XX əsr teatr tarixində böyük aktyor nəsli yetişmişdir. Səhnə fəaliyyəti ilə çoxsaylı tamaşaçının qəlbində özünə abidə ucaladan, teatr tarixində silinməz izləri olan aktyorlardan biri də Hüseynağa Sadıqovdur. O, öz sənəti ilə yaddaşlara əbədi həkk olmuş unudulmazlardandır. Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olmuşdur.
Unudulmaz sənətkar hələ məktəb illərindən həvəskar teatr truppasına meyl göstərirdi. Hər zaman teatrdakı mühit onun diqqətini cəlb edirdi. 30-cu illərdə ailəsi yenidən Cənubi Azərbaycana qayıtmalı olduqda, teatra dərin sevgisi səbəbindən Hüseynağa səhnədən ayrıla bilmirmiş. O, buna görə ailəsindən ayrı bir müddət burada tək-tənha yaşamalı olur. Onun həyatı maraqlı, şərəfli, eyni zamanda bir o qədər də ağrılı keçib.
Aktyorun ailəsi ilə ayrılığı heç bitməyib, yəni Hüseynağa Sadıqov bir daha ailəsi ilə görüşə bilməyib. Həmin illərdə o Gənc Tamaşaçılar Teatrının aktyoru idi. Teatr yaranandan bir il sonra aktyor truppasına sınaq müddətinə qəbul olunur. O, 1931-ci il iyunun 1-də teatr truppasına aktyor kimi qəbul edilir. Səhnəyə addım atdığı ilk illərdən hər zaman ona məsul rollar verilmişdir. Səənətinin vurğunu olan Hüseynağa “Əfillər”, “Evlənmə”, “Müfəttiş”, “Bəxtsiz cavan”, “ İki ağanın bir nökəri”, “Komsomol poeması”, “Şamdan bəy” və digər əvəzsiz səhnə rollarının ifaçısı olmuşdur. Unudulmaz aktyor teatr səhnəsində olduğu kimi, kinoda da yaddaqalan rollar oynamışdır. “Azərbaycanfilm” kinostudiyasında “Sehirli xalat”, “Səhər” , “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Babamızın babasının babası”, “Telefonçu qız” kimi filmlərdə maraqlı obrazlar qalareyası yaratmışdır. O, öz yolu, öz üslubu olan aktyor idi. Ümumiyyətlə, sənətin Hüseynağa Sadıqov zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb.
Onun filmlərini, tamaşalarını uşaqdan böyüyə hər kəs sevirdi. Amma o balacaların da qəlbinə yol tapmışdı. Böyüklərdən çox uşaqlar onun radio verilişlərinə maraqla qulas asırdılar. O balacaların “Piri babası” kimi yaddaşlarda özünə yer etmişdi. Epizodik rollarda da oynamağı sevirdi. “Alma almaya bənzər” filminin çəkilişləri zamanı onunla tanış olan kinorejissor Cəmil Quliyev sənətkarı belə xatırlayır: “Hüseynağa Sadıqov çox qürurlu insan idi. Öz sənətinə hörmətlə yanaşırdı. Yadımdadır ki, bir dəfə söhbətlərin birində “Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram. Həyatda nə qazanmışamsa, öz zəhmətim sayəsində olub”. Sənət dostları onu hər zaman xoş xatirələrlə xatırlayırdı.
Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyeva da unudulmaz sənət dostu barədə təəssüratlarını belə bölüşür: “Teatrda “Qaraca qız” tamaşası hazırlanırdı. Rol bölgüsündə mənə meymun obrazı tapşırıldı. Bunu eşidincə, özümü təhqir olunmuş sayaraq, bərk əsəbləşdim. Adətən belə obrazları kişilərə tapşırırdılar. Hüseynağa müəllim mənimlə ciddi məşğul oldu. Onun köməyi ilə “Meymun” obrazım çox məşhurluq qazandı. Onunla çalışdığım illər ömrümün ən unudulmaz səhnə fəaliyyətidir”.
Hüseynağa Sadıqov uşaqları çox sevirdi. Aktyorun qızı Tamella Sadıqova atası haqqında öz xatirələrindən bəhs edərkən qeyd edir: “Atamı çox qısqanırdım. Küçəyə çıxırdıq, bir addım atmamış uşaqlar başına yığılırdı. Mən qıraqda qalırdım. Atamdan küsürdüm. O könlümü alırdı. Uşaqlar ona “Xoruz baba” deyirdi. Bazar günləri səhərlər radioda uşaq verilişi olardı. Bu veriliş bitməmiş heç bir uşaq həyətə çıxmazdı. Uşaqlar onu o qədər sevirdi...”
Müharibə dövrünün çətinliyi onun da həyatında ağır illər olmuşdur. Berlinə qədər döyüş yolu keçmiş bəzi döyüşlərdə ağır yaralanmışdır. Müharibə dəhşətlərini unutmasa da, səhnədə olduğu günləri yada salanda, bütün ağrılarını unudurdu. Hüseynağa Sadıqov harada olmasından asılı olmayaraq, hər zaman yeni tamaşalar haqqında fikirləşirdi. Bütün bunların bəhrəsi olaraq o sevilirdi və bu gün də sevilir.
Fəxri adlar aldı, xalqın qəlbində özünə məhəbbət yarada bildi. 50 ildən artıq aktyorluq etmiş sənətkar bir-birindən maraqlı rollarına görə hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, “Komsomol poeması” tamaşasında Mirpaşa roluna görə “Respublika Lenin komsomolu mükafatı”na, səhnə xidmətlərinə görə hər isə 1956- cı il iyulun 1-də Azərbaycan Respublikasının Əməkdar artisti, 1979-cu ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. Bir çox sənət dostları işini dəyişsə də, o ömrünün sonunadək bu səhnəyə sadiq qaldı.
Bu gün Hüseynağa Sadıqov irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 402 N-li fond adı altında qorunur və saxlanılır. Sənədləri arasında onun yaradıcılıq işləri üstünlük təşkil edir. Onun həyatı çox çətinliklərdən sınaqlardan çıxmışdır. Səhnəmizin görkəmli aktyoru Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat etmişdir.
Məqalədə 402 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.
Gülnar Şərifova
ARDƏİA, aparıcı arxeoqraf
Bugün: | 583 |
Dünən: | 774 |
Bu həftə: | 5952 |
Son həftə: | 6350 |
Bu Ay: | 18661 |
Son Ay: | 25108 |
Bu İl: | 284810 |
Ümumi: | 1305231 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az