Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

MUSİQİMİZİN PEYGƏMBƏRİ

Son Yenilənmə : 2020-08-31 00:45:49
Baxış sayı : 1584

Sosial şəbəkələrin birində istifadəçilər arasında “Yaxın tariximizdə Azərbaycanın yaradıcı dahiləriindənən ən çox kimə ehtiramınız var” sualı ilə sorğu keçirilmişdi. İştirakçıların böyük əksəriyyəti birinciliyi Üzeyir Hacıbəyliyə vermişdi. Çünki, bütün ömrünü xalqının mədəniyyətinə, maarifinə həsr etmiş bu böyük şəxsiyyətin fəaliyyətində çoxlarından fərqli olaraq heç bir qaranlıq səhifə, təzadlı cəhət tapmaq mümkün deyil. Onun yaradıcılığı tamlıqla xalqına məhəbbətin, xidmətin təkrarsız nümunəsidir.

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi əzəmətli bir yer tutur.

Azərbaycan Dövlət Tarix Arxivində bu böyük insanın adı  çəkilən ona yaxın saxlama vahidi qiymətli sənəd kimi qorunub saxlanır. Sənədlər 1904-1916-cı illərə aiddir. İlk sənəd “Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyəti” fondunda “Hadrut məktəbində xidmət haqqında Hacıbəyovun şəxsi işi” (Fond 406, siy.2, sax.vah.107) adlanır. Burada Üzeyir bəyin xidmətə qəbul olunmaq üçün müdiriyyətə ünvanladığı ərizəsi və Qafqaz Müəllimlər Seminariyası direktorunun onun haqqında yazılmış müsbət məzmunlu təqdimatı saxlanılır. Seminariyanın direktoru Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyətinə etdiyi müraciətini bu cümlə ilə bitirir: ”Nəzərinizə çatdırmaq istəyirəm ki, Üzeyir Hacıbəyov dərsləri olduqca yaxşı mənimsəmiş əla musiqiçidir”

09 iyun1904-cü ildə, o, Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir. Lakin, onun bu kənddə müəllimliyi uzun çəkməmişdir.1905-ci ildə erməni-müsəlman davası düşdüyündən əhalisinin yarısı erməni olan bu kənddə cəmi bir il işləyə bilmişdir. Haqqında yazılmış xatirələrdə qeyd olunur ki, ikinci dərs ilinin başlanmasına az qalmış kəndin yaşlı sakinlərinin məsləhəti və köməyi ilə Hadrutu tərk edib Yevlaxa, oradan da Bakıya gəlir.

Üzeyir bəyin daha bir ərizəsi 29 sentyabr 1905-ci ildə Bakı Şəhər İdarəsinin Məktəb komissiyaları sədrinə yazılmışdır (Fond 389, siy.8, sax.vah.1196). Bakı şəhərindəki rus-tatar məktəblərindən birinə işə götürülməsi xahiş edilən bu sənədi o dövrün savadlı və ən hüsnüxəttli ərizə nümunələrindən saymaq olar:”Cənab sədr həzrətləri, sizdən xahiş edirəm ki, məni Bakı şəhərində tabeliyinizdə olan rus-tatar məktəblərindən birinə müəllimliyə qəbul edəsiz. Təyin olunmam üçün təqdim edilməli sənədlərimi də bura əlavə edirəm. Hadrut məktəbinin müəllimi Üzeyir Hacıbəyov.”

Onun bədii yaradıcılıq dövrü 1905-ci ildə «Həyat» qəzetində tərcüməçi işləyərkən publisistik fəaliyyəti ilə başlamışdır. Həmin vaxt eyni zamanda «İrşad» qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.

O, zamanın aparıcı qəzetlərində və “Molla Nəsrəddin” jurnalında müxtəlif gizli imzalarla dərc etdirdiyi onlarla felyetonları, oçerk və parodiyaları bu gün də əhəmiyyətini itirməyən, böyük dəyəri olan əsl sənət əsərləridir.

Yazarlıqla kifayətlənməyən Üzeyir bəy əsas diqqətini həm də musiqi yaradıcılığına yönəldir, uşaqlığından ürəyində sevib saxladığı duyğularını “Leyli və Məcnun” operasını yaratmaqla bəşəriləşdirir və mədəniyyətimizə böyük bir inci bəxş edir. 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur. Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

Üzeyir bəyin adı qeyd olunan digər sənədlər onun xeyriyyə tədbirlərində iştirakı ilə bağlıdır. Belə ki, 1906-cı ildən başlıca məqsədi Bakı şəhərində və quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək olan “Nəşri-maarif” adlı xeyriyyə cəmiyyəti fəaliyyətə başlamışdı. Sənədlərin birində 2 dekabr 1911-ci ildə Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr edilmiş gecənin  proqramından bəhs edilir (Fond 46, siy. 2, sax.vah. 467). Orada qeyd edilir ki, yubiley gecəsində antrakt zamanı Üzeyir Hacıbəylinin rəhbərliyi ilə şərq motivləri əsasında simfonik orkestrin iştirakı baş vermişdir.

Xeyriyyə cəmiyyətinin 15.02.1913-cü ildə keçirilən tədbirində bəstəkarın “Şah Abbas” və “Ər və arvad” (Fond 46, siy. 2, sax.vah. 480), 02.04.1915-ci ildə “Rüstəm və Zöhrab” (Fond 312, siy.1, sax.vah. 208), 08.02.1916-cı ildə “Əsli və Kərəm” (Fond 312, siy. 1, sax.vah. 278) tamaşalarından parçalar təqdim olunmuşdur. Bütün bu sadalanan faktlar “Nəşri-maarif “ xeyriyyə cəmiyyətinin illik fəaliyyət hesabatlarında əks olunmuşdur.

Şərqdə ilk musiqili komediyanın, operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Operettaların içərisində ən uğurlusu olan “Arşın mal alan” operettası 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır, beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır.

Üzeyir yaradıcılığının zirvəsi isə “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında, Avropa stilində bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir bəyə məxsusdur. Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sənsiz” və “Sevgili canan” romansları o qədər möhtəşəmdirlər ki, onları dinləməkdən heç vaxt yorulmursan.

Üzeyir Hacıbəyli yaradıcı şəxsiyyət olmaqla yanaşı, böyük ictimai xadim olub. Ayrı-ayrı vaxtlarda Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun elmi-nəzəri məqalələri, xüsusilə “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin tərəqqisinə qiymətli töhfələrdir. 

Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Üzeyir Hacıbəylinin  Azərbaycan xalqının tarixində və mədəniyyətində izi silinməz və əbədidir.

Bu il 18 Sentyabrda dahi bəstəkarın dünyaya gəlməsinin 135 ili tamam olur. 1995-ci ildən onun doğum günü Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. 

Həyatdasa altmış üç il – peyğəmbər ömrü yaşadı sanki, o, Azərbaycan musiqisinin peyğəmbəri, bu xalq yaşayacaq qədər seviləcək böyük dühası...

                             

 

     Rövşən Həsənli

Dövlət Tarix Arxivinin şöbə müdiri



Bugün: 281
Dünən: 774
Bu həftə: 5650
Son həftə: 6350
Bu Ay: 18359
Son Ay: 25108
Bu İl: 284508
Ümumi: 1304929
1304929