Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Dövlət Tarix Arxivinin ən qədim sənədləri - Quba Xanlarının fərmanları

Son Yenilənmə : 2023-09-05 11:22:53
Baxış sayı : 390

Arxiv – sənədlərin yenidən istifadə edilmək məqsədi ilə qəbulunu, komplekləşdirilməsini, mühafizəsini və uçotunu həyata keçirən təşkilat və ya onun struktur bölməsidir. “Arxiv” sözünün etimoloji mənası “başlanğıc”, “təməl” deməkdir. O, həm də vacib mədəniyyət amili, göstəricisidir.

Tariximizin evi, dəlil-sübutunu mühafizə edən  gərəkli məbədləridən biri də Azərbaycan Dövlət Tarix Arxividir. 1930-cu ildə yaradılmış bu məbəddə xalqımızın qeyri-adi milli sərvəti saxlanılır. XVIII əsrin başlanmasından Azərbaycanda Sovet hakimiyyəti qurulanadək dövrü əhatə edən 757 fondda 240 mindən artıq sənəd mühafizə edilib qorunur.

Əməkdaşlıq baxımından hər il dünyanın müxtəlif ölkələrindən Dövlət Tarix Arxivinə onlarla qonaqlar gəlir. Onların verdikləri suallar arasında ən çox soruşduqları sual belə olur: arxivinizin ən qədim sənədləri hansılardır?

Təkcə qonaqlar  deyil, hər kəs üçün maraqlı olan sualın cavabı isə belədir:  Bu, “Quba xanlarının fərmanları” adlanan fondda qorunub saxlanılan sənədlərdir.

Quba xanlığı XVII əsrin axırlarından 1810-cu ilədək, təqribən yüz otuz ilə yaxın bir müddətdə, indiki Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonları ərazisində mövcud olmuşdur. Xanlığın ilk dövrlərində Rusiya ilə dostluq münasibəti yaradılmışdır. Lakin, sonradan  gücləndikcə, xanlığın Rusiyadan bərabər hüquqlu münasibətlər tələb etməsi, ətrafındakı xanlıqları da, özünə birləşdirb bütöv Azərbaycan dövləti yaratmaq istəməsi, əlbəttə ki, Rusiyanın narahatlığına səbəb olurdu. Şübhəsiz ki, 1789-cu ildə, Şəmkir düzündə digər xanlarla görüşü zamanı Fəıtəli xanın zəhərlənməsində o zamankı rus xəfiyyəsinin “barmağı” olmaya bilməzdi.

Şuşada, Şəkidə, Dərbənddə  o dövrün xanlarını xatırladan mülklər, qala divarları indiyədək qorunub saxlanmışdır. Qubada xanlara aid bir daş belə saxlanılmasa da, nə yaxşı ki, onların fərmanlarının kolleksiya formasında toplanılmış cüzi bir hissəsi müasir dövrümüzədək bizə gəlib çatmışdır.

Fərmanlar ərəb əlifbası ilə türk dilində yox fars dilində yazılmışdır. Görünür iqtisadi-siyasi müstəqilliyə can atan xanlar fars dilinin asılılığından qurtula bilməmişlər. Ona görə də, xanlığa dair bütün göstərişlər, şəhadətnamə və fərmanlar yalnız qədim fars dilində yazıya alınıb.

“Quba xanlarının fərmanları” fondu 1705-1808-ci illərə aid olan, hərəsi bir vərəq olmaqla 27 saxlama vahidindən ibarətdir. İlk sənədin 25 aprel-24 may 1705-ci il tarixində yazılması təxmin edilir. Həmin sənəd belə adlanır: “Quba xanlığının məmuru tərəfindən Xudat kənd icmasına kollektiv məaf hüquqlarının verilməsi haqqında şəhadətnamə”. Məaf – burada imtiyazlı, vergidən azad olunmuş anlamındadır.

Bu sənədlər ictimai-siyasi məzmunda deyil, inzibati-təsərrüfat xarakterlidirlər. Onlar qışlaqların, yaylaqların, ayrı-ayrı kəndlərin sahiblənməsi, tiyul (icarə) sahibliyinə, şəxsi mülkiyyətə verilməsi və sair bu sayaq məsələlərdən qaynaqlanırlar.

Fərmanlardan biri Sultan Əhməd xana (1710), biri Hüseynəli xana (1727), ikisi II Əhməd xana(1790), dördü Fətəli xana (1759-1775) aid hesab edilir. Ən çoxu isə, on beş fərman Şeyxəli xanla (1792-1808) bağlıdır. Yeri gəlmişkən, bəzən onun adını iki sözlə – Şeyx Əli xan kimi deyir və yazırlar. Əslində, o, şeyx olmayıb, adı Şeyxəlidir. Axırıncı Quba xanı olmaqla ömrünün sonunadək rus işğalına qarşı döyüşmüş, inadla, yorulmadan mübarizə aparmışdır.

Sənədlərin içərisində “Məhəmmədqulu bəyin Novruz bayramı münasibəti ilə (1803) Kilvar kənd kəndlilərindən xan, xanın arvadı və mülazimlər (hərbi xidmətçilər, -müəllif) üçün aldığı hədiyyələr haqqında qəbz” adlanan vərəq də diqqətçəkəndir.

Dövlət Tarix Arxivinin ən qədim sənədləri olan “Quba xanlarının fərmanları” fondu elmi tədqiqatçıların, tarixçilərin əsas maraq dairəsinə aid olan sənədlər kimi Azərbaycan tarixinin müəyyən dövrünü tədqiq etmək baxımından əvəzedilməzdir.  

 

 

Dövlət Tarix Arxivinin

Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri

Rövşən Həsənli

 



Bugün: 844
Dünən: 817
Bu həftə: 844
Son həftə: 6197
Bu Ay: 6116
Son Ay: 25580
Bu İl: 218934
Ümumi: 1239355
1239355