Azərbaycan mühacir ədəbiyyatı zəngin olduğu qədər də qədimdir. Orta əsrlər dövründən başlayaraq qələm sahibləri vətəndən kənarda yaşayıb yaratmışlar. Onların yaradıclığında vətən həsrəti, qürbət duyğuları və həyata fərqli baxışlar mühüm yer tuturdu. Yurd dərdi, el-oba həsrəti bu ədəbiyyatın əsas mövsuzu idi. Bütün çətinliklərə baxmayaraq, mühacir ədəbiyyatının inkişafında şairlər və yazıçıların böyük rolu olmuşdur. Onlar bu şərəfli yolda öz qələmləri ilə mübarizə aparmışdılar. Mühacir ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Əli Tudədir (Əli Qulu oğlu Cavadzadə).
Əli Tudə 1924-cü ildə Bakıda anadan olmuşdur. Şairin ağrılı və çətin günləri çox erkən yaşda başlamışdır. Şair enişli-yoxuşlu həyat yolunda 1 yaşında atasını, 5 yaşında olarkən isə anasını itirir. O, nənəsinin himayəsində böyümüşdür. Onlar Əslən Cənubi Azərbaycandan olduqları üçün 30-cu illərin repressiya dalğası bu ailədən də yan keçməmişdir. 7-ci sinifdə oxuyarkən İrana sürgün edilir və çox ağır həyat keçirir. Amma ədəbiyyata olan marağı heç zaman azalmır. Təhsili yarımçıq qalan Əli Tudə 13 yaşında olarkən artıq ilk şeirlərini almanaxlarda çap etdirməyə başlamışdır.
Onun ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunmuş, radiolarda səsləndirilmişdir. O, hər zaman milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırırdı.
Daha sonrakı dövrlərdə şair bütün yaradıcılığı boyu Əli Tudə imzası ilə tanınmışdır. Bu imza ona Təbrizin şairlər məclisində müdriklər tərəfindən verilmişdir. 1944-cü ildən isə həmin imza ilə şeirləri çap olunmağa başlamışdır. Şair 22 yaşında - 1946-cı ildə Təbrizdə açılan Azərbaycan Dövlət Filarmoniyasının müdiri təyin edilir. Cənubi Azərbaycanın “Demokratik ruhlu ədəbiyyat”ının yaradıcılarından olan və qələmini mübarizə yoluna çevirən şairə İran dövləti qadağalar qoyur. Onun üsyankar ruhlu şeirləri mətbəədə yandırılır. Tutulduğu anda qətlə yetirilməsi ilə bağlı fərman verilir. O, Vətəndən Vətənə mühacirət etməyə məcbur qalır.
Bakıya qayıtdıqdan sonra 1947-1952-ci illərdə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən şair, elə həmin illərdən “Ədəbiyyat “ qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərir. Daha sonra 1952-1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində işləyir. Şair bundan sonrakı bütün həyatını yaradıcılığına həsr etməyə başlayır. O yarım əsrdən çox mühacir ömrü sürmüşdür. Onun həyatı qadağalar içində keçmişdir. İllərlə gah Şimalda, gah da Cənubda məskunlaşaraq, bu ağır həyatı “ayrılıq imtahanı” adlandırmışdır.
Əli Tudə 1958-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü, 1960-cı ildən isə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 1986-cı ildə “Əmək veteranı”, 1987-ci ildə Əməkdar incəsənət xadimi fəxri adı almışdır. Onun keşməkeşli, ağrılı həyat yolu keçməsi, bəlkə də, ziyalı, yazıçı, maarifçi kimi yetişməsində mühüm rol oynamışdır. Bu dövrlərin çətin anları yaşanmasaydı, sonrakı zamanların uğurları olmazdı. Şair 50-dən çox poemanın, 40-dək kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, rus , ingilis və digər dillərə tərcümə olunmuşdur.
Əli Tudə yaradıcılığından bəhs edərkən, adətən, orada vətənin gözəllikləri, birlik, azadlıq kimi bəşəri duyğuları görməmək mümkünsüzdür. Şairin 1983-cü ildə “Tellərdə çırpınan həsrətlər”, 1990-cı ildə “Mənə elə baxma” kitablarında Azərbaycanla bağlı xatirələri toplanmışdır. Bu xatirələrində o, öz duyğularını zaman-zaman belə ifadə edirdi: “Şöhrət zirvəsinə qalxmaq istəyən millətin nərdivan etməsin gərək”.
Şairin bütün bu xidmətləri, yaradıcılıq yolu bu gündə dövlətin diqqət və qayğısından kənarda qalmayıb. Bu il şairin 100 illik yubileyi ərəfasində “Əli Tudə 100” adlı kitab çapdan çıxmışdır. Həmin kitabda İlyas Əfəndiyev, Məmməd Rahim, Mehdi Hüseyn, Cabir Novruz, Söhrab Tahir, Nəriman Həsənzadə, Cəfər Xəndan və digər görkəmli ədəbiyyat nümayəndələri şair haqqında məqalələr yazmışdır. Onu tanıyanlar şairi şəxsiyyət kimi hər zaman məğrur,
cəsarətli biri kimi xatırlayırdı. Bəlkə də tutduğu haqq yoluna görə idi ki, haqqında o dövrdə mətbuatda az yazıldı, fəxri titullar ala bilmədi. Amma hər zaman öz xalqının qəlbində azadlıq carçısı kimi yaşadı. Həmçinin şairin 100 illik yubileyi münasibətilə “Mən nə gətirdim”, “Bakının işıqları” kitabları Təbrizdə əski əlifba ilə çap olunmuşdur. 77 il sonra Əli Tudənin kitablarının Təbrizdə işıq üzü görməsi, gec olmasına baxmayaraq, bəlkə də, ədalətin bərpası idi.
Əli Tudə yaradıcılığı bu gündə öz aktuallığını qoruyur və şairin şəxsi fondu Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 17 nömrəli fondda saxlanılır. Öz zənginliyi ilə seçilən fonda 8 siyahı daxil edilmişdir. Fondunun əsasını onun əlyazmaları,tərcümeyi-hal, təsviri sənədlər təşkil edir. Onun fondu mühacir ədəbiyyatı haqqında olan dəyərli sənədlərdəndir. Bu fond bizim üçün zəngin və çoxcəhətli mənəvi soraq yeridir.
Azərbaycan mühacir ədəbiyyatının əvəzolunmaz şairi Əli Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Daim xalqının azadlığı uğrunda canını belə fəda etməyə hazır olan şair siyasi mühacir kimi yaşadı.Ona ömrünün sonuna kimi Savalana doğma kəndinə getməyə icazə vermədilər. Yurd həsrətli şairimizin hər misrasında nisgili duyulurdu. Şairin misralarında olduğu kimi :
Həsrət çəkməyən bilməz,
Həsrət nədir dünyada...
Məqalədə 17 nömrəli fondda olan sənədlərdən istifadə edilmişdir.
Gülnar Şərifova
ARDƏİA-in aparıcı arxeoqrafı
Bugün: | 93 |
Dünən: | 824 |
Bu həftə: | 3395 |
Son həftə: | 6294 |
Bu Ay: | 22398 |
Son Ay: | 25108 |
Bu İl: | 288547 |
Ümumi: | 1308968 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az