Hər bir xalqın tarixində onun milli-mənəvi dəyərlərini, milli xüsusiyyətlərini, ədəbi-bədii irsini özündə əks etdirən mədəni-maarif hadisələri baş vermişdir. XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixində milli ideologiyaların geniş şəkildə təbliğ olunduğu, milli şüurun milli zəmində inkişaf tapmağa başladığı, maarifçilik ideyaları uğrunda mübarizənin açıq şəkildə aparıldığı dövrü kimi xatırlanır. Bu dövrdə kütlənin ümumi tərrəqisi və cəmiyyətin gələcək rifahı üçün baş vermiş bütün mədəni-maarif hadisələri bizim milli- mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynamışdır. Biz zamanla tarixi yaddaşımıza iz salanda yüksək dəyərlərimizi aşkar olaraq özündə əks etdirən maarifçi fəaliyyətlər sırasında xatırladığımız tarixi hadisələrdən biri də 1894-cü ildə Bakıda müsəlman gəncləri üçün açılmış ilk ictimai kitabxana-qiraətxanadır.
Kitabxana-qiraətxananın yaradılmasının əsas təşəbbüskarı ictimai-siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanov olmuşdur. Nəriman Nərimanov siyasi fəaliyyəti ilə yanaşı bir maarifpərvər xadim kimi Azərbaycan tarixində mühüm rol oynamışdır. Nəriman Kərbalayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində kasıb bir ailədə anadan olmuşdur. 1879-1885-ci illərdə Tiflis Müsəlman Ruhani məktəbində, 1885-1890-cı illərdə Qori müəllimlər seminariyasında təhsil almışdır. Qori müəllimlər seminariyasında təhsil aldığı illərdə Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərini dərindən öyrənməyə başlamışdır. 1890-cı ilin iyununda Zaqafqaziya Müəllimlər seminariyasını müvəffəqiyətlə bitirdikdən sonra N.Nərimanov Tiflis quberniyasının Borçalı qəzasının Qızılı Hacılı kəndində kənd ibtidai məktəbində rus dili müəllimi kimi ilk pedaqoji fəaliyyətinə başlamışdır. Bir il kənd məktəbində müəllim kimi çalışır, lakin məktəb maddi imkansızlıq səbəbindən bağlandığına görə Nərimanov 1891-ci ildə Bakıya gəlməli olur. Bakıda müsəlman gəncləri üçün məktəb açmaq istəsədə onun bu arzusu gerçəkləşmir. Ruhdan düşməyən Nərimanov Bakıda pedaqoji fəaliyyətini davam etdirmiş, ictimai xadim kimi Azərbaycanda maarifin və mədəniyyətin inkişafına ciddi təsir göstərmişdir. Həmin dövrdə Nərimanov Bakı şəhərinin müxtəlif təhsil müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında pulsuz olaraq dərs deyir, dövrünün digər maarifçi ziyalıları ilə birlikdə əhaliyə savad öyrədir, mütərrəqi fikirlər yayırdı. Nərimanovun Tiflis mühitində böyüməsi, təhsilini rus dilində alması onun millətinə, öz dilinə, ədəbiyyatına, milli mənsubiyyətinə olan sevgisinə və hörmətinə məhdudiyyət yaratmamışdı. İctimai və siyasi xadim kimi çalışdığı dövr ərzində təhsilin türk dilində olması, təhsil alan gənclərin ilk olaraq öz dilini və ədəbiyyatını dərindən mənimsəməsi üçün mübarizə aparmışdır. Gənc nəslin milli ruhda təhsil almasını istəyən Nəriman Nərimanovun belə bir çıxışı tarixin yaddaşına həkk olunub: “Türk uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir”. Ancaq türk uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir”. N.Nərimanovun tövsiyyəsi bu idi ki, türk (azərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar.
Nəriman Nərimanov xalqın dünya görüşünün mənəvi istiqamətdə zənginləşməsi, mədəni istiqamətdə formalaşması, milli özünüdərkin dirçəlməsi üçün çalışırdı. Bunun nəticəsi idi ki, dövrün tələbləri ilə mübarizə apararaq, bir çox müraciətlər və icazələrdən sonra Bakı qubernatorunun razılığı ilə 1894-cü il avqustun 1-də Bakıda Qorçakovskaya (indiki Hacı Zeynalabdin Tağıyev küçəsi) adlı ünvanda müsəlman gəncləri üçün kitabxana-qiraətxana fəaliyyətə başlamışdır. Azərbaycan Dövlət Tarix Arxivində qorunan “Bakı qubernatorunun dəftərxanası” fondunun sənədlərində bu barədə ətraflı məlumatlar əks edilmişdir. Belə ki, 26 sentyabr 1897-ci il tarixli Bakı polismeysterinin Bakı şəhərində olan kitabxana və oxu zallarına dair məlumatında 1894-cü ildən fəaliyyət göstərən kitabxana-qiraətxananın Bakı gimnaziyasının müəllimi Nəriman Nərimanova məxsusluğu qeyd olunur (f.45, siyahı 2, sax.vah.231 vər.11).
Oxu zalının fəaliyyətə başlamasında Nəriman Nərimanova yaxından kömək edən ziyalı, maarifpərvər şəxslər arasında Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, S.Vəlibəyov, Ə. Axundov və başqaları olmuşdur. Qiraətxana Nərimanovun müəllimi olmuş, görkəmli ictimai və maarif xadimi Əlisgəndər Cəfərzadənin evində təşkil edilmişdir. İlk direktoru da Əlisgəndər Cəfərzadə özü olmuşdur.
Kitabxana-qiraətxananın açılışında əsas məqsəd Azərbaycanlı gəncləri milli ruhda kitab oxumağa şövq etmək, bununla yanaşı əhalinin aşağı təbəqəsindən olan insanlar arasında kitabla tanışlıq üçün şərait yaratmaq, təhsilin vacibliyinin əhəmiyyətini çatdırmaq, onlara milli və dünya ədəbiyyatı nümunələrini oxumaq üçün fürsət yaratmaq idi. Nərimanov və ona bu işdə kömək edən maarifpərvər ziyalılar anlayırdılar ki, əhalinin milli ruhda formalaşmasında təhsil qədər oxu zalının - milli qiraətxananın (kitabxananın) əhəmiyyətli yeri var. Kitabxana bir xalqın mədəniyyətində onun milli sərvəti, bilik xəzinəsi, mədəniyyət ocağıdır. Bu mədəniyyət ocağının bütöv bir xalqı isitməsi üçün onun milli şüurunda kitab vasitəsilə oyanış yaratmaq lazımdır. İlk qiraətxana (oxu zalı) qısa vaxt ərzində bu rolu yerinə yetirə bildi.
Oxu zalını ədəbiyyat vəsaitləri ilə təmin etmək işi olduqca çətin məsələ idi. Kitab, qəzet və jurnalların toplanması böyük büdcə tələb edirdi. Bu işdə Nərimanova yaxından kömək edənlər arasında xeyriyyəçi, misyoner Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. H.Z.Tağıyevin kitabxana üçün maddi yardım etmiş xaricdən bura kitab gətirilməsi işinə xeyli kömək etmişdir. İstanbul, Kəlküttə, Sofiya, Qahirə, Tehran, Təbrizdən kitab jurnallar və qəzetlər gəlirdi. Oxu zalında Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin əsərləri, müxtəlif qəzet və jurnallar toplanmışdı. Nəriman Nərimanov kitabxana üçün azda olsa vəsait təmin etmək, eyni zamanda kitabxanaya oxucu cəlb etmək üçün burada görüşlər, müxtəlif tamaşalar təşkil edirdi. Keçirilən tamaşalar əhalini oxu zalına cəlb etdiyi kimi, azda olsa qazanc əldə etmək üçün şərait yaratmışdı. Oxu zalı milli demokratik ideyaların savadlılığla birgə təbliğ olunduğu mədəniyyət ocağına çevrilmişdi. Qiraətxana xalq tərəfindən sevildiyi və böyük rəğbət qazandığı üçün ona el dilində “Nərimanov qiraətxanası” adı verilmişdi. Oxu zalının geniş rəğbət qazanması, hər təbəqədən və yaşdan ibarət oxucularının, ziyarətçilərinin olması mövcud rejim tərəfindən heçdə xoş qarşılanmırdı. Çətin şərtlərlə yalnız dörd il fəaliyyət göstərən oxu zalı 1898-ci ildə çar rejmi tərəfindən müxtəlif bəhanələr gətirilərək şübhəli siyasət ocağı kimi bağlanır. Oxu zalı bağlansa da onun qısa zaman ərzində fəaliyyəti xalqın milli şüurunda müsbətə doğru dirçəliş yaratdı. Oxu zalı əhali arasında öz dilində təhsil almağın, oxumağın, nə qədər zəruri olduğu düşüncəsini formalaşdırdı. Xalq bundan sonra ki, dövrdə millətin gələcək inkişafı üçün baş verən mədəni-maarif hadisələrinin mahiyyətini dərindən anlayaraq, bu hadisələrdə xalq tərəfindən çıxış edən ziyalılara, ictimai və siyasi xadimlərə dəstək çıxaraq birlik nümayiş etdirmişdir. Nərimanov siyasi xadim kimi xidmət etdiyi vaxtlarda da öz millətinin gələcəyini fikirləşmiş, hər bir addımında xalqının yanında olduğunu göstərmişdir. Öz siyasətində əsaslandığı amil xalqının milli mədəniyyətinin müasir dərrakədə inkişafı olmuşdur. Onun rəhbərliyi və digər görkəmli maarif xadimlərinin köməkliyi ilə qiraətxananın dörd il ərzində fəaliyyəti milli–mənəvi dəyərlərimizin yeni bir istiqamətdə inkişaf etməsində, milli özünəməxsusluğun formalaşmasında başlıca rol oynadı. Nərimanovun başlatdığı bu ənənə daha sonrada davam etmiş, kitab işinə və kitabxanalara qayğı artmışdı.
1918-ci ildə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması siyasi, ictimai həyatla yanaşı mədəni həyatda da böyük təkan yaratmışdı. Cümhurriyətin baniləri, dahi şəxsiyyətlər bir çox sahələrin yenidən qurulmasında, yeni qurumların yaradılmasında müvəffəq olsalarda, mədəni sahədə kitabxana işi ilə də maraqlanmış, mövcud kitabxanaların fəaliyyətlərini davam etdirməsinə köməklik göstərmişlər. AXC dövlət büdcəsindən kitabxanlar üçün vəsait ayırmış eyni zamanda xalq kitabxanlarının açılması üçün sərəncam imzalamışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonrakı dövrdə də, kitabxana işinə diqqət azalmadı. Baxmayaraq ki, bu rejim siyasi-ideoloji qadağalarla, milli-mədəni sahədə məhdudiyyətlərlə tanınırdı. Oxu zalının bünövrəsi “Nərimanov qiraətxanası” olan ilk milli Kitabxana məhz bu dövrdə öz fəaliyyətinə başlamışdır. Xalq Maarif Komissarlığının 53 nömrəli qərarına əsasən 1920-ci il 13 noyabr tarixindən xidmət göstərməyə başlasa da, rəsmi açılışı 1923- cü il mayın 23-də olmuşdur.
Müstəqillik illərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra kitabxanalara diqqət özünün ən yüsək inkişaf dövrünə çatmışdır. Onun kitabxana sahəsi ilə bağlı siyasəti respublika miqyasında kitabxana işinin dirçəlməsinə səbəb olmuşdur.
Hal-hazırda Azərbaycanda kitabxana işinin vəziyyətinə dövlət səviyyəsində diqqət yetirilir. Kitabxana sahəsinin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsait fondlarının zənginləşməsinə, maddi-texniki bazanın, texniki təchizatın artırılmasına ayrılır. Kitabxanalar müasir dövrlə uyğunlaşaraq yeni dövrün tələblərinə cavab verir. Ölkədə elektron kitabxanalar, elektron resurslar yaradılmışdır. Milli kitabxananın daxilində yaradılan elektron kitabxana oxucular, tələbələr, elmi işçilər üçün vəsaitlərin daha tez əlçatan etmişdir. Bununla yanaşı məktəblərin, universitetlərin daxilində elektron kitabxanalar yaradılmışdır. Göstərilən səylərin nəticəsidir ki, hazırda Qafqazın ən böyük kitabxanası hesab edilən, minlərlə dəyərli kitabın mühafizə edildiyi kitabxana məhz Azərbaycanda yerləşir.
Bir sözlə, 130 il əvvəl yaradılmış ilk milli kütləvi qiraətxana-kitabxananın mütərəqqi ənənəsi bu gün də yaşamaqda, davam etməkdədir.
Həsənova Günay
Azərbaycan Respublikası
Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 85 |
Dünən: | 824 |
Bu həftə: | 3387 |
Son həftə: | 6294 |
Bu Ay: | 22390 |
Son Ay: | 25108 |
Bu İl: | 288539 |
Ümumi: | 1308960 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az