Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

İctimai xadim, görkəmli pedaqoq - Mehdi bəy Hacıbababəyov

Son Yenilənmə : 2025-02-05 08:11:00
Baxış sayı : 32

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “İkinci kişi gimnaziyası” adlı 392 saylı fondunda tanınmış ictimai-siyasi xadim, “İkinci kişi gimnaziyası”nın  müəllimi Mehdi bəy Hacıbababəyovun şəxsi işi qayğı ilə qorunub saxlanılır.[1] Mehdi bəy Hacıbababəyovun həmin şəxsi işindəki Arxiv sənədlərinə əsaslanaraq qeyd edirəm ki, Mehdi bəy ayrı-ayrı tarixi vaxtlarda Bakı şəhərində  yerləşən  müxtəlif məktəblərdə  pedaqoji  fəaliyyət göstərmişdir.[2] Yeri gəlmişkən qeyd edirəm ki, Mehdi bəy Hacıbababəyovun xidməti haqqında Dövlət Tarix Arxivində saxlanılan 9 iyun 1916-cı il tarixli formulyar siyahısında qeyd edilir ki, Mehdi bəy Hacıbababəyov “bəy” rütbəsinə malik olmamışdır. O, 1900-cu il iyunun 5-də Bakıdakı  real məktəbinin altı sinif kursunu bitirmişdir. O, Bakıdakı III Aleksandr adına kişi gimnaziyasının Pedaqoji Şurasında 1901-ci il mayın 23-də təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçərək ibtidai məktəb müəllimi adına layiq görülmüş və bu haqda 854 saylı müvafiq şəhadətnamə əldə etmişdir.[3]  

Mehdi bəy Bakı-Dağıstan Xalq Məktəbləri Direksiyası müdirinin 1 sentyabr 1901-ci il tarixli 1532 saylı sərəncamı ilə I rus-tatar məktəbində müəllim əvəzləyicisi vəzifəsinə təyin edilmişdir.[4] Daha sonra həmin Direksiya müdirinin 19 sentyabr 1901-ci il tarixli 1606 saylı sərəncamına uyğun olaraq Mehdi bəy Hacıbababəyova I rus-tatar məktəbində müəllim vəzifələrini icra etməsinə icazə verilmişdir.[5] Onun pedaqoji fəaliyyəti Bakı-Dağıstan Xalq Məktəbləri Direksiyasının rəhbərliyi tərəfindən bəyənildiyinə görə Bakı-Dağıstan Xalq Məktəbləri Direksiyası müdirinin 13 yanvar 1906-cı il tarixli sərəncamına uyğun olaraq Mehdi bəy iki sinifli şəhər məktəbinə müəllim vəzifəsini icra edən təyin edilmişdir.[6]

Mehdi bəy bir neçə il müddətdən sonra Qafqaz Tədris Dairəsi Qəyyumunun 29 oktyabr 1909-cu il tarixli 23261saylı təklifi ilə Bakıda altı sinifli səhər məktəbində müəllim köməkçisi təyin edilmişdir.[7]

Arxiv sənədlərinə əsaslanaraq  onun ailə həyatı ilə bağlı qeyd edirəm ki, Mehdi bəy  ikinci nigahla qız xeylağı olan Rəhilə xanım Terequlovla ilə ailə həyatı qurmuşdur. Mehdi bəyin birinci nigahdan 1905-ci il fevralın 2-də Əlibəy, ikinci nigahdan isə 1910-cu il fevrallın 14-də İbrahim bəy adlı oğulları dünyaya gəlmişdir. Mehdi bəyin arvadı və uşaqları müsəlman məzhəbinə mənsub olmuş və onun yanında yaşamışdılar.[8]

Bakı-Dağıstan Xalq Məktəbləri Direksiyası rəhbərliyinin 4 dekbr 1915-ci il tarixli 14754 saylı sərəncamı ilə Mehdi bəyə Bakıdakı 3-cü ali-ibtidai məktəbdə müəllim vəzifəsinin icra etməsinə  icazə verilmişdir. Mehdi bəy Hacıbababəyov pedaqoji fəaliyyətlə yanaşı fəal ictimai-siyasi xadim olaraq ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir. Mehdi bəy Hacıbababəyov tanınmış ictimai-siyasi xadim olaraq Azərbaycanın istiqlal mübarizəsində də fəal iştirak etmişdir. 1918-ci il mayın 28-də Tiflis şəhərində tərkibi ümumilikdə - Mil­li Şu­ra səd­ri­nin mü­a­­vi­­ni Hə­sən bəy Ağa­yev, ka­tib Mus­ta­fa Mah­mu­dov, Fə­tə­li xan Xoys­ki, Xə­lil bəy Xas­­məm­­mə­dov, Nə­sib bəy Yu­sif­bə­yov, Mir Hi­da­yət Se­yi­dov, Nə­ri­man bəy Nə­ri­­man­­bə­­yov, Hey­bət­qu­lu Mə­həm­məd­bə­yov, Meh­di bəy Ha­cinc­ki, Əli Əs­gər bəy Mah­­mud­­bə­­yov, As­lan bəy Qar­da­şov, Sul­tan Mə­cid Qə­ni­za­də, Ək­bə­ra­ğa Şey­xü­lis­la­mov, Meh­di bəy Ha­cı­ba­ba­bə­yov, Mə­həm­məd Yu­sif Cə­fə­rov, Xu­da­dat bəy Mə­li­kas­la­nov, Rə­him bəy Və­ki­lov, Hə­mid bəy Şah­tax­tins­ki, Fi­ri­dun bəy Kö­çər­li, Ca­mo bəy Ha­cins­ki, Şə­fi bəy Rüs­təm­bə­yov, Xos­rov Pa­şa bəy Sul­ta­nov, Cə­fər Axun­dov, Mə­həm­məd Mə­­hər­­rə­mov, Ca­vad Mə­li­kas­la­nov və Ha­cı Mir­zə Axund­za­də­dən ibarət olan  26 nəfərdən biri olmuşdur. 1918-ci il mayın 28-də Tiflis şəhərində Milli Şura tərəfindən Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul edilmişdir. Siyahıdan göründüyü kimi Azərbaycanın müstəqilliyi haqqında  qərarı qəbul etmiş həmin Milli Şuradakı 26 nəfərdən biri də  Mehdi bəy Hacıbababəyov olmuşdur. Xatırladıram ki, Mehdi bəy Hacıbababəyov 1901 ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demiş, "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Mehdi bəy Hacıbababəyov həmçinin Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü olmuşdur. Mehdi bəy Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. Mehdi bəy Hacıbababəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir.

Mehdi bəy Hacıbababəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai-siyasi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətini də davam etdirmişdir. Həmin illərdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təhsil Naziri olmuş Rəşid bəy Kaplanovun 07 sentyabr 1919-cu il tarixli 296 saylı əmrinə uyğun olaraq Bakı üçüncü ali-ibtidai məktəbinin müəllimi Mehdi bəy Hacıbababəyov Bakı 2-ci kişi gimnaziyasının milliləşdirilmiş sinifinə müəllim keçirilmiş və həmçinin Mehdi bəy Hacıbababəyova müvəqqəti olaraq Bakı 2-ci kişi gimnaziyasının müfəttişi vəzifəsinin icra edilməsi tapşırılmışdır.[9]

Mehdi bəy Hacıbababəyov Cümhuriyyət dövründə(1918-1920-ci illər) müəllimlərin keçirilmiş qurultaylarında iştirak etmişdir. Məlum olduğu kimi həmin qurultaylarda Respublikamızda xalq maarifi və təhsilinin inkişafına, ölkədə savadsızlığın aradan qaldırılmasına və məktəb-təhsil işinin güniş yayılmasına yönəlmiş əhəmiyyətli qərarlar qəbul edilmiş və qəbul edilmiş qərarlardan bəzilərini həyata keçirmək mümkün olmuş, bəzilərinin isə müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinə Rusiyanın silahlı təcavüzü ilə əlaqədar həyata keçirmək mümkün olmamışdır. Həmin qərarların bir çoxunun həyata keçirilməsi sonrakı dövrlərdə icra edilmişdir.

 Mehdi bəy Hacıbababəyov 1901 ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. O, "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmişdir. Mehdi bəy Hacıbababəyov eyni zamanda "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir.O, Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmiş və Parlamentin üzvü olaraq fəal ictimai-siyasi fəaliyyət göstərmişdir.

Öz dövrünün tanınmış aktiv ictimai-siyasi xadimi və pedaqoqu - Mehdi bəy Hacıbababəyovun xalqımız qarşısındakı xidmətləri unudulmur və bu gün də böyük hörmət və ehtiramla yad edilir.

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

Səfərov Rafiq Bahadur oğlu



[1] ARDTA,f.392,siy.1,iş.331.

[2] ARDTA,f.392,siy.1,iş.331,v. 1-3

[3] ARDTA,f.392,siy.1,iş.331, v.4(arxa üzü)

[4] ARDTA,f.392,siy.1,iş.331,v.4(arxa üzü)

[5] Yenə orada

[6] ARDTA,f.392,siy.1,iş.331,v.4(arxa üzü)

[7] ARDTA,f.392,siy.1,iş.331,v.5(arxa üzü)

[8] ARDTA,f.392,siy.1,iş.331,v.2.

 



Bugün: 560
Dünən: 751
Bu həftə: 2135
Son həftə: 5591
Bu Ay: 3582
Son Ay: 26618
Bu İl: 30200
Ümumi: 1342784
1342784