə namizədlik dərəcəsində təsdiq edilmişdir..."
1869-cu il noyabrın 8-də Həsən bəy MəlikovBakı real gimnaziyasında təbii tarix müəllimi vəzifəsinə təyin edilmişdir. Həsən bəy Məlikov Bakı real məktəbində 20 noyabr 1878-ci ilədək fəaliyyət göstərmişdir.
1871-ci il dekabrın 31-də Bakı real məktəbində riyaziyyat və təbii tarix müəllimi olan H.b. Məlikova Hakim senatın qərarı ilə mülkü rütbə adlarının ilklərindən sayılan kollej katibi adı verilmişdir. Bu haqda Qafqaz Tədris Dairəsi Qəyyumu Y.M. Neverovun Məktəblərin Bakı Direksiyasının direktoru K.L.Çermaka göndərsiyi 31 dekabr 1871-ci il tarixli məlumatda qeyd edilmişdi. 1873-cü il mayın 25-də məktəblərin Bakı Direksiyası Bakı Qubernatotu D.S. Staroselskiyə məktub göndərərək H.b.Məlikov tərəfindən azərbaycanca "Əkinçi" qəzetinin dərc edilməsinə tədris idarəsi tərəfindən heç bir maneçiliyin olmadığını bildirilmişdir.
H.b. Məlikov1872 ildə yoxsul və kimsəsiz şagirdlərə maddi yardım göstənnək məqsədilə "Cəmiyyəti-xeyriyyə" təşkil etmişdir.Bakı real məktəbinin Pedaqoji Şurasının 24 sentyabr 1873-cü ildə keçirilmiş iclasında müsəlman şagirdlərə maddi yardım edən Cəmiyyətin başçısı olaraq H.b. Məlikovun həmin cəmiyyətin şagirdi olan Rəhim bəy Ağakişiyevin hazırlıq sinfinə qəbul edilməsi və Qəyyumun şəxsi icazəsi ilə təhsil haqqının ödənilməsindən azad edilməsi haqqında xahişi müzakirə edilərək qərara alınmışdır ki,yuxarıda adı çəkilən cəmiyyətin şagirdi Ağakişibəyovun hazırlıq sinfinə qəbul olunması, həmçinin gələcək zamanlarda müsəlman şagirdlərə maddi yardım edən Cəmiyyətin şagirdlərinin təhsil haqqının ödənilməsindən azad edilməsi Dairə Qəyyumundan xahiş edilsin." Qafqaz Tədris Dairəsinin Qəyyumu Neverov həmin qərarı 5 oktyabr 1873-cü il tarixdə təsdiq etmişdir. 1874-cü il martın 5-də Bakı real məktəbinin pedaqoji şurasının qərarı ilə Həsən bəy Məlikov Pedaqoji şuranın katibi təyin edilmişdir. Qafqaz canişini general-feldseyxmeyster Mixailin 24 dekabr 1874-cü ildə imzaladığı əmrə əsasən əla-çalışqan xidmətinə görə Həsən bəy Məlikov 3-cü dərəcəli müdüqəddəs Anna ordeni ilə təltif edilmişdir.
Bakı real məktəbinin Pedaqoji Şurasının 1877-ci il martın 31-də keçirilmiş iclasında H.b. Məlikovun növbəti üçilliyə şuranın katibi seçilməsi haqqında qərar qəbul edilmişdir.Bu qərar Pedaqoji Şurada keçirilmiş gizli səsvermənin nəticəsi olaraq qəbul edilmişdir. H.b.Məlikov 1875-ci ildə Azərbaycan da o cümlədən milli –siyasi dirçəliş ideyalarının formalaşmasında mühüm rolu olan "Əkinçi" qəzetinin nəşr olunmasına və həmin qəzetdə xalqımızın milli-siyasi oyanışı və ictimai tərəqqisinə, iqtisadi inkişafına, mədəni yüksəlişinə yol açan məqalələr dərc etmətyə başlamışdır. Lakin Həsən bəy belə məqalələr dərc etdikcə rəsmi dairələr onun fəaliyyətinə maneələr törədir və onun cəmiyyətdəki nüfuzuna və fəaliyyətinə zərbə vurmağa çalışırdılar. 1878-ci il noyabrın 11-də H.b.Məlikov Bakı real məktəbinin direktoru K.L.Çermaka müəllim vəzifəsindən azad edilməsi haqqında ərizə ilə müraciət etməli olmuşdur. H.b.Məlikovun həmin ərizəsində qeyd edilirdi:" Cari ilin noyabrın 9-da mənim qarşımda məktəbin yuxarı rəhbərliyi tərəfindən- Qafqaz Tədris Dairəsinin qəti surətdə edilmiş təklifi qoyuldu: - ya tezliklə Yekinodara gimnaziya nəzdindəki tərbiyəçi vəzifəsinə keçirilirsən, ya da ki, artıq məni Bakı real məktəbində müəllim vəzifəsində saxlamaq mümkün olmadığı üçün istefa verirsən. Mənim evli olduğumu və ilin bu vaxtında başqa yerə köcməyimin mənim üçün qeyri məqbul olduğunu, eləcə də aşağı vəzifəyə keçməyimin əlverişli olmadığını nəzərə alaraq mənə təklif olunan işi rədd edərək Bakı real məktəbinin müəllimi vəzifəsindən azad olunmağım haqqında ərizə ilə müraciət etməyə məcbur oldum."
1878-ci il noyabrın 20-də Qavqaz Tədris Dairəsinin dairə müfəttişi F.D.İllyaşenko Bakı real məktəbinin direktoruna Bakı real məktəbinin təbii tarix müəllimi,saray müşaviri H.b.Məlikovun xidmətdən azad edilməsi haqqında məlumat göndərmişdir. Bakı real məktəbinin direktoru K.Çermak və kargüzar N.İvanovun 18 dekabr 1878-ci ildə imzaladığı Attestatda H.b.Məlikovun xidməti haqqında aşağıdakı məlumatlar qeyd edilmişdir:" Bunu təqdim edən Bakı real məktəbinin keçmiş təbii tarix və riyaziyyat müəllimi ,saray müşaviri Həsən b. Məlikov müsəlman məzhəbli,36 yaşı var,müsəlmanlar üçün 3-cü dərəcəli Müqəddəs Anna ordeninə malikdir,ildə-1380 rubl məvacib, mənzil kirəsi-240, şuranın katibi vəzifəsi üzrə 120 rubl,sinif rəhbəri vəzifəsinə görə-160 rubl, cəmi-1900 rubl almışdır.Tərbiyəsini namizədlik dərəcəsi ilə İmperator Moskva Universitetində almışdır. Zaqafqaziya sərhədçəkmə palatasının jurnal üzrə 20 sentyabr 1865-ci il tarixli təyinatına görə ştatdan kənar xidmətə qəbul edilmişdir.
Hakim senatın 07 aprel 1866-cı il tarixli fərmanı ilə 20 sentyabr 1865-ci ildən etibarən Mockva İmperator Universitetinin namizədlik dərəcəsi üstünlüyü ilə kollej katibi vəzifəsinə təsdiq edilmişdir. 1866-сı il dekabrın 28-də ştatdan kənar Quberniya idarəsinə keçirilmişdir. Sərhədçəkmə palatasının qərarı üzrə 1866-cı il aprelin 8-dən iyulun 8-dək səkkizinci sərhədçəkmə komissiyasında məhkəmə üzvunun vəzifələrinin icrası üçün ezam edilmişdir. 28 dekabr 1866-cı ildə öz xahişə uyğun olaraq ştatdan kənar Bakı quberniya idarəsinə keçirilmişdir. 1867-ci il aprelin 29-da müvəqqəti olaraq həmin idarənin dövlət əmlakı şöbəsinin I stolunun stolonaçalniki, Qafqaz və Zaqafqaziya diyarlarında inzibati və məhkəmə təşkilatlarında aparılan islahatlarla bağlı olaraq isə 1868-ci il yanvarın 31-də həmin idarənin tikinti şöbəsinin kargüzarı təyin edilmişdir. 1868-сi il fevralın 28-də Quba barışdırıcı şöbənin katibi təyin edilmişdir. Məzuniyyətdən qayıtmadığına görə 1868-ci il oktyabrın 4-də xidmətdən azad edilmişdir. 1869-cu il noyabrın 18-dən etibarən Qafqaz Tədris Dairəsi Qəyyumunun qərarı ilə Bakı real gimnaziyasına təbii tarix müəllimi vəzifəsinə təyin edilmişdir. Qafqaz Tədris Dairəsi Qəyyumunun 7 fevral 1874-cü il tarixli, 395 saylı göstərişi ilə Bakı real gimnaziyasının Bakı real məktəbi adlandırılması ilə əlaqədar olaraq 1 yanvar 1874-cü il tarixdən etibarən real məktəbinin müallimi adlandırılmışdır. Hakim Senatın 17 yanvar 1874-cü il tarixli, 170 saylı fərmanı ilə uzun müddət xidmətə görə mükafatlandırılmışdır.1874-cü il dekabrın 20-də Qafqaz canişininin xahişi ilə H.b. Məlikov müsəlmanlar üçün təyin edilmiş 3-cü dərəcəli müq.Anna ordeni ilə təltif edilmişdir.
Bakı şəhərində müsəlman qızlar üçün birsinifli məktəbi açmasına icazə verilməsi üçün Həsən bəy Məlikov 1896-cı il yanvarın 19-da Bakı qubernatoru V.P. Roqqeyə ərizə ilə müraciət etmişdir. Onun həmin ərizəsində qeyd edilirdi:" Bakı şəhərində müsəlman qızlar üçün üçillik kursdan ibarət birsinifli məktəb açmaq arzusundayam və belə məktəbin açılmasına mənə icazə verməyinizi xahiş edirəm." H.b. Məlikov müsəlman qızlar üçün açılacaq məktəbdə keçiriləcək dərslərin proqramını da hazırlamışdır. Həmin proqrama uyğun olaraq məktəbdə müsəlman qızlara şəriyət, azərbaycan dili,rus dili, riyaziyyat, hüsnxət və əl işləri üzrə dərslərin tədris edilməsi nəzərdə tutulurdu.
Həsən bəy Zərdabinin milli dirçəliş ideyaları rəsmi hökumət dairələrində ciddi narazılıq yaratdı. Həsən bəy Zərdabinin milli dirçəliş ideyaları onu hökumət məmurları nəzərində siyasi cəhətdən etibarsız adama çevirdi.
Göyçay qəza rəisi İ.F.Boqdanoviç Bakı qubernatoru V.P. Roqqeyə saray müşaviri H.b.Məlikovun adına tərtib etdiyi xasiyyətnamədə qeyd edirdi:" Bakı real məktəbinin keçmiş müəllimi, saray müşaviri H.b.Məlikov-yola getməyən, cəncəl xasiyyətli insandır və balıq vətəgələrinin polis nəzarətçisini sözlə təhqir etdiyinə görə iki həftəlik ev dustaqlığına məhkum edilmişdir; siyasi baxımdan isə mənə etibar edilmiş qəzada yaşadığı müddətlərdə onun qəbahətli halına rast gəlinməmişdir."
1896-сı il fevralın 29-da Bakı Quberniya Jandarm İdarəsinin rəisi N.F.Fon-Frank H.b. Məlikovun xasiyyətnəməsi əks edilmiş gizli məlumatını Bakı qubernatoru V.P. Roqqeyə göndərmişdir. Həmin məlumatda o cümlədən qeyd edilir: "Zərdab kəndinin sakini, saray müşaviri H.b.Məlikov, şəxsi maraqlarına görə əhalini iftiralara və uydurulmuş şikayətlərə təhrik edir, çünki qabaqcadan təyin edilmiş mükafatlara görə özü də bu cür əhrikləri və şikayətləri yazır, faktları təhrif olunmuş şəkildə mətbuata ötürürərək xalqı narahat edir, həmçinin onun siyasi cəhətdən sədaqətli olduğunu demək olmaz."
Bakı şəhər Duması nəzdindəki Məktəb Komissiyasının üzvü H.b.Məlikov 1898-ci il yanvarın 2-də rus-tatar məktəblərində azərbaycan dili və şəriət dərslərinin bərpa edilməsi haqqında Bakı şəhər başçısınən vəzifələrini icra edən M.A.Belyavskiyə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə qeyd edilirdi:" Bizim şəhərin rus-tatar məktəbləri öz mövcudluğuna görə həmin məktəblərdə azərbaycan dili və şəriət fənlərinin tədrisinə borcludurlar. Lakin təəssüflər olsun ki, son illərdə həmin fənlərə etinadsız münasibət göstərilir,məsələn, bu fənlər üzrə illik imtahanlar keçirilmir, hazırki akademik ildə isə bu fənlər ümumiyyətlə tədris edilmir. Əsas fənlərə olan bu cür etinadsızlığın yaxın gələcəkdə işin müvəffəqiyyətinə təsirsiz ötüşməyəcəyini nəzərə alaraq təklif edirəm: bu məktəblərdə 32 dərsə müəllim adına şəhadətnaməsi olan iki nəfər dəvət edilsin və onların qarşısında xəstəlik və ya digər səbələr ucbatından işə gəlməyən müəllimlərin əvəz olunması vəzifəsi qoyulmaqla digər müəllimlərin aldığı qədər məvacib odənilsin. Son zamanlar yaşlı müsəlmanlar üçün axşam kürslarının açıldığını nəzərə alaraq müəllimlərin sayının bu cür artırılması vacib sayılır."
Bakı şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 7fevral 1898-ci il tarixli iclasında rus-tatar məktəblərində azərbaycan dili və şəriət dərslərinin tədris edilməsinə lazımı diqqətin yetirilmədiyi haqqında komissiyanın üzvü H.b.Məlikovun ərizəsinə baxılmış və qərara alınmışdır ki, bu məsələyə qəti olaraq baxılması rus-tatar məktəblərinin pedaqoji şuralarının rəyləri alınanadək təxırə salınsın, komissiyanın müsəlman üzvlərindən xahiş edilsin ki, məktəblərdə azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi ilə tanış olsunlar və onun nəticələrini komissiyaya məruzə etsinlər. Həmin dövrdə Bakı şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədri-Belyavskiy; üzvləri-B.Əlibəyov;A.Saparov;A.Txorjevskiy; kargüzar isə M.Qreçkov olmuşdur.
Bakı qubernatoru V.P. Roqqe 1898-ci il fevralın 28-də Şəhər İdarəsi nəzdindəki məktəb komissiyasının tərkibinin təsdiq olunduğu haqqında şəhər başçısının vəzifələrini icra edən M.A. Belyavskiyə məlumat göndərmişdir. Həmin məlumatda qeyd edilirdi ki, şəhər duma üzvləri F. Vəzirov, A.X. Axundov, Ə.M. Topçubaşov,E.Y. Skibinskiy, V. Əlibəyov və H.Məlikovun Məktəb komissiyası üzvünün vəzifələrini icra etməsinə etirazım yoxdur.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunurdu. Həsən bəy Zərdabinin səpdiyi toxumlardan "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Dəbistan", "İqbal", "Açıq söz" kimi mətbuat nümunələri yaradıldı. Dövrün tanınmış ictimai-siyasi xadimlərinin qəzet və jurnallarda təbliğ etdikləri ideyalar sayəsində milli dirçəliş, siyasi müstəqillik və dövlətçilik ideyaları formalaşdı.1903-1906-cı illər ərzində Azərbaycan ziyalılarının tribunasına çevrilmiş "Kaspi" qəzetinin 485-dən artıq nömrəsi H.b.Zərdabinin redaktorluğu ilə buraxılmışdır. Həsən bəy Məlikov(Zərdabi)-ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində çalışmışdır.
Həsəb bəy Məlikov(Zərdabi)-nin tariximizdə göstərdiyi xidmətlər xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtirla xatırlanır.
Həsəb bəy Məlikov(Zərdabi) 907-ci il noyabrın 28-də vəfat etmiş və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunmuşdur.Tariximizin sonrakı dövrlərində isə Həsən bəyin məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülmüşdür.
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və
informasiya təminatı şöbəsinin baş məsləhətçisi
Rafiq Səfərov
İstifadə edilmiş mənbələrin siyahısı:
1. Azərbaycan qəzeti,5 iyun 2012-ci il,№122.
2. Центральный Государственный Исторический Архив.Путеводитель.Баку1958.с.160-161.
3. ARDTA, f.313,siy.3,iş.224a,v.19-21
4. ARDTA, f.313,siy.2,iş.9,v.65-68
5. ARDTA, f.311,siy.1,iş.19,v.1-2
6. ARDTA, f.313,siy.2,iş.9,v.65-68
7. ARDTA, f.313,siy.2,iş.35,v.31
8. ARDTA, f.313,siy.2,iş.96,v.9-11.
9. ARDTA, f.313,siy.2,iş.106,v.1.
10.ARDTA, f.313,siy.2,iş.92,v.11
11. ARDTA, f.313,siy.2,iş.106,v.2-3
12. ARDTA, f.313,siy.2,iş.106,v.2-3
13. Moskva şəhərinin MDTA, f.418,siy.30,iş.598,v.24
14. Moskva şəhərinin MDTA, f.418,siy.30,iş.598,v.27
15. Moskva şəhərinin MDTA, f.418,siy.34,iş.678,v.564
16. Yenə orada
17. ARDTA, f.309,siy.1,iş.403,v.25
18. ARDTA, f.309,siy.1,iş.443,v.47-48
19. ARDTA, f.309,siy.1,iş.584,v.4.
20. ARDTA, f.309,siy.1,iş.571,v.19.
21. Yenə orada.
22.ARDTA, f.309,siy.1,iş.624,v.1.
23. ARDTA, f.309,siy.1,iş.606,v.137
24. ARDTA, f.315,siy.1,iş.63,v.6
25. ARDTA, f.315,siy.1,iş.97,v.15-16
26. ARDTA, , f.309,siy.1,iş.403,v.43.
27. ARDTA, , f.315,siy.1,iş.97,v.15-16.
28. Yenə orada.
29. Yenə orada.
30. ARDTA, , f.45,siy.2.iş.257, v.1.
31. ARDTA, , f.45,siy.2.iş.257, v.2.
32. ARDTA, , f.45,siy.2.iş.257, v.6.
33. ARDTA, , f.45,siy.2.iş.257, v.8.
34. ARDTA, , f.389,siy.6.iş.81, v.89-89(arxa üzü)
35. ARDTA, f.389,siy.6.iş.81, v.126-127
36. ARDTA, f.389,siy.6.iş.81, v.137
Bugün: | 836 |
Dünən: | 817 |
Bu həftə: | 836 |
Son həftə: | 6197 |
Bu Ay: | 6108 |
Son Ay: | 25580 |
Bu İl: | 218926 |
Ümumi: | 1239347 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az