Mirəli Seyidov - 100
Böyük azərbaycanşünas alim, tənqidçi, ədəbiyyatşünas, professor Mirəli Mirələkbər oğlu Seyidov Azərbaycan ədəbiyyatına və tarixinə böyük uğurlar qazandırmış, yaradıcılığı və elmi fəaliyyəti ilə milli ruhumuza yeni nəfəs gətirmiş görkəmli şəxsiyyətlərdəndir. Onun ədəbi əlaqələrə dair yaradıcılığı, türkdilli qəbilələr barədə məqalələri və mifologiyaya aid fikirləri milli təfəkkürümüzün zənginləşməsində, azərbaycançılıq dünyagörüşünün təbliğində əvəzsizdir. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuş və inkişaf etdirmiş, ilk dəfə xalqımızın etnogenezini tanıtdırmışdır. Alimin azərbaycanşünaslığın ədəbi-nəzəri problemləri, ümumtürk mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhlili sahəsində elmi araşdırmaları xalqımızın soykökünün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
1918-ci il may ayının 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olan Mirəli Seyidov burada ibtidai məktəbi, sonra Bakıda Hidromeliorasiya texnikumunu bitirmişdi. Ali təhsilini Yerevan Pedoqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində alan Mirəli Seyidov təhsilini başa vuran kimi Bakıya gəlmiş, Ədəbiyyat Muzeyində şöbə müdiri, sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Qeyd etmək lazımdır ki, onun həm müasir, həm də qədim erməni dilini mükəmməl bilməsi alimin gələcək tədqiqatlarında mühüm rol oynamışdır.
Elmi fəaliyyətə ədəbiyyat tarixçisi kimi başlayan M.Seyidov elmi işlərini ədəbi-mədəni əlaqələrin, xüsusən də Azərbaycan-erməni ədəbi əlaqələrinin tədqiqinə həsr etmiş, sonradan daha çox folklorşünas, mifoloq, etimoloq, türkoloq, azərbaycanşünas kimi tanınmışdır.
M.Seyidov qədim türk abidələrininn öyrənilməsi yolu ilə ilkin türk mifologiyasının meydana çıxması haqqında dəyərli fikirlər söyləmiş, onu elm kimi sistemləşdirmişdir. Böyük alim türk xalqlarına aid mifoloji onqonları, tanrıları və inamları öyrənərək türk xalqlarının mifoloji-fəlsəfi, bədii təfəkkür aləminin inkişaf edib gəldiyi mürəkkəb yolları aydınlaşdırmağa müvəffəq olmuşdur.
Bir məsələni də qeyd etmək lazımdır ki, azərbaycanşünaslığın formalaşdığı dövrdə Sovetlər Birliyində türkçülüyə qarşı mübarizə aparıldığı bir şəraitdə Mirəli Seyidov, çətinliklə də olsa, sovet sisteminin ideoloji təzyiqlərinə, məhrumiyyətlərə və qadağalara sinə gərmiş, böyük cəsarətlə öz elmi fəaliyyəti ilə sözünü deyə bilmişdir.
Böyük alim türkdilli xalqların mifoloji inamları ilə sıx bağlı olan “xaylandurq”, “öləng”, “varsaq”, “yuğ” ,“oğuz”, “uğur” və s. sözlərin etimoloji təhlilini vermiş, həmin sözləri, etnik adları leksik vahidlərə bölərək onların mənşəyinə dair qiymətli araşdırmalar aparmışdır. Alim qeyd edir ki, zaman keçdikcə, dünyagörüşlər dəyişdikcə, qəbilələr, qəbilə birləşmələri çarpazlaşdıqca və biri o birini öz içərisində əritdikcə bu sözlər də mənaca dəyişilmiş, yeni, ilk baxışda bir-birinə əks mənalar kəsb etmişlər.
M.Seyidovun 30 illik elmi axtarışlarının, gərgin yaradıcılıq əməyinin məhsulu olan “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı irihəcmli monoqrafiyası elmi-ədəbi ictimaiyyət tərəfindən əhəmiyyətli hadisə kimi qiymətləndirilmişdir. Bu əsərdə böyük alim Azərbaycan xalqının soykökündə duran soyların, qəbilə birləşmələrinin yaşayışı, yaşayış tərzi, onların çevrəni dərk etmələri, yaradılış-kosmoqonik görüşləri, düşünmə şəkli və ən başlıcası bir sıra komponentlərin ümumazərbaycan etno-soy kökündə nə dərəcədə rol oynaması və həmin komponentlərin, görüşlərin xalqımızın ictimai-siyasi, mifoloji, fəlsəfi, psixoloji, bədii təfəkküründə necə əks olunmasını ətraflı şəkildə araşdırmışdır.
M.Seyidov Azərbaycan, onun ayrılmaz bir hissəsi olan Alban, Albaniya, Ağvan, Aran yeradlarının etimologiyasını müxtəlif dil ailələlərinə mənsub olan dillərlə əlaqələndirərək araşdırmış və sübut etmişdir ki, türkdilli qəbilələr bu yerlərin qədim sakinləridir. Bu zaman müəllif çoxlu sayda məxəzlərə müraciət etmişdir: “Qədim erməni, gürcü, yunan, ərəb mənbələrinə arxalanıb demək olar ki, türkdilli qəbilə birləşmələri, xalqlar qədimdən, yeni eradan çox-çox qabaqlar Qafqazın sakinləri olmuşlar”. Bu xüsusda onun erməni yazıçısı, Dağlıq Qarabağ tarixinin “məşhur” saxtalaşdırıcısı B.A.Ulubabyanın saxtakarlıqlarına cavab olaraq 17.12.1973-cü il tarixli qeydləri maraq doğurur:
“Mən 15 ildən çoxdur ki, Albaniya haqqında material toplayırdım. Ulubabyanın məqaləsindən sonra yenidən belə bir əsərin yazılmasına girişdim.
Axı belə də iş olar? Yusif (Yusif Yusifov – Azərbaycan tarixçisi, şərqşünası, türkoloqu - X.Q) Albaniyanı Qafqaz dilləri ilə, Ulubabyan isə Qeldlə bağlayır. Məni isə dolayı yollarla işləməyə qoymurlar. Lap deyək ki, işlədim, kimdir çap edən?..”
Təəssüf ki, elmi toplantılarda M.Seyidovun məqalələrinə qarşı çıxaraq sözlərin etimologiyası ilə məşğul olmağı, bununla da Qafqazda türkdilli xalqların qədimliyini isbat etməyi “ədabazlıq” adlandıraraq “kül belə elmin başına” deyən bəzi sapı özümüzdən olan baltaları, “hörmətli” professorları nəzərdə tutaraq oğluna yazdığı məktubda cəfakeş alim: “Bax kim üçün işləyirəm. Erməni məni öldürmək istəyir, bu da başıma kül tökür. Oğlum, bax professorun zəkasına, dərrakəsinə və etikasına”, - deyir.
Alim qeyd edir ki, tarixin keşməkeşlərindən ya tam qələbə ilə, heç bir məna və şəkilcə dəyişikliyə uğramadan gələn, ya da müəyyən dərəcədə dəyişən, lakin tamamilə məğlub olmayan, zamanın möhürünü öz üzərində daşıyan, eləcə də unudulmuş, lakin tarixə bağlı olan hər bir söz - istər ailə birləşməsi, tayfa, qəbilə, xalq adı olsun, istər yer, çay, dağ, təpə, hətta arx, kanal və s. - bu kimi şeylərin adları, bütün xalqların, o cümlədən Azərbaycan xalqının tarixini və hətta mənşəyini aydınlaşdırmağa kömək edən əsas, dəqiq, lakin səliqə və səbatla öyrənilməsi lazım olan dəlillərdən biridir.
Məqalə münasibətilə M.Seyidovu təbrik edən xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Əziz qardaş, bu məqalənin elmiliyi, məntiqiliyi sənin vətəndaşlığından gəlir. Sən əsl türksən!”.
M.Seyidovun “Qarabağ-Artsaq-Arsaq yeradının sözaçımı haqqında düşüncələr” adlı məqaləsi bu gün işğal altında olan torpaqlarımızla bağlı tarixi həqiqətləri üzə çıxarmaq baxımından olduqca əhəmiyyətlidir. Ötən əsrin 80-ci illərinin əvvəllərində yazılmış məqalədə müəllif özü də qeyd edir ki, “bu mövzu yalnız Qarabağ məsələsini deyil, Azərbaycan və bir çox türkdilli xalqların soykökünü aydınlaşdırmağa kömək edəcəkdir”. M.Seyidov yazır: “Arsaq haqqında 20 ildən çox idi ki, düşünürdüm. Nəhayət, son bir ildir ki, Arsaqın nə olduğu mənə aydın oldu. Məncə bunun açılması azərbaycanlıların soykökünün açılmasında əsas komponentlərdən birini aydınlaşdırmaq deməkdir”.
Müəllif göstərir ki, Arsaq sözünə Qafqazda erkən yüzilliklərin erməni və erməni dilli mənbələrində rast gəlinməsinə baxmayaraq, bu yeradının araşdırılması bizi Qafqazdan daha çox Orta Asiyaya aparır. “Erməni dilli və erməni mənbələri Arsaq-ı Savir-Xəzər qəbilə birləşmələri silsilələrinin dillərindən götürmüşlər”. Alim yazır ki, “yeradları orada yaşayan xalqın ya dünyanı dərk etməsi, dünyagörüşü, mifologiyası ilə, ya onun tərkibini təşkil edən, lakin çoxdan tarixin güclü burulğanında qalıb unudulmuş qəbilə, qəbilə birləşmələri adları ilə bağlı olur”. Onun fikrincə, Arsaq da belə yeradlarındandır. Alimin fikrincə, əski yunan, erkən erməni və sonrakı müəlliflər Arsaqın || Artsaqın || Arşaqın kimliyini və həmin adla adlanan yeri qarışdırmışlar. Bu qarışıqlığı aradan götürmək üçün o, əldə olan qaynaqları qarşılaşdırmış və həqiqəti ortaya çıxarmaq üçün bir çox etnoqrafik, dil materiallarına müraciət etmiş və belə bir nəticəyə gəlmişdir ki, uzun bir yol keçmiş Arsaq||Artsaq|| Arşaq türkdilli sözdür. Bu fikrini isbat etmək üçün Arsaq||Artsaq|| Arşaq adam və yeradının tarixən haralarda mövcud olması və hansı soya aid olması müəllif tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Onun fikrincə, “Arsaq||Artsaq|| Arşaq əskidən, yəni eradan öncə IV əsrdə, bəlkə də daha qabaqlar Orta Asiyada, onun qonşuluğundakı ölkələrdə, bizcə Dağlıq Altayda ad-söz olmuş, sonralar başqa xalqlara da keçmişdir.” Müəllifin rəyi bundan ibarətdir ki, Arsaq türkdilli “saq” qəbiləsinə aid olmuş, sonra onun sülaləsinin xaqanları da bu adla adlanmış və Arsaq sülaləsinin yaşadıqları yerlər, o sıradan Qarabağ, Arsaq da sülalənin adı ilə adlanmışdır.
Bu mürəkkəb sözü “ar” və “saq” kimi tərkib hissələrinə ayıran alim onun hər iki komponentinin mənşəcə də türk sözləri olduğunu qeyd edir.
Lakin təəssüflə demək lazımdır ki, bu məqalədən sonra M.Seyidova hər tərəfdən hücumlar başlamış, bəzi “dostları” ona qarşı çıxmış, ermənilər, xüsusən onların daşnak ruhluları yuxarı hakimiyyət orqanlarına “donos” yazmağa girişmişdilər. “Qəribə aləmdir. Öz torpağının sənə aid olduğunu deyə bilmirsən”, - deyə müəllif gileylənirdi. “Ey dünya, oxum yaman daşa dəydi! Qarabağ – Arsağı bələkdə boğazladılar”.
Başqa bir məqaləsində M.Seyidov vətənimizin ayrılmaz hissəsi olan Naxçıvan ərazisindəki Oğlanqala, Çalxanqala, Əlincə, Gavurqala qalalarıın ilkin adlarından Azərbaycan xalqının tarixini öyrənməkdə bir dəlil kimi istifadə edərək göstərir ki, ilkin adları Arba, Çauq, Erıncaq, Xaxu olan bu qalaların ilkin adlarına biz V-VII və sonrakı yüzilliklərin qaynaqlarında rast gəlirik. Həmin adların belə erkən işlənməsi bir daha təsdiq edir ki, Azərbaycan qəbilə birləşmələri bu torpağın əski sakinləri olmuşlar. Qalaların adlarını Azərbaycan xalqının formalaşmasında iştirak edən qəbilələrin müəyyənləşəməsində, onların dürlü-dürlü görüşlərinin aydınlaşdırılmasında çoxsaylı dəlillərdən biri kimi götürən alim yazır ki, bu adlar türkdilli qəbilələrin eradan öncə Azərbaycanda yaşamasına, öz yerlərinə, qalalarına, qala şəhərciklərinə ad qoymasına və Qafqazın başqa xalqları ilə birgə həmin ölkənin ictimai-siyasi, mədəni həyatında birgə iştirak etməsinə ən təkzibolunmaz sübutdur.
M.Seyidov, həmçinin, “Kitabi Dədə Qorqud” boylarının tədqiqi ilə də məşğul olmuş, “Dədə Qorqud” sözünü etimoloji cəhətdən təhlil etmiş və obrazın kökü haqqında dəyərli mülahizələr yürütmüş, “Dədə Qorqud” boylarının mənşəyinə dair elmi məqalələr yazmışdır. Fədakar alim eyni zamanda “Kitabi Dədə Qorqud” boylarındakı yer adlarının etimoloji təhlilini aparmış, türkdilli xalqların qədim totemlərindən olan qurd-canavarın “Kitabi Dədə Qorqud”dakı izlərini aramışdır.
Cəfakeş alimin “Kitabi Dədə Qorqud”da erməni sözlərinin olduğunu iddia edən məqalənin müəllifinə (R.H.Baqramyana –X.Q.) yazdığı açıq məktub diqqətəlayiqdir. O, “Kitabi Dədə Qorqud”da işlənən və R.H.Baqramyan tərəfindən guya erməni sözləri olduğu iddia edilən “aznavur”, “al”, “orğan”, “ərquru”, “qavanmaq/güvənmək”, “qut”, “kəlisa”, “təkur”, “sünük”, “kənəz”, “qoru”, “şuna”, “çürümək”, “sur”, “dadı” və s. sözləri tərkiblərə bölərək onların mənşəyini araşdırmış, bu sözlərin ya qədim türk sözləri olduğunu, ya da qədim türk dillərinin sıx təmasda olduğu bu və ya başqa dillərdən dilimizə keçdiyini elmi dəlillərlə sübut edir, tarixi hadisələri göz önündən keçirərək belə bir dil hadisələrinin qanunauyğun olduğunu yazır, erməni “alimin” heç bir elmi əsası olmayan fərziyyələrini darmadağın edir.
M.Seyidovun “Böri-qurt” adlı başqa bir məqaləsi isə türkdilli xalqların qurdla bağlı əsatiri təfəkkürünu öyrənmək baxımından maraqlıdır. Məqalədə qədim oğuzlarda zoomorfik totem olan qurdun bir çox əsatiri əlamətləri və keyfiyyətləri sadalanır, türkdilli xalqların qurdla bağlı mifologiyasının ortaq yönləri, izləri araşdırılır. Qurdun ilkin adının bir çox türkdilli xalqlarda, o cümlədən azərbaycanlılarda börü-böri olduğunu qeyd edən müəllif türkdilli xalqların, eləcə də Azərbaycan xalqının tərkibində iştirak edən qəbilə birləşmələri silsilərinin Böri-bori-yə, böri-qurd toteminə mifik münasibətini izah edir. Borinin- Qurdun oğuzlara çətin yollarda bələdçilik etməsi, müharibə ilə əlaqədar olması kimi əsatiri keyfiyyətlərindən bəhs edən müəllif qeyd edir ki, vaxtı ilə islamaqədərki dövrdə oğuzlarda əsas totem olan qurd-canavar-böri-bori yaddaşlardan yeni dinin tələbi ilə gah zorla, gah vaxtın-zamanın hökmü ilə silinmiş, qurda-böriyə tapınmanın izləri adda-budda , bir təhər özünü “qurd üzü mübarəkdir” kimi ifadələrdə və kitabələrdə günümüzə qədər saxlaya bilmişdir.
Tədqiqatçı-alim, həmçinin, göy, ağ, qara rənglərinin əski inamla əlaqəsini, bu rənglərin mifoloji görüşlərlə, inamlarla birgə keçdiyi tarixi yolu araşdırmışdır. Həmin sözlərin taleyini bir çox elmlərlə, xüsusilə ilkin fəlsəfə, teologiya ilə əlaqələndirən təqiqatçı-alim hər üç rəngin əski türklərin ibtidai kosmoqonik, həyatı dərk etmə təsəvvürləri ilə sıx bağlı olduğunu, tarixin qarışıq, hərbli-sülhlü həyat yolundan keçərkən ilkin mənalarını dəyişsələr də onunla əlaqəsini tam üzmədiklərini, indi də həmin rənglərin bəzən lap keçmiş inamın bu və ya başqa çalarını az da olsa qoruduqlarını yazır.
Mirəli Seyidovun yaradıcılığı dərin elmi tutumlu və çoxşaxəlidir. Şəxsi keyfiyyətləri ilə alimlik istedadı üzvi vəhdət təşkil edən Mirəli Seyidov elmin əzablı axtarışlar yolunu özünə tale seçmiş, ömrünün sonuna qədər bu yola sadiq qalmışdır. Onun elmi fəaliyyəti Azərbaycan xalqının mənəvi mədəniyyət xəzinəsini zənginləşdirənləşdirən qiymətli incilər sırasına daxil olmuş, öz nəzəri və praktik əhəmiyyətini bu gün də itirməmişdir.
Məqalənin yazılmasında ARDƏİA-də mühafizə olunan 709 nömrəli fondun materiallarından istifadə edilmişdir.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin aparıcı
arxeoqrafı
Bugün: | 765 |
Dünən: | 793 |
Bu həftə: | 1558 |
Son həftə: | 5729 |
Bu Ay: | 2260 |
Son Ay: | 25108 |
Bu İl: | 268409 |
Ümumi: | 1288830 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az