Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)1918-ci il dekabrın 13-dən 28-dək olan müddətdə milli təhsilquruculuğu tariximizdə əhəmiyyətli rolu olmuşxalq və ali-ibtidai məktəb müfəttişlərinin, müəllim və pedaqoqların, təhsil işçilərinin ilk qurultayı keçirilmişdir. Həmin əlamətdar hadisədən 100 il keçməsinə baxmayaraqBakı şəhərində, 2-ci real məktəbinin zalında Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə keçirilmiş qurultayın materialları müasir dövrdə də unudulmur və bu gün də dərin hörmət və ehtiramla öyrənilir, tədqiq edilir və gənc nəslin elmi - pedaqoji biliyinin artırılmasında istifadə edilir. Azərbaycan xalq maarifi və məktəbinin bu və ya digər tarixi mərhələlərdə necə inkişaf etdiyini, hansı inkişaf mərhələlərindən keçdiyini öyrənmək hər zaman olduğu kimi bu gün də zəruridir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:” Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər....”Təhsil əsri”adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir.”
Cümhuriyyət dövründə çağırılmış ilk qurultayının təhsil tariximizdəki əhəmiyyətli rolunu nəzərə alaraq həmin qurultayın fəaliyyətinə bir daha nəzər yetirmək və milli təhsil quruculuğunda xidmətləri olmuş tanınmış maarif fədailərini böyük hörmət və ehtiramla yad etmək, həmçinin gənc nəslin elmi-pedaqoji biliyinin artırmaq məqsədilə arxiv sənəd və materialları əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram:
Azərbaycan Xalq Cümhutiyyəti hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri də yenicə yaradılmış Respublikada xalq maarifi və təhsilinin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb- təhsil işinin geniş surətdə yayılmasına nail olmaqdan ibarət idi. Qarşıda duran məqsədlərə çatmaqdan ötrü xalq maarifinin yayılması üzrə çoxşaxəli tədbirlərin, o cümlədən ibtidai, ümumi orta, texniki və peşə təhsili üzrə anadilli məktəblər şəbəkəsinin yaradılması, məktəb və təhsil işinin milli köklər üzərində yenidən qurulması, ana dilində milli proqram və dərsliklərin işlənib hazırlanması və nəşr edilməsi, qadınların dünyavi təhsil alması üçün müvafiq təhsil ocaqlarının açılması,yaşlıların təhsili üzrə lazımi tədbirlərin həyata keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi milli hökumətin və Xalq Maarif Nazirliyinin qarşısında dayanırdı. Bu vəzifənin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi Respublikamızın Dövlət Arxivi və Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan tarixi sənədlərdə öz əksini tapmışdır. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri N.b.Yusifbəylinin 1918-ci ilin dekabr ayında Bakı Qubernatotuna göndərdiyi məktubda qeyd edilirdi:“ 1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi işinə çox az qayğı göstərmişdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki “sağalmaz yaranı“xatırladırdı.Çar hökuməti bununla barışmağa məcbur idi və eyni zamanda məktəbləri məhdud çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata keçirirdi. Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar... Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s. açılmasına yönəldərək mümkün qədər qısa müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır. Xalqın mövcud vəziyyətə ayıq münasibət göstərməsi və onun vətənə şüurlu məhəbbət ruhunda tərbiyə olunması vacibdir. Bu işin öhdəsindən xalq maarifi və onun daşıyıcısı olan xalq müəllimləri gələ bilərlər.Vətənin mövcudluğunu və tərəqqisini əziz tutan hər bir vətəndaşın mənəvi borcudur ki, bütün qüvvəsini fəaliyyətdə olan məktəblərə dəstək olmağa yönəltsin və yeni məktəblərin açılması işinə əlindən gələn köməkliyi etsin.Təbiidir ki, xalq müəllimlərinə, onların böyük və ağır əməyinə cəmiyyətdə layiqli yüksək yer ayrılmalıdır.” Məktubda Bakı qubernatorundan həmçinin xahiş edilirdi ki, “onun tabeçiliyində olan bütün təşkilatların rəhbərlərlərinə tapşırılsın ki, onlar ölkədə məktəblərin açılması və məktəblərin fəaliyyətinin təmin edilməsi, məktəb rəhbərlərinin və xalq müəllimlərinin bütün ehtiyaclarının ödənilməsi işinə dəstək olsunlar ki, müəllimlər də öz müqəddəs vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Ölkənin gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır.”
Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilən arxiv sənəd və materiallar və digər tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk vaxtdan etibarən xalq maarifi,təhsil və mədəniyyətinin inkişaf etdirilməsini taleyüklü məsələ kimi ön cərgəyə çəkmişdir. Çünki, Respublikada xalq maarifi qarşısında duran məsələləri həll etmədən müstəqilliyini yenicə əldə etmiş ölkənin gələcək inkişafını təmin etmək,onun iqtisadi qüdrətini möhkəmləndirmək mümkün deyildi. Respublikada maarif, təhsil, təlim-tərbiyə işinin ən aktual məsələlərini yubanmadan müzakirə etmək və həlli yollarını tapmaqdan ötrü Xalq Maarif Nazirliyinin təşəbüsü ilə Bakı şəhərində 2-ci real məktəbin zalında 1918-ci il dekabr ayının 13-dən 28-dək olan müddətdə Xalq Maarif Nazirinin müavini, Həmid bəy Şahtaxtinskinin sədliyi ilə xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının qurultayı çağırıldı. Azərbaycan Hökumətinin 17 dekabr 1918-ci il tarixli qərarı ilə bu qurultaya ezamiyyə edilmiş şəxslərin həmin müddətdə yaşayış xərclərinin ödənilməsi üçün Xalq Maarif Nazirinin sərəncamına 24 min pub. həcmində pul vəsaiti ayrıldı.
Ölkəmizdə tanınmış pedaqoqların, maarif və təhsil xadimlərinin - Həmid bəy Şahtaxtinski, Azad bəy Əmirov, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qəniyev, Abdulla bəy Əfəndiyev, Firidun bəy Köçərli, Cavad Cuvarlinski, Səməd bəy Acalov, Əhməd ağa Mustafayev, M.Mahmudov,N.Nərimanbəyov, Ş.Səfərəlibəyov və başqalarının iştirakı ilə keçirilmiş həmin qurultay böyük əhəmiyyətə malik olmuşdur. Qeyd edirik ki, qurultayda müzakirə ediləcək məsələlərin siyahısı Xalq Maarif Nazirliyinin xalq təhsili üzrə baş idarəsinin rəisi Azad bəy Əmirov tərəfindən qurultay iştirakçılarına əvvəlcədən göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan sənədlər araşdırılarkən Xalq təhsili üzrə baş idarənin rəisi A.b. Əmirovun Qazax müəllimlər seminariyasının direktoru F.b. Köçərliyə göndərdiyi siyahı aşkar edilmişdir. Həmin siyahıda qurultayın müzakirəsinə çıxarılmış məsələlərin aşağıdakılardan ibarət olduğu göstərilirdi:
I.Maliyyə məsələləri.1919-cu ilə dair xərclər smetasının müzakirəsi:1) ibtidai məktəblər üzrə; 2) ali-ibtidai məktəblər üzrə; 3) Maryinski məktəbləri üzrə; 4) sənət məktəbləri üzrə; 5) xalq məktəb müfəttişlərinin dəftərxanaları üzrə.
Qurultayda xərclər smetasının müzakirəsi ilə əlaqədar müəyyən vəzifələrin ləğvi və yeni vəzifələrin təsis edilməsi məsələlərinə baxılması da nəzərdə tutulmuşdur.
II. İnzibati məsələlər: Xalq məktəbləri müfəttişlərinin ali-ibtidai, Maryinski və sənət məktəbləri,habelə digər aşağı kateqoriyalı məktəblərə olan münasibəti. Yuxarıda adları sadalanan məktəblər üzrə ayrılan xərclərə dair izahatın verilməsi.
III. Proqram məsələlər:
İbtidai məktəblərin eynitipliyi (zemstvo,normal,prixod /məhəllə/ və s;İbtidai məktəblər üçün proqram və dərsliklərin tərtib edilməsi.
IV.Ümumi xarakterli məsələlər:
Müəllim kursları və onun bəndləri; Rayon qurultayları; Dəftərxana yazışmalarının üsulları və əsasən də pul hesabatlarının aparılması yolları ilə tanış olması məqsədilə müəllimlər üçün kursların keçirilməsi; Kənd sakinləri üçün mütaliyələrin keçirilməsi;Əlifba məsələsi;müəllimlərin hərbi mükəllifiyyətə münasibəti; Peşə təhsilinin təşkili; Sinifdən xaric oxu;Uşaq bağçaları; Məktəb və pedaqoji muzeylər; Məktəb və müəllim ekskursiyaları; Məktəb dərman qutuları; Məktəb əmanət kassaları; Hərbi və digər gimnastika; tarixi,coğrafivə digər müsəlman xəritələri; Səyyar müsəlman əlifbaları; Xalq məktəbləri müfəttişləri nəzdində dərs vəsaiti anbarları.
Siyahıda qeyd olunan məsələlər ölkəmizdə maarif, təhsil, məktəb-tədris və təlim-tərbiyə işinin aktual və həlli yubanmadan tələb olunan tapşıriqlar kimi qurultayın müzakirəsinə çıxarılmışdır.Qurultayın müzakirəsinə çıxarılmış məsələlərin çoxşaxəli və mürəkkəbolduğunu nəzərə alaraq, həmin məsələlərin ətraflı müzakirə edilməsi və praktiki əhəmiyyətə malik qərarların qəbul edilməsi üçün qurultayın dekabrın 17-də keçirilmiş 3-cü iclasında müxtəlif sahələr üzrə təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət səriştəli komissiyaların yaradilması haqqında qərar qəbul edildi. Həmin komissiyalar ayrı-ayrı sahələr üzrə aşağıdakı tərkibdə yaradılmışdır:
1/ ali-ibtidai məktəblərin smetasının işlənib hazırlanması üzrə komissiyanin tərkibi: S. Acalov; A. Mahmudov; Ə.Mustafayev; M.b.Əfəndiyev; B.Kiçikxanov;
2/ Maryinski və sənət məktəbləri üzrə smetanın işlənib hazırlanması üzrə-V.Y.Vasilyev; H.Nərimanbəyov; İ.Qəbulov və C.Cuvarlinski;
3/ Müfəttişlərin dəftərxanalarının smetasının işlənib hazirlanması və ali-ibtidai, sənət və Maryinski məktəblərinin müfəttişliyə münasibəti üzrə - Ş.Səfərəlibəyov; A.Minasazov; M.b.Quliyev; A.Qiyasbəyov; M.Mahmudov; A.Mustafayev;
4/ Aşağı ibtidai məktəblərin eynitipliyi üzrə- Gəncə müəllimlər seminariyasının direktoru V.Y.Vasilyev; Xalq məktəbləri inspektorları:-Nuxa qəzası üzrə Abdulla bəy Əfəndiyev, Naxçıvan qəzası üzrə Rəşid bəy Əfəndiyev; Gəncə qəzası üzrə Cavad bəy Cuvarlinski və Zaqatala quberniyası üzrə İsmayıl bəy Qəbulov.
Məktəb və müəllimlərin əməli fəaliyyətlərinə kömək göstərəcək qərarların qəbul edilməsi məqsədilə Qurultayın gündəliyinə çıxarılmış yuxarıda qeyd olunmuş məsələlər üzrə ətraflı müzakirələr aparılmışdı.Qurultayda iclasların gün ərzində fasiləsiz olaraq gərgin keçdiyi barədə hökumətin mətbu orqanı olan “Azərbaycan” qəzetində də məlumat verilmişdir.Qurultayda“Aşağı ibtidai məktəblərin eynitipliyi” məsələsi üzrə yaradılmış komissiyanın dekabrın 17-də keçirilmiş iclasında qurultayın sədri,Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin zemski, normal, prixodski adlanan aşağı ibtidai məktəblərin eynitiplilik prinsipinin həyata keçirilməsi haqqında təklifi dinlənildi.Komissiya üzvləri məktəblərin vahidliyinə nail olmaqdan ötrü belə nəticəyə gəldilər ki, Respublikada fəaliyyət göstərən və son nəticə etibarı ilə eyni məqsəd güdən bütün aşağı ibtidai məktəblər “Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri“ vahid termin altında birləşdirilsin və onların saxlanması üçün tələb olunan xərclər dövlət xəzinəsindən maliyyələşdirilsin. Komissiya aşağıdakı amillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir:
1) hazırda zemski adlandırılan aşağı ibtidai məktəblərin müəyyən bir qrupunun dövlət xəzinəsindən maliyyələşdirilməsi, habelə zemski rüsumlarının xəzinənin mədaxilinə yönəldilməsi haqqında qurultayın qərarından sonra həmin məktəblərin zemski adlandırılmasına əsas və ehtiyac qalmır. Çünki, həmin məktəblər yalnız bir əlamətinə görə - zemski rüsumlarından asılılığına görə zemski məktəbləri termini altında ayrıca bir qrupda birləşdirilmişdir.
2) 1828-ci ilin nizamnaməsinə görə prixodski adlandırılan məktəblərdə təlim-tərbiyə işinin müasir qoyuluşu onun yaradılmasının ilkin məqsədlərindən çox uzaqlaşdırıldığından indi həmin məktəbləri 1828-ci ilin nizamnaməsinə görə prixodski adlandırmaq doğru olmazdı.İlkin fikrə görə həmin məktəblər dar -klerikal xarakter daşımalı, təhsil üsulu isə Lankaster sistemi üzrə olmalı idi.Yeri gəlmişkən qeyd edirik ki, Jozef Lankaster (25 noyabr 1778 - 23 oktyabr 1838), ingilis pedaqoqu, xalq təhsili üzrə novator; yoxsul uşaqların təlimi ilə pulsuz məşğul olmuşdur. İlk belə məktəbi 1798-ci ildə açmış, sonralar geniş yayılmış orijinal məktəb sistemini işləyib hazırlamışdır. 1808-ci ildə özünün ilk normal nəktəbini yaratmışdır.Özü işləyib hazırladığı sistemin məktəbləri üçün müəllim hazərlayan ilk məktəbi 1818-ci ildə açmışdır.Lakin müasir prixodski məktəbləri öz daxili quruluşuna görə digər aşağı ibtidai məktəblərdən fərqlənmədiyini və onun adının isə daxili mahiyyətinə uyğun gəlmədiyini nəzərə alaraq, komissiya həmin addan imtina etməyi və bu adda fəaliyyət göstərən məktəbləri digər aşağı ibtidai məktəblər kimi “Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” adlandırmağı qərara aldı.
3/ Komissiya, normal kənd məktəbləri məsələsi üzrə 1873-cü ildən Zaqafqaziya diyarında, o cümlədən Azərbaycanda meydana gəlmiş normal kənd məktəbləri terminalogiyasını da ləğv etmək qərarına gəlmişdir. Komissiyanın bu qərara gəlməsinə başlıca səbəb həmin məktəblərdə çalışan müəllimlərin hüquqi vəziyyətinin digər xalq müəllimlərinin huquqi vəziyyəti ilə ədalətli müqayisəsi olmuşdur. Belə ki, bütün xalq müəllimlərinin mövcud qanunvericiliyə görə dövlət qulluğuna aid edilmədiyi və dövlət qulluquına verilən hüquqlardan istifadə edə bilmədikləri halda, həmin məktəblərdə çalışan xalq müəllimləri belə hüquqlardan istifadə edirdilər. Normal kənd məktəblərində çalışan müəllimlər vəzifəyə təyin olunmaq, orden almaq, ən başlıcası isə xəzinədən təqaüd almaq hüququna malik olduğu halda digər xalq müəllimləri həmin hüquqdan məhrum idilər. Yaranmış vəziyyəti nəzərə alaraq komissiya belə qənaətə gəlmişdir ki, xalq müəllimləri arasında ayrı seçkiliyə yol vermək, onları “doğma” və “ögəy” oğullara ayırmaq olmaz. Normal kənd məktəblərinin də təxirə salınmadan aşağı ibtidai məktəblərin ümumi vahid ailəsinə daxil edilməsi vacib sayılsın və aşağı ibtidai məktəblərdə çalışan bütün müəllimlərin dövlət qulluğunda olduğu tanınsın, onlara dövlət qulluğuna aid hüquq və imtiyazlardan həm işlədikləri müddətdə, həm də təqaüdə çıxarkən istifadə etmək hüququ verilsin.
Qurultay nümayəndələrindən dərsliklər üzrə seçilmiş komissiyanın iclası da dekabrın 17-də keçirilmişdir.Dərsliklər barədə seçilmiş komissiyanin tərkibı aşadakı təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət idi:
1/ Bakı quberniyası xalq məktəblərinin direktoru - Sultan Məcid Qəniyev;
2/ Şuşa və Cavanşir qəzaları xalq məktəbləri müfəttişi-Həşim bəy Nərimanbəyov;
3/ Naxçıvan qəzası xalq məktəbləri müfəttişi-Rəşid bəy Əfəndiyev. (119.,v.14)
Məsələ ilə bağlı məruzə Rəşid bəy Əfəndiyev tərəfindən təqdim edilmişdir:
Komissiya əldə olan dərsliklərə baxdıqdan sonra onlardan aşağıdakıları yararlı hesab edərək ibtidai məktəblərdə təcrübədən keçirməyi qərara aldı:
1/ Birinci bölmədə ilk dərslərin deyilməsi üçün Mahmud bəy Mahmudbəyonun “Türk əlifbası” və Aleksey Osipoviç Çernyayevskinin “Vətən dili”dərsliyi qənaətbəxş hesab edilsin.
2/ İbtidai məktəblərin həmin bölməsində hesab dərsi üzrə Qafur Rəşadın hesab dərsliyi qəbul edilsin.
3/ İbtidai məktəblərin ikinci bölməsində dil və oxu dərsi üçün Bakı müəllimlərinin tərtib etdikləri kitablar/adları göstərilmir-R.S./ hələlik qənaətbəxş hesab edilsin.
4/ Bu bölmədə hesab fənni üzrə hələlik Qəbulovun “Rəhbər-Hesab” dərsliyi və Həmid bəy Usubbəyovun hesab elmi kitabı qəbul edilsin.
5/ 3-cü bölmədə dil fənni üçün Rəşid bəy Əfəndiyevin “Bəsirət-ül-ətfal” kitabından istifadə edilsin.
6/ Bu bölmədə hesabdan dərs keçmək üçün Həmid bəy Usubbəyovun “Elm-Hesab” kitabı qəbul edilsin.
7/ 4-cü və 5-ci bölmələrdə Abdulla Şaiqin /Gülzar/ və Ağayevin müntəxəbatı /ədəbi əsərlərin toplusu/ təcrübədən kecirilsin.
8/ Qafur Rəşadın / Rəhbər Sərf/ və Axund Yusif Talıbzadənin / Sərf-Türkisi/.
9/ Ali-ibtidai məktəblərin bölmələrinin ilk və son buraxılışına Saleh Zəkinin təbiətşünaslığı keçirilsin.
10/ Ali-ibtidai məktəblərdə həndəsə üzrə “Elm-İndus” həndəsə dərsliyi təcrübədən keçirilsin.
11/ Təbiətşünaslıq üzrə dərslik məruzədə göstərilməmişdir.
12/ Ali-ibtidai məktəblərdə coğrafiya fənni Həsən Fəridin yeni coğrafiya fənni üzrə tədris edilsin.
13/ Tarix fənni üzrə hansı dərslik və kitabın tövsiyə edildiyi barədə komissiyanın iclas protokolunda heç bir məlumat qeyd edilməmişdir.
14/ Digər yazılmış əsərlərlə bağlı komissiya yalnız Mirzə Məmməd Axund oğlunun “Hesab Sorğuları” sərlövhəli kitabına baxaraq qərar almışdı ki,aradan qaldırılması tələb olunan bəzi nöqsanlar müəllifin nəzərinə çatdırılsın.
Qurultayın Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə dekabrın 18-də keçirilmiş növbətı iclasında əvvəlki iclaslarda iştirak etmiş nümayəndələrdən əlavə olaraq, Lənkəran qəzası xalq məktəbləri müfəttişi G.N.Teterevyatnikov da iştirak edirdi. İclasın gündəliyinə müzakirə üçün beş məsələ çıxarılmışdır:
1/ 1918-ci ilin yanvar-dekabr ayları üzrə müəllimlərin tam şəkildə ala bilmədikləri maaşları barədə;
2/ məktəblərin dava-dərman və dərslik vəsaitləri ilə təmin edilməsi üçün dövlət xəzinəsindən müəyyən məbləğin ayrılması;
3/ məktəbi idarə etdiyinə, gimnastika, nəğmə, peşə dərslərini kediyinə görə müəllimlərin mükafatlandırılması;
4/ idarə / upravski/ məktəblərinin maliyyələşdirilməsi barədə;
5/ müəllimlərin təqaüd kassaları barədə.
Qurultayda aparılmış gərgin müzakirələrin nəticəsi olaraq həmin məsələlərin həlli yolları müəyyən edilmişdir. Qurultayda iclasların gün ərzində fasiləsiz olaraq gərgin keçdiyi barədə hökumətin mətbu orqanı olan “Azərbaycan” qəzetində də məlumat verilmişdir.
İbtidai məktəblərin(zemski;normal;prixodski adlanan aşağı ibtidai məktəblərin-R.S.) eynitiplilik prinsipinin həyata keçirilməsi məqsədilə respublikada fəaliyyət göstərən və son nəticə etibarilə eyni məqsəd güdən bütün aşağı ibtidai məktəblərin “Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” vahid termini altında birləşdirilməsi, xalq müəllimlərinin hüquqi vəziyyətinin eyniləşdirilməsi,onlar arasında əvvəlki dövrlərdə yol verilmiş ayrıseçkiliyin aradan qaldırılması və onların saxlanması xərclərinin dövlət xəzinəsindən maliyyələşdirilməsi; Cəmiyyətlə məktəblər arasında mübahisələr doğuran,məktəb və müəllimlərin nüfuzuna xələl gətirən məktəblər üzrə məktəb mükəlləfiyyətləri barədə icma qərarlarının ləğv edilməsi; yeni tədris proqramlarının işlənib hazırlanması,dərsliklərin seçilməsi; məktəbdən xaric təhsil və bununla bağlı məktəb kitabxanalarının təşkili; şagirdlərin tarixlə vətənpərvərlik ruhunda tərbiyələndirilməsi üzrə işlərin qoyuluşu; uşaq və pedaqoji jurnalların buraxılması; uşaq bağçalarının yaradılması; ibtidai məktəblərdə bədən tərbiyəsi işinin təşkili; müəllim qıtlığı problemi və onun həlli yollarının araşdirilması; müəllimlərin əməyinin ödənilməsi və s. həlli təxirəsalınmadan tələb olunan məsələlər üzrə muvafiq qərarlar qəbul edilmiş, təklif və tövsiyyələr verilmişdir ki, bu da öz dövrünün tələblərinə uyğun yeni məktəb quruculuğu və məktəb islahatı işində olduqca əhəmiyyətli olmuşdur.Təsadüfü deyildir ki, qurultayın dekabrın 24-də xalq təhsili üzrə baş idarənin rəisi A.Əmirovun sədrliyi ilə keçirilmiş iclasında Nuxa-Ərəş rayonu xalq məktəbləri müfəttişi, ali pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev (görkəmli pedaqoq Rəsid bəy Əfəndiyevin qardaşıdır-R.S.) təklif etmişdir ki,qurultayın fəaliyyətini əks etdirən hesabat tərtib edilsin və çap edilərək bütün müfəttişliklərə göndərilsin. Onun fikrincə qurultayda müzakirə edilən məsələlər və qəbul edilmiş qərarlar, məktəb-tədris və təlim-tərbiyə işlərinin müxtəlif sahələri üzrə irəli sürülən elmi-pedaqoji ideya və təkliflər Respublikada aparılan yeni məktəb quruculuğu işində olduqca əhəmiyyətlidir və təhsil işçilərinin,o cümlədən direktor, müfəttiş və müəllimlərin fəaliyyət proqramına çevrilməlidir. Müfəttiş A.Əfəndiyevin təklifi qurultay tərəfindən qəbul edilmişdir.
Qurultayın qərarlarını əsas tutan Xalq Maarif Nazirliyi sonralar həmin qərarların bir çoxunun həyata keçirilməsi məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Parlamenti qarşısında məsələ qaldırmış və müvafiq qərar və qanunların qəbul edilməsinə nail olmuşdur ki, onlardan da bəzilərini qeyd edirik:1) Xalq müəllimlərinin hərbi mükəlləfiyyətdən azad edilməsi; 2)Türk (azərbaycan-R.S.) ştiftinin əldə edilməsi üçün Xalq Maarif Nazirinin sərancamına 200 min rubl həcmində pul vəsaitin ayrılması 3) Lazımi kitabların alınması üçün Xalq Maarif Nazirinin sərəncamına 18 min rubl həcmində pul vəsaitinin ayrılması;4) Yoxsul ailələrdən olan şagirdlərə müvəqqəti olaraq birdəfəlik müavinətlərin verilməsi; 5) Aşağı ibtidai məktəb müəllim və qulluqçularının maaşları barədə Parlament tərəfindən qəbul edilmiş qanun və başqaları.
Qeyd edirik ki,bu qurultayda müzakirə edilmiş məsələlər və qəbul edilmiş qərarlar, irəli sürülmüş elmi-pedaqoji ideya və təkliflər sonralar 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək olan müddətdə Bakı şəhərində Azərbaycan xalq müəllimlərinin keçirilmiş növbəti qurultayında bir qədər də inkişaf etdirilərək təkmilləşdirilmiş və Respublikanın təhsil və maarif işçilərinin fəaliyyət proqramına çevrilmişdir. Məktəbləri ölkənin əsas mədəni dayağı kimi qiymətləndirən, şəxsi mənfəət ardınca qaçmayaraq həyatını Respublikanın kənd,rayon və şəhərlərində
Bugün: | 753 |
Dünən: | 793 |
Bu həftə: | 1546 |
Son həftə: | 5729 |
Bu Ay: | 2248 |
Son Ay: | 25108 |
Bu İl: | 268397 |
Ümumi: | 1288818 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az