Çoxəsrlik ədəbi təcrübə və ənənə üzərində boy atan Azərbaycan ədəbiyyatında Mirzə İbrahimov özünəməxsus yer tutur. O gənc yaşlarından taleyini sənətə bağlamış, 30-cu illərin əvvəllərindən ədəbi-elmi fəaliyyətə başlamışdır. Əgər ədib 1949-cu ilə qədər qələmini bədii ədəbiyyatın dram, hekayə və oçerk janrlarında sınamışdısa, sonralar “Gələcək gün”, “Böyük dayaq” və “Pərvanə” romanları ilə istedadının yeni bir keyfiyyətini - həyatı geniş epik lövhələrlə canlandıra bilmək qüdrətini də aşkara çıxarmışdır.
Böyük yaradıcılıq yolu keçən xalq yazıçısının ədəbi fəaliyyətindən bəhs etmək eyni zamanda Azərbaycan ədəbiyyatının bir sıra mühüm yaradıcılıq məsələlərindən, onun mürəkkəb, enişli, yoxuşlu, inkişaf yolundan danışmaq deməkdir. Ədibin zəngin və çoxcəhətli yaradıcılığı öz dövrü ilə bağlı olmuş, dövrün səciyyəvi hadisələrini geniş planda əks etdirmişdir.
Mirzə İbrahimov həyatı fasiləsiz öyrənmiş, müntəzəm müşahidələr aparmış, sənətkarlıqda məzmun və forma ahəngdarlığına xüsusi əhəmiyyət vermişdir: janrdan janra keçəndə - roman, povest, hekayə, dram, publisist əsər yazanda, yaxud ayrı-ayrı xalqların ədəbiyyatlarından bədii nümunələri dilimizə çevirəndə özünə, orijinal üslubunə həmişə sadiq qalmışdır.
Mirzə İbrahimov insanının daxili aləmini, xarakterini hərəkətdə və inkişafda göstərir, yaratdığı bədii surətlər, onların idealları oxucunun təxəllüyünə, iradə və hissiyatına, mənəvi varlığına təsir göstərir, onu müqəddəs amala, gözəlliyə, həqiqəti dərk etməyə səsləyir. Yazıçını mürəkkəb insan xarakterləri daha da çox düşündürür. Mirzə İbrahimovda xalq ideallarına, əsrin tələblərinə bağlılıq çox güclüdür. Onun bədii yaradıcılığı ilə elmi-nəzəri axtarışları həmişə eyni nöqtədə birləşir, biri digərinin davamı və yekunu təsiri bağışlayır.
Bir dramaturq kimi Mirzə İbrahimov mövzu məhdudluğu tanımır, milli çərçivənin hüdudlarını aşır, fasiləsiz arayır-axtarır, onu yaradıcılığının ilk illərindən müasir həyat, dövrün quruculuq məsələləri daha çox düşündürmüşdür. O, pyeslərinin hamısının məzmununu həmin dövrün hadisələrindən, xalqın həyatından almışdır. Bu səbəbdən də yazıçının dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın zəngin xəzinəsində ən fəxri yerlərdən birini tutur, müasirlik onun dramaturgiyasında yüksək bədii keyfiyyətə çevrilir (ARDƏİA f.645, s.1, kitab.113).
Yalnız tərcümə ilə məşğul olan ədib Cəfər Cabbarlının ölümündən sonra qısa da olsa bir durğunluq keçirən Azərbaycan səhnəsini “Həyat” pyesi ilə yenidən dirçəltdi, yazıçılarımızın dramaturgiyaya meylini artırdı, yeni əsərlərin yaranması və teatr sənətinin inkişafına təkan verdi. Xalq şairi Rəsul Rzanın sözləri ilə desək: “Bu sahədə tarixi şərəf Mirzə İbrahimovun boynuna düşmüşdü. Mirzənin “Həyat” pyesi Cəfər Cabbarlıdan sonra səhnəmizdə olan ən görkəmli hadisələrdən biri idi” (ARDƏİA f.645, s.1, kitab.113).
“Həyat”ın müvəffəqiyyətindən, uğurlu səhnə təcəssümündən sonra Mirzə İbrahimovun yenidən kənd mövzusuna qayıtması, “Böyük dayaq” romanını yazması ənənəyə yaradıcı və həssas münasibəti ilə əlaqədardır. Həmçinin bu onun həyata, xalqa, arzu və ideallarına bağlılığının aydın təzahür formasıdır. “Böyük dayaq” dərin məzmunlu, aydın ideyalı romandır. Yazıçı müharibədən sonrakı illərdə Azərbaycan kəndində yaranmış dəyişikliyi, yüksək məhsul əldə etmək üçün bütün imkanlardan istifadə edilməsi məsələlərini konkret hadisələr fonunda göstərməklə bərabər öz obrazlarının xarakterlərini gərgin mübarizələr şəraitində meydana çıxarır.
Həyat hadisələrini geniş epik lövhələrlə təsvir edən “Böyük dayaq” romanının yaxşı xüsusiyyətlərindən biri də müəllifin yalnız məhsuldarlığı artırmaq, planı yerinə yetirmək uğrunda mübarizəni göstərməklə kifayətlənməyib insanların özlərinin də bu prosesdə dəyişilməsi, yeni mənəvi keyfiyyət qazanması, onların ailə məişətdəki münasibətlərini də təsvir edir.
“Böyük dayaq” romanında istər müsbət, istərsə də mənfi obrazlar öz fərdi xüsusiyyətləri ilə təsvir edilmiş ümumiləşmiş surətlərdir. “Yeni həyat” kolxozunun sədri Rüstəm kişi böyük iş təcrübəsinə malik, təsərüffata yaxşı bələd olan, xalq işinə sadiq bir adamdır. Ancaq Mirzə İbrahimovun göstərdiyi kimi get-gedə belə bir təsəvvür yaranmışdır ki, dünyada ondan bacarıqlı, hadisələr haqqında onun qədər düzgün nəticə çıxardan, birsözlə onun qədər iş bacaran bir adam yoxdur. Rüstəm kişi o qədər özünə arxayındır ki, heç kimin rəyi ilə hesablaşmaq istəmir, öz qüvvətini və öz qüdrətini böyük dayaq olan xalqdan almır. Rüstəm kişi onun nöqsanlarını vaxtında və üzünə açıq deyən gənclərə- Şirzada, Nəcəfə, Qızyetərə, açıqtəbiətli Telliyə öz rəqibləri kimi baxır, onların hər bir sözünün əksinə çıxır. Get-gedə ucuz təriflər, yaltaq hərəkətlər onun ruhunu oxşayır, ona bəli-bəli deyən, üzünə gülən, lakın arxada həmişə iş dolaşdırmağa, onu yıxmağa çalışan Yastı Salmanı, Yarməmmədi, Lal Hüseynı ən yaxşı adam, özünə ən yaxşı dost hesab etmişdır. Halbuki onlar əliəyri, xəyanətkar, acgöz adamlardır (ARDƏİA f.645, s.2, sv. 375).
Yazıçının fikrincə, həqiqi rəhbər işçi genişqəlbli, qərəzsiz olmalıdır. Hadisələrin hərarətli izi ilə gedən Mirzə İbrahimov zahirən bir o qədər də əhəmiyyətli görünməyən bir sıra hadisələrin axırda nə qədər ağır nəticələrə gətirib çıxartdığını da Rüstəm kişınin obrazında göstərir. Mənəmlik, kollektivin doğru rəyinə deyil, öz yanlış şəxsi mülahizəsinə əsaslanmaq, iki-üç yaltağa inanıb böyük dayaqdan - xalqdan ayrılmaq Rüstəm kişinin az qala məhvinə səbəb olur.
Yenilik duyğusunu itirən Rüstəm kişi gənclərin qüvvəsinə inanmır, onları “iki-üç demaqoq” adlandıraraq rəylərinə, haqq sözlərinə qulaq asmır. Bəzən öz hərəkətlərinin doğru olmadığını anlayır, amma inadkarlıq ona öz səhvlərini düzəltməyə mane olur. Kəndin mədəni inkişafına, sakinlərin yaşayış şəraitinin yaxşılaşması işinə əhəmiyyət verməyən Rüstəm kişi ilə gəlini Maya arasında da narazılıq baş verir. Oğlu Qaraşın şəhərdə oxuduğu zaman sevdiyi Mayanı evə toysuz gəlin gətirməsi əvvəlcə Rüstəm kişinin ürəyincə olmur. Mayanın kəndə gəlişi həm ailədə, həm də təsərrüfatda yeniliyə, canlanmaya səbəb olur.
Maya kəndin mədəni səviyyəsinin aşağı olduğunu görür, kəndə elektrik çəkilməsi, hər evin yaninda mətbəx, hamam tikilməsi məsələsinin nə qədər önəmli olduğunu kolxozçulara anladır. Məhz onun təşəbbüsü ilə gənclər xüsusi briqadalar təşkil edərək kənddə mühüm tədbirlər həyata keçirdirlər. Bu zərif qəhrəmanın simasında yazıçı bir sıra gözəl xüsusiyyətləri ümumiləşdirməyə çalışır.
Maya ailə məsələsinə yüksək fikirlərlə yanaşır, məhəbbəti ülvi, pak hesab edir. Qaraş ondan soyuduqda belə düşünür ki, məhəbbətlə saxtakarlıq bir yerə sığışa bilməz və evi tərk etmək qərarına gəlir.
Kənd gənclərinin mədəniyyətini yüksəltməyə çalışan, fəal bir ictimayətçi-mütəxəssis olan Maya bütün vaxtını Muğanda məhsuldarlığın artması üçün kolxozlara yeni suvarma qaydalarını öyrətməyə sərf edir. Rüstəm kişi onun sərbəstliyini bəyənmir və köhnə, mühafizəkar adət-ənənlərə tabe olmaq istəməyən Mayanın hər işə qarışmasına etiraz edir. Hər şeydən öncə təmiz qəlbə sahib olan Rüstəm kişi tamamilə mühafizəkar bir adam deyildir, onu dərindən silkələmək, tərpətmək, bu təmiz qəlbə qonmuş şöhrətpərəstlik, təkəbbürlük tozunu onun qəlbindən silmək lazımdır. Rüstəm kişi Qara Kərəm oğlunun sədr olduğu kolxozda mədəniyyət evinin olduğunu gördükdə bütün qüvvəsini yeni mədəniyyət evi tikməyə sərf edir. Əvvəl Maya ilə razılaşmasa da, kəndə elektrik işığı çəkdirir, öz evinin yanında mətbəx, hamam tikdirir, başqalarınabunu məsləhət bilir. Romanın sonunda nə qədər yanıldığını acı təcrübədə hiss etdiyini “xalqdan ayrılan dayağını itirir, uçub dərələrə düşür, tozlu-torpaqlı küləklərin qurbanı olur” cümləsi ilə ifadə edir (ARDƏİA f.645, s.2, sv. 375).
Romandakı obrazların hərəsinin öz taleyi, öz həyat yolu vardır. Lakin bu müsbət qəhrəmanları bir şey birləşdirir- xalqa, vətənə sədaqətlə xidmət etmək. Yazıçı öz qəhrəmanlarını müxtəlif şərait və vəziyyətlərdə təsvir etmiş, onların daxili aləmini ifadə etmək üçün orijinal bədii boyalar seçmişdir.
Qabaqcıl mexanizator olan Qaraş əvvəllər Mayanı odlu məhəbbətlə sevdiyi halda sonralar müvəqqəti də olsa bu sevgiyə sadiq qalmır və bu hərəkətləri onun ailəsini-atası Rüstəm kişi və anası Səkinəni dərindən düşündürür. Xüsusən Səkinə bu hadisələrdən dərin iztirab çəkir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Səkinə romanda gözəl duyğulara malik, təmiz qəlbli bir həyat yoldaşı, həssas bir ana kimi təsvir olunmuşdur. O, savadsız olsa da həyatı yaxşı duyan, insanları vaxtında tanıyan, yaxşını pisdən tez seçən bir insandır. Səkinə səmimi məhəbbətlə birləşmiş oğlunun ailəsinin belə tez dağılmasından narahat olur və əvvəlki münasibətləri bərpa etməyə çalışır.
Beləliklə, yazıçı Qaraş və Mayanı ağır imtahanlardan keçirdikdən sonra yenidən barışdırır. Bütün bu və eləcə də digər obrazlar öz ruhları, hərərkətləri, məhəbbət və davranışları etibarilə həmin dövr üçün ədəbiyyatda yeni obrazlar idi. Onların ictimai həyatı ilə şəxsi həyatı arasında möhkəm bir əlaqə vardır. İstər gənc nəsil, istər yaşlı kolxozçular ümumi inkişafa əngəl olan adamları, hər cür maneələri aradan qaldıra-qaldıra kəndin simasını dəyişdirirlər. Romanın əvvəlində “Yeni həyat” kolxozunun üzvlərinin evində neft lampaları közərdiyi halda romanın sonunda artıq kəndə elektrik işığı çəkilmişdir. Kənddə gözəl mədəniyyət sarayı, yeni evlər tikilmiş, səkilər salınmışdır. Romanda yenilik qarşısı alınmaz bir qüvvə kimi təsvir edilir; insan və hadisələrin vəhdətini bu şəkildə təsvir etmək yazıçının bədii təfəkkürünün məhsuludur.
“Böyük dayaq” romanının gözəl xüsusiyyətlərindən biri də yazıçının zəngin şifahi xalq yaradıcılığı xəzinəsindən bacarıqla istifadə etməsidir. Əsərdəki atalar sözləri, zərb məsəllər mənası təhrif olunmadan bəzən hadisəyə uyğun olaraq yeni bir şəkildə dəyişdirilərık işlədilir və bu da yazıçının xalq yaradıcılığını diqqətlə öyrəndiyini, bu tükənməz sərvətdən məharətlə istifadə etdiyini göstərir.
Romanın dili haqqında danışarkən qeyd etmək lazımdır ki, istər obrazların, istər də yazıçının öz dili olduqca aydın, səlisdir. Ayrı-ayrı obrazların danışıq tərzindən görmək olar ki, yazıçı xalq dilinin xüsusiyyətlərindən geniş istifadə etmişdir. Dilimizin ahəngdarlığından bəhrələnərək gözəl bədii təsvirlər yaratmışdır.
Nəticə olaraq deyə bilərik ki, səmərəli və yaradıcı əməyin məhsulu olan “Böyük dayaq” romanı yalnız Mirzə İbrahimovun yaradıcılığında deyil, Azərbaycan ədəbiyyatında əhəmiyyətli bir hadisədir.
Məqalənin hazırlanmasında 645 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.
Esmira MƏMMƏDOVA
S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin əməkdaşı
Bugün: | 675 |
Dünən: | 740 |
Bu həftə: | 2927 |
Son həftə: | 6066 |
Bu Ay: | 16823 |
Son Ay: | 28223 |
Bu İl: | 257864 |
Ümumi: | 1278285 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az