Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Poeziyamızın zərif səsi

Son Yenilənmə : 2026-02-12 10:42:04
Baxış sayı : 84

Azərbaycan ədəbiyyatının inkişaf tarixində qadın şairələrin rolu xüsusi əhəmiyyət daşıyır. Onlar poeziyamıza sevgi, ana məhəbbəti, sədaqət, mənəvi dözüm və qadın taleyi kimi mövzulara yeni baxış gətirmişlər. Bu baxımdan şair və yazıçı Mədinə Gülgün Azərbaycan qadın poeziyasının lirizmə söykənməsi, duyğu dərinliyi ilə seçilən nümayəndələrindən biri kimi yadda qalmışdır. Ədəbiyyatın unudulmaz simalarından biri olan Mədinə Gülgün istedadı, mübariz ruhu və xalqına olan sarsılmaz sevgisi ilə tarixə iz salmışdır. Ömrü boyu yaşadığı ağrılar, itkilər və çətinliklər onun yaradıcılığını daha da zənginləşdirmişdir. Qələmindən süzülən hər misra onun qəlbindəki yanğının və xalqına bəslədiyi dərin məhəbbətin güzgüsünə çevrilmişdir. Qələmə aldığı hər söz yalnız Azərbaycan xalqının taleyi, azadlıq mübarizəsi və ədalət uğrundakı arzularının bir ifadəsi idi.      

Ələkbərzadə Mədinə Nurullah qızı 1926-cı il yanvarın 17-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində orta təhsil almış, daha sonra ailəsi ilə birlikdə Cənubi Azərbaycana Ərdəbil və Təbriz şəhərinə köç etmişdir. Burada həyatın müxtəlif çətinlikləri ilə üzləşərək öz ədəbi və ictimai fəaliyyətini davam etdirmişdir. O, ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunun (ADPU) dil və ədəbiyyat fakültəsində almışdır. Klassik Azərbaycan poeziyası, xalq ədəbiyyatı və müasir lirika onun yaradıcılıq dünyasının əsas qaynaqlarından olmuşdur. Ədəbiyyata olan marağı hələ uşaq yaşlarından mətbuatla əməkdaşlıq etməsinə səbəb olmuşdur. Xüsusən Aşıq ƏIəsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmişdir. O, məktəb səhnəsində göstərilən tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi. Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərində qəzet və jurnal səhifələrində görünməyə başlamışdır. İlk şeirləri 1945-ci ildə Təbrizdə nəşr olunan “Vətən yolunda”, “Azərbaycan”, “Şəfəq”, “Günəş” və.s qəzet və jurnallarda çap olunmuşdur. Cənubi Azərbaycanda yaşadığı illər Mədinə Gülgünün şair kimi formalaşmasında mühüm mərhələ sayılır. O, xalqın dərdini, ayrılıq ağrısını və azadlıq arzularını  poeziyasının əsas mövzusuna çevirmişdir. Onun dili sadə, axıcı və anlaşıqlıdır. Öz yaradıcılığında isə həmişə sözün emosional gücünə üstünlük vermişdir. Səmimi lirizm, ifadə tərzi onun şeirlərini geniş oxucu kütləsi üçün daha yaxın edir. Şairənin “ Savalan ətəklərində”( 1950), “Təbrizin baharı” ( 1950),   “Yadigar üzük”(1953) və müxtəlif illərdə “Sülhün səsi”, “Təbrizli qız”, “Günlər və xatirələr”, “Pərvanə”, “Dənizin sahili var” şeir kitabları nəşr edilmişdir. Şairənin yaradıcılığında həsrət mövzusu xüsusi hiss olunur:                   

“Keçən günlər sükut kimi ağırdır,     

   Xatirələr ürəyimdə danışır.”

Bu cür poetik yanaşma şairənin zamanla və insan taleyi ilə bağlı  müşahidə qabiliyyətini göstərir. Mədinə Gülgün poeziyasında ana obrazı xüsusi yer tutur. Ana sevgisi onun şeirlərində müqəddəs, saf, dəyişməz bir dəyər kimi təqdim edilir. Şair ana duyğusunu mənəvi dayaq və həyatın mənası kimi ifadə edir:                                                                                                                                    

“Ana səsi gəlir dualarımdan”                                                                        

Bu səsdə ömür var bu səsdə iman”.                        

Bu misralar onun ailə və mənəvi dəyərlərə verdiyi verdiyi önəmin bariz nümunəsidir. Ədəbiyyat mühitində Mədinə Gülgün əsasən qadın lirikasının zərif nümayəndəsi kimi dəyərləndirilmişdir. Onun haqqında müasirləri və tədqiqatçılar öz fikirlərini bildirmişdilər. Xalq şairi Nəriman Həsənzadə qadın poeziyasının emosional dərinliyindən danışarkən sakit lirik ənənəsini xüsusi qeyd etmiş, Mədinə Gülgün kimi şairələrin yaradıcılığının oxucuya daxili təsir göstərdiyini vurğulamışdır. Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli XX əsr Azərbaycan poeziyasını təhlil edərkən qadın lirikasının inkişaf xəttində onun rolunu xüsusi qeyd etmiş, onların poeziyaya səmimiyyət və duyğu təmizliyi gətirdiyini vurğulamışdır. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadə Mədinə xanımın yaradıcılığını həmişə ustad və qələm dostu kimi qiymətləndirmişdir. ”Mən məhəbbət dediyim zaman Mədinə Gülgünün yalnız bu mövzuda yazdığı şeirlərini və qəzəllərini nəzərdə tuturam... Şairin tutduğu yolu, məsləki,əqidəsi, andı, sənət eşqi də bu böyük duyğu ilə yaşayır...”                                          

Akademik Bəkir Nəbiyev Güneydə gedən ədəbi hərəkata yaxından bələd olmuşdur. Onun Mədinə xanımın kitabına yazdığı “Gülgünün gözləri ilə” məqaləsində o yazır : “ Şairənin şeirlərini oxuyarkən hiss edirsən ki, o ömrünün müdrik dövrünü yaşayır...17-18 yaşlı Mədinənin bir əlində qələm, bir əlində silah azadlıq mücahidləri ilə çiyin-çiyinə vuruşduğu , döyüşlərarası fasilədən səngər kürsüsünə çevrilib öz əsgər qardaşlarına mübariz ruhlu şeirlər oxuduğu dünən deyildimi...                                                                                                     

Qəzəbin nifrətin şimşək kimdir,        

Sal daşı parçalar, qayadan keçər.

Qəlbin deməyini deməz dilin də                   

Səni boğazından assalar əgər.         

Onun yaradıcılığı dövlətin də diqqətində olmuş  Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960,1974,1986), “Şərəf nişanı” ordeni (1980), “Əmək veteranı” və digər medallarla təltif olunmuşdur.  

Mədinə Gülgün Bakıda doğulmuş taleyi onu müxtəlif coğrafiyalara aparmış, lakin qəlbi daim Azərbaycanla döyünmüş sənətkardır. Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib. Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi...!” deyərək onların dərdini də öz dərdinə qatıb. Həyatının bütün çağlarında döyüş və mübarizə illərində,  mühacirət çağlarında şair özünü daim Bakının isti qucağında hiss etmişdir. Və bu misralarla dilə gətirmişdir;                                                                                                                                                      

Mənim gözlərimlə baxın Bakıya,           

Çırpınan qəlbimin ahəngidir o. 

Eşitsin səsimi qoy bütün dünya,       

Qəşəng şəhərlərin qəşəngidir o.      

Mədinə Gülgünün xatirəsi onu tanıyanların, dostlarının, qəlbində hər zaman səmimi insan kimi yaşayacaq. Onun sənədləri gələcək nəsillərə əmanətdir və bu gün həmin dəyərli sənədlər Salman Mümtaz  adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat Və İncəsənət arxivində 11 N fondda qorunub saxlanılır. Onun sənədlərinin əsasını əlyazmaları, yazışmaları, təsviri sənədləri üstünlük təşkil edir. Onun həyat yolu və yaradıcılığı milli mənəvi simanı əks etdirən parlaq nümunələrdəndir.         Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.                                                                                                                        Məqalədə 39 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.

 

Gülnar Şərifova

ARDƏİA, aparıcı arxivçi



Bugün: 1121
Dünən: 1505
Bu həftə: 12522
Son həftə: 13420
Bu Ay: 36027
Son Ay: 55392
Bu İl: 188066
Ümumi: 1881991
1881991