Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Tarixə dönmüş kimyaçı ömrü

Son Yenilənmə : 2023-09-25 06:40:33
Baxış sayı : 244

 

            Məcid Mərdanov reaktiv yanacağın kimyası və texnologiyası sahəsində Azərbaycanda, eləcə də keçmiş Sovetlər İttifaqı məkanında tanınmış məşhur alimlərdəndir. O, iyirmi beş ildən artıq bir müddətdə Azərbaycan Elmi Tədqiqat İnstitutunda  və Yusif Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda çalışmışdır.

            Məcid Əhəd oğlu Mərdanov 9 aprel 1913-cü ildə Qəbələ rayonu, Vəndam kəndində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olmuş, 1934-cü ildə texnikumu bitirdikdən sonra anadan olduğu rayonun məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

            Məcid Mərdanov 1934-cü ildə ali təhsil almaq məqsədilə Bakıya gələrək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olur. Ali təhsilini başa vuran gənc mütəxəssis 1939-cu ildə hərbi xidmətə çağrılaraq, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən Müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş,orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1944-cü illər ərzində alman faşistlərinə qarşı döyüşlərdə iştirak edib, vzvod komandiri olur. 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı M.Mərdanov ağır yaralanaraq sağ ayağını itirir. Döyüşlərdə göstərdiyi şücaətlərə görə “III dərəcəli Vətən Müharibəsi” ordeni və bir çox medallarla təltif olunmuşdur.

         1946-cı ildə Sovet Ordusu sıralarından tərxis olunan Məcid müəllim Azərbaycana qayıdır, Kuybışev adına Azərbaycan Elmi Tədqiqat İnstitutunda əmək fəaliyyətini davam etmiş, mühəndis, baş laboratoriya müdiri vəzifələrində çalışmışdır. (Sonradan bu institut Neft-Kimya Prosesləri İnstitutuna çevrilir). M.Mərdanov fasilələrlə institutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, eyni zamanda xüsusi yanacaq və aşqarlar laboratoriyasında rəhbər olmuşdur.

            Professor M.Mərdanovun elmi fəaliyyətinin əsasını başlıca olaraq müasir texnologiya, reaktiv və raket yanacaqlarının kimya və texnologiyası təşkil etmişdir.

            Məlum olduğu kimi II Dünya Müharibəsindən sonra reaktiv texnika, onun müdafiə sənayesində tətbiqi sürətlə inkişaf edir. Qeyd olunan texnikanın əsas mənbəyini neft karbohidrogenləri təşkil edirdi. Yeni elmi əsaslara istinad edərək neftdən yüksək keyfiyyətli yanacağın alınması, müasir və perspektivli aviasiya və raket qurğuları üçün tələblərə cavab verən texnologiyalar problemlərin həllini yerində və tam şəkildə ödəyirdi.

            Professor M.Mərdanov rəhbərlik etdiyi kollektivlə birlikdə apardığı uzun müddətli tədqiqatların nəticəsi olaraq, neftdən, katalitik birləşmələrdən, karbohidrogenlərdən aviasiya üçün qiymətli yanacaq alınmışdır.

            M.Mərdanaov 200-dən artıq elmi kəşfin müəllifidir ki, onlardan 150-si dövri mətbuatda işıqlandırılmışdır.

            Alimin elmi işləri ölkədə neft sənayesinin inkişafında mühüm rol oynamış, elmə həm nəzəri, həm də praktiki töhfələr vermişdir. Onun elmi tədqiqatları karbohidrogenlərin nitratlaşması, aminləşdirilməsinə səbəb olmuşdur ki, bunlardan məişət yanacağında geniş istifadə olunmuşdur.

            Professor Məcid Mərdanovun elmi əsərləri aviasiya sənayesində yanacağın və aşqarların  alınması sahəsində ədəbiyyatı zənginləşdirmiş, eyni zamanda mütəxəssislərin, bu sahədə çalışanların rəğbətini qazanmışdır.                                                                                     

            Məcid müəllim 1953-cü ildə namizədlik, 1962-ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə edərək kimya elmləri doktoru elmi adını almışdır. Ali Attestasiya Komitəsi onun elmi işini yüksək dəyərləndirmişdir.

            M.Mərdanov 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir, 1972-ci ildə həqiqi  üzvü seçilmişdir.

           Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının M.Mərdanovun  Azərbaycan SSR Elmlər Akademiyasınınhəqiqi  üzvülüyünə namizəd seçilməsi haqqında  təqdimatında göstərilirdi ki, Azərbaycan SSR Elmlər Akademiyası haqqında texnika elmləri doktoru, professor Məcid Mərdanov kimya və reaktiv yanacağın texnologiyası sahəsində tanınmış alimlərdən biridir. Neftin kimyəvi tərkibinin öyrənilməsi xüsusi əhəmiyyətliyeni yanacaq növlərinin alınması, istehsalatda neftdən alınan yanacağın elmi əsasları sahəsində onun 200-dən artıq elmi araşdırmaları mövcuddur və sənayedə uğurla tətbiq olunur.

              Onun çoxsaylı tədqiqatları sırasında sintetik kimyanın az öyrənilən hissələri əsas yer tutur. Bu sahədə M.Mərdanovun apardığı eksperiment və tədqiqatlar öz bəhrəsini vermiş, praktikada öz əksini tapmışdır. 

            O, elmi kadrların hazırlanması sahəsində də xeyli əməli işlər görmüşdür. Görkəmli alimin rəhbərliyi ilə 9 nəfər elmlər namizədi, 1 nəfər isə elmlər doktoru adını almışdır. Müdafiə işlərində Elmi Şuranın üzvü olmuş, uzun müddət işlədiyi institutun Elmi Şurasının kimya bölməsinə rəhbərlik etmişdir.

            Ömrünün böyük bir hissəsini elmə həsr edən alim uzun sürən xəstəlikdən sonra 27 sentyabr 1982-ci ildə vəfat etmişdir.

            Bu il Azərbaycan Respublikasının elm sahəsinə böyük töhfələr verən alimlərdən biri olan Məcid müəllimin 110 illik yubileyidir. İnanırıq ki, böyük məktəb qoymuş Məcid müəllim yetirmələri tərəfindən həmişə yad edilib, yaddaşlarda yaşayacaqdır.

            Məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində (ARDETSA) mühafizə edilən 113№-li fondun materiallarından istifadə edilmişdir.     

           

Səadət Cabbarlı

ARDETSA 

Sənədlərin nəşri və

 istifadəsi şöbəsinin müdiri



Bugün: 359
Dünən: 758
Bu həftə: 2794
Son həftə: 5861
Bu Ay: 5010
Son Ay: 28223
Bu İl: 246051
Ümumi: 1266472
1266472