Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycanda arxiv işinin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu

Son Yenilənmə : 2023-04-06 07:11:46
Baxış sayı : 755

           Bu il may ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinn qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan olumuşdur.

             Tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyət-dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin tükənməz fəaliyyəti çoxəsrlik tariximizin ən qüdrətli şəxsiyyət olduğunu sübut edir. Ölkəmizin müstəqilliyini təmin etməklə, suveren dövlətin əsaslarını yaratmaqla xalqımızın təminatlı gələcəyinə yol açmaq, ən yeni tarixinin bütöv bir dövrü Ulu öndərin şərəfli adı, möhtəşəm fəaliyyəti ilə bağlıdır. Bütövlükdə bütün türk dünyasının sevimlisi, türkdilli xalqlarının fəxr etdiyi Heydər Əliyevin 35 illik rəhbərliyi dövründə Azərbaycan əsrə bərabər inkişaf yolu keçmişdir. Ulu öndər öz ölkəsinə rəhbərlik etdiyi dövrlərdə var qüvvəsini, bilik və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, hər yerdə nəhəng quruculuq işlərinin təşəbbüskarı, rəhbəri olmuşdur. Dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru inamla addımlayır. Qazanılan hər bir uğur bir həqiqəti-müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin ucalığını və böyüklüyünü dərindən dərk etmək imkanı yaradır.

            Arxiv işinin təşkili dövlətin strateji əhəmiyyət kəsb edən sahələrindən biridir və Ümummilli liderin bu sahəyə xüsusi diqqət göstərməsi təbii idi. Onu da qeyd etmək yerinə düşərdi ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən keçmiş İttifaq ərazisində fəaliyyət göstərən Baş arxiv idarəsi onun rəhbərliyi və nəzarəti altında olmuşdur. “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

            Bu sözlər dövlət idarəetmə sistemində arxivlərin rolunu və arxiv işinin əhəmiyyətinə verilən yüksək qiymətdir.

            Ölkəmizdə arxiv quruculuğunun tarixi XX əsrin əvvələrinə, daha dəqiq desək, Şərgin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövrünə təsadüf edir. Rəsmi olaraq dövlət arxivi yaranmasa da, bu sahədə ilkin addımlar atılmışdır. Azərbaycandasovet hakimiyyətinin qurulmasından sonra mövcud siyasi, elmi, tarixi əhəmiyyətli sənədlərin böyük hissəsi dövlət arxiv fondunda komplektləşdirilmiş, müxtəlif zamanlarda bu işin təşkili üçün qərarlar verilmişdir. Ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq bu sahəyə diqqət xüsusilə artırılmış, arxiv işinin təkmilləşdirilməsi və dövlət arxivlərin şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məhz həmin illərdə Ədəbiyyat və İncəsənət, Elm-texnika və tibb sənədləri, Səs Yazıları, rayonlarda  (şəhər) Mərkəzi Dövlət Arxivinin filialları təşkil olundu. Həmin illərdə Azərbaycanada rəhbərlik edən ümummilli lider Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafına, onun milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət göstərmiş, xalqımızın tarixi keçmişi ilə bağlı zəngin sənəd bazasının toplandığı dövlət arxivlərinin fəaliyyətini daim nəzarətdə saxlamışdır.

            Müstəqillik illərində Ulu öndərin tapşırığı ilə arxivlərin maddi-texniki təminatı əsaslı olaraq yeniləşmiş, qanunvericilik bazasının formalaşdırılmasına başlanmış, “Milli Arxiv Fondu” haqqında Qanun qəbul edilmişdir. Dövlətçiliyimizin möhkəmləşdirilməsində arxivlərin rolunu yüksək qiymətləndirən ümummilli lider “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi” haqqında 2 dekabr 2002-ci il tarixli Fərman imzalamışdır. Fərmanda göstərilir ki, Azərbaycan Respublikasının arxiv xidmətləri xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi tədqiqat mərkəzləridir. Müstəqil Azərbaycanın fəaliyyətinin əsas sahələrindən biri olan arxiv xidməti geniş şəbəkəyə malikdir. Bu gün ölkəmizdə 6 respublika dövlət arxivi onların 15 filialı, 50 rayonun dövlət arxivi, habelə Naxçıvan Respublikasının dövlət arxivi və rayon dövlət arxivləri  fəaliyyət göstərməkdədir.

            Elmin, mədəniyyətin və ictimai həyatın ən müxtəlif sahələrini özündə əks etdirən həmin arxivlərdə 18 minə yaxın fond üzrə 3,5 milyona yaxın saxlama vahidi,  800-dən yuxarı fond üzrə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin 100 minə qədər saxlama vahidindən  ibarət sənədləri, 140 min saxlama vahidindən çox elm və texnika sənədləri, 450 mindən çox kino və foto sənədləri mühafizə olunur.

            Əvəzsiz mənəvi sərvətimiz olan arxiv sənədlərinə müntəzəm müraciət olunur. Arxiv fondu yeni materiallarla daim zənginləşən mühüm bir mənbədir. Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərinə aid yüz minlərlə iş və sənəd müntəzəm olaraq dövlət arxivlərinə qəbul edilir, ictimai elmlərin, xüsusilə tarix elminin tədqiqat bazasını daha da genişləndirir.

            Elm və texnikanın zəngin tarixinə aid qiymətli sənədlərin toplanmasında, mühafizəsində Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivinin də rolu az deyildir. Arxivin yaranması (24 iyul 1969-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 338 №-li  qərarı ilə yaradılmışdır) Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi dövrə təsadüf edir.

            Mübaliğəsiz olaraq deyə bilərik ki, fəaliyyət göstərdiyi yarım əsrdən artıq bir dövrdə arxivin fəaliyyəti, inkişafı, maddi-texniki bazasının yaradıması və genişləndirilməsi sahəsində əldə edilən uğurlar Ulu öndərin adı ilə sıx bağlıdır.

            Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq və yenidənqurma işləri iqtisadiyyatın və mədəniyyətin bütün sahələrində əsaslı dəyişikliklərin bünövrəsini qoydu, respublikada dönüş mərhələsinin başlanğıcı oldu, dinamik inkişaf genişvüsət aldı. Paytaxt Bakının, regionların davamlı inkişafı, sosial infrastrukturların yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyrineft sektorunun tərəqqisi hesabına qaldırılması üçün görülən kompleks tədbirlər bugünkü uğurların şərtlərindəndir.

            Qarabağ iqtisadi zonasının dinamik inkişafı da Heydər Əliyev siyasətinin uğurlarındandır. ARDETSA daimi dövlət mühafizəsində saxlanılan sənədlər bunları deməyə əsas verir. Təkcə Şuşa şəhərinə aid arxiv sənədləri 53 saxlama vahidi təşkil edir. Buraya 14 istirahət evlərinin, pioner düşərgələrinin, Yazıçılar evinin, mehmanxanalarının tikinti layihələri daxildir. Qədim Şuşanın memarlıq üslubuna yenilik gətirmiş Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılmışdır. Elə həmin il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə türbənin və Poeziya evinin təntənəli açılışı olmuşdur.

            Bütövlükdə ölkə iqtisadiyyatın, elm və texnika sahələrinin müxtəlif sahələrini özündə əks etdirən Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri arxivində (ARDETSA) mövcud olan 178 fondun 217271 saxlama vahidi mövcuddur ki, sənədlər ötən əsrlərdən bu günə kimi olan dövrü əhatə edir. Elmi-texniki fondlarda respublikamızın ərazisindəki zavod və fabriklərin, inzibati və yaşayış binalarının, səhiyyə ocaqlarının, ali və orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, tarixi binaların və memarlıq abidələrinin tikinti və bərpa layihələrini əks etdirən layihələr öz əksini tapmaqla ötən dövrlərin tarixini mühafizə edərək qiymətli xəzinə kimi qalmaqdadır. Neft hasilatı və neft maşınqayırma sənayesi, neftayırma və neft kimya sənayesi, energetika, nəqliyyat, su təsərrüfatı, tikinti işləri, texnika elmləri, sənaye və digər sahələr üzrə nailiyyətləri özündə birləşdirməklə fondlar qiymətli sənədlərlə komplektləşdirilir, tərkibi yeni sənədlərlə zənginləşir.

            Bütün bunlarla yanaşı Fərmanda qeyd olunmuşdur ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə cavab vermir. Vahid informasiya daşıyıcılarının imkanlarında lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməsi bu sahədə problemlər yaradır.

            Bu və digər problemlərin tezliklə həll olunması məqsədilə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncam bütövlükdə mövcud çatışmazlıqların aradan qaldırılmasına, arxiv işi sahəsində əsaslı yeniliklərin həyata keçirilməsinə rəvac verdi. Bu gün ulu öndərin strategiyası və siyasi kursu uğurla davam etdirilir, arxiv sənədlərinin saxlama şəraiti yaxşılaşdırılır, innovativ texnologiyaların arxiv işində tətbiqinə geniş yer açılır, arxiv binaları əsaslı təmir edilir, yeni binalarla təchiz olunur, yeni sənədlərin aşkar edilməsi istiqamətində mühüm işlər görülür, Elektron Arxiv Məlumat sistemi yaradılır.

            Arxiv quruculuğunun 100 illik yubileyi olan 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Proqramının təsdiq edilməsi dövlətin arxiv işinə qayğısının bariz təcəssümü, Heydər Əliyev siyasətinin uğurlu davamıdır.

 

 

Müzahim İsmayılzadə

 

ARDETSA, aparıcı arxeoqraf



Bugün: 309
Dünən: 1014
Bu həftə: 5475
Son həftə: 6066
Bu Ay: 19371
Son Ay: 28223
Bu İl: 260412
Ümumi: 1280833
1280833