Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Bir xatirənin izi ilə...

Son Yenilənmə : 2022-11-21 06:23:09
Baxış sayı : 638

Fikrət Əmirov – 100 il

Hüseyn Abbaszadə - 100 il

 

Görkəmli yazıçının dünya şöhrətli

bəstəkar haqqında xatirələrindən:

 

Bildiyimiz kimi, bu il dünya şöhrətli bəstəkar Fikrət Əmirovun və görkəmli yazıçı Hüseyn Abbaszadənin anadan olmasının 100-cü ildönümləridir. Sıx dostluq münasibətləri olan bu iki mədəniyyət xadiminin doğum tarixləri eyni günə təsadüf etməkdədir – 22 noyabr 1922-ci il.

Hüseyn Abbaszadə bu dostluq münasibəti haqqında özünün “Dünyadan gör necə insanlar gedib...” adlı xatiratında geniş yazmışdır. Kitabda toplanmış xatirələrdə Azərbaycanın bir sıra görkəmli ədəbiyyat və incəsənət xadimlərinin portretləri təsvir edilmiş, zəngin sənətkar ömründən ən maraqlı anlar, onların həyatından yaddaqalan epizodlar bu xatirələrdə ustalıqla qələmə alınmışdır. Bunun üçün yazıçı iyirmi ildən artıq vaxt ərzində öz şəxsi arxivində saxlanılan əlyazmalarından, ona yazılan məktublardan, köhnə fotoşəkillərdən istifadə etmiş, ötən illərin qəzet-jurnallarını dönə-dönə vərəqləmişdir.

Xatirələr ilk dəfə hissə-hissə dövrü mətbuatda “Portret cizgiləri” silsiləsi adı ilə dərc edilmiş, daha sonra kitab halında ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunmuşdur.

Teatr institutunun ikinci kurs tələbəsi Hüseyn Abbaszadə ilə gənc bəstəkar Fikrət Əmirovun tanışlığı daha sonra böyük, möhkəm və səmimi dostluğa çevrilmişdi. Bir-birlərinə “əfəndim” deyə müraciət edən dostlar hər zaman bütün məsələlərdə bir-birlərini dəstəkləyir, çətin anlarda bir-birlərinə məsləhətlərini əsirgəmirdilər.

1982-ci ilin noyabr ayının ortaları idi. Yazıçı mötəbər kanallardan anadan olmasının 60 illiyi münasibətilə Fikrət Əmirova “Sosialist Əməyi Qəhrəmanı” fəxri adının verilməsi haqqında xəbər alır. O dostunun yüksək  ad alması haqqında fərmanın qəzetlərdə dərc edilməsini, televiziyada rəsmi elan olunmasını gözləmir və onun evinə zəng edir. Ancaq ona bildirirlər ki, Mərakeş Krallığı Mədəniyyət Nazirliyinin dəvəti ilə bəstəkar M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının balet truppası ilə Rabatda qastrol səfərindədir. Səfərdə olmasına baxmayaraq, H.Abbaszadə ölkənin ən yüksək adına layiq görülməsi münasibətilə bəstəkar dostuna təbrik teleqramı göndərir.

Səfər çərçivəsində Fikrət Əmirovun “Min bir gecə” baleti Rabat sənətsevərlərinə müvəffəqiyyətlə nümayiş etdirilir. Bu önəmli mədəni hadisə barədə mətbuatda da geniş məlumat verilir. Qüdrətli bəstəkarın doğum günü Mərakeşin paytaxtında qeyd olunur. Əlbəttə, bir milli mədəniyyət xadiminin yubileyinin başqa bir ölkədə yüksək səviyyədə keçirilməsi Azərbaycan mədəniyyət tarixində ilk hadisə idi.

Bu doğum günü ilə bağlı yazıçının xatirələrində maraqlı bir epizod var:

“Çoxdan bilirdim ki, mən Fikrət Əmirovla yaşıdam. Lakin xəbərim yox idi ki, biz həm də onunla eyni ayda, eyni gündə dünyaya gəlmişik. 1922-ci il noyabrın iyirmi ikisində...

Mən ona zəng vurub “Min bir gecə” tamaşalarının xarici ölkədə müvəffəqiyyətlə qarşılanması və həm də qəhrəman adı alması münasibətilə təbrik elədim. Fikrət dedi:

            -Əfəndim, səsini eşidim. Mən də sənin “Qırmızı Əmək Bayrağı” ordeni almağın münasibətilə təbrik eləyirəm. Öz aramızdı mən heç bilmirdim ki, biz səninlə bir ayda və bir gündə anadan olmuşuq...

            -Elə mən də bunu bilmirdim.

            -Nə vaxt dünyaya gəlmisən?

            -Rəhmətlik anam deyirdi ki, səhər tezdən – dedim.

            -İşə bir bax ki, - dedi – elə mən də səhər tezdən anadan olmuşam.

            O telefonun o başında, mən də bu başında şaqqanaq çəkib ləzzətlə gülüşdük.

            -Mən səninlə yaşıd olmaqla bərabər həm də aydaş və gündaşıq – deyə Fikrət soruşdu: - Aydaş, gündaş demək olar ?

            -Dilimizdə elə sözlər yoxdur. Ancaq işlətsək qulaq alışar, heç pis də çıxmaz. Məsələn, sirdaş, yaddaş, çağdaş sözləri kimi. Onlarda əsl türk sözləri kimi dilimizə daxil olar”(ARDƏİA, f.260, s.2, sv.90).                                                                       Yazıçı xatirələrində qeyd edir ki, Üzeyir bəyin tələbəsi olması ilə fəxr edən görkəmli bəstəkarın yaradıcılığında həmişə Azərbaycan xalq musiqisi xüsusi yer tuturdu. Bu mənəvi xəzinənin əvəzsiz inciləri olan muğamların simfonikləşdirilməsi işi onun yaradıcılığında həmişə prioritet təşkil edirdi. O uşaqlıq çağlarında atası Mirzə Cəmilin tarda ifa etdiyi muğamların ilahi sehrindən ayrıla bilmirdi. Məhz, bu duyğularla bəstəkar “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yaratmışdı. Adı çəkilən əsərlər dünyanın bir sıra ölkələrinin simfonik orkestrlərində görkəmli dirijorların idarəsi ilə ifa olunmuş və nüfuzlu musiqişünasların müsbət rəyini almışdı.

Bir bəstəkarın öz yaradıcılığında bütün janrlara mütləq şəkildə müraciət etməsini və müvəffəqiyyət qazanacağını gözləməsini vacib saymayan böyük bəstəkarın özü hələ gənclik illərində yaratdığı hər iki simfonik əsər ilə ölməzləşmişdi. Başqa sözlə desək, bu iki əsərdən sonra heç nə yazmasaydı belə, yenə də onun adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılacaqdı. Buna baxmayaraq, istedadlı bəstəkar musiqinin bütün janrlarında özünü sınamış və böyük müvəffəqiyyət qazanmışdı. Görkəmli yazıçı öz dostu haqqında xatirələrində dönə-dönə bu fikirləri qeyd edirdi.

Yazıçının Fikrət Əmirovla bağlı xatirələri çox qəmgin notlarla bitir: “1984-cü ilin yanvarı idi. Axşamüstü sahildə havamı dəyişməyə çıxmışdım. O vaxt müharibədən aldığım yaralar mənə əziyyət verdiyi üçün rahat yeriyə bilmir, əlağacı ilə gəzirdim. Mən dəniz kənarının birləşdirən yeraltı keçiddən çıxanda Neftçilər prospektində Fikrətlə rastlaşdım. O əlimdəki ağacı görüb duruxdu və soruşdu:

-Hüseyn, əfəndim, bu nədir? Niyə axsayırsan? Heç ağac sənə yaraşmır.

Mən ona cəbhə yaralarının yaşa dolduqca özünü göstərməyindən şikayətləndim. Fikrət təskinlik verdi:

-Qocalıqdan şikayətlənmə. Sənə nə olub, maşaallah, idmançıya oxşayırsan.

Fikrət də keçmiş cəbhəçi idi. O da müharibədə xəsarət almışdı.

-Davanın odundan-alovundan çıxanlar dözümlü olurlar. Get müalicə elətdir. – Zarafata saldı – bu ağacı da uzaq bir yerdə gizlət ki, gözə dəyməsin.

Bu mənim böyük sənətkarımız, xalqımızın vətənpərvər oğlu, əziz dostum Fikrət Əmirovla son görüşüm oldu. Bir neçə gündən sonra eşitdim ki, o qəfildən vəfat eləyib. Bu millətimiz, mədəniyyətimiz, Azərbaycanımız üçün əvəzsiz itki idi” (ARDƏİA, f.260, s.2, sv.90).

Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 260 və 725 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.

 

Cavid MƏMMƏDLİ

                                                                                 S.Mümtaz adına ARDƏİA-nın

                                                                                 Sənədlərin nəşri və istifadəsi

 

                                                                                 şöbəsinin müdiri



Bugün: 357
Dünən: 758
Bu həftə: 2792
Son həftə: 5861
Bu Ay: 5008
Son Ay: 28223
Bu İl: 246049
Ümumi: 1266470
1266470