Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar, dirijor, pedaqoq kimi xüsusi yeri var. Əslən Qax rayonunun İlisu kəndindən olan Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Şimali Qafqazın Terek vilayətindəki Qroznı şəhərində dəmirçi ailəsində dünyaya gəlmişdir. Əvvəl Qroznıda, sonra isə Qori müəllimlər seminariyasında təhsil almışdır. Seminariyada Üzeyir Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq sonralar dostluğa, qohumluğa çevrilmiş, hər ikisi Terequlova bacıları ilə evlənmişdir.
Hələ tələbəlik illərində skripkada, qaboyda ifa etməyi, dirijorluğu öyrənmişdir. Seminariyanın təyinatı üzrə 1904-cü ildə Şimali Qafqazda, 1905-ci ildə Lənkəranda müəllimlik etməyə başlayır. 1909-cu ildə Tiflis Pedaqoji İnstitutunda imtahan verərək şəhər məktəblərində müəllimlik hüququ alandan sonra 1911-ci ildə Bakıya köçüb, şəhər məktəblərində işə düzəlmişdir.
Azərbaycan Dövlət Tarix Arxivində qorunan “Bakı-Dağıstan xalq məktəblərinin rəhbərliyi” fondunun “Müslüm Maqomayevin xidməti haqqında şəxsi işi” adlı saxlanma vahidində onun 1914-1919-cu illərdəki əmək fəaliyyətindən qeydlər aparılıb. Sabunçudakı şəhər məktəbindən Alekseyevski məktəbinə yerdəyişmə etmək üçün yazılan rəy və yazışmalar Maqomayevin təhsil dairəsində müəllim kimi böyük nüfuza malik olmasını təsdiqləyir. Daha bir maraqlı sənəd 16 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Təhsili naziri Nəsib bəy Yusifbəyli tərəfindən verilən əmrin surətidir. Əmrdə deyilir ki, 3-cü Ali-ibtidai məktəbin müəllimi Əbdülmüslüm Maqomayev 1-ci Ali-ibtidai məktəbin inspektoru təyin edilsin (f.309, siy.2, sax.vah.46, vərəq 8).
Bundan əlavə, 1917-1918-ci illərə dair “Ali-ibtidai məktəblərin proqramı ilə özəl kursların rəhbəri Əbdülmüslüm Maqomayevlə kursların müstəqil özəl ali-ibtidai məktəbə çevrilməsi haqqında yazışmalar” adlı saxlama vahidində yaradılan kursların fəaliyyətinə icazə alınması üçün yazılan müraciətlərdən bəhs edilir (f.309, siy.1, sax.vah.1261, vərəq 1-4).
1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri, 1921-ci ildə Xalq Təhsil Komissarlığının incəsənət şöbəsinin müdiri seçilir. Sonralar Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, 1929-cu ildən isə Azərbaycan Dövlət Radiosu Komitəsində musiqi şöbəsinin müdiri təyin edilir.
O, on beşə yaxın simfonik əsərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodiyanın müəllifidir. “Nərgiz” operası klassik musiqi və səhnə forması üzərində qurulan ilk Avropa stilində yaradılan Azərbaycan operası sayılır.
Bəstəkar həm də geniş kütlə arasında yayılmış, rəğbətlə dinlənilən bir çox mahnıların müəlliflərindəndir. O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üç yüzdən artıq Azərbaycan xalq mahnı və rəqslərinin simfonik işlənməsi də Maqomayevə aiddir. Təəssüf ki, müəyyən səbəblər üzündən “Sevgi” operasını, “Dəli Muxtar” baletini və “Xoruz bəy” musiqili komediyasını bitirə bilməmişdir.
“Əməkdar incəsənət xadimi” (1936) fəxri adı verilmiş bəstəkar ömrünün 52-ci ilini tamamlamağa az qalmış - 28 iyul 1937-ci ildə Nalçik şəhərində dünyasını dəyişmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
Vəfatının beşinci ilində doğulan nəvəsinə onun adını verdilər. İllər sonra nəvə Müslüm Maqomayev görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi olaraq şöhrət qazandı, SSRİ xaq artisti fəxri adına layiq görüldü.
Təsadüfi deyil ki, dahi Üzeyir Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də doğum günü olan 18 sentyabr ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. Hər il bu musiqi bayramı günündə xalqın qəlbində onun da unudulmaz xatirəsi təzələnir.
Rövşən Həsənli
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi
Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri
| Bugün: | 405 |
| Dünən: | 1430 |
| Bu həftə: | 10041 |
| Son həftə: | 11350 |
| Bu Ay: | 38214 |
| Son Ay: | 48584 |
| Bu İl: | 38214 |
| Ümumi: | 1732139 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az