Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

İsa Muğanna-90

Son Yenilənmə : 2019-01-09 00:30:53
Baxış sayı : 3929

           Böyük tərcümeyi-haldan bir neçə sətir:

“Siz bilirsiniz ki, mən 1928-ci ildə  Qazax rayonunun Muğanlı kəndində anadan olmuşam. 1945-ci ildə orta məktəbi, 1952-ci ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm. 1948-ci ildən yazmağa başlamışam və bunlar hamısı bir yerdə doğrudan da sizin gözünüzün qarşısında böyümüş bir adamın tərcümeyi-halı olar. Lakin məsələ bundadır ki, mənim ruhən necə böyüdüyümü, hansı məktəblərdə, hansı institutlarda oxuduğumu hətta ailəmin üzvləri də bilməmiş və duymamışlar.

..."Tərcümeyi-halım" deyərkən mən atamın ərizə verib müharibəyə könüllü getdiyini və tezliklə 416-cı diviziyanın şöhrətli zabitlərindən biri olduğunu, "Kommunist" qəzetində onun şəklini gördükdə dəmiryol stansiyasından kəndə qədər dörd kilometr yolu birnəfəsə yüyürdüyümü, oğlu gedəndən sonra iflicdən qolları, qıçları da işləməyən nənəmi sevindirmək üçün necə tələsdiyimi xatırlayıram. Bundan bir il sonra "Ədəbiyyat” qəzetində atamın Səməd Vurğuna cəbhədən məktubunu, o məktubda bizim ailəni yoluxduğuna görə atamın şairə təşəkkürünü xatırlayıram.  

...Tərcümeyi–halım, Bakı, universitet.

Tərcümeyi-halım: Moskva, Literaturnı İnstitutut.

...Tələbəlik illərindən bir fakt: professor Məmməd Arif "nə oxumusan?” Mən: “Oblomov”, “Obıknovennaya istoriya". Professor bir qədər təəccüblə: "Nə üçün məhz bunlar? Qonçarovda nə xoşuna gəlir?" "Ümumiləşdirmə qabiliyyəti".

Bu mükalimə mənim sonrakı az-çox şüurlu həyatım üçün epiqrafdır.

Çap olunmağa başladığım 1949-cu ildən bir fakt: Mehdi Hüseyn: “Səni tənbeh edəcəyəm. Oçerkdə niyə öz atandan yazmısan?” Mən: “Çünki öz atamı yaxşı tanıyıram".

Bu mükalimə isə mənim bütün yaradıcılığım üçün epiqraf ola bilər.

(İsa Hüseynov. "Ömrümdə izlər”)

 

Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, xalq yazıçısı, “Əvəzolunmaz yazıçı", “Ədəbiyyatımızın patriarxı", "Sirli adam", "Dünyaya yazıçı kimi gələn adam" (yazarlarımızın dilindən) İsa Muğanna! Azərbaycanın ustad yazıçısı. 0, dünyaya yazıçı kimi gəlmişdi. İsa Hüseynovu dərk etmək üçün onun əsərlərini sıralayıb oxumaq lazımdır. Böyük ədibin ilk mətbuu əsəri “Arx" hekayəsi olub. Müxtəlif illərdə oxuculara təqdim etdiyi “Dan ulduzu", "Teleqram", "Kollu koxa", “Yanar ürək”, “Tütək səsi", "Saz" povestləri, “Məhşər", "İdeal" kimi romanları həmişə maraqla qarşılanmış, sevilmiş, təkrar-təkrar nəşr edilmişdir. Bu əsərləri dərk etmək üçün dərindən, həm də dəfələrlə oxumaq lazımdır. Onun yaradıcılığı bir-biri ilə sıx əlaqəlidir. İsa Hüseynov həm də dəfələrlə baxdığımız bir çox filmlərin ssenari müəllifi kimi də tanınır. 0, “Ulduzlar sönmür", "Tütək səsi", "Nəsimi", “Nizami" kimi filmlərin ssenari müəllifidir. Onun əsərləri əsasında çəkilən və xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indiyədək də rəğbətlə qarşılanır. Həmin filmlər milli kino xəzinəmizdə özünəməxsus yer tutur.

Muğannanın iç dünyasına daxil olmaq, bu sirli-soraqlı dünyanı kəşf etmək üçün onun əsərlərini dərindən qavramaq lazımdır. Onun bütün əsərləri tarixlə zəmanənin vəhdətidir. "Muğ", “Muğanna” kimi soyadın mənası nədir, OdƏr kimin dilidir?

İsa Muğannanın öz dediklərindən: “Mən kənar planetdən ün (səs) eşidirəm. Bu da təsadüfi deyil. Mən farsların, ərəblərin Süleyman dedikləri, bizim də Suleyman padşah adlandırdığımız Ulu Bağ ƏsƏlMənin nəslindənəm. Ulu Bağ OdƏrdir. Kainatda OdƏr bəşəriyyatı var. Bizim qalaktikanın bütün planetlərində insanlar yaşayır. Bunu yer alimləri bilmirlər. Onlar deyirlər ki, bu planetlər istidən yanır. Oralarda insan yaşaya bilməz. Əslində günəşin enerjisi planetlərin tərkibindəki müxtəlif qazlarla birləşib isti enerjiyə çevrilir. Həqiqətdə isə o soyuq enerjidir. Günəsin daxilində də bir planet var. Orada da yaşayırlar. 0 birinci yaranmış Ey OdƏr planetidi."

Xalq şairi Zəlimxan Yaqub: Mən İsa müəllimin şəxsində iki böyük yazıçı tanıyıram. 20-ci əsrin İsa Huseynovunu, 21-ci əsrin Muğannasını dərk edirəm, həqiqətdən mayalanan ruhani və xəyali dünyasına inanıram. İsa Hüseynov mənim üçün "Saz"dı, "Teleqram"dı, "Tütək səsi"di, "Tütək səsi"ndəki Ruhani havasıdı, "Yanar ürək"di, "Məhşər"di, "Kollu Koxa"dı. Muğanna mənim üçün "İdeal"dı, "Ölüm-dirim"di, "Peyğəmbərin möhürü"dü, "Qapalı dünya"dı, “Cəhənnəm"di, "Əbədiyyət”di, "Qəbiristan"dı, "Yur ün"dü. Əsər yox, Əsərdi!

Yazıçının ədəbiyyatımız qarşısında xidmətləri nəzərə alınaraq xalq yazıçısı, əməkdar incəsənət xadimi kimi yüksək fəxri adlara layiq görülmüşdür. Ulu Öndərimiz Heydər Əliyev onu ali hakimiyyət mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişdir, eyni zamanda Prezident təqaüdçüsü idi.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən "Muğanna" sənədli televiziya filmi istehsal edilib. (Ssenari müəllifi Əhməd Oğuz, redaktoru Vüqar Tapdıqlı) Bu filmdə heç kəsin bilmədiyi və duymadığı mətləblərdən söhbət açılır, yazıçının ruhunun necə "böyüdüyü" görüntüyə gətirilir.

Akademik Teymur Bünyadov: Bir gün ”Ədəbiyyat" qəzetinin keçmiş redaktoru Ayaz Vəfalı mənə zəng etdi, görüşdük. Özünəməxsus səmimiyyətlə: “Teymur müəllim, İsa müəllim bizdən inciyib. İstəyirik onun haqqında ürək sözlərinizi yazasınız". Gülümsədim: "Ay Ayaz müəllim mən hara, İsa hara?"-dedim. O isə; "Belə məsləhətdi, xahiş edirəm. Axı siz onunla tələbə yoldaşı olmusunuz?"-deyərək saqqızımı oğurladı. Razılıq verdim. Məqalə çap olundu. Məqalənin bir yerində İsanın Çingiz Aytmatovdan böyük yazıçı olduğunu vurğulamışdım.

Isanın qaynı, görkəmli şair, mənim əzizim Davud Nəsib faciəli şəkildə dünyasını dəyişdi. Yas məclisindəydim. İsa gəldi, yuxarı başa keçdi. Məni görən kimi yanıma gəldi, öpdü. Qımışa-qımışa: "Teymur, səmimi sözümdü, heç kəs mənim haqqımda belə yazı yazmayıb". Mən isə cavabında: "İsa, biz nə yazmışıq ki, yazdıqlarımız sənin haqqında dəryadan gotürülən damlalar qədərdi. Sən hər cür tərifə, ehtirama layiqsən"-dedim. İnsan ölər, insanlıq qalar bu dünyada. Ziyalı köçər, ziyalılıq qalar bu dünyada. İsa işıq paylayan, nur saçan ziyalı idi."

Böyük yazıçının sənədləri özü tərəfindən ilk dəfə arxivə 1966-cı ildə verilib. Hal–hazırda isə demək olar ki, bütünlüklə şəxsi arxivi dövlət mühafizəsinə qəbul edilmişdir. Sənədlərin əsasını əlyazmalar, tərcümeyi-hal sənədləri, məktublar, təsviri sənədlər və s. təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il böyük ədibin 90 illik yubileyi Azərbaycan Dövlət Filarmoniyasında təntənəli şəkildə qeyd edildi, eyni zamanda ədibin doğma yurdu olan Ağstafa rayonunda da rayon rəhbərliyinin təşkilatçılığı ilə çox yüksək səviyyədə yubiley tədbiri keçirildi. Əsası Ulu Öndərimiz Heydər Əliyevdən bizə qalan, sənətə, əsl sənətkara qiymət vermək, onu lazımınca qədirbilən xalqımıza tanıtdırmaq bu gün də Dövlətimiz tərəfindən layiqincə həyata keçirilir.

Məqalə 67 nömrəli fondun sənədləri əsasında hazırlanmışdır.

                                                                                     Könül Nəsibova

                                                      S.Mümtaz adına Dövlət Ədəbiyyat və

                                                                     İncəsənət Arxivinin direktoru

 



Bugün: 749
Dünən: 793
Bu həftə: 1542
Son həftə: 5729
Bu Ay: 2244
Son Ay: 25108
Bu İl: 268393
Ümumi: 1288814
1288814