Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Andranikin törətdiyi qanlı cinayətlər: erməni generalının qulağının kəsilmə səbəbi onun xainliyinin nəticəsidir

Son Yenilənmə : 2024-03-01 07:15:14
Baxış sayı : 351

Osmanlı İmperiyasının erməni əsilli vətəndaşı- Andranik Ozanyan öz vətəninin xəyanətkarı kimi  tarixə düşmuşdür. O, 25 fevral 1865-ci ildə Osmanlı İmperiyasının Trapezund vilayətinin Şapin- Qarahisar şəhərində (hazırda-Türkiyənin Gerasun əyaləti) anadan olmuşdur. Andranik həyata hələ yeni addımlar atdığı illərdə aqressiv erməni millətçilərinin beşiylərindən biri sayılan  "Hnçak”-ın, sonra isə "Daşnaksütun" partiyasının  üzvü olmuşdur. Internet saytlarındakı məlumata görə Andranik hələ yeniyetmə dövründə 1880-ci illərdə  Osmanlı dövlətinə qarşı törətdiyi hərbi xəyanətə görə türk hərbçiləri tərəfindən cəza tədbiri  kimi onun sağ qulağı kəsilmiş və bununla da o, xalq arasında "təkqulaqlı Andranik"adını qazanmışdır. Lakin o, layiq olduğu cəzanı almasına  baxmayaraq Osmanlı İmperiyasına qarşı öz xəyanətkar fəaliyyətini dayandırmır, Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələrinə silah qaçaqmalçılığı ilə məşğul olurdu. Andranik  Türkiyəyə qarşı xəyanətkar fəaliyyətini davam etdirir, həmçinin 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edirdi.

1904-cü ildə erməni üsyanı türk hərbçiləri tərəfindən yatırıldıqdan sonra Andranik Türkiyədən qaçaraq bir müddət Qafqaza sığınır, daha sonra isə Qafqazı tərk edərək Avropaya yolla düşmüşdü. O, həmçinin 1907-ci ildə “Daşnaksütun”un Bolqarıstanda keçirilmuiş IV qurultayında  iştirak etmişdi.

1914-cü ildə tayqulaq Andranik rus ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşərək rus ordusuna öz xidmətlərini təklif edir və bununla da Türkiyəyə qarşı satqınçılığını davam etdirir. Rus ordusu komandanı Andranikə erməni hərbi dəstələrinin formalaşdırılmasını tapşırmışdı. Qeyd edilməlidir ki, Andranik Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştrakına görə dəfələrlə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallara layiq görülmüşdür.  

1917-ci ilin fevralinda Rusiyada baş vermiş burjua inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır.Andranikin başçılıq etdiyi erməni bandaları yaranmış vəziyyətdən istifadə edərək öz silahlı dəstələrini gücləndirir, çar ordusundan qalmış hərbi silah və sursatı mənimsəyirdilər. Zəngəzurda və ermənilərin azərbaycanlılara qarşı əsassız olaraq ərazi iddiaları irəli sürdükləri digər bölgələrdə Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıdır və yandırirdılar. Bu kəndlərin əhalisi Andranikin bandaları tərəfindən kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi. Andranikin başçılıq etdiyi quldurların vəhşiliyi barədə erməni tarixçisi A.Lalayan yazırdı:"Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kənd uşaqlarının, qadınlarının və qocalarının qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmır və həmin ərazilər insan qalıqları ilə dolu bir xarabalığa çevrilirdi”[1] Təsadüfü deyil ki, tayqulaq Andranikin türklərə və azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklər tarixdə qanlı ləkə kimi iz buraxmışdır.

Azərbaycan Demokratik  Respublikasının Nazirlər Sovetinin sədri F.X.Xoyskinin  Gəncə şəhərindən  Azərbaycan nümayəndə heyətinin İstambuldakı  sədri M.Ə. Rəsulzadəyə 31 iyul 1918-ci il tarixdə ünvanladığı  məlumatda qeyd edilirdi: ”...Sizə deməliyəm ki, ermənilər qətiyyən sakitləşmirlər, gah orda, gah burda müsəlmanları qırır, onların kəndlərini və evlərini viran edirlər; bu günlərdə yenə də Novo-Bayazet qəzasında bir neçə müsəlman kəndlərini məhv etmişdilər. Onların generalı- Andranik öz qoşunlarını İrəvan və Yelizavetpol quberniyalarına toplayır, Zəngəzur qəzasından Gorusa yaxınlaşır. Biz hələlik qəti tədbirlər görmürük, bütövlüklə Bakı məsələsi ilə məşğuluq. Allah qoysa, bu əməliyyatı başa çatdırdıqdan sonra bu iyrənc erməni hərəkatını da ləğv edəcəyik.”[2]

“Bakı məsələsi”nin surətli həlli və Türkiyənin Azərbaycanın daxili  işlərinə  müdaxilə etməsinə qarşı tədbirlərin görülməsi haqqında Nazirlər Sovetinin sədri F.X.Xoyskinin Gəncə şəhərindən İstambuldakı Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadəyə ünvanladığı 23 avqust 1918-ci il tarixli təcili diplomatik məlumatda qeyd edilirdi:”Çox hörmətli Məmməd Əmin! Əsas Bakı məsələsidir ki, hələ həll olunmayıb, Konstantinipolda bu məsələnin tezliklə həll olunmasına bütün gücümüzü sərf  etməliyik, yoxsa, sonra bunun düzəlməsi mümkün olmayacaqdır. Bakıya artıq öz texniki qurğuları ilə iki mindən artıq ingilis əsgəri gəlmişdir, vəziyyət gündən günə ağırlaşır. Andranikin erməni qoşunları Qarabağ tərəfdən Zəngəzur qəzasının bir hissəsini tutmuş və Şuşa qəzasının bizimlə əlaqəsini kəsərək hərəkət edir, biz Bakı məsələsi bitməyənədək bir tədbir görə bilmirik.”[3]

Azərbaycan Respublikasının Xarici İşlər Naziri M.Y.Cəfərovun 1919-cu il aprelin 30-da Cənubi Qafqazdakı Britaniya qüvvələrinin komandanı general-mayor G. Koriyə göndərdiyi etiraz notasında qeyd edilirdi:” Mənim hökumətimdə olan məlumata görə Azərbaycan hökumətinə Qarabağın idarə olunması hansı şərtlərlə   verilmişdirsə,həmin şərtlərlə də sizin tərəfdən Şərur- Dərələyəz və Sürməli və  İrəvan mahalının hissələrinin idarə olunmasının Ermənistan hökumətinə verilməsi planlaşdırılır.Sülh konfransının qərarınadək Zaqafqaziya xalqlarının taleyi haqqında məsələni qabaqcadan müəyyənləşdirmədən mən bunların qeyd edilməsini vacib hesab edirəm ki,göstərilən həmin rayonlar daim Azərbaycanın müsəlman əhalisinə meyilli olan, onunla tam vəhdət təşkil edən başdan-başa  müsəlman əhalisi ilə məskunlaşdırılmışdır. Ona görə də yerli əhalisinin  bir hissəsinin zorla digər hissəsindən ayırmaq layihəsi yerli əhalidə haqlı qəzəb və hiddət doğuracaqdır. Qeyd olunan həmin rayonların ərazisi mənim hökumətim tərəfindən həmişə Azərbaycanın  ayrılmaz tərkib hissəsi hesab etmişdir, ona görə də nəzərdə tutulan tədbirlər onsuz da çətin və dolaşıq olan sərhəd məsələlərini daha da kəskinləşdirə bilər ki, bunun  da məmləkətimizdə həmişə respublikaların maraqlarını barışdırmağa və nizam-intizamı bərpa etməyə çalışan ingilis komandanlığının maraqlarına cavab verəcəyinə şübhə doğurur.

Qeyd olunan rayonların Qarabağla müqayisə edilməsi də mümkün deyildir. Belə ki, bu ərazilərin coğrafi mövqeyi, əhalinin etnik tərkibi faizlə nisbətdə  müxtəlifdir:- Cavanşir, Şuşa, Cəbrayıl qəzaları (Qarabağ) Azərbaycanın mərkəzində yerləşir, başdan - başa müsəlman əhalisi ilə əhatə olunmuşdur,Qarabağ ərazisində erməni əhalisi isə bütün əhalini təşkil etməyən və heç də böyük olmayan qruplar şəklində  yaşayırlar ki,bunu da müsəlman əhalisinin başdan-başa çoxluq təşkil etdiyi Naxçıvan,Sürməli,Şərur-Dərələyəz rayonları haqqında söyləmək mümkün deyildir.

Bununla yanaşı qeyd olunması vacibdir ki, Zəngəzur, Cavanşir, Şuşa, Cəbrayıl(Qarabağ) qəzaları  Azərbaycan hökumətinin inzibati idarəçiliyinə daxildir və bunun yalnız general Andranikin bandaları tərəfindən zəbt edilmiş kiçik bir hissəsi mənim hökumətimin idarəçiliyindən müvəqqəti olaraq çıxardılmış və ona görə də bütün bu rayonların idarə olunmasının mənim hökumətimə verilməsi yalnız əvvəlki normal nizam-intizamın bərpa olunması demək olardı.

Naxçıvan, Şərur-Dərələyəz, Sürməli rayonları və İrəvan qəzasının hissələrinin vəziyyəti tamamilə başqadır və onlar heç zaman Ermənistan hökumətinin nüfuz dairəsində olmamışdılar və bu rayonların idarə olunmasının əhali üçün yad sayılan hökumətə təhvil verilməsi keçmişdəki vəziyyətin bərpa olunmasına deyil, yeni çətin vəziyyətin yaranmasına xidmət edir.Qeyd edilən rayonların idarə edilməsinin ermənilərə ötürülməsi kütləvi xoşagəlməz proseslər yarada bilər, Naxçıvan, Şərur-Dərələyəz, Sürməli və İrəvan rayonunun müsəlman əhalisinin taleyinə isə mənim hökumətim biganə qala bilməz və onun tapşırığına uyğun olaraq qeyd olunan rayonların idarə edilməsinin Ermənistan hökumətinə ötürülməsinə dair hazırlanan layihəyə qarşı qətiyyətlə etiraz edirəm və həmin rayonların idarə edilməsinin Ermənistan hökumətinə verilməsini dayandırmağı və sonrakı qərarlar haqqında məni məlumatlandırmağınızı xahiş edirəm.”[4] 

Yeri gəlmişkən bəzi internet saydlarındakı məlumatlara görə azğın erməni millətçilərinin“Hnçaq”,sonralar isə “Daşnaksütyun”partiyasının ən “tanınmış” üzvlərindən biri olan Andranik vaxtilə müəyyən  qadın jestıərinə görə “Madmuazel Andranik” kimi də tanınmışdır və həmin “Madmuazel Andranik” 1-ci erməni könüllü dəstəsinin komandiri  kimi 1912-ci ildən Balkan müharibələri zamanı Bolqarıstan ordusunun tərkibində Türkiyəyə qarşı,birinci Dünya müharibəsi dövründə isə o, Rusiya ordusu tərəfinə keçərək onun tərkibində Türkiyəyə qarşı vuruşmuşdu. Çar II Nikolayın sərəncamı ilə ona general-mayor rütbəsi də verilmişdi.

1915-ci ilin iyulunda Van gölü bölgəsində gedən hərbi əməliyyatlar zamanı fəallaşmış rus qoşunlarının tərkibində Andranikin başkəsənləri fürsət düşən kimi türk əhalisinə qarşı  kütləvi divan tutduğuna görə Türkiyə hökuməti bu üzdəniraq ”generalı” qanundan kənar elan etmişdi. Bunun ardınca isə ”qulağı kəsik Andranik” Türkiyədən qaçaraq İrəvana gəlmişdi.

 1918-ci ildə Qarabağda və Zəngəzurda yerləşən əsasən  azərbaycanlıların yaşadıqları kəndləlirin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır. 1918-ci ildə Andranikin silahlı dəstələri Naxçıvan  qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirmiş, meyitlərini isə Araz çayına atmışdılar.  Andranikin dəstələri 1918-ci ilin sonlarında Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edib  kütləvi qətllər törədərək  kəndləri talan etmişdilər. Rəsmi məlumatlara görə həmin dövrdə 115 azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq yerli əhali qətlə yetirilmiş, əmlakları talan edilmişdir.
Yeri gəlmişkən qeyd edirəm ki, Andraniklə bağlı internet saytlarında dərc edilmiş digər məlumata görə “Zəngəzurda, Zıbıx kəndi yaxınlığında gedən döyüşlər zamanı Andranik və onun dəstəsi Sultan bəyin başçılıq etdiyi yığma qoşun döyüşçüləri tərəfindən əsir götürülür və ədalət qaydasına uyğun  olaraq erməni başkəsənlərini mütləq ölüm cəzası  gözləyirdi. Bunu anlayan təkqulaqlı Andranik Sultan bəyin qarşısında diz çökərək gözü yaşlı halda rəhm edilməsi üçün yalvarir. Cavabında isə Sultan bəy ona kişilərə layiq ölümü seçməyi,yox əgər o,özünü belə hesab etmirsə, əsir düşmüş erməni quldurlarının gözü önündə dizi üstə onun ayaqları arasında sürünməyi təklif edir.Təkqulaqlı general öz canını qurtarmaq üçün  təklifin ikinci variyantını seçərək hamının gözü önündə dizi üstə Sultan bəyin çəkmələri  arasında sürünür. Beləliklədə Sultan bəy onun üzünə  nifrətlə tüpürərək qeyd edir:” Bu köpəyi buraxın. Bu murdar adama əl bulaşdırmağa dəyməz.”[5]  

Andranikin komandanlıq etdiyi və Qarabağda cövlan edən ermənilərin cəza qoşunlarının Zəngəzur qəzasının müsəlman əhalisinə qarşı böyük qırğınlar törətməsi arxiv sənəd və materiallarında öz əksini tapmışdır. Məsələn,Zəngəzur qəzasının müsəlman əhalisinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması və müsəlman əhalisinin xilas edilməsi üzrə tədbirlərin görülməsi haqqında Zəngəzur qəza rəisi H.Mahmudbəyovun Ağdamdan 1919-cu il yanvarın 29-da Parlamentin deputatı və daxili işlər naziri X.Xasməmmədova göndərdiyi teleqramda qeyd edilirdi:” Zəngəzur qəzasında ermənilərin mərkəzində yerləşən Axçin dərəsinin müsəlmanları, müsəlmanların köməyindən məhrum edildiklərinə görə məhv olmaq ərəfəsindədilər. Bu gün oradan dolayı yollarla gəlmiş iki nəfər mənə aşağıdakıları qeyd etdilər:” Quşlu, Acılı, Arkazı, Aksarlı kəndləri yanvarın ilk günlərindən ermənilər tərəfindən darmadağın edilmiş, Şəhərcik , Açaquv, Oxcu kəndləri  davamlı mühasirədən sonra silahları təhvil verərək  ermənilərə təslim olmuşlar, Kirataq,Molodu,Kovnu,Qarabağlı,Qavarlı, Kiçi,Başbaki,Maqhmudlu,Keydaşı, Karaç, Kuruqot, Kayçan, Kiri, Abjibadji kəndləri isə ermənilər tərəfindən mühasirəyə alınaraq onlardan qəti şəkildə silahların təhvil verilməsi tələb olunmuş və əks halda məhv efiləcəkləri ilə qorxudulmuşlar. Yuxarıda  adı çəkilən kəndlərin mühasirəyə alınmasında keçən ilin dekabrın 26-da Gorusdan Qətər zavodlarına gəlmiş Andranikin dəstəsinin sotnyası  iştirak etmişdir.Şuşa və Gorusdakı Britaniya missiyası isə yalnız ermənilər üçün Qətər zavodlarından Şuşaya və digər  yerlərdə yolun açılması ilə məşğul olurlar, müsəlmanların  müdafiəsi üçün heç bir tədbir görmürlər.Yuxarıda təsvir olunanlarla bağlı Əli ilə birgə yuxarıda qeyd olunan missiyaya  müraciət etmişik, bunları  sizin nəzərinizə  çatdırmağı  və kənardan kömək ala bilmədiklərinə görə bundan sonra  ermənilərin basqınlarına tab gətirə bilməyəcək yuxarıda adı çəkilən kəndlərin xilas edilməsi üçün təxirəsalınmaz  tədbirlərin görülməsini sizdən xahiş etməyi özümə borc  bilirəm.”[6]

Andranikin dəstəsinin Gorus kəndindən Cəbrayıl və Şuşa qəzaları istiqamətinə daxil olması haqqında Gəncə qubernatoru -  general-mayor  İ.A.Vəkilovun Parlamentin deputatı X.Xacməmmədova 28 fevral 1919-cu il tarixli məlumatında qeyd edilirdi:” Zəngəzur qəza rəisindən aşağıdakı  teleqram  alınmışdır:” 23 fevralda  Andranik  möhkəm silahlanmış dəstəsi ilə Gorusdan  Dığa daxil olmuş, onun 4 sotnyası isə həmin vaxt Həkəri kəndinə gəlib çıxmışlar.Bu hərəkətlərin  məqsədi bizə tam aydın olmasa da, erməni mənbələrindən bəlli olur ki, ermənilərin məqsədi – Əsgərana qədər Cəbrayıl və Şuşa qəzalarının bütün dağlıq ərazilərini, Xudafərin körpüsünə qədər bütövlükdə Zəngəzur qəzasını zəbt etməkdir. Andranikin Şuşa istiqamətində, onun dəstələrinin isə Həkəridən Araksa  Zəngəzurun müsəlman əhalisini mühasirəyə almaq üçün yola düşməsi bu məlumatları bir qədər təsdiqləyir.”[7]

Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir. 1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük  hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır.  Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-da yaşayır. Onun bəzi memuarları 1921-ci ildə ABŞ-da erməni dilində çapdan çıxan “Erməni əlahiddə zərbə hərbi hissəsi” adlı kitabda toplanmışdır. A.Ozanyan 1926-cı ildə Amerika qəzetlərindən birində “Mən hələ qayıdacağam” adlı müsahibəsini bu sonluqla bitirmişdi :“…virana qoyduğum türk torpaqlarında erməni dövləti yaratmaq üçün qayıdacağam.” Lakin Andarik Ozanyan Türk-Azərbaycan əhalisinin qaniçən cəlladı kimi 31 avqust 1927-ci ildə, ABŞ-da, Kaliforniya ştatının Fresno şəhərində 62 yaşında öldü. 1965-ci ilin fevral ayında İrəvanda Andranik Ozanyanın anadan olmasının 100 illiyi təntənə ilə qeyd edildi. Ermənistanın “milli qəhrəmanı”, “Qarribaldisi” adlandırılan 2000-ci ildə “erməni milli ruhunu” yüksəltmək istəyilə Andranikin nəşi ABŞ-dan İrəvana gətirilir, həm də heykəli qoyulur. 28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində də Andranik Ozonyananın abidəsinin açılması planlaşdırılsa da, yerli hakimiyət orqanlarının etirazı nəticəsində bu baş tutmur. Andranikin 100 illiyi ilə əlaqədar Soçidə onun heykəlinin qoyulmasına imkan verilməmişdir. Andranik özü qeyd etdiyi kimi “virana qoyduğum türk torpaqlarında erməni dövləti yaratmaq üçün” bir daha qayıda bilmədi.

Müasir dövrdə 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası ölkəmizin 20 faizini işğal etmiş Ermənistanda və Qarabağda Andranikin davamçıları sayılan   Robert Koçeryan, Serj Sarkisyan, Seyran Ohanyan, Arayik  Arutyunyan və digərləri ilə danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Lakin həmin danışıqlar heç bir nəticə vermədi və müşahidə edildi ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt udmağa və status-kvonu möhkəmləndirməyə və onu əbədi etməyə çalışır. Lakin Azərbaycan Respublikası işğal ilə barışa bilməzdi və barışmadı da.

Ermənistanın 2020-ci il sentyabrın 27-də növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, həmçinin onun Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyati işə başladı, sonrakı mərhələdə isə “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən Müharibəsinə çevrildi. Həmin Vətən Müharibəsində Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu və Xalqı möhtəşəm qələbə çalaraq Azərbaycanın 30 ildən artıq müddətdə erməni işğalı  altında qalan bütün torpaqlarını azad etdi. Uzun illər işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. İşğal edilmiş Qarabağın aqressiv erməni millətçilərindən təmizlənməsi uğrunda gedən 44 günlük Vətən Müharibəsində  hərbi qüvvəıərimizin üç min nəfərədək hərbi qulluqçusu erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq Vətən yolunda canlarını qurban vermiş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirmişdi. Vətən Müharibəsində Azərbaycanın üç mindən artıq qəhrəman oğulları erməni millətçilərinə qarşı qəhrəmancasına döyüşərək işğalçıları Qarabağdan “iti  qovan kimi” qovmuş və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz torpağının sahibidir və hər zaman onun keşiyindədir! Vətən müharibəsinin hər bir günü xalqımızın şanlı tarixidir və həmin tarixlə qəhrəman xalqımız fəxr edir və qürur duyur.

 

 Milli Arxiv İdarəsi

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

RAFİQ SƏFƏROV

 

 

İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

1.Səs.- 2020.- 30 aprel.- S.15

2. Azərbaycan Respublikası Prezidentininİşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi, f.277, siy.2.iş.7,v.37-38.

 Азербайджанская Демократическая Республика(1918-1920).Внешняя политика.Баку-1998,с.42-44

3.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi, f.277, siy.2.iş.7,v.22;

Азербайджанская Демократическая Республика(1918-1920).Внешняя политика.Баку-1998,с. 53-54

4.ARDA, f.2898, siy.1.,iş.6, v.3.

Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика.Баку-1998,с. 211-212.

5. http://maxpark.com/

 6. ARDA,f.894, siy.4,iş.65,v.28;

Азербайджанская Демократическая Республика(1918-1920).Армия. Баку-1998,с.205-206

 7. ARDA,f.894, siy.7,iş.8,v.30;

Азербайджанская Демократическая Республика(1918-1920). Армия. Баку-1998,с.208

 

 

 



Bugün: 90
Dünən: 824
Bu həftə: 3392
Son həftə: 6294
Bu Ay: 22395
Son Ay: 25108
Bu İl: 288544
Ümumi: 1308965
1308965