Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidməti olmuş, lakin bu günədək haqqında heç bir məlumat olmayan növbəti qadın pedaqoqlardan biri də Leyla xanım Rustəm bəy qızı Sultanovadır. Qeyd edirəm ki, Leyla xanım Rustəm bəy qızı Sultanova Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, Qarabağın Qubernatoru olmuş, həmçinin 1919-cu ilin yayında Milli Hökumətimizin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Qarabağda, Zəngəzurda və ermənilərin əsassız olaraq ərazi iddiaları irəli sürdükləri digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində mühüm rolu və xidməti olmuş Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovun qardaşı - Rüstəm bəy Sultanovun qızıdır.
Pedaqoq Leyla xanım Sultanova haqqında indiyədək dərc edilmiş nə hər hansı bir ensiklopediyalarda, nə də ki, digər kütləvi nəşrlərdə, hətta internet saytlarında və vikipediyada hər hansı bir məlumat dərc edilməmişdir. Çox guman ki, qadın pedaqoq - Leyla xanım Sultanovanın özü və onun pedaqoji fəaliyyəti bu günədək tarixçilərimiz və tədqiqatçılarımız tərəfindən araşdırılmamış, öyrənilməmiş və bu səbəbdən də cəmiyyətimizə catdırılaraq tanıdılmamışdır. Bunu qeyri- məqbul hesab edərək düşünürəm ki, Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, məktəb-təhsil işinin inkişaf etdirilməsində və onun yayılmasında, həmçinin savadlı qadın təbəqəsinin yetişdirilməsində rolu və xidməti olmuş bütün qadın pedaqoqların, o cümlədən Leyla xanım Sultanovanın özü və onun pedaqoji fəaliyyəti öyrənilərək cəmiyyətimizə çatdırılmalı və tanıdılmalıdır.
Bu məqsədlə, ölkəmizdə təhsilli qadın təbəqəsinin yetişdirilməsində müəyyən rolu və xidməti olmuş qadın pedaqoq Leyla xanım Rustəm bəy qızı Sultanovanı böyük hörmət və ehtiramla anaraq arxiv materialları əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram:
İlk növbədə bildirirəm ki, Leyla xanım Rustəm bəy qızı Sultanova haqqında bu məqalənin hazırlanmasında tarixi mənbələrin aşkar edilməsinə böyük ehtiyac duyulurdu. Çünki, barəsində heç bir məlumat olmayan şəxs haqqında məlumatı yalnız milli-mənəvi sərvətimiz və tarixi yaddaşımız olan Arxiv materiallarından əldə etmək mümkün idi. Leyla xanım Sultanova ilə bağlı müvafiq arxiv materiallarını Azərbaycan Respublikasının Dövlət Arxivlərinin zəngin fondlarından araşdırıb-tapmaq heç də asan iş olmamasına baxmayaraq bunun öhdəsindən gəldim. Belə ki, Azərbaycan Respublikası DövlətTarix Arxivinin müxtəlif fondlarından, o cümlədən 309 saylı “Bakı-Dağıstan xalq məktəblərinin rəhbərliyi”, həmçinin 389 saylı “Bakı şəhər idarəsi” adlı fondlarından Leyla xanım Rustəm bəy qızı Sultanovanın şəxsi işlərini aşkar edib, həmin sənədlər əsasında bu məqaləni yazaraq hörmətli oxucularımızın diqqətinə çatdırıram:
Dövlət Tarix Arxivinin 389 saylı “Bakı Şəhər İdarəsi” fondunda saxlanılan Leyla xanım Rustəm bəy qızı Sultanovanın Bakı Müq.Nina adına qadın məktəbinin əlavə VIII sinifini bitirməsi haqqında 375 saylı şəhadətnaməsində yazılmış məlumatlara əsaslanaraq qeyd edirəm ki, Leyla xanım Rustəm bəy qızı Sultanova 13 oktyabr 1895-ci ildə anadan olmuşdur, bəy qızıdır, müsəlman məzhəbinə mənsubdur. O, təhsilini Bakı Müq. Nina adına qadın məktəbində almışdır. 1 sentyabr 1911-ci il tarixdə Bakı Müq. Nina adına qadın məktəbinin VI sinfinə daxil olmuş,daha sonra isə çox yaxşı davranış nümayiş etdirərək müvafiq imtahanlardan da keçdikdən sonra ali siniflərə, o cümlədənVI sinifdənVII sinfə keçirilmişdir. Leyla xanım həmin təhsil ocağının tam kursunu bitirdikdən sonra xüsusi olaraq rus dilini öyrənməkdən ötrü 1 sentyabr 1913-cü ildə bu təhsil ocağının əlavə VIII sinifinə daxil olmuş və 29 may 1914-cü ilə qədər burada əla davranışla təhsil proqramını müvəffəqiyyətlə yerinə yetirmişdir. Leyla xanım Sultanova əlavə VIII sinifin imtahanlarından aşağıdakı nəticələrə nail olmuşdur:
Vacib fənnlərdən:
Şəriət --------------5
Pedaqogika əla ---------5
Rus dili tədrisinin başlanğıcı--------yaxşı- 4
Hesabın tədrisinin başlanğıcı-------kafi - 3
Ədəbiyyatın tarixi ------yaxşı - 4
Təbiətşünaslıq ----------əla--5
Gigiyena ---------əla---- 5
Xüsusi fənlərdən
Rus dili----yaxşı—4
Qramatikanın metodikası və izahlı oxu ----- yaxşı-- 4
Bakı Müq.Nina adına qadın məktəbinin əlavə VIII sinfini bitirdikdən sonra Leyla xanım həmin dövrün müəyyən edilmiş qaydalarına uyğun olaraq bütün tələblərə cavab verdiyinə görə “ Qadın gimnaziyaları haqqında Xalq Maarif Nazirliyinin Əlahəzrət tərəfindən 24 may 1870-ci ildə təsdiq edilmiş əsasnaməsinə və qadın gimnaziyalarının əlavə sinflərinin tədris planının Xalq Maarif Nazirliyi tərəfindən 1874-ci il avqustun 31- də təsdiq edilməsinə əsaslanaraq Leyla xanım Sultanova qadın gimnaziları haqqında əsasnamənin 44 bəndinə uyğun olaraq ev müəlliməsi adına layiq görülmüşdür. Leyla xanımın yuxarıda adı çəkilən vəzifəsi üzrə müvafiq vəsiqəsi Pedaqoji Şuranın 29 may 1914-cü il tarixli qərarı və 1 iyun 1914-cü il tarixli imzası və möhürü ilə təsdiq edilmişdir.
Leyla xanım Rustəm bəy qızı Sultanova Bakı Müq. Nina adına qadın məktəbinin 8-ci sinifini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olmaqdan ötrü 1916-cı il yanvarın 29-da Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət etmişdir. Onun həmin ərizəsində qeyd edilirdi:” Müq. Nina adına qadın məktəbinin 8-ci sinfini bitirərək özümü canla-başla pedaqoji fəaliyyətə həsr etmək istəyirəm və xahiş edirəm ki, mənə şəhər rus-tatar məktəblərinin birində müəllimə yerini verəsiniz. Mənə məxsus şəhadətnamələrin surətlərini sizə təqdim edirəm.”
Leyla xanım Rustəm bəy qızı Sultanovanın yazdığı həmin ərizənin üzərində Məktəb Komissiyasının sədri tərəfindən qeyd edilirdi: ”30/ I 1916-cı ildən etibarən xəstələnmiş müəllimə Məlikovanı əvəz etməsi üçün I rus-tatar məktəbinə ezam edilsin və bu haqda məktəbin müdirinə xəbər verilsin.”
Bakı Müq. Nina adına qadın məktəbinin VII sinif şagirdi Leyla xanım Sultanovanın Məktəb Komissiyasının sədrinə təqdim etdiyi şəhadətnamələr sırasında onun həmin məktəbi bitirdiyi barədə 450 saylı attestatı da vardır. Həmin attestat Leyla xanım Sultanovaya Bakı Müq. Nina adına qadın məktəbinin Pedaqoji Şurasının 4 iyun 1913-cü il tarixli qərarın ilə verilmişdir. Attestatda həmçinin aşağıdakı məlumatlarda qeyd edilirdi:” Müq.Nina adına qadın məktəbinin VII sinif şagirdi Sultanova Leyla Rüstəm bəy qızı – bəy qızıdır, məzhəbi müsəlmandır,17 yaşı var, 1911-ci il sentyabrın 1-də şəhadətnamə üzrə Müq. Nina adına qadın məktəbinin VI sinfinə daxil olmuş və təhsilinin tam kursunu bitirənədək özünü əla aparmış və müvafiq imtahanlardan keçərək ali sinflərə, yəni 1912-ci ildə VI sinifdən VII sinifə keçirilmişdir. Leyla xanım Sultanova hazırki ildə Müq. Nina adına qadın məktəbinin yeddi sinfini bitirərkən mütləq fənlərdən aşağıdakı kimi attestasiya edilmişdir:
Şəriət əla -5
qədim slavyan dili ilə bağlı rus dili kafi - 3
riyaziyyat kafi-3
çografiya- ümumi və rus əla- 5
təbiət tarixi yaxşı-4
tarix- ümumi və rus-kafi-3
fizika və riyazi və fiziki çoğrafiya-4
Attestatda qeyd edildiyi kimi, Leyla xanım Sultanovanın məktəbdə öyrəndiyi bütün fənlər üzrə ümumi ortalama müvəffəqiyyət göstəricisi 3,62 bal, yəni yaxşı olmuşdur.”
Leyla xanım Sultanovanın ona rus-tatar məktəblərinin birində müəllimə yerinin verilməsi haqqında Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ünvanladığı 29 yanvar 1916-cı il tarixli ərizəsinə cavab olaraq məktəb komissiyasının sədri elə həmin tarixdə Leyla xanım Sultanovaya 212 saylı məktub göndərərək yanvarın 30-dan etibarən I rus- tatar məktəbinin işə çıxmayan müəlliməsi H.Məlikovanı əvəz etməsini ondan xahiş etmişdir.
Məktəb Komissiyasının sədri həmçinin Bakı quberniyasının Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qənizadəyə 30 yanvar 1916-cı ildə 216 saylı məktub göndərərək xahiş edirdi: “ Leyla xanım Sultanovanın Bakı Müq.Nina adına qadın məktəbinin 7 sinfini bitirdiyi haqqında attestatını, həmin təhsil ocağının əlavə 8-ci sinifini bitirməsi haqqında 375 saylı şəhadətnaməsini və 2460 saylı metrika vəsiqəsini sizə göndərərək xahiş edirəm ki, ona qızı dəri xəstəliyi sayılan qızıl yel xəstəliyinə yoluxduğuna görə müvəqqəti olaraq işə çıxmayan I rus-tatar məktəbinin müəlliməsi H.x. Məlikovanın vəzifəsini əvəz etməsinə icazə verəsiniz.” Məktəb Komissiyasının sədrinin Bakı I rus-tatar məktəbinin müdirinə ünvanladığı 16 mart 1916-cı il tarixli 562 saylı məktubunda bildirirdi ki, I rus-tatar qadın məktəbinin xəstələnmiş müəlliməsi H.x.Məlikovanın vəzifəsini müvəqqəti olaraq əvəzləməsi üçün Leyla xanım Sultanova həmin məktəbə ezam edilir.
Məktəb Komissiyasının sədri həmçinin 16 mart 1916-cı il tarixdə Leyla xanım Sultanovaya 563 saylı məktub göndərərək ondan xahiş edirdi ki,” bu il martın 17-dən etibarən, I rus-tatar qadın məktəbinin xəstələnmiş müəlliməsi H.x. Məlikovanın vəzifəsini əvəz etsin.”
Arxiv sənədləri təsdiq edir ki, Leyla xanım Sultanova pedaqoji fəaliyyətini I rus-tatar qadın məktəbində davam etdirmişdi. Məsələn, I rus-tatar qadın məktəbinin müdiri Hənifə xanım Məlikovanın 29 fevral 1916-cı il tarixdə Məktəb Komissiyasının sədrinə ünvanladığı 11 saylı məktubda qeyd edilirdi:” Mənə etibar edilmiş məktəbdə məni əvəz etmiş ehtiyatda olan müəllimə Leyla xanım Sultanova bayram günləri nəzərə alınmamaqla,18 gün- 30 yanvardan -24 fevraladək şagirdlərə dərs demişdir.”
I rus-tatar qadın məktəbinin müdiri vəzifəsini müvəqqəti olaraq icra etmiş Məryəm xanım Sulkeviçin Məktəb Komissiyasının sədrinə ünvanladığı 1 aprel 1916-cı il tarixli 16 saylı məktubunda qeyd edilirdi:” Bildirirəm ki, müvəqqəti olaraq əvəzləyici müəllimələr Leyla xanım Sultanova və şəriət müəlliməsi Səidə xanım Şeyxzadə müvəqqəti olaraq şagirdlərə on beş saat dərs demişdilər ki, bunlardan da iki günün əmək haqqısının ödənilmədiyini hesab edirəm.”
Məryəm xanım Sulkeviçin Məktəb Komissiyasının sədrinə ünvanladığı növbəti 8 may 1916-cı il tarixli 24 saylı məktubunda qeyd edilirdi:” Sizin 2 may tarixli 836 saylı məktubunuza cavab olaraq bildirirəm ki, ehtiyatda olan və müvəqqəti olaraq üç aydır ki, Hənifə xanım Məlikovanı əvəz edən Leyla xanım Sultanova özünü əla apararaq işini çox yaxşı bilən,səliqəli və çox çalışqan müəllimə kimi göstərmişdir.” Yeri gəlmişkən arxiv sənədlərinə əsaslanaraq qeyd edirəm ki, Leyla xanım Sultanova Bakı şəhərində yerləşmiş V.Q. Belinski adına səhər kitabxanasından kitab götürməsi üçün vəsiqəyə də malik olmuşdur. Düşünürəm ki, Bunu Leyla xanımın təhsilə və məktəb-tədris işinə bağlılığının yüksək göstəricisi kimi də qəbul etmək mümkündür.
I rus-tatar qadın məktəbinin müdiri vəzifəsini müvəqqəti olaraq icra etmiş Məryəm xanım Sulkeviçin Məktəb Komissiyasının sədrinə ünvanladığı 23 may 1916-cı il tarixli 27 saylı məktubunda qeyd edilirdi:” Xahiş edirəm ki, müvəqqəti olaraq əvəzləyici müəllimə Leyla xanım Sültanovanın I şəhər rus-tatar məktəbində 2 aprel 1916-cı ildən 24 may 1916-cı ildək şagirdlərə dərs keçdiyi otuz bir tədris günü üzrə əmək haqqısını ödəyəsiniz. Bunu öz xəttimlə yazaraq təsdiq edirəm.”
Yeri gəlmişkən qeyd edirəm ki, I rus-tatar qadın məktəbinin müdiri olmuş Hənifə xanım Məlikova 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız gimnasiyasını bitirmişdir. O, həyatının müəyyən dövrlərində Həsən bəy Zərdabinin “ Cəmiyyəti-Xeyriyyə “ adlı Xeyriyyə Cəmiyyətinin pansionunda tərbiyəçi, Aleksandr “ rus-müsəlman” qadın məktəbində (1901-1909) və Bakı şəhəri I qadın “ rus-müsəlman” məktəbində müdir vəzifəsində işləmişdir.
Hənifə xanım Məlikova həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) I qadın türk məktəbində müdir işləmişdir. O, sovet dövründə də pedaqoji fəaliyyətini davam etdirmişdir. Hənifə xanım 1935-ci ildə “ Əkinçi” qəzetinin 50 illik yubileyi münasibəti ilə “ Həsən bəy Məlikov-Zərdabinin bioqrafiyası” adlı əsərini yazmışdır.
Məktəb Komissiyasının sədri 9 sentyabr 1916-cı ildə Leyla xanım Sültanovaya 1356 saylı məktub göndərərək ondan xahiş edirdi ki,”Sentyabrın 3-dən etibarən müvəqqəti olaraq Persidskaya (indiki Murtuza Muxtarov ) küçəsində Nəsrulla Ağa Əlizadənin evində yerləşmiş ikinçi qadın rus-tatar məktəbində mövcud boş müəllimə vəzifəsini tutsun.” Arxiv sənədləri təsdiq edir ki, Leyla xanım zamanın tələbi ilə Bakıda müxtəlif qadın məktəblərində pedaqoji fəaliyyət göstərmişdir.
Məktəb Komissiyası sədrinin Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri üzrə ikinci rayonun müfəttişi S.M.Qəniyevə göndərdiyi 6 sentyabr 1916-cı il tarixli 1430 saylı məktubunda qeyd edilirdi:” Ali ibtidai məktəblərdə təhsil senzli müsəlman qadın müəllimələri olmadığına görə 3-cü ali ibtidai məktəb üçün 3-cü rus-tatar məktəbinin müəlliməsi 1912-ci ildən xidmətdə olan Məryəm xanım Terequlovanı ezam edirəm.3-cü rus-tatar məktəbinə 2-ci rus-tatar məktəbinin müəlliməsi Zöhrə xanım Hacıbəyova, Hacıbəyovanın yerinə isə müvəqqəti olaraq sənədləri sizə 30 yanvar 1916-cı il tarixli 216 saylı məktubla göndərilmiş ehtiyatda olan müəllimə Leyla xanım Sultanova ezam edilir. Bununla bağlı sizin tərəfdən hər hansı bir etirazın olub-olmadığını bildirməyinizi xahiş edirəm.”
Məktəb Komissiyası sədrinin yuxarıda qeyd olunan məktubuna cavab olaraq müfəttiş S.M. Qəniyev 9 sentyabr 1916-cı il tarixdə Bakı Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ünvanladığı 2226 saylı məktubunda “ Leyla xanım Sultanovanın 2-ci rus-tatar qadın məktəbinə ezam edilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir.”Bakı şəhər başçısının 14 noyabr 1917-ci il tarixli,1250 saylı əmri ilə Leyla xanım Sültanova 5 sentyabr 1916-cı ildən etibarən ildə 900 rubl maaşla 2-ci şəhər rus-tatar məktəbində ştatda olan müəllimə vəzifəsinə təsdiq olunmuşdur.”
Bununla bağlı Məktəb Komissiyasının sədri 15 noyabr1917-ci il tarixdə Leyla xanım Sultanovaya 1819 saylı məktub göndərərək onun Məktəb Komissiyasının qərarı ilə 5 sentyabr 1916-cı il tarixdən etibarən 2-ci şəhər rus-tatar qadın məktəbində ştatda olan müəllimə vəzifəsinə təyin olunduğunu bildirirdi. Bununla yanaşı Məktəb Komissiyasının sədri 1917-ci il dekabrın 28-də 2-ci şəhər rus-tatar məktəbinin müdirinə də 1980 saylı məktub göndərərək Leyla xanım Sultanovanın Məktəb Komissiyasının 11 oktyabr 1917-ci il tarixli qərarı ilə 5 sentyabr 1916-cı ildən etibarən ona etibar edilmiş məktəbdə müəllimə vəzifəsinə təsdiq edildiyini bildirirdi.
Bakı şəhəri qadın türk məktəbinin müdirəsi Nigar xanım Vəlibəyovanın Bakı Şəhər İdarəsinin məktəb şöbəsinə göndərdiyi 27 sentyabr 1919-cu il tarixli52 saylı məktubunda bildirilirdi:” Mənə etibar edilmiş məktəbdə cari 1918-19 tədris ilində 5 şöbə vardır, hazırki ildə isə hələlik 4 şöbə var, lakin yəqin ki, hazırki ildə ilk paralel şöbəni açmalı olacağıq. Mənə etibar edilmiş məktəbdə müəllimələrdən Leyla xanım Sultanova hələlik öz vəzifəsinin icrasına başlamamışdır.Müəllimə Muradxanovanın yeri isə vakant olaraq qalmaqdadır.” Nigar xanım Vəlibəyovanın Bakı Şəhər İdarəsinin məktəb şöbəsinə göndərdiyi növbəti 12 oktyabr 1919-cu il tarixli 60 saylı məktubunda isə artıq qeyd edilirdi:” Bununla bildirirəm ki, Leyla xanım Sultanova sentyabrın 22-dən etibarən öz vəzifəsinin icrasına başlamışdır.” Bakı Şəhər İdarəsi Məktəb Şöbəsinin 1919-cu il oktyabrın 13-də Bakı şəhəri 2-ci qadın türk məktəbinin müdirəsi Nigar xanım Vəlibəyovaya göndərdiyi 1829 saylı məktubda qeyd edilirdi: “ Sizə eibar edilmiş məktəbin müəlliməsi Leyla xanım Sultanova müsəlman qızların 3-cü ali-ibtidai məktəbinə köçürülür.” Yeri gəlmişkən qeyd edirəm ki,1919-cu ildə Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbi 2-ci qadın türk məktəbi kimi fəaliyyət göstərmişdi ki, bu da çox guman ki, Cümhuriyyət hökumətinin ölkədə həyata keçirdiyi məktəblərin milliləşdiriməsi siyasəti ilə bağlı idi. Tarixi mənbələr təsdiq edir ki, Leyla xanım Sultanova Azərbaycanda sovet hakimiyyəti qurulan dövrədək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Lakin təəssüflər olsun ki, sonrakı illər üzrə isə Leyla xanımın fəaliyyəti haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmadı.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də qanlı repressiyalar həyata keçirilməyə başlandı. Həmin repressiyalar Azərbaycanın ali dövlət rəhbərləri, ruhanilər, ziyalılar və varlı kəndlilərlə yanaşə bütün Azərbaycan əhalisinə toxundu. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatının aparılmasında şübhəli bilinən insanların güllələnməsi, həbs edilməsi, əmək düşərgələrinə göndərilməsi və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları da daxil idi. Mərhum Akademik Ziya Bünyadovun 1993-cü ildə Azərbaycan Dövlət Nəşriyatında 1993-cü ildə çapdan çıxmış “Qırmızı terror” kitabında qeyd edilir:” Sovet hakimiyyəti Azərbaycanda bərqarar olunan gündən bu yana Azərbaycan xalqının oğullarından neçə mini məhv edildiyini heç kəs bilmir və bilə də bilməz. Dillərdə və bəzi şairlərimizin “dastanlarında” təmtəraqlı sözlərlə tərənnümü səmalara qədər ucaldılmış XI Ordunun Xüsusi şöbəsinin məmurları və ələlxüsus onun rəhbəri olan, Azərbaycan xalqının “qırmızı” cəlladı Pankratovun qanlı fəaliyyəti hələ də xalqımız üçün bağlı qalır. Bakı proletariatının yalançı “üsyanı” nəticəsində, əslində isə 1920-ci il aprelin 27-dən 28-nə keçən gecəsində Azərbaycan milli parlamentinin qərarına əsasən hakimiyyəti əllərinə alan bolşeviklər iş başəna keçən kimi Azərbaycan ziyalılarını məhv etmək məramnamələrini həyata keçirməyə başladılar.”
XX əsrin 20-50-ci illərində azərbaycan qadınlarına qarşı repressiyaların bariz nümunələrindən biri kimi Leyla xanım Sultanovanı qeyd etmək mümkündür.
Şəlalə Məmmədovanın Bakıda, 2006-cı ildə Gənclik Nəşriyyatında dərc olunmuş “ Anaların fəryadı” kitabında Leyla xanım Sultanovanın Azərbaycan Fövqəladə Komissiyasının Xüsusi Şöbəsi tərəfindən müsavatçılıqda təqsirli bilinərək 44№li orderlə 11 iyun 1921-ci ildə həbs edildiyi qeyd olunur. Beləliklə, təəssüflər olsun ki, xalqımız özünün daha bir təcrübəli qadın pedaqoqunu itirmiş oldu.
Lakin yaşanılmış bütün bu acılara baxmayaraq xalqımız tərəfindən öz dövrünün tanınmış qadın pedaqoqu Leyla xanım Sultanovanın özü və onun pedaqoji fəaliyyəti unudulmur , daim böyük hörmət və ehtiramla yad edilir.
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri,
istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi
RAFİQ SƏFƏROV
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
ARDTA, f.389,siy.8, iş.1823, v.2(arxa üzü)-3(arxa üzü).
ARDTA, f.389,siy.8, iş.1823, v.1.
Yenə orada.
ARDTA, f.389,siy.8, iş.1823, v.2(arxa üzü)-3(arxa üzü)
Yenə orada.
ARDTA, f.389,siy.8, iş.1823, v.6
ARDTA, f.389,siy.8, iş.1823, v.7
ARDTA, f.389,siy.8, iş.1823, v.10
ARDTA, f.389,siy.8, iş.1823, v.9
ARDTA, f.389,siy.8, iş.1823, v.8
ARDTA, f.389,siy.8, iş.1823, v.10-10(arxa üzü)
ARDTA, f.389,siy.8, iş.1823, v.12-12(arxa uzü)
ARDTA [1]f.389,siy.8, iş.1823, v.19
ARDTA, f.389,siy.8, iş.1823, v.14
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı-2005, II cild səh.190.
ARDTA, f.389,siy.8, iş.1823, v.16
ARDTA, f.389,siy.8, iş.1823, v.17
ARDTA, f.389,siy.8, iş.1823, v.18.
ARDTA, f.389,siy.8, iş.1823, v.21
ARDTA, f.389,siy.8, iş.1823, v.22
ARDTA, f.389,siy.8, iş.1823, v.23
ARDTA, f.389,siy.8, iş.1823, v.24
ARDTA, f.389,siy.8, iş.1823, v.25
ARDTA, f.389,siy.8, iş.1823, v.27
Ziya Bünyadov “ Qırmızı terror”. Bakı, 1993.səh.32.
Bugün: | 295 |
Dünən: | 774 |
Bu həftə: | 5664 |
Son həftə: | 6350 |
Bu Ay: | 18373 |
Son Ay: | 25108 |
Bu İl: | 284522 |
Ümumi: | 1304943 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az