Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Araz imzalı şairimiz

Son Yenilənmə : 2023-10-31 05:36:59
Baxış sayı : 255

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də Məmməd Arazdır. Araz poeziyası özündən sonra gələn nəsillər üçün körpüdür. Şairin zəngin ədəbi irsi istiqlal və vətənpərvərlik təfəkkürünün formalaşmasında böyük rol oynamışdır. Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açmışdır. Onun uşaqlıq və gənclik illəri Naxçıvanda keçmişdir. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnsitutunda təhsil almışdır. Istər orta məktəbdə, istərsədə tələbəlik illərində o daha çox ədəbiyyatla maraqlanmış, şeirlər yazmışdır. Təsadüfi sayıla bilməz ki, onun ilk mətbu şeiri olan “May” tələbəlik illərinə aiddir. Həmin şeir 1952-ci ildə “İnqilab və Mədəniyyət” jurnalında dərc edilmişdir.  O, əmək fəaliyyətinə doğma kəndindəki məktəbində müəllimliklə başlamışdır. Məmməd Araz öz doğma torpağını “Ürəyinin bir parçası” adlandırmışdır. Onun  həyatı mənalı, şərəfli, vətənə xidmət etmiş əsl şair ömrüdür. Onu digər şairlərdən fərqləndirən cəhət öz taleyinin yaradıcılığında əksini tapmasıdır. Şair çox vaxt öz yazılarının baş qəhrəmanı olmuşdur. O, daha sonra Bakıya köçmüşdür. Burada  “Ulduz”  jurnalının məsul katibi, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor kimi çalışımışdır. 1974-cü ildən ömrünün sonuna kimi bütün əmək fəaliyyətini “Azərbaycan təbiəti” jurnalında baş redaktor kimi davam etdirmişdir.      

Xalq şairi Məmməd Arazın yaradıcılığında Araz mövzusu önəmli yer tutmuşdur. Arazı özünün ədəbi imzasına çevirən şair Azərbaycanın bütövlüyünü hər zaman düşünmüşdür. O, vətən sevgisini öz taleyində ,sənətində, peşəsində yaşadırdı. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstdə Çinarı gördüm”, “Mən Araz şairiyəm” və başqa şeirləri məhz həmin qəbildəndir. Onun “Araz axır” poeması da bu mövzuya həsr olunub.  O, həmçinin “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı” adlı kitabların müəllifidir. Şairin Moskvada “Poyu Araks” adlı kitabı rus dilində buraxılmışdır. O, rus şairlərindən D.Bedni, N.Svetlov və başqalarının pyes və şeirlərini azərbaycan dilinə tərcümə etmişdir.              

Məmməd Araz poeziyasında folklor böyük rol oynamışdır. Xalqın həyatı, məişəti, işi onun yaradıcılığının təməlidir. Azərbaycanı bayatısız, dastansız düşünə bilməyən şair “Bir adam var” şeirində də yurdundan bəhs etmişdir. Yaradıcılığı zəngin ənənələrə malikdir. Onun yaradıcılığı haqqında akademiklər, professorlar öz xatirələrini bölüşmüşlər. Akademik İsa Həbibbəyli yazır ki: “ Mixail Şoloxov üçün “Sakit Don”, Səməd Vurğun üçün “Dəli Kür” hansı anlam daşıyırsa, Məmməd Arazdan ötrü də “Xan Araz” həmin sevdanı ifadə edir.        

Mərhum professor Yaşar Qarayev isə görkəmli şair haqqında bunları demişdir; “Poeziyanın dumduru, şəffaf bulağı başına Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə şeirə dərdini, ağrısını gətirdi”. Məmməd Araz öz yaradıcılığında hər zaman bu məsələni qaldırmış və daim tənqid etmişdir.                

Məmməd Arazın poetikası hər zaman dövlətin diqqət mərkəzində olmuşdur. Şairin yaradıcılığını yüksək qiymətləndirən Ümummili lider Heydər Əliyev 1995-ci ildə xidmətlərinə görə onu “İstiqlal ordeni” ilə təltif etmişdir. O, 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laueratıdır. 1993-cü ildən isə onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə onun 80 illik yubileyi ölkəmizdə geniş qeyd edilmişdir. Şairə dövlət tərəfindən qayğı hər zaman hiss olunmuşdur. Dünyaya göz açdığı Şahbuz rayonunun Nursu  kəndindəki ev- muzeyinin yaradılması da şairin yaradıcılığına verilən dəyərin mümunəsidir.            

Bu gün Məmməd Araz irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 3 №-li fondda qorunur və saxlanılır. Onun fondu öz zənginliyi ilə seçilir.    Sənədləri arasında onun əlyazmaları ( poemaları, şeirləri, məqalələri, bədii tərcümələri), yazışmaları, tərcümeyi-hal sənədləri üstünlük təşkil edir. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı çox çətinliklərdən sınaqlardan çıxmışdır. Məmməd Arazın Dövlət Ədəbiyyat və İncəsənət  arxivində saxlanılan sənədləri arasında o illərin yaşadığı çətin məqamları əks olunmuşdur. O, sağalması mümkün olmayan parkinson xəstəliyinə tutulanda ona qarşı olunan haqsızlıqlar şairə böyük təsir göstərmişdir. Lakin onun vəfalı ömür gün yoldaşı Gülxanım müəllimə daim ona dayaq olmuşdur. Ağrılı günlərində onunla çiyin-çiyinə addımlamış, bu çətin zamanlarda bir an belə tək qoymamışdır. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məmməd Araz 2004-cü il dekabrın 1-də Bakıda uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının belə ölməz Məmməd Araz poeziyası ilə zəngin olan ədəbiyyatı, şeirləri var.  Şairin misralarında olduğu kimi;                

Dünya  sənin,

Dünya mənim,            

Dünya heç kimin....                                                                                                                                                                                                                                                                      

 

 ARDƏİA-nin aparıcı arxeoqrafı

Gülnar Şərifova

                       



Bugün: 54
Dünən: 824
Bu həftə: 3356
Son həftə: 6294
Bu Ay: 22359
Son Ay: 25108
Bu İl: 288508
Ümumi: 1308929
1308929