Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Mikayıl Hüseynovun Bakı şəhər memarlığında rolu

Son Yenilənmə : 2023-04-19 02:02:24
Baxış sayı : 1107

Dünya memarlıq xəzinəsinə qiymətli töhfələr vermiş, sovet memarlığının yaradıcılarından biri olan, Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi - memar Mikayıl Hüseynovun ( bəzi mənbələrdə  Useynov) XX əsr memarlıq tarixində xüsusi yeri vardır.

Mikayıl Hüseynov 1905-ci il aprelin 19-da Bakı şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Rusiya imperiyasında zadəganlığa  layiq görülmüş ilk azərbaycanlı ailəsindən olan Mikayılın  atası evlər, fabriklər, Xəzər dənizində  gəmilər daxil olmaqla saysız mülkə sahib olan o dövrün bəylərindən hesab olunurdu. Valideynləri, xüsusən də anası Mikayılın kiçik yaşlarından  təsviri sənətə olan həvəsini hiss edirdi. Uşaq ikən o, çox vaxtını fantastik binalar çəkməyə, plastilin və kublardan oyuncaq evləri yaratmağa sərf edirdi. Hələ orta məktəbdə oxuyarkən Mikayıl memar olacağını söyləyirdi.

Mikayıl ilk təhsilini Bakı Realnıy məktəbində almış, 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində mühəndis–memar ixtisası üzrə bir çox layihələrə cəlb olunmuş, müsabiqələrdə yüksək nəticələr əldə etmişdir.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən M.Hüseynov 1930-cu ildən memarlıq fəaliyyətinə başlayaraq “Azərdövlətlayihə”də müxtəlif vəzifələrdə çalışmışdır. İlk öncə assistent olaraq işə başlamış, daha sonra memarlıq emalatxanasının rəhbəri seçilmişdir. Onun başçılığı ilə emalatxananın yaradıcı heyəti az saydan ibarət gənc  memarlardan təşkil olunmuşdur. Belə ki, bu kollektiv həmin dövrün aparıcı mütəxəssislərindən hesab olunaraq Bakıda saysız memarlıq işlərini reallaşdırmışdır. Mikayıl Hüseynov elə həmin illərdə paralel olaraq Azərbaycan Sənaye İnstitutunda tədris işləri ilə məşğul olmuş, bu peşə üzrə yeni kadrların yetişdirilməsində böyük rol oynamışdır.

M.Hüseynovun çoxşaxəli memarlıq  fəaliyyəti Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişi məsələləri ilə birbaşa bağlıdır.  Əsrlərdən bəri bərbad hala düşən abidələrimizin bərpa olunmaq kimi çətin və şərəfli işinin öhdəsindən gəlmək onun yüksək intellekti, istedadı və əməksevərliyi sayəsində baş tutmuş, həmçinin bu sahədə dövrünün memarları üçün onun ağıllı məsləhətləri, elmi dəlilləri,  praktiki göstərişləri çox faydalı olmuşdur. Hüseynov müasir Bakı şəhər memarlığının ən yaxşı nümunələrinin müəllifi olmuşdur. Həmin nümunələrin ideyası və ifadə üslubu indi də paytaxtımız üçün öz aktuallığını qoruyub saxlamaqdadır. Ənənələrə hörmətlə yanaşan və ondan bədii təcəssümlü formalarda istifadə edən memar Bakıda, habelə Gəncə, Qazax, Naxçıvan, Şəki şəhərlərində bir çox yaşayış  evləri, ictimai binalar, görkəmli mədəniyyət və elm ocaqlarının lahiyələrini ustalıqla yaratmışdır. Hüseynov ölkəmizdən kənarlarda da  istedadını məharətlə ifadə etmişdir, belə ki, Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən, bənzərsiz abidə və mədəni-məişət binalarının layihələri memar təxəyyülünün məhsulu olmuşdur.

Mikayıl Hüseynovun yaradıcılıq yolu  xalqımızın milli memarlığının gözəl nailiyyətlərini parlaq surətdə göstərir. Hüseynov Azərbaycan memarlığının, təsviri incəsənətinin  tarixini öyrənmək sahəsində bir sıra mühüm işlər həyata keçirmişdir. Onun Şirvanşahlar sarayına və Bakı şəhərinin digər memarlıq abidələrinə həsr olunmuş elmi-nəzəri əsərləri  memarlıq tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Hüseynovun “Divan-xana” (Moskva,1936), “Bakının memarlıq abidələri” (Moskva,1936), “Xan sarayı” (Bakı,1946), “Nizami dövründə Azərbaycan memarlığının ümumi icmalı” (Bakı, 1947), “Azərbaycan memarlığı III-XIX əsrlərdə” (Moskva, 1948), “Sovet Azərbaycan memarlığının inkişafı məsələsi” (Bakı, 1949),  “Şirvanşahlar saray kompleksinin memarlığı” (Bakı, 1950),  “Bakının memarlıq abidələri” (Bakı, 1955), “Azərbaycan memarlıq tarixi” (Bakı, 1952), “Bakı şəhərinin qaydalı şəkildə  abadlaşdırılması məsələsi ilə bağlı elmi sessiyası” (Bakı, 1954), “Sovet Azərbaycanı memarlığının əsas vəzifələri. Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri” (Bakı, 1948), “Azərbaycan memarlıq abidələrinın bərpası məsələləri”  (Bakı, 1960)  kimi  çox faydalı elmi əsərlərinin nəşr olunması ölkə memarlığı üçün əsashadisələrdən hesab edilir.

Mikayıl Hüseynov həmkarı, Azərbaycan  memarlığının daha bir parlaq siması olan Sadıq Dadaşovla birgə memarlıq sahəsində  bir sıra mühüm addımlar atmışdır. Memarın arxivimizdə mühafizə olunan, özünün yazdığı tərcümeyi-hal sənədlərinə  əsaslanaraq qeyd edə bilərik ki, onun orta məktəb illərindən tələbə həyatına kimi və eləcə də sonrakı  həm elmi, həm əməli yaradıcılığı Sadiq Dadaşovla sıx bağlı olmuşdur. Məktəb skamyasından başlayan bu ayrılmaz dostluq sonralar birlikdə həyata keçirdikləri böyük memarlıq işlərinə aydın  təzahür etmişdir (ARDƏİA f.426, siy.2, s.v.131). Bu səmimi və mehriban dostluq münasibətləri hətta qohumluq əlaqələrinə çevrilmişdir. (Hüseynovun bacısı Sadıq Dadaşovla ailə həyatı qurmuşdur). 1939-cu ildə Mikayıl Hüseynov Ümumittifaq Kənd Təsərrüfatı sərgisində Azərbaycan pavilyonunun layihəsini Sadıq Dadaşovla birgə hazırlamiş və bacarıqlı memarlar Stalin mükafatı və Qırmızı Əmək ordeninə layiq görülmüşlər.

Dünya memarlığının qabaqcıl və yeni meyillərindən imtina etmədən Azərbaycan memarlığına milli koloriti gətirməsi Mikayıl Hüseynovun yüksək peşəkarlığından xəbər verir. Şərq və Qərb memarlıq məktəbinin sintezindən ustalıqla  yararlanaraq Hüseynov  Bakıda Azərbaycan Sənaye İnstutu (1930), Azərbaycan  Politexnik İnstutu(1935), Elmi-tədqiqat İnstutu(1837), Azərbaycan Dövlət Universiteti(1940),  Maliyyə Texnikumu(1940), Azərbaycan Elmlər Akademiyası(1949), Azərbaycan  Elmlər Akademiyası Torpaqsünaslıq İnstutu(1946), Azərbaycan Dövlət Konservatoriyası(1936),  Azərbaycan Pedoqoji Universiteti(1965) kimi elm mərkəzlərini, Nizami Gəncəvi adına kinoteatr, NizamiGəncəvi adına Ədəbiyyat muzeyi(1940), Azərbaycan Dövlət Kitabxanası(1947-1948) kimi əhəmiyyətli binaları layihələndirmişdir. Gənclər(1938), Sovetlər (1934), Neft texnikası(1940) kimi saraylar, “Limançı”(1931), “Zərbəçi”(1931), “Yeni məişət”(1932), “Rabitə”(1932),“Sukanalı”(1934), “Epron”(1936), “Cənub tipli”(1942), həmçininelm və incəsənət xadimlərinin(1932),Daxili İşlər Nazirliyinin işçilərinin(1938), “Azneft” işçilərinin(1939), “Buzovnaneft” trestinin(1945), “Azneftzavod” trestinin(1947-1948), Elektrik Enerjisi idarəsi işçilərinin(1940), ali məktəb işçilərinin(1946), neft mütəxəssilərinin(1945)yaşayış evləri, Pirşağı(1935), Şüvəlan(1944), Zaqulba(1944)kimi istirahət evləri, inşaatçılar və metalçılar klubu(1930), Azərbaycan SSR Elmlər Akademiyası şəhərciyi kompleksi(1949)və bu kimi bir çox mədəni-məişət ocaqları məhz  Mikayıl Hüseynovun  layihələri əsasında inşa olunmuşdur.

Mikayıl Hüseynovun geniş yaradıcılıq əməyinin bəhrəsi  Bakını, onun küçələrini, meydanlarını bəzəyir. Buna misal olaraq Nizami Gəncəvinin (Bakı 1940,Gəncə 1945) ,Həzi Aslanovun (1947-1948), Səməd Vurğunun (1958), Mehdi Hüseynzadənin(1958), Üzeyir Hacıbəyovun (1953-1954),Məhəmməd Füzulinin abidələrini sadalamaq mümkündür. Layihələrini böyük bacarıqla yaratdığı bu abidələr heykəltəraş Fuad Əbdürəhmanov tərəfindən hazırlanmışdır. Heykəltəraş P.V.Sabsayın hazırladığı Əbdürrəhim bəy Haqverdiyevin (Bakı, 1963)  və Səməd Vurğunun (Qazax, 1963)  abidələrinin layihə müəllifi də Mikayıl Hüseynovdur. 1950-ci ildə dağüstü sahənin  detallaşdırılmış plan layihəsi məhz onun rəhbərliyi ilə gerçəkləşmişdir. Belə ki, 1962-ci ildə doğma Bakımızın daha da gözəlləşməyinə xidmət edən  Azadlıq meydanı kompleksinın layihəsimemarın çox güclü yaradıcı imkanlarının olduğunu sübut edir.

   Mikayıl Hüseynov öz işlərində milliyə, ənənəçiliyə üstünlük verirdi. O, hər zaman çıxışlarında deyirdi: “Milli memarlıq ilk növbədə milli formadır, ənənədir. ”Milli memarlığa sadiqliyinə görə SSRİ Memarlar İttifaqı tərəfindən qınaq  olunan Hüseynov tənqid və şərhlərə əhəmiyyət vermir, əsərlərində bu düşüncələrini geniş əks etdirirdi. O, çox ağıllı, təmkinli, alicənab insan idi. Bu yerdə haşiyə çıxaraq Hökumət Evinin inşası ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırmaq istərdik.  

1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İkiillik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları  Mikayıl Hüseynov, Sadıq Dadaşov , SSRİ Memarlar Akademiyasının həqiqi üzvü L.V.Rudnevdə iştirak edirlər. Qiymətləndirmə prosesi uzun sürür və 1939-cu ildə müsabiqəni yekunlaşdırmaq məqsədilə son toplantı keçirilir. İclasda Mircəfər Bağırov başda olmaqla, respublikanın bütün rəhbərliyi iştirak edirdi. Layihələrin müsbət və mənfi cəhətləri müzakirə olunur.
 
           Onu da qeyd edək ki, memar Mikayıl Hüseynov Kommunist Partiyasının üzvü olmayıb. İclasda bu faktı qabardan Daxili İşlər komissarı (naziri) Stepan Yemelyanov Mikayıl Hüseynovun təqdim etdiyi layihədə sovet dövlətinin qurucusu Vladimirİliç Leninin heykəlinin binanın aşağı hissəsində (indiki Azadlıq meydana baxan postament üzərində) yerləşdirilməsinə etirazını bildirir. O, M.Bağırova müraciətlə deyir:

- Yoldaş Bağırov, başa düşmürəm, nə üçün memar Mikayıl Hüseynov proletariatın dahi rəhbəri Vladimir İliç Leninin  heykəlinin binanın aşağı hissəsində qoyulmasını təklif edir? O, bununla nə demək istəyir? Axı bina çoxmərtəbəli olmaqla, həm də çox əzəmətli olacaq. Belə olan halda Lenin yoldaşın heykəlini binanın aşağı hissəsində yerləşdirməkdə hansı məqsədi güdür?
   
         Bu sözlərdən sonra salon sükuta qərq olur. Hamının nəzərləri Hüseynova dikilir. Yaranmış sükutu M.Bağırov pozur və deyir:

-Yoldaş Hüseynov, sizə tutulan irad çox ciddidir. Bu barədə nə deyə bilərsiniz?
   O, dərhal ayağa qalxır və təmkinlə deyir:

- Dahi rəhbər Vladimir İliç Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını bilərəkdən təklif edirəm ( bu sözlərdən sonra vəziyyət bir az da gərginləşir). Çünki proletariatın rəhbəri Lenin yoldaş heç vaxt zəhmətkeşlərdən uzaq olmayıb. Ona görə də layihəmdə heykəlin kütləyə daha yaxın yerdə qoyulmasını nəzərdə tutmuşam.

M.Bağırov gənc memarın bu cavabından sonra ona heç bir söz demir. Ancaq baxışlarından hiss olunur ki, cavabdan razı qalıb. Sonra üzünü S.Yemelyanova tutub deyir:

- Yoldaş Yemelyanov, cavab sizi qane etdimi? Əlavə sualınız yenə varmı?
   Gənc memarın gözlənilməz cavabından o, bir az tutulur. Ancaq özünü ələ alır və deyir:

- Yoldaş Bağırov, bu gənc memar çox ağıllı və məntiqli cavab verdi. Onunla razılaşmamaq düzgün olmazdı.

Bütün bunlara baxmayaraq məlum səbəblər üzündən Hüseynovun və Dadaşovun təqdim etdiyi  layihə təsdiqlənmir. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Müsabiqədə birinci yer Moskva münsiflər heyəti tərəfindən  Lev Rudnevəverilir.

Yaradıcılıq baxımından həqiqətən tükənməz memar sayılan Hüseynovun zəngin irsinə 200-dən artıq layihəsi daxildir ki, onların da əksəriyyəti gerçəkləşdirilmişdir. Yeyinti Sənayesi Nazirliyi (1935), Hidrometroloji Xidmət İdarəsi(1936), Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsi(1952), Neft Sənayesi Nazirliyi(1955) kimi əhəmiyyətli binaların layihəsi də Mikayil Hüseynova məxsusdur. Köhnə Bakımızın yerli və xarici qonaqları üçün tikilmiş “Moskva”(1965) mehmanxanasının layihəsini təkbaşına, “İnturist” (1964), “Abşeron” (1965) mehmanxanalarının layihələrini isə memar Naimə Axundovanın köməyilə hazırlamışdır.  Nəriman Nərimanov, Nizami, Elmlər Akademiyası metrostansiyalarının da layihələri memarın uğurları sırasındadır.

  Müstəsna xidmətlərinə görə Hüseynov bir çox orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. 1992-ci ildə alimin təşəbbüsü ilə Beynəlxalq Şərq Memarlıq Akademiyası yaradılmış və ilk prezident Mikayıl Hüseynov olmuşdur. Azərbaycanı dünyaya tanıdan,  klassikimiz  M.Hüseynov həmin ilin iyununda Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin fəxri üzvü seçilmişdir. 

 İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya Cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində akademik M.Hüseynovun əsərləri nümayiş etdirilmiş, sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra o, Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin fəxri üzvü  olmuşdur.

    Mikayıl Hüseynovun Azərbaycan incəsənəti, Bakı memarlığıücün çəkdiyi ağır zəhmət, atdığı addımlar əvəzolunmazdır. Görkəmli sənətkarın əsərləri memarlıq və incəsənət tariximizdə hər zaman layiqli yer tutacaqdır. Ömrünün böyük bir hissəsini  memarlq elminin və inşaat texnikasının inkişafına həsr etmiş memarımız 1992-ci il oktyabrın 7-də Bakı şəhərində dünyasını dəyişmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 426 nömrəli fondun sənədlərindən istifadə olunmuşdur.

Esmira MƏMMƏDOVA

S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat

 və İncəsənət Arxivinin arxivçisi

 

 



Bugün: 794
Dünən: 740
Bu həftə: 3046
Son həftə: 6066
Bu Ay: 16942
Son Ay: 28223
Bu İl: 257983
Ümumi: 1278404
1278404