Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Mənsur şeirin banisi

Son Yenilənmə : 2023-10-17 13:26:22
Baxış sayı : 177

        

 

 

Azərbaycan ədəbiyyatında orta nəslə mənsub görkəmli ədiblərdən biri də  Gülhüseyn Hüseynoğludur. Görkəmli Xalq yazıçısı, nasir və ədəbiyyatşünas 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. O, erkən yaşlarında ailəsi ilə birgə Bakıya köçmüşdür. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin indiki (BDU) filologiya fakültəsinə qəbul olmuşdur. Daha sonra həmin universitetin aspiranturasına daxil olmuşdur. Onun yaradıcılıq həyatı çox keşməkeşli, gərgin və zəngin xatirələrlə dolu keçmişdir. Hər zaman səmimi sözləri ilə oxucularını daim düşündürmüş, yaradıcılığa başladığı gündən öz imzasını sevdirmişdir.  Yaradıcılığında oçerk, povest və  emi tədqiqat əsərləri yazsa da mənsur şeir və hekayələr əsas rol oynamışdır. O, Azərbaycan ədəbiyyatına mənsur şeir janrını gətirmiş, dəyərli nümunələrini yaratmışdır. Onun ilk mənsur şeiri 1946-cı ildə yazdığı “Bənövşə” əfsanəsi şeiridir.               

            Gülhüseyn Hüseynoğlu əmək fəaliyyətinə 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında işçi olaraq başlamışdır. Daha sonra 1947-1948-ci illərdə Gənc Tamaşaçılar Teatrının Pedaqoji şöbəsində işləmişdir. Lakin ömrünün yarım əsrdən çoxunu demək olar ki , yaradıcılıq fəaliyyətini  Azərbaycan Dövlət Universitetinə (indiki BDU) bağlamışdır. Filologiya fakültəsində baş müəllim, dosent, professor olaraq çalışmışdır.                                                   

            Gülhüseyn Hüseynoğlunun  ömür yolunu bir-birindən fərqli üç zamana sığışdırmaq olar. Ömrünün ilk dövrü uşaqlıq, gənclik, tələbəlik həyatıdır. O, millətini sevmiş daim xalqını düşünmüşdür. Öz xalqını Qırmızı İmperiyanın əsarətində görmək istəmir. Azərbaycanı müstəqil bir respublika kimi, Sovet İttifaqından çıxması, ana dilinin dövlət dili  kimi bərpa edilməsi yazıçının amansız rejimdə ən cəsarətli addımlardan biri olmuşdur. Azərbaycançılıq onun üçün quru söz deyildi qürur mənbəyi idi. 1942-ci ildə o sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet “İldırım” təşkilatının qurucularından biri idi. Təşkilatın qurucularından olan Gülhüseyn Hüseynoğlu və digərlərini  həbs edirlər. Apardığı azadlıq hərəkatına görə Sibirə sürgün edilmişdir. Stalinin vəfatından sonra bu məsələlərə yenidən baxılır və nəhayət, “İldırımçılar” evlərinə qayıdırlar.       

                        O, bəraət qazanandan sonra ömrünün ən səmərili fəaliyyət dövrünə qədəm qoyur. Həm yazıçı kimi, həm də elm aləmində alim, müəllim kimi fəaliyyət göstərməyə başlayır. Yazıçının “Nigarançılığın sonu”, “Ay nur çiləyəndə”, “İnsan”, “Müşfiqin yolu”, “Müşfiq” adlı bədii kitabları, monoqrafiyaları rəğbətlə qarşılanır. Bütün bunlarla yanaşı o, yaradıcılığının yarıdan çoxunu  Mikayıl Müşfiqin tədqiqatına həsr etmişdir. Onun namizədlik işi də məhz Müşfiqdən idi. Sonrakı illərdə də onun haqqında məqalələr yazır, əsərlərinin nəşrinə də qayğısını əsirgəməmişdir.  

            Gülhüseyn Hüseynoğlu hər zaman öz yaradıcılığı ilə dövlətin diqqət mərkəzində olmuşdur. O bir sıra mükafatlara və təltiflərə layiq görülmüşdür.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 2005-ci ildə isə “Xalq yazıçısı” fəxri adını almışdır.    Onu tanıyan nasirlər, ədəbiyyatşünaslar Gülhüseyn Hüseynoğlu haqqında  həmişə öz xatirələrini bölüşmüşlər. Şair və yazıçılarımızdan Səməd Vurğun, Mehdi Hüseyn, Sabir Rüstəmxanlı, rus yazıçılarından Konstantin Fedin, Viktor Telpuqov, akademik və tənqidçilər Bəkir Nəbiyev, Aslan Aslanov və başqaları onun yaradıcılıq yolunu, dəsti-xəttinin özünəməxsusluğundan bəhs etmişdir.                                                       

            Professor  Mir Cəlal Paşayev onun barəsində: “Gülhüseyn heç kimə bənzəməyən, özünün dəsti-xətti, üslubu olan həmişə axtaran, poetik kəşflər edən özünün tələbkar əsərləri üzərində zərgər dəqiqliyi ilə işləmək, oxucusuna və ümumi ədəbiyyata hörmət bəsləyən, az yazmağı mənalı yazmağı sevən yazıçıdır” sözlərini bölüşmüşdür.                                     

                        Şair Sabir Rüstəmxanlı isə onun haqqında həmişə yüksək fikirdə olmuş və bunları demişdir: “ Gülhüseyn Hüseynoğlu ---     hekayələrində sakit, təmkinli yazı manerası olan, konkret detallarl danışan, cidd, realist yazıçıdır. O, artıq təfərrüatdan, yersiz ricətlərdən qaçır, mövzunun baş ideyasını həssaslıqla qabardır. Surətlərin mənəvi-psixolji aləmini dərindən duyur və göstərir”.                                   

            Gülhüseyn Hüseynoğlunun xatirəsi onu tanıyanların, dostlarının, tələbələrinin qəlbində hər zaman səmimi insan kimi yaşayacaqdır. Onun sənədləri gələcək nəsillərə əmanətdir və bu gün həmin dəyərli sənədlər Salman Mümtaz  adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat İncəsənət arxivində 39 N-li fondda qorunub saxlanılır. Onun sənədlərinin əsasını əlyazmaları, yazışmaları, təsviri sənədləri təşkil edir.   

            Gülhüseyn Hüseynoğlu 90 il ömür sürdü. O, 2013-cü il iyul ayının 8-də vəfat etmişdir. II Fəxr Xiyabanda dəfn edilmişdir. Onun dünyasını dəyişməsi ədəbiyyatımızın və mənəviyyatımızın mənəvi itkisi sayılır. O, öz milləti üçün  mübarizə aparan, xalqının azadlığı üçün  yaşayan insan idi.

            Məqalədə ARDƏİA-in 39  №-li fondunda daimi mühafizə edilən sənədlərdən istifadə edilmişdir.

 

Gülnar Şərifova

ARDƏİA, aparıcı arxeoqraf

 



Bugün: 131
Dünən: 1014
Bu həftə: 5297
Son həftə: 6066
Bu Ay: 19193
Son Ay: 28223
Bu İl: 260234
Ümumi: 1280655
1280655