Bu günədək şəxsiyyəti və fəaliyyəti haqqında cəmiyyətimizdə kifayət qədər məlumatlar olmayan, öz dövrünün ictimai-siyasi xadimi və tanınmış məktəb həkimi Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov barəsində arxivlərdə kifayət qədər məlumatlar var. Təəssüf ki, bu məlumatlar sistemləşdirilməyib və tədqiqatdan kənarda qalıb.
Dövlət Tarix Arxivinin “Bakı 2-ci kişi gimnaziyası” adlı fondunda Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundovun şəxsi işi qayğı ilə qorunub saxlanılır.
ADTA-nın “Bakı 2-ci kişi gimnaziyası” adlı fondunda saxlanılan sənədlərə əsaslanaraq qeyd etmək olar ki, Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov 1872-ci il fevralın 6-da Şuşada dünyaya göz açıb. Dini məzhəbinə görə müsəlman olan B.Axundov 4-cü dərəcəli Şir və Günəş Fars ordeni alan azərbaycanlı aydındır. O, ildə 600 rubl vəsait alıb.
B.Axundov 15 iyun 1892-ci il tarixdə Şuşa real məktəbində imtahanları müvəffəqiyyətlə verərək şəhadətnamə alıb. Daha sonra o, Parisə yollanıb, orada Sorbon Universitetində kurs keçərək 31 iyul 1894-cü il tarixdə müvafiq şəhadətnaməyə layiq görülüb.
B.Axundov həmçinin Fransanın Lill universitetində təbiyyat fakültəsi üzrə kursda mühazirələr dinləyib, sonra imtahanlardan müvəffəqiyyətlə keçərək 1896-cı il noyabrın 13-də təbiyyat elmləri üzrə şəhadətnamə alıb. O, daha sonra Fransada Lill universitetinin tibb fakültəsində təlim və tədrik keçərək həmin kursu tibb doktoru rütbəsində başa vurub, 1901-ci il oktyabrın 2-də müvafiq olaraq diploma layiq görülüb. B.Axundov 26 iyul 1903-cü il tarixli fərmana uyğun olaraq Təbrizdə 1902-1903-cü illərdə Şah həzrətlərinin sarayının həkimi vəzifəsində çalışıb. Xeyli müddət keçdikdən sonra isə B.Axundov 1904-cü ildə İmperator Xarkov Universiteti nəzdindəki Tibbi İmtahan Komissiyasının sınağından müvəffəqiyyətlə keçərək həkim (lekar) statusunu qazanıb və 22 iyun 1904-cü il tarixində diplom ala bilib.
B.Axundov həyatının sonrakı illərində Bakı şəhərində yerləşən “Bakı ikinci kişi gimnaziyası” adlı məktəbdə həkim vəzifəsində çalışıb. B.Axundov Mariya Selestina Emilyevna ilə ailə həyatı qurub və onun bu evlilikdən iki övladı dünyaya gəlib.
Onun ilk övladı Əli bəy 12 oktyabr 1908-ci ildə, qızı Tura xanım isə 25 dekabr 1909-cu ildə doğulub. Arxiv sənədində Bəhram bəy Axundovun övladlarının müsəlman dininə mənsub olduğu qeyd edilir.
Arxivin “Bakı üçüncü qadın gimnaziyası” adlı fondunda B.Axundovun M.L. Poqrebnoyun direktor olduğu Bakı üçüncü qadın gimnaziyasının Pedaqoji Şurasının sədrinə ünvanladığı 8 iyul 1913-cü il tarixli ərizəsi qayğı ilə qorunub saxlanılır.
Gimnaziyanın Pedaqoji Şurasının sədrinə ünvanladığı həmin ərizədə B.Axundov qeyd edirdi: "Sizə həvalə edilmiş gimnaziyada mənə məktəb həkimi vəzifəsinin verilməsini siz cənablardan xahiş edirəm. Bununla yanaşı əlavə edirəm ki, mən 1910-cu ildən etibarən “Bakı ikinci kişi gimnaziyası”nın həkimi vəzifəsində işləyirəm və hazırda mənim sənədlərim oradadır. İxtisasım – daxili, uşaq və əsəb xəstəlikləridir. Xahiş edirəm mənim təcrübəm haqqında Bakı Şəhər İdarəsinin həkimi V.D.Jitkovdan, şəxsiyyətim haqqında məni yaxşı tanıyan cənab İritskidən, həmçinin mənim üzvü və xəzinədarı olduğum vərəmlə mübarizə üzrə Qafqaz Cəmiyyətinin Bakı şöbəsinin sədri, Bakı Şəhər İdarəsi rəisinin həyat yoldaşı Y.Q.Martınovadan soruşun”. B.Axundovun Bakı üçüncü qadın gimnaziyasına həkim vəzifəsinə qəbul edilib-edilmədiyi barədə məlumat aşkar etmək mümkün olmayıb. Çox güman ki, həmin vaxtları o hələ kişi gimnaziyasında həkim vəzifəsində fəaliyyətini davam etdirib.
B.Axundov 20 əsrin əvvəllərində Bakının ictimai həyatında fəal iştirak edib, "Nicat” və "Səfa" xeyriyyə cəmiyyətlərinin üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentə seçilib, bitərəflər fraksiyasını təmsil edib. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən B.Axundova xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etmək tapşırığı verilib. O, bu vəzifənin öhdəsindən layiqincə gəlib və seçilmiş gənclərin təhsil almaq üçün müvəffəqiyyətlə xarici ölkələrə yola salıb.
1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra B.Axundov müxtəlif səhiyyə müəssisələrində həkim işləyib, "Əmək qəhrəmanı" adına layiq görülüb. Bəhram bəy Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Şurasının, 1920-1925-ci illərdə isə Dövlət Sığorta İdarəsinin savadlı, tanınmış həkimi olub. Bəhram bəy Axundov 1932-ci ildə Bakıda vəfat edib.
XX əsrin I yarısında sağlam və savadlı azərbaycanlı gənclərin yetişdirilməsində görkəmli ictimai-siyasi xadimlərimizlə yanaşı, B.Axundovun da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin
Arxiv sənədlərinin nəşri, istifadəsi və
informasiya təminatı şöbəsinin baş məsləhətçisi
Bugün: | 560 |
Dünən: | 774 |
Bu həftə: | 5929 |
Son həftə: | 6350 |
Bu Ay: | 18638 |
Son Ay: | 25108 |
Bu İl: | 284787 |
Ümumi: | 1305208 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az