Azərbaycan poeziyasının tanınmış nümayəndələri sırasında özünəməxsus mövqeyi olan şairlərdən biri də Hüseynzadə Hüseyn Camal oğludur (Hüseyn Arif). O, 1924-cü ildə Ağstafa rayonunun Yenigün kəndində Qaçaq Kərəmin nəslində dünyaya göz açmışdır. O,1937-1940-cı illərdə Bakı Pedaqoji məktəbində, daha sonra isə ADU (Azərbaycan Pedaqoji Universitetinin) Şərqşünaslıq fakültəsində təhsil almışdır. Şair daha sonra 1951-1952-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnsitutunda aspirantura təhsilini davam etdirmişdir. Hüseyn Arif fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. O Tovuz rayonunda müəllim kimi çalışmış ,lakin 1943-cü ildə müharibə başlayanda Ukraynada cəbhədə döyüşlərdə iştirak etmişdir.
O, elə bir insan idi ki hamı tərəfindən sevilirdi. Əmək fəaliyyətində də fəallaşmağa başlayan şair 1957-1959-cu illərdə Xarici ölkələrlə Dostluq və Mədəni əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri, daha sonra isə 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii ədəbiyyat redaksiyasında böyük redaktor kimi çalışmışdır. 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
Hüseyn Arif zəngin ədəbi irsə malik olan şairlərimizdən biridir. Bir-birinin ardınca şeirlər yazıb, şeirlərinə mahnılar bəstələnib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub. O, 1976-cı ildə Yuqoslaviyada Beynəlxalq poeziya günlərində, 1979-cu ildə isə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur. Şair daha sonra müxtəlif xalqların ədəbiyyatından tərcümələr etmişdir. Onun sənətdə öz yolu, öz dünyası,öz sözü vardı. Yaradıcılığında təbiət haqqında şeirləri üstünlük təşkil edirdi. Onun “Təbiət düşünür”, “Şaxtadan göyərmiş payız çiçəyi”, “ Dəyişib rəngini qaralan bulaq”, “Bulanıb gözündən kor olan bulaq”, “Atası torpaqdır, anası meşə” və buna bənzər qələmə aldığı şeirləri onun necə təbiət aşiqi olduğunu biruzə verir. Şairin “Yeni həyat yollarında”, “Mən sülhə səs verirəm”, “Dostluq telləri”, “onun çeşməsi” və digər əsərlərinin dili xalqa çox yaxındır.
Hüseyn Arif üçün yurd təkcə dünyaya gəldiyi, böyüyüb boya-başa çatdığı Ağstafadan başlamırdı. O suyunu içdiyi hər bulağı, kölgəsində dincəldiyi hər ağacı yurd yeri sayırdı. Şairin gəncliyi Göyçə mahalında keçmişdi. Azərbaycanlıların Ermənistan SSR-dən növbəti deportasiyası zamanı, Göyçəlilər öz yurdlarından köçməyə başlayanda o belə haray edir: “Göyçəlilər dağılmayın Göyçədən”... Görkəmli şair haqqında qələm dostları hər zaman ürək dolusu danışırdı. Xalq şairi Vaqif Səmədoğlu öz xatirələrində belə deyirdi: “Hüseyn Ariflə bütün söhbətləri bloknotuma yazmışam, sağlıq olsa kitab kimi çıxaracağam. Hər dəfə onunla səfərə çıxanda maraqlı sərgüzəştlər baş verərdisə yazardım. Biz onunla çox səfərdə olmuşuq”...
Məti Osmanoğlu da şair barəsində həsrətlə danşırdı: “ Hüseyn Arifə şəxsən çox böyük rəğbətim olub. Xalq ruhunda, aşıq üslubunda yazdığı şeirlərin çoxunu əzbərə bilirdim. Amma Hüseyn Ariflə görüşümüz mən üçünçü kursda oxuyanda oldu...”
Məhərrəm Qasımlı isə şairin zəngin yaradıcılığından belə bəhs edirdi: “Hüseyn Arif Azərbaycanın unudulmaz söz sərraflarındandır. Aşıqlar birliyi məhz Hüseyn Arifin qayğıkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaranıb. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu...” Həyatsevər bir insan olan, yumor hissi ilə seçilən, öz zarafatları ilə dostlarını sevindirən şairi tale ağır bir dərdə düçar etdi. 1976-cı ildə oğlu Arif Hüseynzadə faciəli şəkildə dünyasını dəyişəndən sonra onun həyatı çox dəyişdi. Başına gələn faciədə özünü hər zaman günahkar bildi. O bu hadisəni ovçuluq etdiyi zamanlarda ovladığı heyvanların göz yaşı ilə əlaqələndirirdi. Bütün ağır günlərini, yaşadıqlarını oğlundan bəhs edərkən belə xatırlayırdı: “Sən bir dəfə Öldün oğul, mən yaşadım ölə-ölə” deyib nalə çəkirdi. Şair hər zaman haqq dünyasına köçən oğlunun adını öz şeirlərində yaşadırdı. Öz yaradıcılığının bir dövrünü oğluna görə Hüseyn Arif təxəllüsü ilə davam etdirmişdir. Şeir misralarında oğlunu belə xatırlayırdı:
Bir qartal boynunu bükür qayada
Bir gəlin boğulub batır dəryada
Bir şair inləyir Ağstafada
Bir ata oğulsuz qalandan bəri...
Şairin gülüşündə belə bir nisgil duyulurdu: “Arif ölən gündən Hüseyn adlı bir kədər şairi gəldi dünyaya”...
Hüseyn Arifin şeir və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin yaradıcılığı hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, 1984-cü ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1989-cu il ildə Azərbaycan SSR Xalq şairi adına layiq görülmüşdür. Onun lirik şeirləri bu gündə maraqla dinlənilir və oxunduqca şair yaşayır.
Bu gün Hüseyn Arif irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 199 N-li fond adı altında qorunur və saxlanılır. Onun fondu öz zənginliyi ilə seçilir. Sənədləri arasında onun əlyazmaları (poemaları, şeirləri, məqalələri), yazışmaları, tərcümeyi-hal sənədləri təşkil edir. Sözün və sənətin Hüseyn Arif zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı çox çətinliklərdən sınaqlardan çıxmışdır. Onun Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədləri arasında o illərin yaşadığı çətin məqamları əks olunmuşdur.
Şair 1992-ci il sentyabrın 24-də Ağstafada dünyasını dəyişmişdir. Özünün vəsiyyət etdiyi kimi Ağstafanın Yenigün kənd qəbirsanlığında oğlunun yanında dəfn olunmuşdur. Onun vəfatından sonra adı dövlət tərəfindən əbədiləşdirilmişdir. Ağstafada mənzili ev muzeyi adı almış, binaya xatirə lövhəsi vurulmuşdur.
Məqalədə 199 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.
Gülnar Şərifova
ARDƏİA-nin aparıcı arxeoqrafı
Bugün: | 720 |
Dünən: | 740 |
Bu həftə: | 2972 |
Son həftə: | 6066 |
Bu Ay: | 16868 |
Son Ay: | 28223 |
Bu İl: | 257909 |
Ümumi: | 1278330 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az