Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qarabağ teatr səhnəsinin unudulmuş sənətkarı - Heydər Şəmsizadə - 150

Son Yenilənmə : 2025-10-24 12:58:37
Baxış sayı : 79

     1916-1917-ci illər...

     Şuşa rus-tatar məktəbinin şagirdi balaca Heydər dram dərnəyində iştirak edir. Buraxılış gecəsi münasibəti ilə tamaşaya hazırlanmış “Əlli yaşında cavan” komediyasında Gülnaz rolunda səhnəyə çıxır. Həmin balaca uşaq sonralar Qarabağda teatr sənətinin inkişaf etdirilməsində böyük xidmətləri olan, ömrünün 60 ilindən çoxunu teatr sənətinə həsr edən səhnə fədaisi rejissor Heydər Şəmsizadə idi.

     Şəmsizadə Heydər Aslan oğlu 1905-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açmışdır. Qədim tarixə malik olan, böyük mədəniyyət mərkəzi sayılan Şuşaya tez-tez müxtəlif teatr truppaları gəlirdi. Gənc Heydər tamaşalara həyəcanla baxar, aktyorların oyunlarına diqqətlə tamaşa edərdi. Bu tamaşalar onda  teatr sənətinə, aktyor peşəsinə  tükənməz məhəbbətini daha da alovlandırırdı. Elə bu məhəbbət, bu sonsuz  həvəs də onu səhnəyə bağladı.  Şuşa rus-tatar məktəbində oxuyan zaman Azərbaycanın görkəmli aktyorları A.M.Şərifzadə, Ülvi Rəcəb, Mərziyə xanım, H.Sarabski və başqalarının Qarabağa qastrol səfərləri H.Şəmsizadədə teatr sənətinə həvəsi daha da artırır və o tezliklə bu aktyorlarla səhnədə tərəf-müqabil olur.  

       1922-1923-cü illər...

       Şuşada nəşr edilən mütərəqqi qəzet redaksiyalarının ətrafına savadlı gənclər toplaşar, dövrün mühüm məsələləri barədə söhbətlər keçirərdilər. H.Şəmsizadə bu dövrdən bəhs edərək deyirdi:

      “Biz xalqın gözünü açmaq məsələləri haqqında mübahisələr edərdik. Mütləqiyyət qalıqlarının, din və mövhümatın hələ çox güclü olduğu  bir vaxtda hər hansı bir tədbiri həyata keçirmək çətin idi. Bununla belə, teatr bizi daha çox cəlb edirdi. Biz redaksiya daxilində kiçik teatr truppası yaratdıq. Çox keçmədən buraya peşəkar aktyorlar da  cəlb olunmağa başladı”.

      Heydər Şəmsizadənin teatr sahəsində atdığı addımlar onun həyat qayəsinin  müəyyənləşdirilməsində böyük rol oynayır.

     Məşhur aktyorlardan H.Sarabski, A.M.Şərifzadə Şuşa ilə daim əlaqə saxlayırdılar. Onlar yerli aktyorların işinə köməklik edir, yaradılan surətlərin real çıxması üçün əllərindən gələni əsirgəmirdilər.

    Həmin illərdə Heydər Şəmsizadə Şuşa gənclər ittifaqının teatr truppasının rejissoru təyin edilir. Bu truppa peşəkar aktyor kollektivi kimi fəaliyyət göstərirdi. Kollektiv bir çox yerlərə qastrol səfərlərinə gedirdi. Heydər Şəmsizadə bu səfərlərdən biri haqda xatirələrini bölüşürdü:

    “Növbəti səfərimiz Xanlıq (indiki Qubadlı rayonu ərazisində) kəndinə idi, “Molla Cəbi” tamaşasını göstərirdik. Tamaşa qətl gününə təsadüf edirdi. Mollaların fitnə-fəsadına baxmayaraq, hündür binanın eyvanında  təşkil edilmiş tamaşa böyük müvəffəqiyyətlə keçdi. Tamaşaya baxmağa gələnlərin sayı məscidin həyətinə gələnlərin sayından qat-qat çox idi...”

      H.Şəmsizadənin sözlərinə görə, həmin dövrdə qadınların teatra gəlməsinə şəriət yol vermədiyi üçün onlar üçün xüsusi lojalar təşkil edilir, “türk qızlarına teatra gəlmək azaddır” elanı vurulur, qadınlar arasında təbliğat işləri aparılırdı. Kişilər qadın rollarında çıxış edirdilər. Heydər Şəmsizadə də qadın rolunda çıxış edən ilk aktyorlarımızadandır.

      H.Şəmsizadə unudulmaz sənətkarımız Bülbüllə birlikdə “Arşın mal alan” tamaşasında səhnəyə çıxdığı günü ömrünün ən xoşbəxt anı hesab edirdi:

     “Bu hadisə 1923-cü ildə olmuşdiur. O zaman Bülbül Əsgər, mən isə Süleyman bəy rolunda oynayırdıq. Nə gizlədim, bərk həyəcan keçirirdim... Lakin tamaşadan sonra Bülbül özü əlimi sıxdı, məni təbrik etdi və hərarətlə ən xoş arzularını bildirdi”.

       1923-cü ildə Ağdama mətbəə mütəxəssisi kimi dəvət olunan H.Şəmsizadə mətbəədə işləyərkən dram kollektivi yaradır və ona rəhbərlik edir. Gənc aktyor bir çox çətinliklərə baxmayaraq Ə.Haqverdiyevin  “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah”, C.Cabbarlının “Aydın” əsərlərini tamaşaya hazırlayır. H.Şəmsizadə bu tamaşalarda həm aktyor, həm də rejissor kimi çıxış edirdi.

     1937-ci ildə Ağdamda dövlət teatrı təşkil edilir. H.Şəmsizadə teatrda baş rejissor kimi fəaliyyətə başlayır. H.Şəmsizadə repertuara xüsusi diqqət və qayğı ilə yanaşırdı. “Vaqif”,  “Fərhad və Şirin”, “Həyat”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Qaçaq Nəbi”, “Günahsız müqəssirlər” kimi romantik-qəhrəmanlıq ruhlu tamaşalar hazırlayır. Onun rejissorluğu ilə tamaşaya qoyulan əsərlər həmişə alqışlarla qarşılanırdı.

     1941-1945-ci illər müharibəsi dövründə görkəmli rejissor teatrın fəaliyyətini daha da zənginləşdirir, kollektivin fəaliyyətini genişləndirir, kollektiv ilə birgə Qarabağın bütün rayonlarına qastrol səfərlərinə çıxır. Teatr sənətinin inkişafında xidmətlərinə görə H.Şəmsizadə 1943-cü ildə Azərbaycan SSR əməkdar artisti fəxri adını alır.

     Müharibə qurtardıqdan sonra H.Şəmsizadə 1948-1949-cu illərdə Moskvada Lunaçarski adına Dövlət teatrı İnstitutunda rejissorları təkmilləşdirmə kursunda oxuyur və oranı müvəffəqiyyətlə bitirdikdən sonra Aşqabada işləməyə dəvət olunur. Təcrübəli sənətkarın orada hazırladığı “Arşın mal alan” tamaşası uzun illər Aşqabad səhnəsində uğurla oynanılır. Bundan sonra o Ağdamda, Qubada, Şəkidə, Şuşada, Füzulidə və bir çox digər şəhərlərdə fəaliyyət göstərir.

    1961-ci ildə Ağdamda xalq teatrı yaranarkən H.Şəmsizadə səhnədən ayrılmır, teatrın inkişafı üçün qüvvəsini əsirgəmir. Bu dövrdə xalq teatrının tamaşaya hazırladığı tamaşaların böyük müvəffəqiyyət qazanmasında qocaman rejissorun xüsusi xidmətləri olur. Məhz H.Şəmsizadənin fədakar əməyi sayəsində xalq teatrının kollektivi öz zəngin repertuarı ilə az vaxtda böyük şöhrət qazanır və dəfələrlə Bakı teatrlarında tələbkar paytaxt tamaşaçıları qarşısında müvəffəqiyyətlə çıxış edir.

     1964-cü ildə S.S.Axundovun “Laçın yuvası” əsəri onun tərtibatı ilə tamaşaya qoyuldu və böyük müvəffəqiyyət qazandı. Elə həmin il H.Şəmsizadə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edildi.

     1968-ci ildə Ağdamda yenidən dövlət dram teatrı yaradılır və qocaman sənətkar ömrünün sonlarınadək doğma teatrında rejissor kimi çalışır. Bu illər ərzində o, neçə-neçə səhnə əsərini tamaşaya hazırlamışdır. B.Vahabzadənin “Vicdan”, S.Vurğunun “Vaqif”, ”, Ə.Haqverdiyevin “Pəri cadu”,  dünya klassiki C.Molyerin “Zorən təbib” və digər əsərləri ilə o tələbkar əyalət tamaşaçılarının bədii  zövqünü oxşayırdı.

     Heydər Şəmsizadə hər bir tamaşanı hazırlayarkən ən xırda təfərrüata belə ciddi fikir verirmiş. Zövqsüzlük, sönüklük, bayağılıq onun sənətinə yad idi. O, tamaşa zamanı qüsurlara yol verilməməsi üçün bütün varlığı ilə çalışırdı.

    Qocaman sənətkarın böyük sənət üçün döyünən hərarətli qəlbi 1981-ci ilin 28 sentyabrında əbədi olaraq dayanır.

    

                                                                                             Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat      

                                                                           və İncəsənət arxivinin şöbə müdiri 

                                                 

                                                                            Məqalənin hazırlanmasında 598 №-li fondun     

                                                                                   sənədlərindən istifadə olunmuşdur.

       



Bugün: 379
Dünən: 1430
Bu həftə: 10015
Son həftə: 11350
Bu Ay: 38188
Son Ay: 48584
Bu İl: 38188
Ümumi: 1732114
1732114