Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Nəbi Xəzri - 100

Son Yenilənmə : 2024-12-10 05:46:40
Baxış sayı : 82

Nəbi Xəzrinin anadan olmasının 100 illiyinə həsr olunur. 

 

Nəbi Xəzri poeziyası Azərbaycan şeirinə xəzri nəfəsi gətirən, zamanın  sınaqlarından şərəflə çıxan, Azərbaycan ədəbiyyatında milliliyi və onun qədir-qiymətini uca tutan, özünə milyonlarla, saysız-hesabsız oxucu kütləsi qazandıran bir poeziyadır.

Çalış, Nəbi, gecə-gündüz yarat sən,

Bəd sözləri üz sinəndən yar, at, sən.

İnci seçib, dürr toplayıb yaratsan,

Səndən eldə bir nişanə qalar söz.

Nəbi Xəzri ədəbiyyatımıza, söz sənətimizə qiymətli töhfələr vermis, öz yaradıcılığı ilə poeziyamızın ən yüksək zirvəsində dayanmışdır. İlk şeir kitabı “Çiçəklənən arzular” 1950-ci ildə çapdan çıxmışdır. Daha sonra “Bakının səhəri”, “Salxım söyüdlər”, “Vətən və qürbət”, “Qızımın nəğmələri”, “Kim məni xatırlasa”, “Dəniz, göy, məhəbbət”, “Arzu”, “İllər və sahillər”, “Dərələr”, “Son illərin sətirləri”, “Şeir mənim üçün bir kainatdır”, “Qəm dəftəri”, “Peyğəmbər” və bir çox başqa kitablarını oxucuların ixtiyarına vermişdir. “Təmiz ürək”, “Sən layla deyəndə”, “Qara dəniz nəğməsi”, “Günəşdə ləkə”, “Kiçik təpə” və s. poemaların da müəllifidir.

Nəbi Xəzri tərcüməçiliklə də məşğul olmuşdur. M. Lermantov, D.Quralenşvili, A.Tvardovski, Ə.Şükuhi və başqa şairlərin şeirlərini tərcümə etmişdir.Onun  bir çox kitabları xarici ölkə ədəbiyyatında, müxtəlif dillərdə çap olunmuşdur.

Nəbi Xəzri yaradıcılığı bütün Azərbaycan xalqını, eləcə də bütün dünya xalqlarını əhatə edir.  Ana torpağa bütün varlığı ilə bağlı olan şair, öz fikir dünyası ilə zəngin bir xəzinəyə malikdir.

 Şeir mənim üçün bir kainatdır,

 Onun ulduzları, günəşləri var…

 Şeir mənim üçün sirli həyatdır

 Onun öz sevinci, öz kədəri var.

 Nə qədər qol-qanad açsa da ilham,

 Mən yerin cazibə qüvvəsindəyəm.

 Nəbi Xəzri zamanın nəbzini tutan, bütün ictimai-siyasi hadisələri poetikləşdirməyi bacaran sənətkar olmuşdur. Elinə-obasına bütün varlığı ilə bağlı olan şair ürəyinin harayını misralarında dilə gətirib. Necə ki, şairin misralarında olduğu kimi:

Ey, əziz Anam Azərbaycan,

Sənə bağlıyam Azərbaycan,

Ömrümün mənasısan, qardaşlıq dünyasısan Azərbaycan!

Anamın Anasısan Azərbaycan!

Nəbi müəllim uzun illər xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olduğu üçün vətəndən kənarda da yaxşı tanınmışdır. Onun fəaliyyəti zamanı bir çox ölkələrlə mədəni əlaqələr qurulmuş və xarici dövlətlərdə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Böyük bir kollektivlə bu səfərlərdə iştirak edilirdi. Nəbi Xəzri dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təbliğ edib. Hətta Nəbi müəllimin müsahibələrinin birində dediyi fikirləri nəzərdən keçirək: “Yaponiyada, Çində, ərəb və Afrika ölkələrində mədəniyyət günlərini tez-tez təşkil edirdik. Görüşlərimiz təqdirəlayiqdir, bu mənada ki, cəmiyyət bütün dünya ölkələrində mədəniyyət günləri keçirərək Azərbaycan xalqını təmsil edirdi. Hələ sovetlər birliyində yaşadığımız dövrdə  İsveçdə səfərdə olduğumuz vaxt zalda çıxış edirdim. Biz rus dilində çıxış edirdik, sonra isə tərcümə olunurdu. Elə bu zaman qəribə bir səs yayıldı və bu səsimizin eşidilməsinə mane oldu. Lakin buna baxmayaraq çıxışımı sona qədər davam etdirdim. Tənəffüs zamanı 3-4 nəfər azərbaycanlı bizə yanaşaraq “Nəbi müəllim narahat olmayın, biz hazır gəlmişik, səs salan ermənilər idi, onları tutub bayıra atdıq.”-dedilər.”

        Dostları Nəbi Xəzri haqqında

         Qabil:

Mən söz sənətimizin canlı klassiklərindən olan N.Xəzri ilə bir ədəbi nəslə mənsubam. Nəbi familiyasını doğmalarına bağışlayıb özünə Xəzri təxəllüsü götürdü. O, əsl nəğməkar şair, gözəl nasir, eyni zamanda tanınmış dramaturqdur. Tərcümələri də çox məşhurdur”.

Məmməd Arif:

“Əzizim Nəbi,  Sənin şeirlərini oxuyanda hiss edirsən, həm də inanırsan ki, poeziya səni yüksək, gözəl, işıqlı, çatılması mümkün olan arzu və ümidlərlə  dolu bir aləmə çağırır. Bu şeirlərdə ahəngdarlıq, ürəkaçıqlığı, vüsətli fəza və əzəli gözəllik hiss edirəm. Həqiqətən poeziyanın hörmət və ləyaqətini qaldıran birisisən. Çox sağ ol ki, xalqımızın başını uca tutdun.”

Süleyman Vəliyev:

“Bir dəfə Yazıçılar İttifaqının Natəvan klubunda Səməd Vurğun bizimlə salamlaşdıqdan sonra Nəbinin əlini sıxıb dedi: - Sənin “O cavanın yaylığı” şeirini maraqla oxudum, sən məndən yaxşı yazırsan”.Nəbi isə bu tərifdən sanki qorxaraq həyəcanlandı,gülümsünüb nəzakətlə dedi: - Sağ olun, siz məni həddən artıq təriflədiniz”.S.Vurğun mənim dirsəyimdən tutub dedi:-Bu oğlan yaxşı şair olacaq”. Nəbi Azərbaycanın səfalı yerlərini, uca çinarlarını, əfsanəvi Göy-gölünü, yaşıl meşələri, ürəkaçan füsunkar çaylarını özünəməxsus əsrarəngiz  bir dildə tərənnüm edir. O, dogma Xəzərə elə vurulmuşdur ki, özünə Xəzri təxəllüsü verib. Nəbi Xəzri poeziyada olduğu kimi, həyatda da vətəndaşlığı, insanlıq borcunu yüksəkdə tutur, bunları müqəddəs sayır. Dostluqda sədaqətlidir, möhkəmdir, “mən filankəsə kömək etdim”, “Ona arxa oldum” kimi sözləri heç vaxt dilinə gətirməmişdir. Bir sözlə mənəvi saflıq kökləri Nəbi Xəzrini, onun sönməz poeziyasını daim ucaldır, yüksək zirvələrə qaldırır.O, ucalıq eşqilə yaşayır və yazır;

Sən günəş,

Mən səndən

Nur alan Ayam.

Sən bir səs, mən isə

əks-sədayam.

Zirvəsən,

Zirvəyə qalxan cığıram,

Ucalıq eşqilə, dağa çıxıram.                                                                                

Mirvarid Dilbazi:

“İnsanın həyatında daha yaxın bir dost var ki, o da ömür-gün yoldaşıdır. Nəbi Xəzrinin “Bir həftədə ağaran saçlar” şeiri də şairin humanizmindən yaranıb. Şair anasına, bacısına, bu adı daşıyanlara bəslədiyi həssas,  yüksək insani duyğuları öz uşaqlarının anası olan qadına da bəsləyir. Bu şeiri oxuyan oxucunun sevinci ikiqat olur. Birinci ona görə ki, şairin ömür-gün yoldaşı ismətli, sədaqətli, fədakar həyat yoldaşı olub. Demək şairin arxa cəbhəsi möhkəmdir. İnsanda bu keyfiyyətlər də istedad kimi taleyin bəxşidir. Bu keyfiyyətləri görüb qiymətləndirən kişi təbiətindəki həssaslıqla da oxucunu və bütün qadınları sevindirir. Düşünürsən ki, bu mürəkkəb əsrimizdə yaxşı hörmət, məhəbbət zəminində qurulmuş ailə var. Şair inam dolu sabahımızı qələmə alanda da müasirdir. Çünki o vətəndaşdır. Ona görə də vətəndaşlıq poeziyasının bayrağını uca tutur. O,ənənəvi olduğu qədər novator, novator olduğu qədər ənənəvidir. Nəbi Xəzriyə bəslənən böyük xalq məhəbbətinin “sirri” də məncə bundadır.”

Cabir Novruz:

“Hərdən öz-özümdən soruşuram: Bakıdan, Azərbaycandan, Moskvadan… çox-çox uza bir diyarda mənə qəfildən Nəbi Xəzri poeziyası  haqqında sual versələr, yazmağı, söz deməyi xahiş etsələr nə deyə bilərəm? O yerdə ki, Nəbi Xəzri şeirindən yaxşı  xəbərdardırlar və ya bu gözəl poeziya haqqında  çox az şey bilirlər. Özüm öz sualıma dərhal cavab verirəm:çox şey deyə bilərəm.Əvvəlcə şairin gözəl misraları səslənəcək dilimdə, sonra şirin xatirələr dillənəcək. Nəbi Xəzri poeziyası, Nəbi Xəzri şəxsiyyəti barədə təsəvvürü olmayan dinləyicilər də maraqla qulaq asacaqlar bu söhbətə.Deyərdim ki, Nəbi Xəzri xalq içindən çıxmış, xalq yaradıcılığı çe.məsindən su içmiş bir sənətkardır.Onun heç kəsə oxşamayan təkrarolunmaz şair taleyi, yaradıcılıq tərcümeyi-halı var. Poeziyası Azərbaycan vəsiqəli, Azərbaycan pasportlu, Azərbaycan ünvanlı bir poeziyadır. O.Bizim yurdumuzun böyük keçmişini, qüdrətli bir gününü, daha işıqlı bir gələcəyini qələmə alır, harda olursa-olsunŞ hansı uzun eli dolaşırsa-dolaşsın, ruhən, mənən bu torpaqladır:dünyanın hansı cənnət guşəsini gəzirsə-gəzsin, ora Azərbaycanın gözü ilə baxır,onu Azərbaycanın adı ilə bağlayır.

Əgər ki, yıxılsam çinar göstərin,

Mən ona söykənib arana baxım,

Gözlərim görməsə Göy-gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə sənsən gümanım,

Canım-gözüm mənim-Azərbaycanım.

Əhməd Cəmil:

Əgər məndən soruşsaydılar deyərdim ki, onun poeziyası inam poeziyasıdır,sətirlərində, misralarında, fikirlərində bir aydınlıq, bir həzinlik, bir büllurluq var. Çünki, sənətkarın yolu aydındır, öz dəsti-xətti aydındır.”

“Xəzri Azərbaycanlıların anlayışında qızmar, günəşli odlar diyarına sərinlik gətirib, boğanaq havanı təmizləyən güclü Xəzər küləyidir. Mənə elə gəlir ki, bu ad şairin meyllərini, daxili həyəcan və duyğularını obrazlı ifadə edən ən düzgün addır. O. şeirimizə təzə külək kimi əsib gəldi və öz ilə təzə nəğmələr gətirdi.”

Gənc yaşlarından şeirə, sənətə bağlanan, xalqımızın hiss və həyəcanını öz şeirlərində lirik bir dillə ifadə edən Nəbi Xəzri adı iftixarla çəkilir. Bu poeziya öz qidasını doğma Azərbaycan xalqının əzəmətindən, vüqarından almışdır. Nəbi Xəzri lirikası xəlqilik, vətən torpağının tərənnümü, təbiət təsviri, insanın insana məhəbbəti, humanizm, bir çox cəhətdən ucalıqdan baxılan bir poeziyadır.

Zəngin mənəvi xəzinə olan S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində xalqımızın iki əsr (bəlkə də çox) ədəbiyyat və mədəniyyət xadimlərinin tarixini əks etdirən sənədlər arasında Nəbi Xəzrinin şəxsi sənədləri 83 №-li fondda 5000-dən çox sənəd, 3 siyahı, 272 saxlama vahidi  olaraq qorunub saxlanılır. Sənədlər ilk dəfə 1966-cı ildə arxivə şairin özü tərəfindən təqdim edilmişdir. Sonralar sənədlərin zənginləşdirilməsində şairin oğlu Arzu Babayevin rolu böyük olmuşdur. Həm xidməti, həm də şəxsi mənşəli sənədləri (əlyazmalar, məktub və teleqramlar, tərcümeyi-hal sənədləri, təsviri sənədlər və s.) öz zənginliyi ilə seçilir.

2024-cü il dekabın 10-u xalq şairi, Dövlət mükafatı laureatı, ictimai xadim Nəbi Xəzrinin anadan olmasının 100 illiyi tamam olur.

“Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 sentyabr tarixli Sərəncamı bu görkəmli söz ustadına, onun  səmərəli fəaliyyətinə verilən layiqli töhfədir.

                                                         Könül Nəsibova

Salman Mümtaz adına

Dövlət Ədəbiyyat və

İncəsənət Arxivinin direktoru

 



Bugün: 537
Dünən: 774
Bu həftə: 5906
Son həftə: 6350
Bu Ay: 18615
Son Ay: 25108
Bu İl: 284764
Ümumi: 1305185
1305185