Milli təhsil tariximizdə izi qalan tədris ocaqları: Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında.
Bu məqalə, Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan Müəllimi” qəzetinin
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı
Təhsil Nazirliyinin 2016-cı il üçün tədbirlər planına uyğun olaraq
“Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda elan etdiyi
yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlanmışdır.
Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) şöbəsi və İrəvan müəllimlər Seminariyasının Azərbaycanda xalq maarifinin, məktəb-təhsil işinin yayılmasında, mədəniyyətin və ictimai-pedaqoji fikrin inkişafında mühüm tarixi xidməti və rolu olmuşdur. Tariximizin, o cümlədən milli təhsil tariximizin hər bir səhifəsinə böyük hörmət və ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Arxivi, Dövlət Tarix Arxivi və Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin müvafiq fondlarında , eləcə də Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxasında saxlanan tarixi sənədlər və digər mənbələr əsasında Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında hazırladığım bu məqaləni qiymətləndirmək üçün tanınmış pedaqoq, alim və mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edirəm.
Məşhur rus pedaqoqu K.D.Uşinskinin layihəsi əsasında yaradılmış Qori və İrəvan Seminariyalarının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq bu tədris ocaqlarının Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olmuşdur. Bu seminariyaları bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmiş, xalq kütlələri arasında savad yayaraq onları cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışmışdılar.
Tarixdən məlumdur ki, keçmiş çar Rusiyasında müsəlmanlara ilk vaxtlarda müəllim seminariyalarında təhsil almaq hüququ verilmirdi. Bu hüququn əldə edilməsi heç də asanlıqla başa gəlməmişdir. Xalqımızın mütərəqqi ziyalıları milli ayrıseçkiliyə qarşı və müsəlmanlara seminariyalarda təhsil almaq hüququnun verilməsi uğrunda mübarizə aparmışdılar. Qeyd edirik ki, çar hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq “ özgə” xalqların təhsil və maarif işlərinə demək olar ki, qayğı göstərmirdi.Çar hakimiyyəti xalqların savadlandırılmasını onların milli oyanışında, özünü dərk və azadlıq yolunda əsas şərtlərdən biri hesab etdiyinə görə məzlum xalqların, o cümlədən müsəlman xalqlarıın dünyəvi təhsil almasına imkan yaratmaq istəmirdi. Çar hakimiyyətinin ucqarlardakı, o cümlədən Azərbaycandakı təhsil sistemi çarizmin imperiya ərazisində yürütdüyü müstəmləkəçilik və hakim millətçilik siyasətinin bariz təzahürü idi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları mövcud vəziyyətlə barışmır, millətin gələcək taleyini düşünür, vətən övladlarının dünyəvi məktəblərdə təhsil almaq hüququ uğründa mübarızəyə başlayaraq “ biz öz dilimizdə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyrik” deyə təhsil sistemində müsəlmanlara qarşı həyata keçirilən milli ayrıseçkilik siyasətinə qarşı etiraz səslərini ucaldırdılar.
XIX əsrin II yarısında Azərbaycanda milli şüurun oyanması və formalaşmasında, maarifçilik hərəkatının yaranmasında H.Zərdabi və onun ”Əkinçi” qəzetinin böyük xidmətləri olmuşdur. Köhnə həyat tərzinin dəyişdirilməsi yolunda xalqın maariflənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini yaxşı dərk etmiş H.Zərdabi və digər mütərəqqi maarifpərvər ziyalılarımız bu yolda daim yorulmadan çalışmışdılar.
XIX əsrin sonlarında Azərbaycanda kapitalist münasibətləri surətlə inkişaf etməyə başlamışdı. Kapitalizm münasibətlərinin inkişafı cəmiyyətin sosial strukturunda müəyyən dəyişikliklərə gətirib çıxartmış və yeni sinif olan çoxmillətli burjuaziya və proletariat formalaşırdı. Həmin dövrdə Azərbaycanda müsəlman müəllim kadrlarına böyük ehtiyac duyulurdu. Lakin müəllim kadrlarına olan tələbatların ödənilməsi üçün təkcə Azərbaycanda deyil, ümumiyyətlə bütün Cənubi Qafqaz bölgəsində pedaqoji kadrlar hazırlayan xüsusi bir tədris müəssisəsi yox idi. Qafqaz bölgəsində dövlət məktəbləri üçün müəllim kadrlarını hazırlayan ilk təhsil ocağı Qafqazda xristianlığı bərpa edən cəmiyyət tərəfindən 1866-cı ildə Tiflis şəhərində yaradıldı. Tiflis şəhərində əsası qoyulan Aleksandrovski müəllimlər məktəbində şəhər məktəbləri üçün müəllim kadrlar hazırlanırdı. 1872-cü ildə həmin məktəb Aleksandrovski Müəllimlər İnstitutuna çevrildi. Lakin müsəlmanlar bu instituta qəbul edilmirdi. Aleksandrovski Müəllimlər institutuna müsəlman olmayan digər millətlərin nümayəndələrinin qəbul olunmağa hüquqları vardır. Qeyd edirik ki, 1872-ci ilin əsasnaməsinə görə müsəlmanlara ali-ibtidai və şəhər məktəblərində ştatlı müəllim vəzifəsini tutmaq hüququ da verilmirdi. Çar hakimiyyətinin yürütdüyü hakim millətçilik və milli ayrıseçkilik siyasətinin nəticəsi idi ki, təhsildən uzaqlaşdırılan azərbaycanlıların nəinki müəllimlər institutunu bitirmiş , hətta adi ibtidai məktəblərdə belə dərs keçən müəllim kadrları demək olar ki, yox idi. 1875-ci ildə təsdiq edilmiş və 1917-ci ilə qədər qüvvədə olmuş “Xalq maarif nazirliyinin müəllim seminariyaları üçün təlimat”ına əsasən müəllimlər seminariyasına pravoslav dininə məxsus bütün təbəqələrdən olan, tərbiyəli davranışı haqqında rəy təqdim etmiş, 5-6 il ibtidai məktəbdə oxumuş və iki sinifli ali-ibtidai məktəbin proqramı üzrə qəbul imtahanlarını müvəffəqiyyətlə başa vuraraq 16 yaşa çatmış şəxslər qəbul edilirdi.
Yalnız zamanın tələbi ilə Qafqaz tədris idarəsinin rəhbərliyi tərəfindən ali-ibtidai məktəblərdə dərs deyə biləcək müsəlman müəllimlərin sayını artırmaqdan ötrü müəllim seminariyalarını bitirmiş müsəlmanlar üçün qısamüddətli kurslar açıldı. Müsəlmanlara da ali-ibtidai məktəblərdə ştatlı müəllim yerlərinin verilməsinə başlandı. Müsəlmanlara Aleksandrovski müəllimlər institutuna daxil olmaq hüququ verildi.
XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya İmperiyasının bir sıra bölgələrində, o cümlədən Cənubi Qaqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan müəllim seminariyaları meydana gəldi. Əsasən zemstvalar tərəfindən yaradılan müəllimlər seminariyaları öz işlərini dahi rus pedaqoqu Konstantin Dmitrieviç Uşinski tərəfindən işlənib hazırlanmış “Müəllimlər seminariyasının layihəsi” əsasında qururdular. Çar hakimiyyəti seminariyaların zemstvalar tərəfindən açılmasını müxtəlif yollarla dayandırmağa çalışsa da, buna nail ola bilmədi. Mütləqiyyət seminariyaların yaradılması prosesini öz nəzarəti altına almaqdan ötrü 1870-ci ildə “Müəllimlər seminariyası haqqında Əsasnamə”ni təsdiq etdi. Həmin əsasnaməyə görə müəllim seminariyaları zemstvalar tərəfindən deyil, hökumət tərəfindən yaradılmalı idi.
Zaqafqaziya Müəllimlər Seminariyası Rusiya İmperatoru II Aleksandrın 08 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edildi. Qori şəhərində bütün Cənubi Qafqaz üzrə təşkil edilmiş Zaqafqaziya Müəllimlər Seminariyası dövrün qabaqcıl Seminariyalarından biri sayılırdı. Həmin Seminariya haqqında əsasnamənin 1-ci bəndində göstərilirdi ki,: ” Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi – özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir.” Əsasnamənin 1-ci bəndinin qeyd hissəsində yazılmışdı ki, ” Müsəlmanlar üçün xüsusi məktəb açılanadək, müsəlmanlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir.” Lakin Zaqafqaziya Müəllimlər Seminariyasında və onun nəzdində yaradılmış üç ibtidai – rus, gürcü, erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin demək olar ki, olmaması azərbaycanlı gənclərin bu məktəblərə cəlb olunması işini ləngidirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan kəndlərində mövcud olan və açılması nəzərdə tutulan məktəblərin müsəlman azərbaycanlı müəllim kadrlarla təmin edilməsinə böyük tələbat var idi. Zamanın tələbi, eləcə də müsəlmanlara qarşı edilən milli ayrıseçkiliyə qarşı mütərəqqi ziyalılarımızın yüksələn etiraz səsləri çar hökumətini “Müəllimlər seminariyaları haqqında təlimat”ın tələblərindən kənara çıxmağa məcbur etdi. Beləliklə, Seminariyalarda təkcə “ pravoslavlar”ın deyil, müsəlmanların da təhsil almasına icazə verildi. .
Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər və xalqımızın mütərəqqi ziyalılarının maarif- təhsil işi uğrunda mübarizəsinin nəticəsi olaraq Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.) bölməsinin yaradılmasına Qafqaz canişini tərəfindən razılıq verildi. Qori müəllimlər seminariyasının məzunu olmuş, sonralar isə məşhur pedaqoq, dövrünün görkəmli dövlət xadimi kimi yetişmiş xalqımızın böyük oğlu N.Nərimanov 1906-cı ildə yazdığı məqaləsində qeyd edirdi: ” Rusiya baş qaldırıb yüz illərlə ixtiyarını itirmiş, indi zor ilə hərəkət edən millətlərə yavaş-yavaş ixtiyar verir. Hər millətin öz ana dili uşaqları üçün vacib olub məktəblərdə oxunur. Bizim camaat bunları görüb yenə də lal və kar qalmış, axırda dövlət özü qafqazlılar üçün ümumi qanun düzəldib dedi: qeyri millətlərə verilən ixtiyar siz müsəlmanlara da verilir. Bacarırsınız isə siz də öz başınıza çarə qılınız. Bu fikirlə türk dilini müsəlman müəllimlərinə vacib bildi, qəza şəriyəti də bunu vacib bildi...Lakin kəndi xahişiləmi? Xeyr, zəmanə tələb etdi. Ana dilini bu vaxtadək lazım bilməyib onun yox olmasına çalışan dövləti bir qanlı hürriyyət indi vadar edir ki, ana dilini qeyri dillər kimi uşaqlara vacib bilsin...”
Zəmanənin tələbi ilə Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində ayrıca yaradılmış tatar ( Azərbaycan-R.S.) şöbəsi 1879-cu il sentyabrın 23-də Qori şəhərində fəaliyyətə başladı. Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.) şöbəsinin fəaliyyəti Dövlət Şürasının 13 may 1880-cı il tarixli qərarı ilə rəsmiləşdirildi. Azərbaycanlı müsəlman müəllim kadrların hazırlanması kimi tarixi missiya bu şöbənin üzərinə düşdü. Azərbaycan şöbəsinin 1880-cı il mayın 13-də təsdiq edilmiş əsasnaməsinə görə bu şöbənin məqsədi Cənubi Qafqazın Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və bacarıqlı müəllimlər hazırlamaqdan ibarət idi. Seminariyanı 1881-ci ildə bitirmiş məzunlardan yalniz üç nəfəri-Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görüldülər. Azərbaycan şöbəsinin inspektoru A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxladı.T.Bayraməlibəyov Qori Seminariyasını bitirdikdən sonra Lənkəranda rus məktəbində dərs deməyə başladı.O, həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan və mütərəqqi ziyalılarımızın tribunasına çevrilmiş “Kaspi” qəzetində Lənkəran bölgə müxbiri kimi fəaliyyət göstərmişdi. Həmin dövrdə “Kaspi” qəzetində Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H.Zərdabi və digərləri ilə yanaşı T.b. Bayraməlibəyov da tez-tez müxtəlif məsələlərlə bağlı çıxış etmişdir.
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk buraxılışı 1882-ci ilə təsadüf edilir. Şöbənin kursunu ilk olaraq bitirmiş 10 nəfər müsəlman gənc Azərbaycanın məktəb tarixində azərbaycanlı müəllimlərin ilkin dəstəsi olaraq pedaqoji cəbhədə fəaliyyətə başlamışdı. 1882-ci ildə şöbənin kurslarını bitirmiş şəxslərin sıralarında Həşim bəy Nərimanbəyov, Rəşid bəy Əfəndiyev, Məmməd bəy Əfəndiyev və başqaları var idi. Məzunların sayca az olmasına baxmayaraq, onlar Zaqafqaziyanın Azərbaycan kəndlərində dünyəvi məktəblərin açılmasında və fəaliyyət göstərməsində mühüm rol oynamışdılar.
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin təşkili ana dilində sövti üsullu ilk dərsliyin meydana gəlməsinə şərait yaratdı. 1882-ci ildə ilk dəfə nəşr edilən A.O.Çernyayevskinin “Vətən dili”(I hissə) və S. Vəlibəyovla birlikdə hazırlanaraq 1888-ci ildə dərc olunan həmin dərsliyin II hissəsinin işıq üzü görməsi feodalizm dövründən qalmış doqmatik və sxolastika ilə bağlı olan və uzun müddət davam edən höccələmə( əbcəd-çərəkə) usuluna ilk və böyük zərbə idi. Həmin Seminariyanın məzunu sonralar ədəbiyyatşünas alim, pedaqoq və maarifçi F. Köçərlinin sözləri ilə desək, bötöv islam aləmində, türk-tatar dilli xalqlar içərisində sövti üsullu dərs demək və dərslik tərtib etmək təşəbbüsü ilk dəfə Azərbaycanda ortaya çıxmış və Azərbaycan məktəblərində tətbiq olunmuşdur. Bu Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi. Sonrakı illərdə dəfələrlə çap edilən “Vətən dili” uzun müddət Azərbaycan məktəblərində ana dili dərsliyi kimi istifadə olunmuş və inqilabdan əvvəlki Azərbaycan ziyalılarının bütöv bir nəsli “Vətən dili” kitabından faydalanmışdır. Ən başlıcası isə bu dərslik Azərbaycan dilinin gələcək inkişafına, ana dilində yeni-yeni dərsliklərin tərtib edilməsinə güclü təkan vermişdi. R. Əfəndiyevin “ Uşaq bağçası” və “ Bəsirət- ül-ətfal”, N.Nərimanovun “ Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”,Ü.Hacıbəyovun “Hesab məsələləri” və “Lüğəti”,M. Mahmudbəyovun “ Türk əlifbası və ilk qiraət”i, başqa müəllimlərlə birlikdə “İkinci il”, “Üçüncü il”, “İmlamız”dan başlamış, Ə. Y. Seyidovla H. K. Sanılının “Əlifba”sı da daxil olmaqla, ana dilində yazılan dərslik və dərs vəsaitləri “Vətən dili”nin layiqli davamçıları olmuşdur.
Azərbaycan xalqının azadlıq hərəkatının yekunu kimi 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqil dövlət elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul etdi. Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirdi. Çünki əvvəlki dövrlərdə çarizm xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə xalq maarifi işini uzun illər məhdud çərçivədə saxlamış,zorla ruslaşdırma siyasəti yeritmiş, təhsil əsasən rus diində aparılmış, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törətmişdir ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdı.Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdu. Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar(Azərbaycan-R.S.) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrılır. Azərbaycan bölməsi müstəqil seminariyaya çevrilərək Qazaxa köçürülür və burada fəaliyyətini davam etdirir. Xalq Maarif Naziri N.b. Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 №li əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firudun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru təyin edilmişdir. Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilmiş və bu təhsil ocağında dərslər həmin gündən etibarən başlamışdır.
Qori seminariyası mövcüd olduğu 40 il müddətində Azərbaycan məktəbi üçün 250-ə yaxın müəllim - Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Şıxlinskilər və b. hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycan Milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamışlar.
Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil müəssisələrindən biri də İrəvan Müəllimlər Seminariyası olmuşdur. İrəvan Müəllimlər Seminariyası “Kytaisi və İrəvan quberniyalarında müəlllimlər seminariyalarının təşkil edilməsi haqqında ” Rusiya İmperiyasının Dövlət Şürasının 20 oktyabr 1880-cı il tarixli qərarına uyğun olaraq yaradılmışdır. Üç maddə və qətnamədən ibarət olan həmin qərarda qeyd edilirdi: ...”1) İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kytaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın...3) Ştatların layihələri üzrə Seminariyaların saxlanması üçün-Kutaisi Seminariyasına-27.800 rubl, İrəvan Seminariyasına 28.350 rubl, yekun olaraq isə Zaqafqaziya diyarının yerli büdcəsinə ildə əlli altı min yüz əlli rubl keçirilsin...”.
İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də həyata keçirilmişdi. İrəvan müəllimlər seminariyasında digər elmi-fənnlərlə yanaşı Azərbaycan dili fənni və şəriət dərslərinin tədris edilməsi üçün seminariyanın ştat cədvəlində müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İrəvan müəllimlər seminariyasının nəzdində Azərbaycan şöbəsinin yaradılması haqqında tarixi mənbələrdə hər hansı bir məlumat aşkar edilməmişdi. Tarixi mənbələrdə seminariyanın ştat cədvəlində müsəlman dini üzrə şəriət dərsləri və Azərbaycan dili fənninin tədris edilməsi üçün müvafiq ştat vahidinin ayrıldığı barədə məlumatlar vardır. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış “Кавказский Календарь”-da dərc olunmuş məlumatlara görə Axund Məmməd Bağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir.
Qeyd edirik ki, Qafqazın ayrı-ayrı yerlərində, o cümlədən Kubanda və Kutaisi quberniyasında açılmış seminariyalardan fərqli olaraq, İrəvan müəllimlər seminariyasında Azərbaycan dilinin və şəriətin tədris edilməsi heç də təsadüfü deyildi. Çünki, bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan mahalında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı müsəlman gənclər ilk pedaqoji təhsillərini seminariyada aldıqdan sonra həyat fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud olan ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak etmişdilər.
İrəvan Seminariyasının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq, bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni- maarif işinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynamışdır.
1881-ci ildə İrəvan mahalında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə baş vermiş, İrəvan mahalında İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılmışdır. Qori müəllimlər seminariyasının məzunu F.Köçərli 1885-ci ilin iyun ayında İrəvan gimnaziyasına Azərbaycan dili və şəriyət müəllimi təyin edilmişdir.O, bu tədris ocağında 10 il müddətində pedaqoji fəaliyyətini davam etdirmişdir. Qori müəllimlər seminariyasının digər məzunu Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib və ilk dərsini həmin məktəbdə demişdir.
Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori müəllimlər seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını bitirmiş məzunlar da yaxından iştirak etmişdilər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək təhsillərini başa vurduqdan sonra vətəninə - Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni - maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişdilər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri - Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan müəllimlər seminariyasında almışdılar.
Milli təhsil tariximizdə Qori və İrəvan müəllimlər seminariyasının olduqca əhəmiyyətli rolu danınmazdır. 1898-ci ildən 1902-ci ilədək İrəvan müəllimlər seminariyasının direktoru vəzifəsini tutmuş Mixail Alekseyeviç Miropiyev 1903-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına yeni direktor təyin edilərkən dekabr ayında Qori şəhərinə gələrək seminariyanın şəxsi heyəti və yetirmələri qarşısında çıxış etmişdir. M.A. Miropiyev öz çıxışında Zaqafqaziya Müəllimlər Seminariyasının fəaliyyəinə yüksək qiymət vermişdir. O, Seminariyanın 1900-cu ildə Parisdə keçirilən müəllimlər seminariyasının ümumdünya sərgisində layiqincə iştirak etdiyini, seminariyaların Qafqaz yubiley sərgisində isə yüksək mükafata layiq görüldüyünü bildirərək seminariyaya onun kiçik baçısı - İrəvan Müəllimlər Seminariyasından təbriklər gətirdiyini qeyd etmişdir. M.A. Miropiyev İrəvan Müəllimlər Seminariyasını Oori Müəllimlər Seminariyasının kiçik bacısı adlandırmışdı. İrəvan müəllimlər seminariyası 1881-ci ilin noyabr ayından 1918-ci ilin avqust ayınadək – 37 il ərzində fəaliyyət göstərmişdir. Fəaliyyətdə olduğu 37 il ərzində seminariyanı bitirmiş azərbaycanlı məzunlar məşhur Qori müəllimlər seminariyasını bitirmiş azərbaycanlı məzunlarla yanaşı Azərbaycanda və Zaqafqaziyanın bir çox Azərbaycan kəndlərində dünyəvi məktəblərin açılması, geniş xalq kütlələri arasında maarifin yayılması işində yaxından iştirak etmişdilər. Əhalisinin əksəriyyəti azərbaycan türklərindən ibarət olan İrəvan mahalında eyni bir vaxtda-1881-ci ildə fəaliyyətə başlamış İrəvan müəllimlər seminariyası, İrəvan gimnaziyası və Uluxanlı məktəbi eyni vaxtda-1918- ci ilin avqustunda bağlanmışdır.
Qeyd edirik ki, XIX əsrin sonu XX əsrin əvvəllərində ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər əsasən Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdılar. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905-1907-ci illərdə Azərbaycan dili müəllimlərinin hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda; Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdriyyətinin kurslarında; Yelizavetpol mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin 1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi.
Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini Qori və İrəvan müəllimlər seminariyasında almışdılar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyasının məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dili dərsliklərin hazırlanmasında vaxtilə Qori və İrəvan Seminariyalarını bitirmiş məzunlar yaxından iştirak etmiş, Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan çalışmışdılar.
Azərbaycanda xalq maarifi və məktəbinin, pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı akademik H.Əhmədov qeyd edir ki,:”M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişdilərsə,Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan üçün həmin xidmətləri göstərmişlər.”.
Qori və İrəvan seminariyasının məzunlarının xalqımız qarşısındakı tarixi xidmətlərini unutmamışdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında istifadə edilir.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin baş məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
1. ARDTA,f.398.siy.1.iş.136.v.1-2(arxa üzü)
2. Полное собрание Законов Российской Империи.(ПСЗРИ) Собрание второе.Том. L.(50).Отделение первое 1875. Санк Петербург -1877.л.339-340.
3. Xəbərlər( Pedaqoji və psixoloji elmlər seriyası).2009-сu il.№2.səh.92.
4. Полное собрание Законов Российской Империи.(ПСЗРИ) Собрание второе.Том. LV- .(55).Отделение первое c 19 февраля 1880 по 28 февраля 1881г . Санк Петербург -1884.л.234.
5. ARDƏİA,f.527.siy.1.iş.170.
6. H.M. Əhmədov “Şərəfli yol”. Xəbərlər( Pedaqoji və psixoloji elmlər seriyası).2009-сu il.№2.səh.12-2
7. Zaqafqaziya Seymminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları.Bakı.2006.səh.126-127.
8. ARDA.f.895.siy.3.iş.201.v.10. 13. .
ARDA.f.2898.siy.1.iş.1.v.3.
Азербайджанская Демократическая Республика (1918-1920).Законодательные акты.Баку.1998.с.190.
9. Азербайджан.1918. 16 октября.№11.
10. Полное собрание Законов Российской Империи. Собрание второе. Том. LV-(55).c630. Отделениe первое.C 19 февраля 1880 по 28 февраля 1881г.Санкт-Петербург. с.630.
11.Там же. с.234.
12. Полное собрание Законов Российской Империи. Собрание второе. Том. LV-(55). Отделениe второе. c.476
13.“Кавказский Календарь”-за 1882-1896гг.
14 .Кавказский Календарь”-за 1897--1902гг
15 . Кавказский Календарь”-за 1903--1908гг
16. Кавказский Календарь”-за 1914--1917гг
17. Azərbaycan tarixi. 5-ci cild.Bakı-2001.səh.201.
Məqalə "Azərbaycan müəllimi" qəzetinin 14 yanvar 2017-ci il tarixli 01(8717) №li sayında dərc edilmişdir.
Bugün: | 728 |
Dünən: | 740 |
Bu həftə: | 2980 |
Son həftə: | 6066 |
Bu Ay: | 16876 |
Son Ay: | 28223 |
Bu İl: | 257917 |
Ümumi: | 1278338 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az