Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Mədəni irsimizin xəzinədarı

Son Yenilənmə : 2023-05-24 02:36:49
Baxış sayı : 576

Arxiv hər bir xalqın, millətin mənəvi yaddaşıdır. Yaradıcı insanların keçdiyi həyat yollarına dair sənədləri toplayır gələcək nəsillərə əbədi yadigar kimi qoruyub saxlayır.Arxiv həqiqəti öyrənmək istəyənlər üçün əvəzsiz məkan, təkrarolunmaz sənəd məbədidir. Dövlətin və millətin inkişaf yolu, onun xüsusiyyətləri barədə həqiqətlər burada qorunur və öyrənilir.Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ali dövlət hakimiyyəti orqanlarının, ölkənin mədəni və ədəbi həyatı üçün xüsusi əhəmiyyət kəsb edən idarə və təşkilatların, eyni zamanda görkəmli elm, mədəniyyət,incəsənət xadimlərinin sənədlərinin mühafizəsini həyata keçirir.Zəngin ədəbi irsin yaranmasında bu sahədə 700-dən çox ayrı-ayrı şəxsi arxiv fondlarının toplanmasında əvəzsiz xidmətləri olanbu şərəfli peşənin davamçılarından biri də ədəbiyyatşünas, publisist,  Əməkdar Mədəniyyət işçisi Maarif Teymur olmuşdur. Ömrünün 45 ilindən çoxunu Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində fəaliyyət göstərən Maarif Teymurun həyatının bütün dövrləri gərgin zəhmətlə keçib. Bəlkə də bu dövrlərin çətin anları yaşanmasaydı sonrakı zamanların uğurları olmazdı. O, bütün bu illər ərzində arxiv işinin məsuliyyətini öz çiyinlərində daşımış etibarlı bünövrəsini yaratmışdır.

Tanınmış ziyalı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Maarif Abı oğlu Teymurov 10 may 1946-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabşünaslıq  fakültəsini bitirmişdir. Daha sonra Moskva Tarix Arxivşünaslıq İnstitutunda təhsilini davam etdirmişdir.      Maarif Teymur əmək fəaliyyətinə “Azərkitab” birliyində başlamışdır. Bir müddət sonra isəo Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində kiçik elmi işçi vəzifəsindən ( 1966), həmin idarənin direktoru vəzifəsinə kimi yüksəlmişdir. 1987-ci ildən ömrünün sonuna kimi həmin arxivdə direktor vəzifəsində çalışmışdır. Onun əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirsən ki, ömrünün yarıdan çoxu bütün yaradıcılıq tərcümeyi-halı Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə bağlı olmuşdur. Bu yol nə qədər çətin olsa da bir o qədər məsuliyyətli idi. O ilk dəfə dövri mətbuatda 1969-cu ildə “ Ədəbiyyat və İncəsənət” qəzetində “Müşfiqin naməlum şeirləri” adlı məqaləsi ilə çıxış etmişdir. “Bakı”, “Azərbaycan gəncləri” , “ Odlar yurdu”və.s qəzet və jurnallarda 550-dən artıq məqaləsi çapdan çıxmışdır. Bu məqalələrdə tarximizin çox nadir hadisələrindən, Azərbaycan ədəbiyyatının bütövlükdə mədəniyyətinin, ictimai fikrinin inkişafında böyük xidmətləri olan insanların həyat və fəaliyyətindən bəhs edir. Onun publisistikasında ən dəyərli cəhət həm formasına həm məzmununa görə tədqiqat xarakterli olmasıdır.       

Heç təsadüfi deyilki 1980-ci illərdə  elm xadimi, professor Əziz Şərifin sənədlərinin Bakıya gətirilməsində və şəxsi fondunun yaradılmasında Milli Arxiv İdarəsinin keçmiş rəisi Ataxan Paşayevin və Maarif Teymurun əvəzsiz rolu olmuşdur.

XIX yüzilliyin II yarısı, XX yüzillikdə  Azərbaycanın ədəbi, mədəni həyatında dünya səviyyəli şəxsiyyətlərimiz yetişib. Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Yusif, A.İldırım və digər istiqlal mücahidləri haqqında məlumatlar toplanmışdır. Mədəni irsimizin əmələ gəlməsində əməyi olan mühacir həyatı yaşamış maarifçilərimizin, faciəvi həyat yaşayan sənətkarlarımızın yaradıcılığı hər zamanonun diqqət mərkəzində olmuşdur.Vaxtilə unudulmuş sənətkarların fəaliyyətini araşdıraraq oxuculara geniş məlumat vermiş, bir sıra dəyərli kitabların çapa hazırlanmasında fəal iştirak etmiş, çoxunu isə özü tərtib etmiş və ön söz yazmışdır.O,həmçinin “ Almas İldırımın həyatı və yaradıcılıq yolu” monoqrafiyasını tərtib etmiş, şeirlərini toplamış tərtib və nəşr etdirmişdir..

Maarif Teymur arxivşünaslıq sahəsində ən təcrübəli mütəxəsislərdən biri kimi tanınırdı. O,təkcə respublikamızda deyil, arxivşünaslığa dair bir sıra beynəlxalq tədbirlərdə də özünü yüksəkixtisaslı mütəxəssis kimi göstərmişdir. 1987-ci ildə Moskvada Beynəlxalq arxivləri şurasının elmi sessiyasında “ Ədəbiyyat və İncəsənət xadimlərinin arxiv sənədlərindən istifadə qaydalarının elmi”şərhi mövzusunda məruzə ilə çıxış etmişdir. O, 1984- cü ildə Moskvada orjinal sənədlərin sərgisində fəal iştirakına görə sərginin bürünc medalı ilə təltif olunmuşdur. 1990-1995-ci illərdə Ankarada, İstanbulda Türkiyənin Milli Kitabxanasında arxiv işi quruculuğu sahəsində çalışmışdır.

Maarif Teymur 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin, 1994- cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur. Onun elm və mədəniyyət sahəsində gördüyü işlər daim dövlətin diqqət mərkəzində olmuş və mükafatlandırılmışdır.  2005-ci il dekabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi adına layiq görülmüşdür. Bunların hər biri onun fəaliyyətinin necə çoxcəhətli olduğunu,  xidmətlərini təsdiq edir.

Bu gündə mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində qayğı ilə qorunan yaradıcı şəxsiyyətlərin sənədləri sırasında artıq 832 nömrəli fondda (hal-hazırda tərtib edilən) Maarif Teymurun öz şəxsi fondu da yaradılmışdır. O, ömrünün yarıdan çoxunu aparıcı vəzifələrdə çalışsa da öz yaradıcılığınıda unutmayıbdır.Ədəbiyyatızımıza, mədəniyyətimizə aid sənədləri dərindən araşdırıb öz fondunda toplamışdır. Onun yenicə işlənməyə başlanmış sənədləri arasında məqalələri, Əziz Şərif kimi ədəbiyyatımızda misilisiz xidmətləri olmuş insanlarla yazışmaları, tərtib etdiyi və ön söz müəllifi olduğu kitabları diqqəti cəlb edir. Bu sənədlərlə yanaşı,ona uzun illər ərzindəhədiyyə verilmiş avtoqraflı kitblarının sayına görə də fondu zəngindir. Maarif Teymur bu gün dünyasını dəyişmiş olsa belə, 832 nömrəli fond gələcək nəsillərə filoloji mənbə, tədqiqtaçıların isə istinad yerinə çevriləcək sənədlər sırasında olacaqdır. O, arxivin təməl daşı olan mənəvi mədəniyyətimizin formalaşmasında unudulmaz səhifələr yazmışdır.

Maarif Teymur ötən günləri tez-tez xatırlayardı. Yadımıza ötən illərdə mətbuat orqanlarından birinə müsahibə verərkən tədqiqat fəaliyyəti  ilə bağlı dedikləri düşür.” Həyatımız bühudə keçmədi. Fondlarımız öz dəyəri və nadirliyi ilə qiymətsiz olan sənət nümunələrinin saxlandığı qiymətli incilər məskənidir. Hər bir xalqın, bəşəriyyətin zəngin çoxcəhətli keçmişindən xəbər verir. Arxiv materialları milli kimliyimizi, bizə anladan zəngin mənəvi soraqdır. Arxiv elə mənəvi inanc və saxlanc yeridir ki, orada dövlət səviyyəsində hər şey pis də ,yaxşı da yaşayanlar yaradanlar əks olunmalıdır”. Bu sözlərin müəllifi artıq aramızda olmayan (yaşasaydı bu yaxınlarda 77 yaşı tamam olan) mehriban simalı öz işinin fədaisi Maarif Teymurdur. Onun peşəsinə vurğunluğu sözlə bitib tükənməzdi.Insana verilən ən böyük hədiyyələrdən biri şəxsiyyət kimi yetişməsidir. O,məhz həmin şəxsiyyətlərdəndir.  Arxiv işində silinməz izlər qoymuş, öz peşəsi ilə ömrü boyu fəxr etmişdir.

Maarif Teymur 11 oktyabr 2016-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. O, doğulduğu Masallı rayonunda dəfn edilmişdir.

Arxiv Maarif Teymur kimi insanlardan bizlərə və gələcək nəsillərə əmanət,onun zəngin və çoxsahəli irsi isə sərvətimizdir.

Məqalənin yazılmasında Maarif Teymurun topladığı, tərtib etdiyi kitabların əlyazmalarından ibarət hal- hazırda işlənməkdə olan 832 nömrəli fondun sənədlərindən istifadə edilmişdir.    

 

 

Gülnar Şərifova

 

ARDƏİA-nin aparıcı arxeoqrafı



Bugün: 769
Dünən: 793
Bu həftə: 1562
Son həftə: 5729
Bu Ay: 2264
Son Ay: 25108
Bu İl: 268413
Ümumi: 1288834
1288834