Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

MÜBARİZ QADIN...Üzeyir bəyin xanımı xəstəliklərlə vuruşa-vuruşa qadınlara təhsil verirdi.

Son Yenilənmə : 2020-10-26 21:55:27
Baxış sayı : 2112

Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanım Həsənağa qızı Hacıbəyovanın (Terequlovanın) həyat və fəaliyyəti haqqında ölkəmizdə insanlar məhdud məlumata malikdirlər. Bunun müəyən obyektiv səbəbləri də vardır. Həmin səbəblərdən biri də əvvəlki dövrlərdə nəşr edilmiş bir çox kütləvi nəşrlərdə, o cümlədən ensiklopediyalarda Məleykə xanım Hacıbəyova haqqında hər hansı bir məlumatın dərc edilməməsidir. Halbuki, Məleykə xanım Hacıbəyova pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakı şəhərində fəaliyyət göstərmiş ayrı-ayrı rus-tatar məktəblərində müsəlman qız uşaqlarının məktəbə və təhsilə cəlb edilməsi və onlara savad öyrədilməsi işində yaxından iştirak etmişdir.

Məleykə xanım Həsənağa qızı Hacıbəyova haqqında müəyyən məlumatları Azərbaycan Respublikasının Dövlət Tarix Arxivivdə mühafizə edilən bəzi fondlardan, o cümlədən Bakı-Dağıstan xalq məktəbləri direksiyası(f.309), Qafqaz tədris dairəsinin qəyyumu (popeçiteli)(f.311) və Bakı Şəhər İdarəsi(f.389) fondlarında saxlanılan sənədlərdən əldə etmək mümkün olmuşdur. Həmin sənədlər əsasında Məleykə xanım Hacıbəyovanın həyat və fəaliyyəti haqqında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram:

Bakı Şəhər İdarəsi fondunda saxlanılan (f.389) Məleykə xanım Həsənağa qızı Hacıbəyovanın şəxsi kartoçkasında olan məlumata görə o, 1887-ci il dekabrın 22-də anadan olmuşdur. Məleykə xanım məşhur Terequlovlar nəslindəndir, müsəlmandır. Məleykə xanımın harada doğulduğu haqqında arxiv sənədlərində hər hansı bir məlumat aşkar etmək mümkün olmamışdır. Lakin onun kiçik yaşlarından Tiflisdə ev təhsili alaraq Tiflisdəki knyaginya Olqa Fyodorovnanın adını daşıyan I qadın qimnaziyasında təhsil alması onun elə bu şəhərdə doğulması haqqında fikir irəli sürməyə əsas verir. Məleykə xanım Terequlova evdə təhsil alıb-hazırlaşaraq Tiflisdəki knyaginya Olqa Fyodorovnanın adını daşıyan I qadın qimnaziyasının 4 sinfini bitirmiş və bu haqda 483 saylı şəhadətnaməyə malik olmuşdur. Məleykə xanım 1908-ci il noyabrın 24-də Bakı şəhər idarəsinin məktəb komissiyasına ərizə ilə müraciət edərək ona Bakı şəhərində müsəlman qızlar üçün açılmış məktəblərin birində müəllimə yerinin verilməsini xahiş etmişdir. Lakin o, həmin ildə məktəbdə müəllimə yeri ilə təmin edilməmişdir. Məleykə xanım Həsənağa qızı Terequlova 1909-cu il dekabrın 20-də Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyovla nigaha girərək ailə həyatı qurmuş və Hacıbəyova soyadını qəbul etmişdir. Bəzi mənbələrdə, o cümlədən inernet saytlarında olan məlumatlara görə Üzeyir bəy Məleykə xanımla hələ Qori müəllimlər Seminariyasında oxuduğu illərdə tanış olmuşdur. Məleykə xanımın qardaşı - Əli Tererulov Seminariyada Üzeyir Hacıbəyovla bir sinifdə oxumuş və hər bazar günü Üzeyir bəyi evlərinə qonaq aparmış və onlar Tiflisdə gəzərmişlər. Elə həmin illərdə Məleykə xanımla da tanış olmuş Üzeyir bəy Hacıbəyov sonralar onunla evlənmək qərarına gəlmişdir. Lakin evləndikdən sonra Məleykə xanımın sağlamlığında yaşanan müəyyən problemlərə görə onların uşaqları olmamışdır. Azens.az saytında dərc edilmiş məlumata görə Məleykə xanım həyat yoldaşı Üzeyir bəyə başqa qadınla evlənib övlad sahibi olmağı təklif etsə də, təklif bəstəkar tərəfindən qəbul edilməmişdir.

Məleykə xanım Hacıbəyova 1910-cu il sentyabrın 6-da Bakı şəhər idarəsi nəzdindəki məktəb komissiyasına yenidən ərizə ilə müraciət edərək ona müsəlman qızlar üçün açılmış məktəblərin birində müəllim yerinin verilməsini xahiş etmişdir. Onun məktəb komissiyası sədrinə yazdığı ərizədə qeyd edilirdi:” 1908-ci ilin noyabrında mənə müəllimə yerinin verilməsi haqqında ərizə ilə məktəb komissiyasına müraciət etmişdim. Məktəb komissiyası mənim namizədliyimi qeydə almış və komissiya sədrinin təklifi

ilə müvəqqəti olaraq 10-cu rus-tatar məktəbində çalışan müəlliməni əvəz etmişdim. Bu ərizəmlə əvvəlki müraciətimi xatırlatmaq istəyirəm və məktəb komissiyasından xahiş edirəm ki, müsəlman qızlar üçün Bakı şəhərində açılmış məktəblərin birində mənə müəllimə yeri verilsin. Bununla yanaşı əlavə olaraq bildirirəm ki, mən, həm kazan həm də Azərbaycan dillərini tam bilirəm. Gimnaziyanın 4 sinfini bitirdiyim haqqında şəhadətnaməni bu ərizəmə əlavə edirəm.”

1910-cu il oktyabrın 8-də Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının iclasında Bakı şəhərinin azərbaycanlı məktəblərinə müəllim və müəllimələrin təyin edilməsi məsələsinə baxılmışdır. Həmin iclasda, o cümlədən Məleykə xanım Hacıbəyovanın (Terequlovanın) 10-cu rus-tatar (kazan) məktəbinə azərbaycan dili müəlliməsi təyin edilməsi haqqında qərar qəbul edilmişdir.

Bakı-Dağıstan xalq məktəbləri direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qənizadənin 1910-cu il oktyabrın 14-də Bakı-Dağıstan xalq məktəbləri direksiyasının rəhbərinə ünvanladığı 1205 saylı məktubunda qeyd edilirdi:” Bildirirəm ki, oktyabrın 8-də Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının iclasında Bakı şəhərinin azərbaycanlı məktəblərinə müəllim və müəllimə vəzifələrinə təyinat məsələsinə baxılmışdır. Həmin iclasda Bakı şəhərində - Serkovnaya küçəsi,ev.2-də yaşayan 23 yaşlı Məleykə xanım Hacıbəyovanın (Terequlovanın) 10-cu rus-tatar (kazan) məktəbinə azərbaycan dili müəlliməsi təyin edilmişdir. Xahiş edirəm həmin təyinatlarla bağlı hər hansı bir iradınızın olub-olmadığını bildirəsiniz. Bununla yanaşı Məleykə xanım Terequlovaya İ Tiflis qadın gimnaziyası tərəfindən verilmiş 510 saylı şəhadətnaməni sizə göndərirəm.”

1910-cu il oktyabrın 14-də 10-cu rus-tatar məktəbinin müdiri F.Tambiyev Məleykə xanım Hacıbəyovaya 1209 saylı məktub göndərək bildirirdi ki, o, Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının oktyabrın 8-də keçirilmiş iclasında 10-cu rus-tatar məktəbində tatar(azərbaycan ) dili müəllimi vəzifəsinə seçilmişdir. Məktubda xahiş edilirdi ki, Məleykə xanım oktyabrın 16-dan etibarən vəzifəsinin icrasına başlasın.” Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının Bakı şəhər rəisinin dəftərxanasına ünvanladığı 10 noyabr 1910-cu il tarixli 1506 saylı məktubunda xahiş olunurdu ki,” ... müəllim və müəllimə vəzifəsinə seçilmiş aşağıdakı şəxslər məktubda qeyd olunan tarixdən etibarən Şəhər rus-tatar məktəb qulluqçularının siyahısına daxil edilsinlər: ...5) Hacıbəyova-Terequlova Məleykə xanım – 16 oktyabrdan Kazan məktəbi ilə qarışıq 10-cu rus-tatar məktəbinə.”

Bakı-Dağıstan xalq məktəbləri direksiyasının rəhbəri A.X. Txorjevskinin Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə 1911-ci il aprelin 21-də ünvanladığı məktubda bildirilirdi ki, onun tərəfindən 1911-ci il aprel ayının 1-dən etibarən bir neçə müəllim və müəllimələr. o cümlədən Məleykə xanım Hacıbəyova (Terequlova) kazan məktəbi ilə qarışıq olan rus-tatar məktəbinə azərbaycan dili müəlliməsi vəzifəsinə təsdiq edilmişdir. Eyni məzmunlu məktub 1911-ci il aprelin 21-də Bakı-Dağıstan xalq məktəbləri direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qənizadə tərəfindən Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə göndərilərək bildirilmişdi ki, 1 aprel 1911-ci ildən etibarən Məleykə xanım Hacıbəyova Kazan məktəbi ilə qarışıq olan qadın rus-tatar məktəbinə tatar( azərbaycan) dili müəlliməsi vəzifəsinə təsdiq edilmişdir.

Arxiv sənədlərində olan məlumata əsaslanaraq qeyd edirik ki, hənin dövrdə Məleykə xanım Hacıbəyovanın sağlamlığında müəyyən problemlər yaranmışdır. Onun müalicə aldığı tibb müəssisəsinin 1912-ci ilin yanvarın 19-da təqdim etdiyi arayışda bildirilirdi ki, Məleykə xanım Hacıbəyova keçirdiyi xəstəlikdən sağalanadək dərslərə gələ bilməyəcəkdir. Xeyli müddət müalicə olunduqdan sonra onun sağlamlığı qismən bərpa olunmuşdur. Bakı

şəhər 10-cu rus-tatar məktəbinin müdiri F.Tambiyevin məktəb komissiyasının sədrinə ünvanladığı 6 fevral 1912-ci il tarixli 86 saylı arayışda qeyd edilirdi ki, “...Müəllimə Hacıbəyova artıq xəstəlikdən sağalıb və fevralın 5-dən etibarən öz vəzifəsinin icrasına başlamışdır.” Lakin xeyli bir müddətdən sonra sağlamlığında yaşanan problemlər yenidən üzünü büruzə vermişdir. Məleykə xanımın müalicə aldığı tibb müəssisəsinin müdiri B. Qayıbovun 1912-ci il fevralın 29-da təqdim etdiyi arayışda qeyd edilirdi ki,” Müəllimə Məleykə xanım Hacıbəyova sağalana qədər dərslərə gələ bilməyəcəkdir.”

7-ci (əvvəlki 10-cu) rus-tatar məktəbinin müəlliməsi Məleykə xanım Hacıbəyovanın məktəb komissiyasının sədrinə yazdığı 25 sentyabr 1912-ci il tarixli ərizəsində qeyd edilirdi:” Artıq bir ildir ki, mən qadın xəstəliyindən əziyyət çəkirəm və bu müddət ərzində buradakı həkimlərin- şəhər doğum evinin direktoru Şahnazarova və Radionovanın yanında müalicə olunuram. Həmin həkimlər buradakı müalicə şəraitini kifayət hesab etməyərək mənə palçıq vannalarının qəbul edilməsini məsləhət görmüşdülər və mən onların məsləhəti ilə tətildə Jeleznovodska getdim. Mən, Jeleznovodskdakı həkimlərin məsləhətləri ilə müalicə olunur və palçiq vannaları qəbul edirdim. Müalicədən sonra tədris ilinin əvvəllərində buraya gələrək məktəbdə işimi davam etdirdim. Lakin ilk günlərdən gördüm ki, pedaqoji fəaliyyət məni çox taqətdən salır, əsəblərimi pozur, bu isə mənə çox pis təsir edərək xəstəliyimi ağırlaşdırırdı. Fiziki qüvvəmin tükəndiyini hiss edərək mən məsləhət üçün direktor Şahnazarova müraciət etdim və о, hesab etdi ki, mənim sarsılmış sağlamlığımın bərpası üçün sakitlik və davamlı müalicəyə ehtiyacım vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq mən rus-tatar məktəbindəki xidmətimi dayandıraraq ciddi müalicə götürməli oldum. Şübhəsiz ki, mənim müalicəm baha başa gəlir və yeni qaçılmaz xərclər tələb edir. Maddi vəziyyətim çox ağır olduğuna görə müalicəm üçün şəhər büdcəsindən mənə birdəfəlik yardımın göstərilməsi haqqında məktəb komissiyasına ərizə ilə müraciət etməyinizi sizdən xahiş edirəm. Ümid edirəm ki, məktəb komissiyası mənim şəhərə göstərdiyim xidməti və mənim vəziyyətimi nəzərə alaraq yardım göstərilməsinə etiraz etməyəcəkdir.” Beləliklə, 7-ci( əvvəlki 10-cu) rus-tatar məktəbinin müəlliməsi Məleykə xanım Hacıbəyova 1912-ci il oktyabrın 1-dən etibarən məktəb xidmətini tərk etmişdir.

Bakı Şəhər Duması maliyyə komissiyasının 30 oktyabr 1912-ci il tarixli arayışında qeyd edilirdi ki, məktəb komissiyası Məleykə xanım Hacıbəyovanın həqiqətən də müalicəyə ehtiyacının olduğunu qəbul etmiş və onun iki illik( 16 oktyabr 1910-cu ildən 25 sentyabr 1912-ci ilədək) xidmətini nəzərə alaraq ona iki aylıq məvacib-150 rubl həcmində vəsaitin ayrılması haqqında qərar qəbul etmişdir. Lakin arxiv sənədləri təsdiq edir ki, həmin vəsait dərhal ödənilməmiş və onun ödənilməsi 1913-cü ilin aprel ayınadək uzadılmışdır.

1914-cü il avqustun 11-də 7-ci rus-tatar məktəbinin keçmiş müəlliməsi Məleykə xanım Hacıbəyova məktəb komissiyasının sədrinə yenidən ərizə ilə müraciət edərək ona rus-tatar məktəbində müəllimə yerinin verilməsini xahiş etmişdir. 7-ci rus-tatar məktəbinin müdiri F.Tambiyev 1914-cü il sentyabrın 29-da məktəb komissiyasının sədrinə məktub göndərərək bildirirdi ki, hazırda Məleykə xanım Hacıbəyova xəstə olan Sabirə xanım Əbdurəhmanı müvəqqəti olaraq əvəz edərək 22 sentyabrdan etibarən ona həvalə edilmiş 7-ci rus-tatar məktəbində çalışır. 7-ci rus-tatar məktəbinin müdiri F.Tambiyevin məktəb komissiyasının sədrinə göndərdiyi növbəti 29 oktyabr 1914-cü il tarixli məktubunda bildirilirdi ki, müvəqqəti olaraq xəstə olan müəllimə Sabirə xanım Əbdurəhmanı əvəz edən Məleykə xanım Hacıbəyova oktyabrın 1-dən noyabrın 1-dək ona həvalə edilmiş rus-tatar məktəbində çalışır. Məktəb komissiyası sədrinin vəzifəsini icra edən Vəzirov tərəfindən imzalanaraq Bakı-Dağıstan xalq məktəbləri direksiyasının 2-ci rayonu üzrə müfəttişinə göndərilmiş 11 noyabr 1914-cü il tarixli məktubda qeyd edirdi ki, 7-ci rus-tatar məktəbinə keçirilmiş Məleykə xanım Hacıbəyova (Terequlova) müəlliməliyə namizəd qismində 12 noyabrdan etibarən 8-ci rus-tatar məktəbinə keçirilir. Yeri gəlmişkən qeyd edirik ki, Məleykə xanım Hacıbəyova ayrı-ayrı məkəblərdə işə gəlməyən bir sıra müəllimələri, o cümlədən 1915-сi il aprelin 2-dən etibarən işə 2-ci rus-tatar məktəbində işə gəlməyən müəllimə M.N.Mustafayevanı da əvəz etmişdir. Bu barədə məktəb komissiyası sədrinin Xalq məktəbləri direktoruna aprelin 1-də göndərdiyi məktubda qeyd edilirdi.

1915-ci il sentyabrın 5-də məktəb komissiyasının sədri Məleykə xanım Hacıbəyovaya 939 saylı məktub göndərərək bildirirdi ki, o, Bakı-Dağıstan xalq məktəbləri direksiyasının 2-ci rayonu üzrə müfəttişinin razılığı ilə 7-ci rus-tatar məktəbində müəllimə vəzifəsini icra etməsi üçün təyin edilir. Məleykə xanım Hacıbəyovanın 7-ci rus-tatar məktəbində müəllimə vəzifəsinə seçilməsi haqqında məlumat həmin məktəbin müdiri tərəfindən 1915-ci il sentyabrın 5-də Məleykə xanıma göndərilmişdir. Məleykə xanım 1915-ci il oktyabrın 11-dən etibarən 7-ci rus-tatar məktəbində tədrisə başlamışdır.

1915-ci il dekabrın 2-də Bakı Şəhər İdarəsinin məktəb komissiyası sədrinin Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2- ci rayonu uzrə müfəttişi S.M.Qəniyevə ünvanladığı 1802 saylı məktubda qeyd edilirdi: ” Sabunçu məktəbinə keçirilmiş müəllim Məmmədovun yerinə Məleykə xanım Terequlovanın dekabrın 3-dən etibarən 4-cü rus-tatar məktəbində müvəqqəti olaraq dərs deməsinə icazə verməyinizi xahiş edirəm.” Xalq məktəblərinin Bakı-Dağıstan direksiyasının 2-ci rayonu uzrə müfəttişinin Bakı şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə ünvanladığı 3 dekabr 1915-ci il tarixli məktubda qeyd edilirdi:” Məleykə xanım Terequlovanı Sabunçu məktəbinə keçirilmiş müəllim Məmmədovun yerinə 4-cü rus-tatar məktəbində dərs deməyə buraxaraq sizdən tezliklə həmin vakant müəllim yerinə məsul müəllimin təyin edilməsini xahiş edirəm. Çünki, adı çəkilən müəllimə üşaqların ana dilini bilmədiyinə görə adətən imtahan komissiyası tərəfindən ibtidai məktəblərin buxarılış bölmələrinin qarşısında qoyduğu tələblərə cavab verə bilməz.” Arxiv sənədlərindəki bəzi məlumatlara görə Məleykə xanım Terequlova 1920-ci ilin mart ayınadək həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir.

Məktəb komissiyası sədrinin Bakı şəhər idarəsi başçısının dəftərxanasına 1916-cı il noyabrın 29-da göndərdiyi 2286 saylı məktubunda, o cümlədən qeyd edilirdi ki, məktəb komissiyasının 1916-cı il noyabrın 3-də qəbul etdiyi qərara uyğun olaraq Məleykə xanım Hacıbəyova 1 dekabr 1915-ci il tarixdən etibarən 7-ci rus-tatar məktəbinə ştata daxil edilmişdir. Bakı-Dağıstan xalq məktəbləri direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyev 1916-cı il dekabrın əvvəllərində 7-ci rus-tatar məktəbinin nəzarətçisinə (smotritelinə) məktub göndərərək müəllimə Məleykə xanım Hacıbəyovanın hansı təhsil senzinə malik olduğu haqqında məlumatın ona göndərilməsini xahiş etmişdir. Müfəttiş S.M.Qəniyev Məleykə xanımın təhsil senzi haqqında məlumatı əldə etdikdən sonra Bakı-Dağıstan xalq məktəbləri direktoruna ünvanladığı 14 dekabr 1916-cı il tarixli 15039 saylı məktubunda qeyd edirdi ki, Məleykə xanım Hacıbəyova Tiflis Mariin qadın qimniziyasının 4 sinfini bitirdiyi haqqında şəhadətnaməyə malikdir. 1918-ci il mayın 17-də

Məleykə xanım Hacıbəyovanın adına tərtib edilmiş vəsiqədə qeyd edilmişdi ki, Məleykə xanım Hacıbəyova həqiqətən də 13 sentyabr 1915-ci ildən etibarən şəhər xidmətində, 7-ci şəhər rus-tatar məktəbində müəllimə vəzifəsindədir.” Lakin Məleykə xanım Hacıbəyovanın 7-ci rus-tatar məktəbində pedaqoji fəaliyyəti uzun davam etməmişdir. 1920-ci martın 18-də 4-cü rus-tatar ibtidai məktəbinin müəlliməsi Məleykə xanım Hacıbəyova məktəb komissiyasının sədrinə raportla müraciət edərək xəstəliyi ilə əlaqədar olaraq məktəbdəki xidmətini tərk etdiyini bildirmişdi. 1920-ci il martın 20-də məktəbin müdiri Şəhər rəisinin dəftərxanasına müraciət edərək 13 sentyabr 1915-ci ildən 15 mart 1920-ci ilə qədər olan müddətdə Məleykə xanımın xidmətinə görə məzuniyyətin verilməsi və onun şəhər məktəbləri qulluqçularının siyahısından çıxarılması haqqında sərəncam verilməsini xahiş etmişdir. Beləliklə, Məleykə xanım Haçıbəyovanın Bakı şəhər ibtidai rus-tatar qadın məktəbindəki pedaqoji fəaliyyəti başa çatmışdır. Sağlamlığında baş vermiş problemlər ona müəyyən çətinliklər yaşatsa da Məleykə xanım pedaqoji sahədə layiqincə çalışmış və müsəlman qadınlar arasında təhsilin yayılmasında yaxından iştirak edərək əlindən gələn köməkliyi göstərmişdir.

1920-ci il mayın 25-də xalq komissarlığı maarif şöbəsinin qərarı ilə Şərqin ilk Konservatoriyası yaradıldıqdan sonra Məleykə xanım Üzeyir bəyin məsləhəti ilə Konservatoriyaya daxil olaraq musiqi nəzəriyyəsini mənimsəmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun ölümündən sonra Bakıda “Arşın mal alan” musiqili komediyasının klavirini, Moskvada isə “Koroğlu” operasının klavirinin nəşr olunub işıq üzü görməsində Məleykə xanım Hacıbəyovanın böyük xidmətləri olmuşdur. Məleykə xanım Hacıbəyova (Terequlova) 1966-cı ildə Bakı şəhərində vəfat etmişdir.

 

          Məqalə “Şərq” qəzetinin 115 (5211) saylı 19 sentyabr 2020-ci il tarixli buraxılışında dərc edilmişdir.

 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin

baş məsləhətçisi

 

İstifadə edilmiş ədəbiyyat və mənbələrinin

                  SİYAHISI

1.    ARDTA.f.389.siy.8.iş.1845.v.46.

2 .   ARDTA.f.309.siy.4.iş.1197.v.4

3 .   ARDTA.f.389.siy.8.iş.1845.v.1

4 .   ARDTA.f.389.siy.8.iş.1845.v.46

5.    ARDTA.f.389.siy.8.iş.1845.v.2

6.    ARDTA.f.389.siy.8.iş.1845.v.4

7.    Yenə orada

8.    ARDTA.f.389.siy.8.iş.1845.v.5

9 .   ARDTA.f.389.siy.8.iş.1845.v.6

10.  ARDTA.f.389.siy.8.iş.1845.v.8

11.  ARDTA.f.389.siy.8.iş.1845.v.9

12.  ARDTA.f.389.siy.8.iş.1845.v.11

13.  ARDTA.f.389.siy.8.iş.1845.v.12

14.  ARDTA.f.389.siy.8.iş.1845.v.13

15.  ARDTA.f.389.siy.8.iş.1845.v.18-18 (arxa üzü)

16.  ARDTA.f.389.siy.8.iş.1845.v.22

17.  ARDTA.f.389.siy.8.iş.1845.v.23-23 (arxa üzü)

18.  ARDTA.f.389.siy.8.iş.1845.v.31

19.  ARDTA.f.389.siy.8.iş.1845.v.33

20.  ARDTA.f.389.siy.8.iş.1845.v.34

21.  ARDTA.f.389.siy.8.iş.1845.v.35

22.  ARDTA.f.389.siy.8.iş.1845.v.36

23.  ARDTA.f.309.siy.4.iş.1197.v.7

24.  ARDTA.f.309.siy.4.iş.1197.v.3

25.  ARDTA.f.309.siy.2.iş.70.v.4

26.  ARDTA.f.389.siy.8.iş.1845.v.42

27.  ARDTA.f.389.siy.8.iş.1845.v.44

28.  ARDTA.f.389.siy.8.iş.1845.v.45

29.  ARDTA.f.389.siy.8.iş.1845.v.48 

30.  ARDTA.f.389.siy.8.iş.1845.v.49

31.  ARDTA.f.389.siy.8.iş.1845.v.50



Bugün: 270
Dünən: 774
Bu həftə: 5639
Son həftə: 6350
Bu Ay: 18348
Son Ay: 25108
Bu İl: 284497
Ümumi: 1304918
1304918