İstedadlı şair, dramaturq, əsərləri əsasında səhnələşdirilmiş tamaşaları hələ də sevə-sevə izlədiyimiz, sözlərinə bəstələnmiş nəğmələri bu gün də dinlədiyimiz İslam Səfərli ötən əsrin görkəmli qələm sahiblərindən idi. Şair məzmunca çoxcəhətli, xeyirxah və humanist ideyalarla, dərin vətənpərvərlik hissi ilə zəngin poeziyası sayəsində oxucuların qəlbinə nüfuz etməyi bacarmışdı. Onun elə ilk şeirləri və poemaları hisslərin səmimiliyi, Vətənə, xalqa dərin məhəbbət və sədaqət ruhu ilə oxucuların diqqətini cəlb etmişdi.
İslam Səfərli o dövrün şairləri arasında ən çox və gözəl nəğmə mətni yazanlardan biri idi desək, heç də yanılmarıq. Bir zamanlar tamaşaçılar və dinləyicilər radio dalğalarında, televiziya ekranlarında şairin sözlərinə yazılmış nəğmələri tez-tez eşidirdilər. Onun sözlərinə yazılmış “Ana”, “Bakı, sabahın xeyir”, “Bir könül sındırmışam”, “Buludlar”, “Ağ şanı, qara şanı” mahnıları dillər əzbəri idi.
İslam Səfərli Azərbaycan təbiətinin vurğunu və onun ən gözəl tərənnümçülərindən biri idi. Ana yurdumuzun bir-birindən gözəl mənzərələri İslamın şeirlərində ustalıqla tərənnüm edilmişdir.
İslam Səfərli bir dramaturq kimi də öz istedadını yaxşı cəhətdən göstərə bilmişdi. Onun “Göz həkimi”, “Yadigar”, “Ana ürəyi”, “Yol ayrıcında” və digər pyeslərinin səhnə taleləri uğurlu olmuşdur. Böyük tamaşaçı rəğbəti qazanmış “Göz həkimi” televiziya tamaşasını bu gün də sevə-sevə izləyirik.
İslam Səfərli ədəbiyyatda öz yoluna 1941-1945-ci illər sovet-alman müharibəsi dövründə başlamış şairlər nəslinə mənsubdur. Bununla belə, şairin 1941-1945-ci illər müharibəsində əsgər kimi göstərdiyi şücaətlərdən çox az adam xəbərdardır. Parlaq istedada, geniş yaradıcılıq diapazonuna malik olan şair həm də şərəfli bir döyüş yolu keçmişdir.
İslam Səfərli 1923-cü ildə Naxçıvan çayının sol sahilində, Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur.
Göz işlədikcə uzanan güllü-çiçəkli çəmənlər, axarlı-baxarlı Batabat yaylaqları, əzəmətli Əlincə qalası, Araz çayının həzin nəğmələri hələ orta məktəbdə oxuyarkən gənc İslamın ürəyini şeirə, sənətə məhəbbət hissləri ilə doldurmuş, onun xəyalını qanadlandırmışdı.
Öz yaşıdları kimi, İslamın da ürəyi qurmaq-yaratmaq eşqi ilə dolu idi. O, orta məktəbi qurtardıqdan sonra təhsilini davam etdirmək, oxuyub ədəbiyyat müəllimi olmaq fikrində idi.
1941-1945-ci illər müharibəsi başlandı. Vətənin başının üstünü qara buludlar aldı. İslam Səfərlinin yolu Bakıya – işıqlı ali məktəb auditoriyalarına deyil, nəmli, qaranlıq səngərlərə düşdü. O, özünün narahat və romantik xarakterinə uyğun bir sənət seçdi: kəşfiyyatçı oldu. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində İslam Səfərliyə aid arxiv sənədləri arasında İslam Səfərlinin müharibə illərində “Vətən eşqi” adı ilə çıxan qəzetin 31 dekabr 1943-cü il sayından kəsilmiş şəkli mühafizə edilir. Şəklin altında isə “Üçüncü dərəcəli Şərəf Ordeni ilə təltif edilmiş igid kəşfiyyatçı starşina İslam Səfərli” yazısı yazılmışdır.
Gecələr sürünüb, ölümlə üz-üzə dayanan, kəşfiyyat məlumatları gətirmək üçün həyatını dəfələrlə təhlükələrə atan İslam gündüzlər torpaq qazmanın bir küncünə çəkilərək, şeirlər yazırdı. İslamın ilk qələm təcrübələri olan bu cəbhə şeirləri sənətkarlıq cəhətdən qüsurlu olsa da, səmimi idi. Hiss edilirdi ki, bu şeirləri yazan cavanın ürəyi düşmənə qəzəb və kin hissləri ilə, müqəddəs intiqam duyğuları ilə doludur. Lakin bədii yaradıcılıq nöqteyi-nəzərindən zəif olan bu şeirlərin də döyüşçü qəlbinə yolu çox yaxın idi, yüksək vətənpərvərlik hissi ilə coşan bahadırlarımıza böyük mənəvi qida verir, onları yeni rəşadətlərə çağırırdı. Bu cəhətdən İ.Səfərlinin cəbhə şeirləri fərqlənirdi. Onun şeirləri alman faşistlərinin vəhşiliklərini damğalayır, döyüşçüləri doğma Vətən torpağının hər qarışı uğrunda qəhrəmanlıqla vuruşmağa səsləyirdi. Bu şeirlər qələbəyə, ağ günlərə inamla dolu idi.
Xalq şairi Süleyman Rüstəm xatirələrində o ağır illərdə İslam Səfərlinin Bakıya göndərdiyi məktubları xatırlayaraq qeyd edir ki, barıt qoxusu verən bu məktubları həyəcansız oxumaq çətin idi. Həmin məktublarda xalqa, Vətənə məhəbbət, qələbəyə inam, düşmənə nifrət duyğuları sonsuz idi. S.Rüstəmin dediyi kimi, bu məktublarda gələcək istedadlı şairin sətirləri duyulurdu.
İslam Səfərli döyüşən ordu sıralarında Qafqazın ətəklərindən – Terek sahillərindən başlayaraq, Dnepr sahillərinə qədər şərəfli bir yol keçmiş, Krımın, Ukrayna torpaqlarının azad edilməsində şücaət göstərmiş, dəfələrlə yaralanmış, doğma yurduna sinəsi orden və medallarla dolu qayıtmışdır.
Sonralar müharibə mövzusu İslam Səfərlinin doğma mövzularından birinə çevrilmiş və şair bir sıra qiymətli şeirlər, poemalar yazmışdır. Təbiidir ki, həmin əsərlər canlı müşahidələrin məhsulu, döyüşçü şairin şahidi olduğu hadisələrin təsviri idi. “Qoşa söyüd”, “13-lər”, ”Puşkin kəndinin qızı”, “Axı necə oldu ki...”, “Bıçaq yarası”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Təzə çiçəklər” kimi şeirləri, “Qarlı bir gecədə”, “Yaralı nəğmə”, “Çex qızının məhəbbəti” poemaları buna misaldır.
İ.Səfərlinin “13-lər” şeirinin epiqrafında bu sözləri oxuyuruq: “Biz Naxçıvandan cəbhəyə gedəndə 13 nəfər idik”.
On üçlərim, on üçlərim!
Bir geyindik şineli biz.
Bir düşündük, bir daşındıq,
Bir sıçradıq düşmən üstə.
Ana dedik, Vətən dedik
Dar ayaqda, son nəfəsdə!
Belə bir emosional girişlə başlayan həmin şeirdə on üç gəncin taleyi bütünlükdə Sovet Ordusu sıralarında Vətənin səadəti uğrunda vuruşan döyüşçülərin taleyi kimi ümumiləşdirilmiş, mənalandırılmışdır.
Şairin cəbhə yoldaşlarından Məmməd adlı dostu xatirələrində qeyd edir ki, o vaxtlar İslamın məşhurlaşacağını, kitablarının əldən-ələ gəzəcəyini heç kim bilmirmiş. Çünki hər addımda ölüm təhlükəsi ilə üz-üzə gəlirmişlər, sabah onları hansı tale gözlədiklərindən xəbərsiz imişlər. Məmməd dayı xatırlayır ki, 1943-cü ilin aprel ayında Taqanroqda döyüşlərdə Allahverdi adında əsgər yoldaşları ağır yaralanır. İslam Allahverdinin xahişi ilə onun son nəfəsində gözləri yaşara-yaşara öz şeirlərindən birini deyir. Şeiri dinlədikdən sonra Allahverdi əbədi olaraq həyata gözlərini yumur. Əsgər yoldaşlarının ölümündən çox təsirlənən dostlar İslamın təklifi ilə elə oradaca qəbir qazıb onu dəfn edirlər...
İslam hər dəfə kəşfiyyatdan qayıdanda qəzet redaksiyasına gedər və özü ilə mütləq bir şeir apararmış.
Məmməd dayının sözlərinə görə İslam Səfərli ilə onlar iki il 416-cı Taqanroq diviziyasında vuruşublar. Mozdokdan, Azov şəhərlərindən, Don çayından, Sinov kəndindən birlikdə keçiblər. İslam Səfərli siyasi hissə üzrə müavin imiş. Həm də eyni zamanda mina atan imiş. Cəbhə yoldaşlarının dediyinə görə, İslamın danışığı necə odlu-alovlu idisə, hərəkətləri də elə çılğın idi. O, qorxmaz, cəsarətli döyüşçü kimi bir neçə dəfə təşəkkür almışdı. 1943-cü ilin iyun ayının 16-da İslam əsgər yoldaşları ilə kəşfiyyata gedir. Həmin kəşfiyyatda İslamın atdığı mina böyük bir blindajı dağıdır. Tapşırığı uğurla yerinə yetirdiyinə görə diviziya komandiri ona təşəkkür elan edir.
İslamın şeirləri diviziyada dildən-dilə gəzir, döyüşçülərin dilində nəğmə kimi səslənirdi. İslam Səfərli elə bil qəlbinin hərarətini avtomatının və qumbaralarının nəriltisi ilə üzvi surətdə bağlayırdı.
İslam Səfərli ən çətin günlərdə belə polad iradəli vətənpərvər, qəhrəman əsgər kimi vuruşdu, Vətənə alnıaçıq, üzüağ, sinəsi ordenli, medallı qayıtdı.
“Çıxdıq iradəylə oddan, alovdan,
İradə ən böyük haqqın səsidir”, - deyən şair
müharibədən sonra təhsilini artırmaq məqsədi ilə Bakıya gəlir və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.
İslamın həyat eşqi tükənməz, ilhamı coşğun, ürəyi sözlə dolu idi. İslam Səfərli qəlbində çiçəklənən şairanə misraları ağ kağızlar üzərinə düzməyə başladı. Bu şeirlərin təbiiliyi, səmimiliyi şairi oxuculara sevdirə bildi. İslam Səfərli az bir zamanda istedadlı bir şair kimi tanındı. Cəbhə qəhrəmanlarını, təhsil aldığı universitet həyatını, zəhmət adamlarını, ana Vətən torpağının gözəlliklərini böyük məhəbbətlə tərənnüm etdi.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
Məqalənin hazırlanmasında 226№-li fondun
sənədlərindən istifadə olunmuşdur.
Bugün: | 530 |
Dünən: | 774 |
Bu həftə: | 5899 |
Son həftə: | 6350 |
Bu Ay: | 18608 |
Son Ay: | 25108 |
Bu İl: | 284757 |
Ümumi: | 1305178 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az