Mədəni irsimizin ustadı
Hələ qədim zamanlardan yüksək musiqi mədəniyyətinə malik olan Azərbaycan xalqı bir sıra istedadlı musiqiçilər yetişdirmişdir. Milli musiqi sənətimizin ən mahir ifaçıları - səs və saz ustalarımız nəinki Azərbaycanda bütün Qafqazda və müsəlman Şərqində belə böyük şöhrət və hörmət qazanmışlar.
Belə ustadlarımızdan biri də məşhur tarzən Mirzə Fərəc Rza oğlu Rzayevdir. O, 1847-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq çağlarından musiqiyə bağlanmış Fərəc xalası qızı Nazənin ilə birlikdə el məclislərinə gedərək xanəndələrə qulaq asmaqdan doymazdı. Nazənin xanım məharətli nağara ustası olduğundan tez-tez Bakının qadın toylarına dəvət edilirdi. Kiçik yaşlarından yetim qalmış Fərəcin tərbiyəsi ilə o özü məşğul olmuş, ona öz sənətini öyrətmişdi.
Mirzə Fərəc musiqi fəaliyyətinə 13-15 yaşlarından toylarda nağara çalmaqla başlamışdır. Xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəcdə tar sənətinə sönməz bir həvəs oyanır. O tezliklə tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edir. Eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur. O, bu məclisdə iştirak edən məşhur iranlı sənətkarlar – kamançaçı tehranlı Mirzə Səttar və tarzən şirazlı Əli ilə yanaşı böyük ustad Sadıqcanın da ifasını dönə-dönə dinləyir. Gənc Fərəc Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə hətta bir müddət İranda yaşayır. Burada fars və ərəb dillərini öyrənir.
Mirzə Fərəc müasirləri arasında məşhur musiqişünas kimi də tanınırdı. O, qədim musiqi tarixi ilə yanaşı bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bilirdi.
Mirzə Fərəc xanəndələrdən Cabbar Qaryağdıoğlu ilə bir neçə il (1900-1905) əməkdaşlıq etmişdi. Şübhəsiz ki, Qaryağdıoğlu kimi böyük muğam ustası ilə sənət dostluğu Mirzə Fərəcə çox şey vermişdi. Məhz bu dövrdə Mirzə Fərəc nəinki Abşeronda, hətta bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapmışdı. Qocaman tarzən xanəndəlik sənətindən söz düşən zaman həmişə Cabbar Qaryağdıoğlunun sənətini yüksək qiymətləndirir və öz tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışaraq deyərdi:“Kamil tarzən olmaq üçün nadir istedada, uzun və iti barmaqlara, samballı biliyə malik olımaq hələ o demək deyil ki, yaxşı sənətkar ola bilərsən. Muğamatı yaxşı bilmək üçün gərək heç olmasa, 5-10 il ustad xanəndə ilə çalıb-çağırasan. Mən sənət yollarında çox mahir xanəndələrə rast gəlmişəm və onlardan çox şey öyrənmişəm. Lakin Qaryağdıoğlunda olan qüdrətli səsi, bülbül cəhcəhinə bənzər zənguləni, təkrarolunmaz ustalığı heç kəsdə görməmişəm. Cabbarı oxudanda bir tarzən, həm də bir dinləyici kimi dincələrdim. Mən muğamatın dərinliyini və incəliyini yalnız Cabbarın sənətində görmüşəm. Bax, buna görə də bir də demək istəyirəm: əgər istəyirsinizsə, ustad tarzən olasınız, Cabbar kimi hərtərəfli istedadı olan xanəndə ilə durub-oturun. Onda çox şey qazanarsınız”.
Mirzə Fərəc 1905-ci ildən sonra Keçəçioğlu Məhəmmədin dəstəsinə qoşulur. O, Keçəçioğlunu bütün musiqi məclislərində və tədbirlərində müşayiət edir. 1907-ci ilin yanvarında ilk dəfə Bakıda təşkil olunmuş “Şərq gecələri”ndə Keçəçioğlu Məhəmmədi müşayiət edən Mirzə Fərəcin “Hümayun” muğamını məharətlə ifa etməsi bütün dinləyicilərin böyük rəğbətinə səbəb olur.
Azərbaycanda Sovet hakimiyyəti illərində Mirzə Fərəcin gənc nəslin təlim-tərbiyəsi işində böyük xidmətləri olmuşdur. O, Şərq konservatoriyasında (1920-1921-ci illər), Ramana fəhlə klubunda (1923), Bakı musiqi texnikumunda (1924-1926-cı illər) tar dərsi demiş, öz bilik və təcrübəsini gənc tarzənlərə öyrətmişdir. Mənsur Mənsurov (Məşədi Məlik Mənsurovun kiçik oğlu), Paşa Əliyev kimi bir sıra görkəmli tarzənlər Mirzə Fərəcin tələbələri olmuşdur. Tar müəllimliyi ilə yanaşı qocaman muğam ustası eyni zamanda “Şərq orkestri”ndə də bir tarzən kimi yaxından fəaliyyət göstərmişdir. Heç şübhəsiz ki,onun musiqiyə bağlılığı ailəsinə də sirayət etmişdi. Görkəmli xanım bəstəkarımız Ağabacı Rzayeva babası Mirzə Fərəcin yolunu layiqincə davam etdirmişdir. Maraqlı nüans odur ki, Ağabacı Rzayeva məhz babasının əsas tələbələrindən olmuş görkəmli tar ustadlarımızdan Mənsur Mənsurovun məktəbini bitirmişdir.
Mirzə Fərəc bir tarzən kimi Azərbaycan milli musiqisinin inkişafında faydalı rolu inkaredilməzdir. O, ömrünün 60 ilini öz sədəfli tarı ilə milli musiqimizin təbliğinə həsr etmiş fədakar tar ustalarımızdandır.
Bu il mədəni irsimizin ustadı olan Mirzə Fərəcin anadan olmasının 170, vəfatının 90 illiyidir. Qocaman tarzənin keçdiyi maraqlı həyat yolu şübhəsiz ki, Azərbaycan tar ifaçılığı tarixinə qızıl hərflərlə yazılmışdır və hər daim gələcək nəsillərin araşdırma mənbəyi olaraq qalacaqdır.
Məqalənin hazırlanmasında 291, 650 və 725 saylı fondlarda mühafizə edilən sənədlərdən istifadə edilmişdir.
Cavid Məmmədli
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin şöbə müdiri
Bugün: | 80 |
Dünən: | 824 |
Bu həftə: | 3382 |
Son həftə: | 6294 |
Bu Ay: | 22385 |
Son Ay: | 25108 |
Bu İl: | 288534 |
Ümumi: | 1308955 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az