Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Məmməd Xan Təkinski

Son Yenilənmə : 2018-06-21 21:34:52
Baxış sayı : 1584

Onun adı faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində fəaliyyət göstərmiş cümhuriyyət xadimlərindən biri kimi bizə məlumdur. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın 2-ci cildində M.Təkinski haqqında yalnız cümhuriyyət hakimiyyəti illərindəki fəaliyyəti barədə qısa məlumat verilmiş, hətta onun şəkli belə tapılmamış, anadan olma və ölüm tarixləri məlum olmadığı üçün onların yerlərində sual işarəsi qoyulmuşdur.

Bu günlərdə Ukraynanın Odessa şəhərində xidməti ezamiyyətdə olarkən Odessa vilayətinin dövlət arxivində də olduq. Oradan digər sənədlərlə yanaşı vaxtilə Novorossiysk universitetində təhsil almış azərbaycanlı tələbələrin də şəxsi işlərini aşkar edərək surətlərini gətirdik. Həmin işlər arasında Novorossiysk universitetinin hüquq fakültəsinin tələbəsi olmuş Məmməd Xan Təkinskinin də şəxsi işi var.

Kimdir Məmməd Xan Təkinski? Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M.X.Təkinskinin atasının adı qrafasında - “Ehsan xan Təkinski”, qəyyumu adlı qrafada isə göstərilir: “Cəfərqulu xan Naxçıvanski”, milliyyəti-türkmən, dini etiqadı- müsəlman, təvəllüdü-1879-cu il.

Şəxsi işində sinif rəhbəri Avilov tərəfindən tərtib edilərək Tiflis birinci gimnaziyasının direktoru Markovun imzaladığı Məmməd Xan Təkinskiyə verilmiş xasiyyətnamə də var. Rus dilində yazılmış həmin xasiyyətnaməni olduğu kimi tərcümə edərək burada veririk:

“Məmməd Təkinskinin xüsusi talei olmuşdur. O, öz valideynləri haqqında heç nə deyə bilmir. Ona görə ki, onları görməyib. O, 1879 - cu ildə Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olmuşdur. Maraqlıdır ki, cəmi iki yaşı olarkən 1881-ci il yanvar ayının 12-si günü baş vermiş hadisə onun yaddaşına əbədilik olaraq həkk olunmuşdur. Xatırlayır ki, çayı keçərkən az qala boğulacaqmış, valideynləri onu ruslardan ot tayasında necə gizlətmişdilər, bir köynəkdə daşın üzərində necə oturmuşdu, ruslar küçələrdə türkmənləri necə doğrayırdılar, süngünü ona tuşlamış rus soldatının əlinə necə keçmişdi. Həmin gün onun bütün doğmaları məhv olmuşdu. O, rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski tərəfindən oğulluğa necə götürülmüşdür. Orada (yəni hərbi hissədə-A.P.) o, necə hamının sevimlisinə çevrilmiş və hərtərəfli qayğı ilə əhatə olunmuşdur.

Lakin dəhşətli təəssüratlar Təkinskinin həyatında öz izlərini də buraxmışdı. Bir vaxt onun bədəni tamamilə şişir. Belə hesab edirlər ki, bu əsəb sisteminin pozulmasının əlamətlərindən biridir. Bundan sonra müəyyən müddət onun dili dolaşır, topuq vururdu. Lakin müalicə olunmaqla o sağalmışdı. Son vaxtlarda isə onun bədəninin sol tərəfi yüngül şəkildə iflic olmuşdu. Xasiyyətindəki bir sıra kobudluqlara baxmayaraq, Təkinski hər halda yumşaq ürəkli, orta qabiliyyətlidir. Öz yaş həddinə görə kifayət qədər inkişaf etməmişdir. Hesab etmək olar ki, onun əsəb xəstəliklərinin əsas səbəbi gərgin əmək və asan olmayan gimnaziya kurslarının keçirilməsi zamanı beynində yaranmış əsəb gərginliyi olmuşdur. Hər halda Təkinski kifayət qədər bilikli, kifayət qədər ümumi inkişafa malik şəxs kimi gələcəkdə əgər özünə, öz qüvvəsi və zövqünə uyğun peşə seçərsə cəmiyyət üçün yararlı şəxs ola bilər.”

Xasiyyətnamə ilə yanaşı M.X.Təkinski Novorossiysk universitetinə aşağıdakı məzmunda “Şəhadətnamə ” də təqdim etmişdir.

“Bununla təsdiq edirəm ki, 1881-ci il yanvar ayının 12-də general-adyutant Skovelevin rəhbərlik etdiyi ordu Köy-Təpədə  Axal-Təkə qalasına hücumdan sonra çoxlu Təkin uşaqları valideyinsiz qalmışdı. Onlardan biri də Məmməd Xan Təkinski idi ki, o vaxt onun bir yaşı olardı. Müsəlman dininə mənsub olan bu uşağı qalaya hücum zamanı mənim rəhbərlik etdiyim polkun batalyonlarından birinə rəhbərlik edən podpolkovnik Xan Naxçıvanski tərəfindən tərbiyə etmək üçün götürülmüşdü.

Qeyd: Mənim polkumda olanlardan heç kimə məlum deyil ki, həmin uşağın o vaxt “Xan” titulu olmuşdur, yoxsa bu titul ona sonradan verilmişdir. 1890-cı il 26 may. Tiflis şəh. 81№-li Apşeron polkunun komandiri polkovnik N, polkun adyutantı adından poruçik Korobkov”.

Tiflis birinci kişi gimnaziyasında 11 il oxuyan M.X.Təkinski (8-ci sinifdə təkrarən 2-ci il qaldığı üçün) 1901-ci ildə oranı bitirərək 1514 №-li attestat alır. Həmin ilin avqustunda isə o, Novorossiysk İmperator Universitetinin rektoruna ərizə ilə müraciət edərək onu həmin universitetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul etmək barədə xahiş edir. Universitetə qəbul olunaraq iki il həmin fakültədə oxuduqdan sonra 1903-cü il avqustun 20-də M.X.Təkinski yenidən həmin universitetin rektoruna ərizə ilə müraciət edərək onu fizika-riyaziyyat fakültəsindən hüquq fakültəsinin birinci kursuna keçirməyi xahiş edir.

Onun ərizəsi üzərində tələbələrlə iş üzrə inspektor tərəfindən yazılmış arayışda bildirilirdi ki, “Məmməd Xan Təkinski – müsəlman dininə mənsub olmaqla, Tiflis 1-ci gimnaziyasının 1901-ci ildə verdiyi kamal attestatı ilə həmin ilin sentyabrından Novorossiysk universitetinin riyaziyyat bölməsinin tələbəsidir. 1901-1902-ci tədris ilinin mart ayına qədər I və II semestrində mühazirələr oxumaq üçün haqq ödəmədiyindən 1902-ci ilin martında universitetdən xaric edilmişdir. Universitetdə oxuduğu müddətdə isə ona qarşı heç bir ciddi tənbeh və irad olmamışdır.”

Həmin ərizənin üzərində yazılmış digər arayışda isə idarə heyətinin              9 sentyabr 1903 – cü il tarixli qərarı ilə Məmməd Təkinskinin universitetə gəldiyi, üzvülük və mühazirələr üçün qonarar haqlarını ödədiyinə görə onun hüquq fakültəsinin birinci kursuna qəbul olunduğu barədə idarə heyəti katibinin imzaladığı arayış da vardır.

1903-cü ilin dekabrında hüquq fakültəsinin 1 kurs tələbəsi Məmməd Xan Təkinski Novorossiysk universitetinin tələbə məsələləri üzrə inspektoruna ərizə ilə müraciət edərək bildirir ki, universitetdə oxuduğu müddət ərzində heç bir qadağan olunmuş işlərlə məşgul olmamış, əla əxlaq nümunəsi göstərmiş, heç bir kənar vəsaitdən və dövlət təqaüdündən də istifadə etməmişdir.

M.X.Təkinski Novorossiysk universitetinin rektoruna növbəti ərizəni 2-ci kurs tələbəsi kimi 1906-cı il oktyabrın 20-də yazıb. Öz ərizəsində o, göstərirdi ki, 1905-ci ildə universitetin xeyrinə üzvülük haqqını ödəyə bilmədiyim üçün universitetdən xaric olunmuşam. Sizdən acizanə xahiş edirəm ki, məni hüquq fakültəsinin 3-cü kursuna yenidən bərpa edəsiniz. Bərpa olunan kimi həm mühazirələr barədə, həm də universitetin xeyrinə vəsaiti ödəyəcəyimə söz verirəm.

M.X.Təkinski  Novorossiysk universitetinin rektoruna son ərizəni isə    1908-ci il iyunun 3-də yazaraq ona universiteti bitirməsi haqqında sənədlərin verilməsi barədə göstəriş verməyini xahiş edir.

Bütün bunlarla bərabər M.X.Təkinskinin Novorossiysk universitetinin tələbəsi kimi tərtib olunmuş şəxsi işində müxtəlif illərdə onun universitetin professor və müəllimlərinin mühazirələrində iştirakının siyahıları, bunun üçün ödədiyi təhsil haqqı barədə çoxlu sənədlər də qorunub saxlanılır. Bu sənədlər arasında M.X.Təkinskinin 1901-ci il iyun ayının 12-də Tiflisdə A.Hordşteynin foto studiyasında çəkdirdiyi və Novorossiysk universitetinə təqdim etdiyi foto şəkil də qorunub saxlanılır.

Təəssüflər olsun ki, M.X.Təkinskinin Novorossiysk universitetinin hüquq fakültəsini bitirdikdən sonra 1918-ci ilə qədər harada işlədiyi barədə əlimizdə əsaslı bir məlumat yoxdur. Ancaq güman etmək olar ki, o, bu illər ərzində Güney Qafqazda hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmişdir. Bunu 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına sonralar andlı iclasçı kimi M.X.Təkinski də bu komissiyanın işinə cəlb olunması, buradakı və sonrakı fəaliyyətləri göstərir ki, o həqiqətən də Güney-Qafqazda hüquq-mühafizə, məhkəmə, prokurorluq orqanları sistemində fəaliyyət göstərmişdi. Əlbəttə bunların gələcəkdə ətraflı öyrənilməsi olduqca vacibdir.

1918-ci ildən 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutuna qədər isə M.X.Təkinski əvvəlcə cümhuriyyət hökumətinin Ermənistan Respublikasında səlahiyyətli nümayəndəsi, sonra isə Xarici İşlər Nazirliyində nazirin müavini olmuşdur. Təəssüflər olsun ki, Azərbaycanın türkmən oğlunun cümhuriyyət dövründəki fəaliyyəti də lazımınca öyrənilməyib. Onun cümhuriyyət dövründən sonrakı taleyi barədə isə əlimizdə heç bir məlumat yoxdur.   

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında parlament qarşısında öz hökuməti adından F.X.Xoyski hesabat verdikdən sonra hökumət buraxılaraq yeni hökumətin parlament tərəfindən təşkili yenidən  F.X.Xoyskiyə tapşırılır. Sənədlərdən görünür ki, həmin vaxt Xarici İşlər naziri vəzifəsinin müvəqqəti icrası M.X.Təkinskiyə həvalə olunur. Belə ki, dekabrın 9-da o, Cümhuriyyət hökumətinin Gürcüstandakı nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təlimatda Ermənistanın Tiflisdəki nümayəndəsinə Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və heç bir vaxt Ermənistan Respublikasının tərkibinə daxil olmaq istəmədiyini bildirməyi tapşırır.

M.X.Təkinski 1919-cu il yanvar ayının 29-da Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistan Respublikası hökuməti yanında diplomatik nümayəndəsi təyin olunur. O, bu vəzifədə həmin il oktyabrın 1-də Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunan vaxta qədər fəaliyyət göstərmişdir.

Cümhuriyyət hökumətinin Ermənistan Respublikasında diplomatik nümayəndəsi kimi M.X.Təkinski Ermənistan hökumətinə 1919-cu il mart ayının 24-də etiraz notası verib. Notada deyilirdi ki, türklər İrəvan quberniyasından getdikdən bir neçə gün sonra erməni silahlı dəstələri erməni zabitlərinin rəhbərliyi ilə Naxçıvan istiqamətində hərəkət edərək öz yolunda olan Səib, Kataklı, Şalabl, Xaraba Kataklı kəndlərini dağıdaraq bu kəndlərdə olan mülki müsəlman əhalisini, o cümlədən də qaçqın müsəlmanları, qoca, qadın və uşaqları doğrayıblar. Şərurda müqavimətə rast gələn erməni dəstələri Qırovluya geri çəkiliblər. Eyni vaxtda digər erməni dəstələri Cirmansdan, Qaraxaç, Şaqanlı, Kadilli, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz və Şişi Dağ kəndlərinə doğru hərəkət edərək bu kəndlərin mülki müsəlman əhalisini qırmış, əvvəlcədən seçdikləri bir neçə yüz gözəl müsəlman qız və qadınlarını aparmış və bu günə qədər də onlar erməni əsgərlərinin əlində girovdurlar. Erməni əsgərlərinin müsəlmanlara qarşı bütün bu yaramaz hərəkətləri haqqında Ermənistan Respublikası hökumətinə vaxtında məlumat verilmişdir. Mənim hökumətimin tapşırığı ilə Ermənistan Respublikası hökumətinə təklif edirəm ki, girov aparılmış bütün müsəlman qadın və qızları təxirə salmadan erməni əsgərlərinin əlindən azad edilsinlər. Yuxarıda göstərilən bütün kəndlərdə müsəlmanlara vurulmuş ziyanları dəqiqləşdirmək üçün ingilis, müsəlman (azərbaycanlı A.Paşayev) və ermənilərdən ibarət birləşmiş komissiya yaradılsın”.

Həmin il aprel ayının 2-də M.X.Təkinski Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi teleqraf məlumatında bildirirdi ki, martın 18-də Eçmiadzinə gedərək orada katalikosla görüşdüm. O, ermənilərlə müsəlmanların dostluq etməsinin vacibliyini vurğuladı və söz verdi ki, erməni xalqına müraciət edəcək ki, müsəlmanlarla dostluqla yaşasınlar. Katalikos məni nahara dəvət etdi və mən gedənə qədər məndən ayrılmadı. Mazut olmadığı üçün Eçmiadzin kilsəsi və katalikosun evi elektrik işığı ilə işıqlandırılmır. O, məlumat verirdi ki, mən katalikosa mazutla kömək edəcəyim barədə söz vermişəm.

Habelə o, bildirirdi ki, gəlir mənbəyi olmadığı üçün Ermənistan müstəqil yaşaya bilməz. Qaçqınların vəziyyəti olduqca çətindir və onlara ətraflı kömək lazımdır. Hind əsgərləri Naxçıvan istiqamətində yola düşüb. Əgər vacibdirsə Kars hökuməti ilə əlaqə yaradın. Yuxarı siniflərdə olan 14 gənc əgər gimnaziyaya qəbul edilsələr öz təhsillərini davam etdirmək üçün Azərbaycana gəlmək istəyirlər.

M.X.Təkinskinin məlumatı üzərində elə həmin gün Fətəli Xan Xoyski belə bir dərkənar qoymuşdu. “Neft (bir sistern) buraxılsın, əlaqə yaradılsın, gimnazistlər qəbul edilsin”.

M.X.Təkinskinin İrəvandan növbəti məlumatı 1919-cu il mayın 3-də Cümhuriyyət hökumətinin yeni Baş Naziri N.Yusifbəyova erməni ordusunun Naxçıvana müdaxiləsi ilə əlaqədar olaraq Ermənistan hökumətinə verdiyi nota barədəki məlumatdır. Notada deyilirdi: Mənim hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikasının ordusunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan rayonuna göndərilməsinə qarşı öz etirazımı bildirirəm.

Öz notasında M.X.Təkinski bildirirdi: “Ümid edirəm ki, Ermənistan Respublikası hökuməti iki respublika arasındakı sərhəd məsələlərini eyni vaxtda həm silah gücünə, həm də başlıca  vəzifəsinin  sərhəd məsələlərinin sülh yolu ilə həll etməli olan Qafqaz konfransında iştirak edəcək öz nümayəndələri vasitəsilə həll etməyəcək. Özü də Ermənistan Respublikasının hökuməti özünün 1919-cu il 4 aprel tarixli 1075 №-li notası ilə ərazi məsələlərinin məhz Qafqaz konfransında həll edilməsini təklif edir”.

1919-cu il mayın 10-da M.X.Təkinski Cümhuriyyət hökumətinin Baş Naziri N.Yusifbəyova şifrəli məktubla bildirirdi ki, dolaşan şayiələrə görə ingilislər əgər Ermənistan Qarabağın Azərbaycana verilməsi ilə razılaşarsa, Şərur-Naxçıvan rayonunu da Ermənistana verməyə hazırlaşır. Bu şayiələr ermənilər tərəfindən yayılır. Mən hesab edirəm ki, ermənilər üçün Kars kifayətdir. Əhalisi tamamilə müsəlmanlardan ibarət olan Şərur-Naxçıvanı ermənilərə vermək olmaz. O zaman onlarında əhalisi Ermənistanda olan digər müsəlman əhalisi kimi olduqca ağır vəziyyətə düşər. Müsəlman əhalisinin acınacaqlı vəziyyəti haqqında əlimdə kifayət qədər dəlillərim var. Bütün bunları Tiflisdə Müttəfiqlərin komandanlığına başa salmaq və onlarla daim əlaqə saxlamaq lazımdır, yoxsa bizim diplomatiyamız uduzacaqdır”.

M.X.Təkinski 1919-cu il mayın 29-da Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi növbəti şifrələnmiş məktubunda bildirirdi ki, “Azerbaydjan” qəzetinin 105-ci nömrəsində xəbər verilir ki, Naxçıvan əhalisi erməni ordularını ruh yüksəkliyi ilə qarşılayıb. Şərur-Naxçıvan rayonunun əhalisi ingilislərin tələbi ilə tabe olub. Kalbali xan Naxçıvanski Xatisovun dəvətini qəbul etməyərək onun yanına gəlməmiş və bildirmişdi ki, o, Ermənistanı tanımır. Yalnız general Delinin dəvəti ilə Xan gəlmiş, general ona elan etmişdir ki, rayon Ermənistana birləşdirilir. Xan cavab vermişdir ki, yalnız ingilislərin tələbini qəbul edir. Müsəlmanlar erməniləri baykot edir və inzibati vəzifə tutmaq barəsindəki erməni təkliflərini rədd edirlər”.

M.X.Təkinski 1919-cu il iyunun 7-də Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi məktubunda bildirirdi ki, ermənilər Denikinin könüllü ordusunun Bakını tutacaqları ümidi ilə sevinirlər. Baxmayaraq ki, iyunun 1-də mənim yanımda nahar vaxtı Xatisov Ermənistanın və Azərbaycanın özlərini müdafiə və müstəqilliklərini saxlamaq üçün mənafelərinin  eyni olduğuna məni inandırmağa çalışırdı. Könüllü ordu ilə münasibətlərimiz pisləşərsə Ermənistan bizə qarşı düşmən mövqe tutacaq. Ona görə də Şərur- Naxçıvan bölgəsində Ermənistan üçün təhlükə yaratmaq lazımdır. Bunun üçün hərbi təşkilata pul buraxılmalıdır. Mənim həyata keçirdiyim tədbirlər nəticəsində Şərur- Naxçıvan və Ordubad vahid Milli Şurada birləşərək daim mənimlə əlaqə saxlayırlar.

1919-cu il iyun ayının 21-də M.X.Təkinski İrəvandan göndərdiyi təcili şifrələnmiş məlumatında bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar və Şahtaxtı rayonları erməni orduları tərəfindən tutulmuş və orada erməni idarə sistemi yaradılmışdır. Naxçıvan Milli Şurası məndən xahiş edir ki, Müttəfiqlər komandanlığına bildirim ki, erməni hakimiyyəti ingilis generalı Deli və Xatisova söz vermələrinə baxmayaraq axtarışlar aparmaqla, əhalidən silahları, mebelləri, dirəkləri, taxtaları və sairəni müsadirə edirlər. Müttəfiq ordu komandanlığından xahiş edin ki, bu cür qeyri-qanuni və düzgün olmayan hərəkətlərə son qoyulsun. Culfa da ermənilərin əlindədir. Naxçıvan Milli Şurasının xahişini yerinə yetirməyi mümkün hesab edirsinizmi? Ordubadlılar hələki erməniləri yaxın buraxmırlar. Bu barədə 11 gün əvvəl ordubadlılar ermənilərə açıqca bildirmişlər. Müsəlman orduları buraxılmışdır. Yalnız 300 nəfərdən ibarət partizan dəstəsi var.

Həmin il iyul ayının 21-də M.X.Təkinski İrəvandan Xarici İşlər Naziri M.Y.Cəfərova göndərdiyi növbəti teleqramda bildirirdi ki, bu gün Britaniyanın hərbi nümayəndəsi polkovnik Plauton mənə yazılı və şifahi surətdə bildirdi ki, o, general Koridən əmr alıb ki, Böyük Vedidə və Naxçıvanda bütün hərbi əməliyyatlar dayandırılsın. Bu gün polkovnik Plauton və general Kori bizim  diplomatik nümayəndə ilə görüşmək üçün Tiflisə gedir. Yeni vəziyyətlə əlaqədar olaraq mən Bakıya səfərimi təxirə salıram”.

M.X.Təkinski 1919-cu il avqust ayının 2-də öz hökuməti adından Ermənistan Respublikası Xarici İşlər Nazirinə ətraflı notasında həmin il iyunun  12-də Ermənistan Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Bekzadyanın Böyük Vedidə baş vermiş hadisələr barədə protestinə cavab olaraq bildirirdi ki, Bekzadyan bilərəkdən faktları saxtalaşdırır. Onun verdiyi məlumatlardan bilinmir ki, Ermənistan hökuməti Böyük Vediyə hansı sayda hərbi dəstə göndərib. Hərbi dəstə rəisinin göstərişi ilə Böyük Vedi silah və pulemyot atəşinə tutulub. Məlum deyil bu dəstənin cəza dəstəsindən fərqi nə idi? Əslində erməni hərbi hissələri iyunun 4-də səhər Böyük Vediyə çatır. Danışıqlar zamanı ilk atəş səsi erməni hərbi hissələri tərəfindən eşidilir. Bu güllələrlə Böyük Vedidən danışıq üçün gəlmiş iki nəfər nümayəndə öldürülür: Zeynal Abdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşirbəy oğlu. Nümayəndələrinin öldürüldüyünü görən Böyük Vedililər tərəfindən də atəş açılır və bütün günü atışma davam edir. Böyük Vedililərə qarşı artilleriya və piyada polkun hissələrindən istifadə olunur. Həmin günün axşamı erməni hərbi hissələri pulemyotları, tüfəngləri, mərmiləri, arabaları, hətta dəftərxanalarını da Böyük Vedi müsəlmanlarına qoyaraq  geri çəkilməyə məcbur olurlar.

M.X.Təkinski öz notasında qeyd edirdi ki, Böyük Vedinin nə səbəbə Ermənistana qatılmasına cavab olaraq Böyük Vedililər bildirirlər ki, Ermənistan Respublikası ərazisində ermənilər tərəfindən 300-dən yuxarı müsəlman kəndi dağıdılıb, bir neçə min müsəlman kişi, qadın və uşaqlar məhv ediliblər. Öz notasının sonunda M.X.Təkinski bildirirdi ki, əgər Ermənistan hökuməti ermənilərlə müsəlmanlar arasında xeyirxah qonşuluq münasibəti yaratmaq istəyirsə Ermənistanda yaşayan müsəlmanlar üçün hüquqi şərait yaratmalıdır. Ermənistan hökuməti müsəlmanlara qarşı tətbiq olunan zorakılıqları əyani surətdə yoxlamaq istəyirsə qoy İttifaq dövlətlərinin, Ermənistan və Azərbaycan respublikalarının nümayəndələrindən ibarət komissiya yaradılsın. Qatillər və soyğunçular isə ciddi surətdə cəzalandırılsınlar.

1919-cu ilin oktyabrından Xarici İşlər Nazirinin müavini işləyən M.X.Təkinski həmin il dekabrın 28-də Tiflisdən Bakıya gələn Polşa Respublikasının Qafqazdakı nümayəndəsi Vaslav Ostrovskini Bakıdakı Polşanın konsul agenti və polyak nümayəndələrinin iştirakı ilə dəmir yol vağzalında qarşılayır.

1920-ci il yanvarın 23-də isə o, digər yüksək vəzifəli şəxslərlə birlikdə xüsusi qatarla Azərbaycan xarici işlər naziri  F.X.Xoyskinin müşayiəti ilə Tiflisdən Bakıya gələn Müttəfiq Dövlətlərin ali komissarı Oliver Yordponu qarşılayır.

1920-ci il aprel ayının 28-də Sovet Rusiyasının XI ordusu tərəfindən Azərbaycan işğal olunduqdan sonra işğalçıların bütün vədlərinə baxmayaraq süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbərlərinə və fəallarına qarşı ciddi repressiya siyasəti həyata keçirilir. Həmin repressiyalardan sonra M.X.Təkinski haqqında da heç bir məlumat qalmamışdı. XIX əsrin 80-cı illlərində bütün ailəsi Türkmənistanda Çar Rusiyası orduları tərəfindən qətlə yetirilmiş və yetim qalmış iki yaşlı türkmən uşağı Ehsan Xan Naxçıvanski tərəfindən oğulluğa götürülərək onu Məmməd Xan Təkinski adlandırmışdı. Naxçıvanskilər nəsli ona tam ali təhsil verərək Azərbaycan üçün görkəmli bir siyasi xadim yetişdirmişdilər. Təəssüflər olsun ki, talein hökmü ilə M.X.Təkinski yenə də imtahana çəkilmiş, yenə də Rusiyanın bolşevik donu geymiş əsgərləri tərəfindən repressiyaya uğradılmış və bu günə qədər də onun son talei barədə əlimizdə heç bir məlumat yoxdur. Bu işıqlı şəxsiyyət haqqında əlavə məlumatlar aşkar etmək və açıqlamaq vətən sevgisi ilə yaşayan hər bir vətəndaşın müqəddəs amalı olmalıdır.

 

Ataxan Paşayev

Milli Arxiv İdarəsinin rəisi, 

Tarix elmləri doktoru



Bugün: 622
Dünən: 824
Bu həftə: 3924
Son həftə: 6294
Bu Ay: 22927
Son Ay: 25108
Bu İl: 289076
Ümumi: 1309497
1309497