Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Isa da bir Şəhiddir...

Son Yenilənmə : 2021-03-14 23:37:54
Baxış sayı : 1410

 

Özü boyda baş daşıdır Qarabağ,

çöküb, çöküb sinəmizə.

Dirigözlü şəhid olduq,

Tez olun, Vətən boyda,

Şəhid qəbri qazın bizə...

Özü boyda göz yaşıdı Qarabağ,

Dərdimizin baş daşıdı Qarabağ...

Əkiz-əkiz qəbirlərdi Qarabağ

Vətən boyu səpələnib,

Hər qəbir - şəhid Vətənin

bapbalaca bir qəlpəsi,

Hər qəbir –boynu bükük Vətənin

bapbalaca bir  təpəsi...

 

Qarabağ dərdi insanların beynində, ürəyində, ruhunda tüğyan etdiyi  bir zamanda o, “Haran ağrıyır Vətən?” adlı poemasını ürək ağrısı ilə qələmə alaraq tarixin bu acı gərdişinə etiraz etməyi bacarmışdı. Söhbət çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan İsa İsmayılzadədən gedir.

Tanınmış pedaqoq Vurğun Əyyub onun haqqında “İsa İsmayılzadə də bir şəhiddir” deyirdi. Bu sözdə böyük həqiqət vardı. Onun dünyadan vaxtsız köçməsinin tək səbəbi doğma torpaqların itkisi idi. Şair Vətən torpaqlarının işğalı ilə heç cür barışa bilmirdi. O, şeirlərində xalqın vətənpərvərlik hissini oyatmaqla yanaşı, elə-obaya olan bağlılığını, sevgisini öz oxucusuna aşılamağa çalışırdı. İsa İsmayılzadə şeiriyyətini dərindən dərk etmək üçün hər bir misranın, hər bir bəndin mənəvi tutumunu hiss etmək və həmin ovqatın üzərində köklənmək yetərli idi ki, mənən doyasan. Əsərlərini oxuduqca insana aydın olur ki, o həqiqətən yaxşı bir mənəviyyatın daşıyıcısıdır. Şişirdilmiş, böyüdülmüş qəhrəmanlıq ona yaddır. Onun poeziyasında işıqla-qaranlıq, sevinclə-kədər, ağla-qara, üz-üzə dayanır.

Vətən sevgisnin ürəyimizdə nə vaxt baş qaldırdığı, bizi doğma elə-obaya, ata-anaya bağlayan gözə görünməz, qırılmaz tellərin haradan başlandığı, harada qurtardığı haqqında günlərlə fikirləşsək belə bir yana çıxmayacağıq. O sevgi bizimlə doğulur, iliyimizə, qanımıza hopur. İsa İsmayılzadə bütün varlığı ilə Azərbaycana bağlı idi.  Vətən anlayışı onun üçün hər şeydən öndə gəlirdi.

Xalq şairi Məmməd Araz onun haqqında deyirdi: “İsa İsmayılzadənin bütün şeirlərinin demək olar əvvəlidə Vətəndir, axırıda Vətən. Vətən adı çəkdiyi şeirlərində də belədir, cəkmədiyində də. İsa İsmayılzadə üçün Vətən vətənin daşından başlanır. Onun şair taleyi heç vaxt relslər üzərində maneəsiz hərəkətdə olmayıb. Həyatda elə bir qüvvə var ki, onun qolundan yapışaraq yıxılmaqdan xilas edibdir. Bu qüvvənin adı Vətən sevgisidir”.

“Torpağım günəşlə qan qohumudur” misrası ilk baxışda adi görünsədə,  nə qədər  ağır misradır. O adicə daş qaya bildiyimiz yurdu hansı ucalığa ucaldır. Ona Vətən demək necə böyük şərəfdir, onun keşiyində durmaq necə məsuliyyətli işdir.  

“Vətən nisgili, torpaq ağrısı hər şeyə güc gələndə, qanına qəltan olunmuş istiqlal sevinci adamın gözündə qalanda, qəhərlənə-qəhərlənə ürəyincə sevinə bilməyəndə şeirmi, sənətmi yada düşər?” deyərdi İsa İsmayılzadə.

“Vətən nəğməsi” şeiri İsanın Vətən sevgisinin ən bariz nümunəsi idi.

 

Axırsan çay kimi damarlarımda,

Çopur qayana da qaynayır qanım.

Böyüklü-kiçikli arzularım da

Adınla bağlıdır Azərbaycanım!

Sən mənim köksümdə çarpan ürəksən,

Mən sənin köksündə kiçik bir zərrə.

Mənə qanad verən odlu diləksən,

Adına,  özünə Vətən deyirəm,

Çölünə, düzünə Vətən deyirəm.

 

Yalnız istedad insanı insandan fərqləndirir. Şair təbiəti sıravi insanlardan mütləq surətdə fərqli olduğu üçün bizim görmədiyimizi, duymadığımızı və hiss etmədiyimizi bizdən daha yaxşı görür, duyur və hiss edir.

Bu il anadan olmasının 80 illiyini qeyd etdiyimiz İsa İsmayılzadə 60-cı illərdə Azərbaycan poeziyasında parlaq istedadı ilə seçilirdi. O, Ulu Borçalı torpağının Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli şəxsiyyətlərdən biri idi. Bizə yaxşı bəllidir ki, Borçalı Azərbaycan ədəbiyyatına bir çox nəhəng ədəbi simalar bəxş etmişdir. Bu mahal elə bir obadır ki, dünya alt-üst olsa belə  onun söz bulaqları yenə çağlayar, qaynayar və heç vaxt tükənməz. İsa belə bir obanın oğlu idi və yaratdığı əsərlərində doğulub boya-başa çatdığı torpağının ətri və hərarəti vardı.

Bu gün 30 ildən çox düşmən tapdağında olan vətən torpaqları şanlı ordumuz tərəfindən azad olunmuşdur. Bu gün artıq sənin kimi neçə-neçə nisgilli “Azərbaycanlıyam” deyən söz ustadlarımızın ruhları şaddır. Sənində ruhun şad olsun, şair. Yenidən Qarabağ bizimdir. Yenidən Qarabağ Azərbaycandır !

Məqalə ARDƏİA-nın 821 nömrəli fondunda mühafizə edilən sənədlər əsasında hazırlanmışdır.

                

                                          Xatirə VƏLİYEVA

ARDƏİA-nın əməkdaşı

 

 

 

  

 

 



Bugün: 342
Dünən: 774
Bu həftə: 5711
Son həftə: 6350
Bu Ay: 18420
Son Ay: 25108
Bu İl: 284569
Ümumi: 1304990
1304990