Metalların texnologiyası üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri, mühəndis –metallurq Neymətulla bəy Baxşəli ağa oğlu Şahtaxtinski haqqında bəzi qeydlər.
Azərbaycan xalqıının tarixində çox mühüm rol oynamış bir sıra tanınmış soyadlar vardır ki, onlardan biri də Şahtaxtinskilərdir.İsa Şahtaxtinski, Məmmədağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Baxşəli ağa Şahtaxtinski, Həbibulla Şahtaxtinski, Neymətulla Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya,Toğrul Şahtaxtinski, Aleksis Şahtaxtinski və başqaları bu soyadın tanınmış nümayəndələrindəndir. Bu məqalə Azərbaycanda texniki-peşə təhsilinin təşkilində,müxtəlif texniki peşələrə yiyələnmiş milli kadrların hazırlanmasında müəyyən rolu və xidməti olmuş Neymətulla Baxşəli ağa oğlu Şahtaxtinskiyə həsr edilmişdir.
Mühəndis-metallurq Neymətulla Şahtaxtinski metalların texnologiyası üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri olmuşdur. Neymətulla Şahtaxtinski haqqında məqaləni hazırlayərkən bəzi ilkin tarixi məlumatları əldə etməkdən ötrü mövcud ensiklopediyalara, o cümlədən Azərbaycan sovet, Azərbaycan Xalq Cümhuriyyəti, “Bolşaya Sovetskaya Ensiklopediya»sının müvafiq cildlərinə və Naxçıvan Ensiklopediyasına müraciət etdim. Lakin həmin mənbələrdən Neymətulla Şahtaxtinski haqqında hər hansı bir məlumat aşkar etmək mümkün olmadı. Çox gümanki, Neymətulla Şahtaxtinskinin həyat və fəaliyyəti bu günədək kifayət qədər öyrənilmədiyi üçün onun haqqında məlumatlar mövcud elmi-kütləvi nəşrlərə daxil edilməmişdir.
Neymətulla Şahtaxtinski haqqında bəzi məlumatları Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan arxiv sənədlərindən və Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasındakı mənbələrdən aşkar etmək mümkün oldu. Arxiv sənəd və materiallarından aşkar etdiyim məlumatlar əsasında Neymətulla Şahtaxtinski haqqında hazırladığım bu məqaləni milli təhsil tariximizin hər bir səhifəsinə böyük hörmət və ehtiram əlaməti olaraq hörmətli oxucularımızın diqqətinə çatdırıram:
Neymətulla ağa Şahtaxtinski 1887-ci ildə Naxçıvan qəzasında, indiki Kəngərli rayonunun Şahtaxtı kəndində, öz dövrünün ziyalılarından olan Baxşəli ağa Şahtaxtinskinin ailəsində anadan olmuşdur. Bakı Politexnik məktəbinin direktoru L.S.Brjostovskinin 1919-cu ilin avqustunda Bakı qəza-şəhər Barışıq məntəq-əsinin müdirinə göndərdiyi 648 №li məktubda Bakı şəhəri Stanislavskaya-46 ünvanında (indiki Azadlıq prospekti- R.S.) yerləşən Bakı Politexnik məktəbinin binasında yaşayan müsəlmanların siyahısı qeyd edilmişdi. Həmin siyahıda Nemətulla bəyin 32, İsmayıl Şıxəhməd oğlunun isə 35 yaşı olduğu qeyd edilirdi. Siyahıdakı bu məlumata əsaslanaraq Neymətulla bəyin doğum tarixinin 1887-ci il olduğunu qeyd etmək mümkündür. N. Şahtaxtinskinin doğum tarixini digər mənbələr üzrə dəqiqləşdirmək mümkün olmadı.
Neymatulla Şahtaxtinski ali təhsilini Petroqrad Politexnik İnstitutunda almışdır. O,həmin İnstitutun kurslarını bitirdiyi haqqında 1918-ci il martın 23-də 315№li vəsiqə almışdır. Neymətulla Şahtaxtinskinin Petroqrad Politexnik İnstitutunun məzunu olduğu haqqında məlumatlar bir sıra sənədlərdə öz əksini tapmışdır. Məsələn, həmin sənədlər sırasında Xalq Maarif Nazirliyinin Dəftərxanasının direktor müavi M.Kondratyevin Ticarət məktəbinin direktoruna göndərdiyi məktubu, həmçinin Bakı Politexnik məktəbində çalışan qulluqçularan 1918-1919-cu il üzrə dərs bölgüsü siyahısını qeyd etmək olar.
Xalq Maarif Nazirliyinin rəisi Həmid bəy Şahtaxtinskinin 1919-cu il aprelin 30-da imzaladığı 168№li əmrlə mühəndis – metallurq Neymətulla Şahtaxtinskiyə icazə verilirdi ki, 1919-cu il mayın 1-dən etibarən Bakı Politexnik məktəbinin emalatxanasının müdiri vəzifəsini icra etsin. Məktəbin direktoru L.S.Brjostovski 1919-cu il mayın 3-də Dövlət Nəzarəti İdarəsinə 202№li məktub göndərərək Neymətulla Şahtaxtinskinin Bakı Politexnik məktəbinin emalatxanasının müdiri vəzifəsini icra etdiyi haqqında məlumat vermişdir.
Bakı Politexnik məktəbinin yaranma tarixi haqqında qeyd edirik ki, Qafqaz Tədris dairəsinin 26 aprel 1888-ci il tarixli sərəncamı ilə 1888-ci ilin iyulunda Bakıda şəhər sənət məktəbi açılmışdı. Həmin məktəb 1896-cı il sentyabrın 1-dən yenidən təşkil edilərək Bakı ibtidai mexanika-kimya-texnika məktəbi; 1901-ci ilin iyulunda isə məktəbin kimya bölməsi əvəzinə inşaat bölməsi yaradılaraq İbtidai mexanika-inşaat texniki məktəb” adlandırıldı. Məktəb 1905-ci il yanvar ayından etibarən yenidən təşkil edilərək orta mexanika-inşaat texniki məktəb, 1913-cü ildə isə bu məktəbin adında yenidən dəyişiklik edilərək “Bakı Alekseev orta mexanika - inşaat texniki məktəbi” adlandırılmışdır. Məktəb qısa müddətdə texniki fikrin cəmləşdiyi, yaradıcı və texniki ziyalıların bir yerə toplandığı bir məkana çevrilmişdir. Məktəbin başlıca vəzifəsi Bakı və bütün Qafqaz bölgəsinin sənaye və texniki sahələri üzrə ixtisaslı mütəxəssislərin, ustaların və texniklərin hazırlanmasından ibarət idi. Məktəb Ticarət və sənaye nazirliyinin tabeçiliyində idi. Qafqaz Tədtis dairəsinin 3 may 1908-ci il tarixli sərəncamı ilə 1909-cu ilin yanvarından etibarən məktəbin nəzdində heykəltaraşlıq - daşyonma sənəti üzrə məktəb yaradıldı. Bu Rusiyada daşyonma sənəti üzrə yaradılmış ilk məktəb idi. 1911-ci ildə məktəbin nəzdində sürücülər kursu və 1916-cı ildən isə tikinti işləri üzrə briqadirlər (desyatniklər) məktəbi açıldı. Məktəb 1917-ci il mayın 30-dan etibarən üç bölmədən-neft sənayesi, elektromexanika və memarlıq-inşaat bölmələrindən ibarət politexnikuma çevrilərək “Bakı politexnik məktəbi” adlandırıldı.
Bakı Politexnik məktəbinin 15 sentyabr 1919-cu il tarixli 572; 580 №li vəsiqələrində qeyd edilirdi ki, riyaziyyat və fizika kurslarının həcminə görə Bakı Politexnik məktəbinin 1- ci sinifi gimnaziya və real məktəbinin 6-cı sinifinin kurslarına bərabər tutulur. Real məktəbinin əlavə sinifini bitirmiş şagirdlər Bakı Politexnik məktəbinin 1-ci sinifinə imtahansız qəbul oluna bilərdi.
Xalqımızın böyük oğlu, tanınmış maarifpərvər xeyriyyəçi H.Z.Tağıyev Bakı Politexnik məktəbinin yaradıcısı və 20 ildən artıq bir müddətdə fəxri qəyyumu olmuşdur.
1918-ci il oktyabrın 22-də Bakı Politexnik məktəbinin direktor müavini L.S.Brjostovski məktəbin dəzgah və alətlərinin müsadirə edilməsinin qarşısının alınması haqqında H.Z.Tağıyevə məktubla müraciət etmişdir. Onun H.Z.Tağıyevə ünvanladığı məktubda qeyd edirdi: ”Dünən oktyabrın 21-də axşam saat 4-də polkovnik Həsən Fəhmi avtomobil zavodunun müdiri ilə birlikdə məktəbin emalatxanalarına gələrək Bakı Politextik məktəbinə məxsus dörd ədəd yeni tokar dəzgahını, bir ədəd yeni dişaçan dəzgahı, üç ədəd təmir olunmuş tokar gəzgahlarını, 100 ədəd çilingər məngənəsini və alətləri müsadirə etdiklərini bildirdilər. Dəzgah və alətlərin müsadirə edilməsi məktəbdə şagirdlərə peşələrin lazımi səviyyədə öyrədilməsini qeyri-mümkün edir. Həmin əmlak məktəbin xeyrinə ödənilmiş ianələrin hesabına əldə edilmişdir.
Hacı, sizə müraciət edərək acizanə xahiş edirəm ki, imkanınız daxılində məktəbi onun dəzgah və alətlərinin müsadirə edilməsindən qoruyun və bununla da siz məktəbi qoruyub saxlamış olarsınız.”
1919-cu il yanvarın 30-da Bakı politexnik məktəbinin direktoru l.S. Brjostovski müsadirə edilmiş əmlakın geri qaytarılması və onun məktəbin emalatxanalarına çatdırılmasına yardım edilməsi haqqında Ticarət və sənaye naziri M.b.Əsədullayevə məktibla müraciət edərək bildirirdi ki, “...Politexnik məktəbinə məxsus dəzgahlar, məngənələr, kəmərlər və alətlər müsadirə edilmişdir. Bunların hamısı Kopiloviç zavoduna göndərilmiş və orada quraşdırılmışdır, hazırda isə Biçeraxovun dəstəsinin avtomobil zavodundadır. Məktəbin emalatxanasından çoxlu sayda dəzgah və alətlərin müsadirə edilməsi şagirdlərin uğurlu təhsilinə öz mənfi təsirini göstərməklə yanaşı hökumət təşkilatlarının, Poçt və teleqraf nazirliyinin, sənaye təşkilatlarının sifarişlərinin icra edilməsini də qeyri-mümkün edir.
Yuxarıda qeyd olunanlara əsaslanaraq... xahiş edirəm ki, Biçeraxovun dəstəsinin avtomobil zavodundan məktəbin müsadirə edilmiş əmlakının qeri qaytarılması və yük maşınları ilə məktəbin emalatxanasına çatdırılması üçün müvafiq göstəriş verəsiniz... dəzgah və alətlərin siyahısını əlavə edirəm.”
Bakı politexnik məktəbinin direktorunun Ticarət və sənaye nazirliyinə təqdim etdiyi siyahıda bir çox alətlərlə yanaşı yerli istehsal olan revolver dəzgahı (təkmilləşdirilmiş tokar dəzgahı) ingiltərə tipli tokar dəzgahı, alman tipli “Rapid” və fransız tipli “Prefekt” tokar dəzgahları da qeyd edilirdi. Bakı Politextik məktəbinin direktorunun Böyük Britaniyanın gərargah idarəsinə , polkovnik Valtona ünvanladığı 9 may 1919-cü il tarixli 209№li məktubda qeyd edilirdi ki, “Bakı Politexnik məktəbindən müsadirə edilmiş dəzgah, alət və ləvazimatlar hazırda Nijne-Priyutski (indiki Süleyman Rəhimov küçəsi-R.S) küçəsində yerləşən Kopileviç zavodundadır. Siyahıda qeyd olunan Politexnik məktəbinə məxsus əmlakın geri qaytarılması haqqında müvafiq şərəncam verməyinizi sizdən xahiş edirəm”. Bakı Politexnik məktəninin direktoru tərəfindən mahiyyətçə oxşar məktub 1919-cu il martın 6-da Bakıda Müttəfiq qüvvələrin komandanı gen. Tomsona da göndərilmişdir. Bakı Politextik məktəbinin əmlakının geri qaytarılması məsələsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Rabitə yolları nazirliyi tərəfindən komissiya təşkil edilmiş və həmin komissiyada Neymətulla Şahtaxtinski Bakı Politexnik Məktəbinin nümayəndəsi təyin edilmişdir. Bu haqda N. Şahtaxtinskiyə 1919-cu il mayın 14-də 217 №li vəsiqə verilmişdir. Neymətulla bəy Bakı Politextik məktəbinə məxsus əmlakın məktəbə qaytarılması üzrə yaradılmış komissiyanın işində fəal iştirak etmişdir. Əmlakın məktəbə qaytırılması məqsədilə komissiyanın keçirdiyi baxış zamanı N.b.Şahtaxtinski dəzgahların tanınması üçün Yevgeniy Petroviç Kuznetsov, İvan Spiridonoviç Derevenko və Mixail Petroviç Karpovu şahid kimi gətirib çıxarmış və müəyyən edilmişdir ki, dəzgahlar həqiqətən də Bakı Politexnik məktəbinə məxsusdur. Bakı Politexnik məktəbinin Rabitə yolları nazirliyinin avtobazasında olan əmlakının qaytarılması haqqında akt tərtib edilərək komissiya üzvləri və şahidlər tərəfindən imzalanmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 25 avqust 1919-cu il tarixli qərarı ilə Neymətulla Şahtaxtinski 1919-cu il avqustun 14-dən etibarən Xalq Maarif Nazirliyinin peşə təhsili şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Neymətulla Şahtaxtinskinin azərbaycanlı müsəlman gənclərin peşə təhsilinə cəlb olunması və onların peşə ixtisaslarına yiyələnməsi istiqamətində müəyyən rolu və xidmətləri olmuşdur. Qeyd edirik ki, 1919-cu ildə Bakı Politexnik məktəbinin elektro-mexanika; neft –sənaye; memarlıq-inşaat şöbələrində təhsil alan cəmi 347 şagirddən 44-ü müsəlman, Bakı Politexnik məktəbinin nəzdindəki peşə məktəbinin çilingərlik, xarratlıq; heykəltəraşlıq –daşyonma; pərçimləmə və minalama işləri şöbələrində isə təhsil alan cəmi 108 şagirddən 11-i müsəlman idi. Şagirdlərə peşələrin lazımi səviyyədə öyrədilməsində Neymətulla Şahtaxtinskinin rəhbərlik etdiyi məktəb emalatxanalarının böyük rolu olmuşdur.
Xalq Maarif Nazirliyi Bakı şəhərində 4 sinifli qadın peşə məktəbinin açılması və 1919-cu ildə onun təchiz edilməsi və saxlanılması haqqında qanun layihəsini, qanun layihəsinə dair izahatnaməni, məktəbin təchiz edilməsi və saxlanması xərclərinin ümumi smetasını hazırlayaraq baxılmaq üçün 1919-cu ilin oktyabrında Nazirlər Şurasının sədrinə təqdim etmişdir. Xalq Maarif Naziri R. Kaplanov və nazirliyin peşə təhsili üzrə idarəsinin rəisi Neymətulla Şahtaxtinski tərəfindən imzalanmış qanun layihəsinin izahatnaməsində qeyd edilirdi: “..hamıya aydındır ki, qadın əhlinin böyük əksəriyyəti iqtisadi və məişət səraitinə görə nəinki orta və ali, hətta ibtidai məktəbə belə yol tapa bilmir. Qadın əhlinin məhz bu hissəsi üçün təhsil müddəti az olan, çörək qazanmağa imkan verən praktik yönümlü əlçatan məktəbin açılmasını təklif edirəm... Müsəlman qadını çoxdandır ki, köləlikdə yaşayır. Onlar indi başa düşüblər ki, vətənin qadın işçilərə ehtiyacı vardır. Qadınlar öz üzərindən hüquqsuz kölə rolunu atmağa və ərinin zəhmətinə şərik, onun dostu və köməkçisi olmağa çalışır. Artıq onlar xalqın tərəqqəsi yolunda fəaliyyətsiz qalmaq, kişi əhlinin qüvvə və bacarıqlarını özlərinin maddi rifahının yaxşılaşdırılmasında istifadə etmək istəmirlər. Onların çağırışına səs verməsəm cinayətkarcasına hərəkət etmiş olaram. Ona görə də bu qanunu və ona əlavə edilmiş izahat vərəqəsinin dərc edilməsini məqsədə uyğun hesab edirəm.”
Qanun layihəsində qeyd edilirdi ki, Bakı şəhərində 4 sinifli qadın peşə məktəbinin açılması üçün dövlət xəzinəsindən cəmi 396.583 rub. 32 qəp.
vəsaitin ayrılması tələb olunur ki, onun da 262.000 rublu məktəbin avadanlıqla təmin edilməsinə, 134.583 rubl 32 qəp. məktəbin saxlanılması üçün nəzərdə tutulur. Qanun layihəsi Hökumət tərəfindən bəyənildikdən sonra baxılmaq üçün Parlamentin maliyyə-büdcə komissiyasına ötürülmüşdür. Qanun layihəsinə maliyyə-büdcə komissiyasının 20 noyabr 1919-cu il tarixli iclasında baxılmışdır. Həmin iclasda Xalq Maarif Nazirliyinin nümayəndəsi kimi nazirliyin peşə təhsili üzrə idarəsinin rəisi Neymətulla Şahtaxtinski iştirak etmişdir. İclasda qanun layihəsi təfsilatı ilə müzakirə edildikdən sonra qərara alınmışdır ki, Xalq Maarif Nazirliyinin hazırladığı layihəyə və xahiş olunan məbləğın miqdarına dair komissiyanın etirazı yoxdur. Bundan əlavə komissiya hesab edirdi ki, şəxsi heyət üçün xərclər qanun layihəsi Parlament tərəfindən təsdiq edildiyi vaxtdan etibarən təmin olunmalı, cari ildə məktəbin təchiz edilməsi və saxlanılması üçün çəkilmiş xərclər Xalq Maarif Nazirliyinin 1919-cu ilin smetasının artıq qalıqları hesabına yazılmalıdır. Cari ildə məktəbin təchiz edilməsi üçün yerinə yetirilməmiş xərclər isə 1920-ci ilin smetasına daxil edilməlidir.
Cümhuriyyət hökumətinin 4 fevral 1920-ci il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin peşə təhsili şöbəsinin rəisi Neymətulla bəy Şahtaxtinski Dövlət Nəzarəti Nazirliyinin Dəftərxanasının direktoru vəzifəsinə keçirilmişdir.
Neymətulla Şahtaxtinski Azərbaycan Respublikasında sovet hakimiyyəti qurulduqdan sonra da təhsil işçisi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan SSR Xalq Maarif Komissarının 24 may 1920-ci il tarixli 31№li əmri ilə Neymət Şahtaxtinski Xalq Maarif Komissarlığının məktəb şöbəsinin peşə təhsili sektorunun müdiri təyin edilmişdir. Bir qədər sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığının 13 avqust 1922-ci il tarixli 297№li əmri ilə Nemət Şahtaxtinski Xalq Maarif Komissarlığı Baş peşə təhsili üzrə müfəttişliyin tərkibinə daxil edilmiş, Xalq Maarif Komissarlığının 14 avqust 1922-ci il tarixli əmri ilə isə mühəndis Nemət Şahtaxtinski avqustun 15-dən etibarən Texnikii-peşə mədəniyyəti evinin kitabxanasının müdiri təyin edilmişdir.
Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov və Xalq Maarif Komissarı D. Büntadzadənin imzaladığı 16 noyabr 1920-ci il tarixli dekretlə Bakı Politexnik məktəbi yenidən təşkil olunaraq beş fakultədən - neft sənayesi, elektromexanika, inşaat mühəndisliyi, kənd təsərrüfatı və iqtisadi fakultələrdən ibarət ali təhsil ocağına- Əzizbəyov adına Bakı Politexnik İnstitutuna çevrildi. Politexnik məktəbinin binası və avadanlığı, həmçinin Rus texniki cəmiyyətinin kimyəvi laboratoriyası Politexnik İnstitutunun sərəncamına verildi. İnstitutun maddi-texniki bazasının və pedaqoji kollektivin tərkibinin möhkəmləndirilməsi məqsədilə dövlət qurumları tərəfindən maliyyə vəsaiti ayrılaraq bina yenidən quruldu və avadanlıqlarla təchiz edilmişdir. 1930-cu il mayın 29-da Azərbaycan Politexnik İnstitutu Azərbaycan Neft İnstitutu adlandırıldı. 1931-ci ildə İnstitutun bazasında Gəncədə, Qroznıda, Ufada və İşimbayda şöbələri olan Azərbaycan Qiyabi Neft İnstitutu adlandırıldı. Neymət Şahtaxtinski Azərbaycan Qiyabi Neft İnstitutunun dosenti olmuşdur. N.Şahtaxtinskinin Azərbaycan Qiyabi Neft İnstitutunun energetika fakultəsinin tələbələri üçün “ metalların texnologoyası” kursu üzrə hazırladığı və 1940-cı ildə nəşr olunmuş proqpam və yoxlama işləri hazırda Milli Kitabxananın müvafiq
fondunda saxlanılır. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan təhsili həqiqətən də zəngin tarixi inkişaf yolunu keçmişdir. Azərbaycanda təhsil, maarif və mədəniyyətin inkişaf etdirilməsində rolu və xidməti olmuş şəxslərin fəaliyyəti xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir. Maarif fədailərinin fəaliyyəti daima araşdırılaraq öyrənilməli, tədqiq edulməli və gənc nəslin pedaqoji biliyinin artırılmasında istifadə edilməlidir. Çünki, Azərbaycan təhsil tarixinin zənginliyini, onun nailiyyətlərini dərindən öyrənmədən hazırki dövrdə milli məktəb quruculuğunun inkişaf prespektivlərini doğru müəyyən etmək çətin olardı. Akademik H.Əhmədov qeyd etdiyi kimi:” “Xalqımızın zəngin milli və ümumbəşəri elmi-pedaqoji dəyərlərini tədqiq etmək, onları üzə çıxarmaq, onlara yeni nəfəs vermək, gənc nəslin elmi-pedaqoji biliyinin artırılması işində ondan istifadə etmək bütün zamanlarda olduğu kimi bu gün də aktualdır.”
Rafiq Səfərov
AR Milli Arxiv İdarəsinin Sənədlərin nəşri
və istifadəsi şöbəsinin baş məsləhətçisi
Istifadə edilmiş mənbə və ədəbiyyatın siyahısı:
[1]. ARDTA f.314 siy.1 iş 473 v.54
24.Yenə orada.
32.ARDA f. 57 siy.13 iş 1 v. 30
33.ARDA f. 57 siy.13 iş 16 v.104
Bugün: | 295 |
Dünən: | 774 |
Bu həftə: | 5664 |
Son həftə: | 6350 |
Bu Ay: | 18373 |
Son Ay: | 25108 |
Bu İl: | 284522 |
Ümumi: | 1304943 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az