Sovet dövrü gənclik çağlarımda Bakının sahilə yaxın hündür məkanlarından dumansız-çənsiz saatlarda aydın görünən, dənizdəki dar, uzun adanı uzaqdan seyr etməyi çox xoşlayırdım. Əsl adı Böyük Zirə olsa da, bu adanı Nargin adası kimi tanıyırdıq. 11 kilometr uzaqlıqda olmasına baxmayaraq yaxın, cazibədar görünüşü ilə adamda oranı fürsət düşərsə görmək, gəzmək arzusu yaradardı.
O zaman haqqında ətraflı təsəvvürümüz olmayan bu ərazi heç demə “ölüm adası” imiş. Minlərlə əsir alınmış insanların ömürlərinin qırıldığı, siyasi məhbus adı ilə güllələndiyi, ölümə məhkum olunduğu, lənətlənmiş yer imiş...
Orada gəmilərə yol göstərən mayak qülləsinin olduğunu bilsək də, iki min nəfərə yaxın məhkumun yerləşə biləcəyi həbsxananın varlığından xəbərsiz idik.
3100 metr uzunluğunda, 900 metr genişliyində olan Nargində böyük həbsxana inşa etmək rus çarizminin humanizm “yaradıcılığı idi”. 1905-ci ildə tikilsə də, “məşhurlaşması” 1915-ci ilin əvvəlindən başlamışdır. Belə ki, I Dünya Müharibəsində Osmanlının Sarıqamış məğlubiyyətindən Rusiyanın əldə etdiyi minlərlə osmanlı əsiri bu adaya sürgün edilmişdi. Sahildən xeyli kənar, şəraitsizlikdən, susuzluqdan, zəhərli ilanlarla dolu adada hər gün əziyyətlər çəkən onlarla əsirin nəsibi yalnız acınacaqlı ölüm olmuşdu...
Son beş ildə mətbuatda osmanlı əsirlərinin Nargində çəkdikləri zülm və məşəqqətlərə dair kifayət qədər yazılar dərc edilmiş, kitablar yazılmış, sənədli filmlər çəkilmişdir. Bu səbəbdən həmin faktları təkrarlamaq fikrində deyiləm. Lakin hələ o zaman rus məmurlarının mərkəzə yazdığı raportlarında narahatlıqla qeyd edilən yerli əhalinin osmanlı əsirlərə göstərdiyi isti münasibəti - bir millət olmağımız baxımından xatırlamaq bügünkü gündə yerinə düşər.
Adaya təkcə əsirlər deyil, rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdahan bölgələrindən gətirilən mülki əhali də yerləşdirilmişdi. Onların arasında qocalar, qadınlar və uşaqlar da vardı. Bu insanların naəlac, ağır vəziyyətləri şəhərdəki milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların ciddi narazılığına səbəb olmuşdu. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla dövrün bütün işıqlı şəxsiyyətləri əsirlərə edilən qeyri-insani münasibətə qarşı etirazlarını bildirirdilər. Saxlananların şəraitsizliyi barədə görkəmli ziyalılarımız Əlimərdan bəy Topçubaşov, Ələkbər bəy Rəfibəyli və başqaları bir neçə dəfə Qafqaz canişinliyinə müraciət etmişdilər. Əsirlərə yardım mərkəzi təşkil edilmişdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti də yardımların çatdırılmasında xüsusi fəaliyyəti ilə seçilirdi. Nəriman Nərimanovun 1917-ci ilin noyabrında “Hümmət” qəzetində çıxan “Göz yaşı tökən cəzirə” adlı yazısı və Bakı şəhər Dumasındakı əsirlər haqqındakı çıxışı da şəhər cəmiyyətində böyük əks-səda yaratmışdı. Narazılığın böyüdüyünü görən səlahiyyət sahibləri uşaqların, qadınların və qocaların adadan şəhərə buraxılmasına məcbur olmuşdu.
Təkcə ziyalılar yox, din xadimləri, tanınmış Bakı milyonçuları da əsirlərə bacardıqları köməyi etməyə çalışırdılar. Bu sıradan Hacı Zeynalabdin Tağıyev, Ağababa Quliyev, İsmayıl bəy Səfərəlibəyov, Murtuza Muxtarov və digərlərinin adlarını çəkmək olar.
Yardım məqsədi ilə adaya edilən səfərlərdə dəfələrlə gizlicə və ya həbsxana nəzarətçilərinə verilən rüşvətlər hesabına əsirləri qaçırır və onları saxta pasportlarla təmin edib İrana göndərmişdilər. Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin sədri, ziyalı kübar xanım – Sona xanım Hacıyevanın şəxsi qayığı ilə yüzdən çox əsiri qaçırdığı o dövrün yazılı mənbələrində belə öz əksini tapmışdır. Məlumatlar var ki, əsirlərin qaçırılmasında bir neçə Bakı qoçularının da fəaliyyəti olmuşdur.
Yazılanlara və deyilənlərə sübut olaraq Azərbaycan Dövlət Tarix Arxivində qorunan, bu günümüzə gəlib çatmış bir sənədi təqdim etmək istəyirəm. “Bakı qradonaçalnikliyi Balaxanı-Sabunçu polismeysterliyi”nin qovluğunda saxlanan cinayət axtarışı polisinin 11 avqust 1915-ci il tarixli “məxfi” qrifli məktubunda (f. 156, siy. 1, sax.vah. 149) yazılıb:
“Balaxanı-Sabunçu polis idarəsinin cənab pristavına!
Nargin adasından Bakı şəhərinə qaçan aşağıda adları çəkilən əsir türk zabitlərinin axtarılması, tutulması və təhvil verilməsi haqqında xahiş edirəm.
1. Kapitan Suhl İzət - hündürboy, 30 yaşlarında, xırda bığlı, qara saçlı, arıq;
2. Kapitan Torsun Fərəc Bəy – hündürboy, arıq, 38-40 yaşında, ucu aşağı uzadılmış qara bığlı;
3.Yusuf İbrahim Əfəndi – ortaboy, dolğun bədənli, 40 yaşında, qara saçlı, qara bığlı;
4. Yaqub Mustafa Əfəndi – ortaboy, dolğun bədənli, 35 yaşında, şabalıdı bığlı, qara saçlı;
5. Hüseyn Hilmi Əfəndi – ortadan aşağı boyda, 40 yaşda, arıq, qara saşlı, sifəti qara, bığı və gözləri qara;
6. Şükri Şaban – alçaqboy, 40 yaşda, enlikürək;
7. Fikri Şakir – 30-32 yaşda, ortaboy, enlikürək;
8. Ziya Əfəndi – 25 yaşda
Bütün bu adamlar məlum olmayan adlarla fars təəbəli pasportlarla təmin edilib. Axtarışın aparılmamasına dair məlumat göndərməyin.
Axtarış Polisi”
Kim bilir, bu məktubda adları çəkilən əsirlər Sona xanımın və ya qayığı olan başqa bir sahibkarın, ya da qəhrəman bakılı qoçuların köməyi ilə “ölüm adası”ndan qurtula bilmişlər... Alınan nəticə isə yenə qardaşlığımız və bir millət olmağımızdır. İstər 1918-ci ildə milli dövlət quruculuğunda, istərsə də indiki zamanda, torpaqlarımızın işğaldan azad olunmasında əldə etdiyimiz mənəvi-milli birliyimiz daha da möhkəmlənmiş, sarsılmaz olmuşdur.
I Dünya Müharibəsi illərində Böyük Zirə adasında baş verənlər bizi “silkələdi” və milli hisslərimizi oyatdı, desək yəqin ki, yanılmarıq...
Bugün: | 96 |
Dünən: | 824 |
Bu həftə: | 3398 |
Son həftə: | 6294 |
Bu Ay: | 22401 |
Son Ay: | 25108 |
Bu İl: | 288550 |
Ümumi: | 1308971 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az