Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi - Nadir Əbdürrəhmanov - 100

Son Yenilənmə : 2025-12-24 05:26:14
Baxış sayı : 128

1956-cı il..

     R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinin üst mərtəbəsindəki salonlardan birində, böyük bir tablonun önündə bir dəstə tamaşaçı toplaşmışdı. Onlar muzey işçisinin izahatını maraqla dinləyirdilər. Muzey işçisi gənc rəssamın inqilabi mövzuda işlənmiş yeni əsərini həvəslə, canlı və bədii bir dillə təsvir edirdi. Tablonun qəhvəyi, bozumtul-gümüşü koloriti, xüsusilə obrazların işıqlı və aydın siluetləri tamaşaçıları öz sehrinə qərq etmişdi. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan həmin əsər sənətdə ilk addımlarını atan, sovet Azərbaycanının istedadlı rəssamlarından olan Nadir Əbdürrəhmanova məxsus idi.

    Nadir Qəmbər oğlu Əbdürrəhmanov 1925-ci il dekabr ayının 5-də Laçın şəhərində anadan olmuşdur. Tibb işçisi olan atası əvvəlcə Ağdama, 1933-cü ildə isə bütün ailəsi ilə birlikdə Bakıya köçür. İşləri ilə bağlı rayonlara tez-tez səfər edən atası Nadiri də özü ilə aparırdı. Belə səfərlər ən çox vətənə - Şuşaya və Laçına olurdu.

   Təbiidir ki, respublikada tibbin inkişafında böyük xidmətlər göstərən atası oğlunu professional həkim kimi görmək istəyidi. Lakin Nadirin həvəsi incəsənət sahəsinə idi.

    Əslində Nadirin rəssamlıq təhsili uşaqlıqdan başlamışdı. 1937-1938-ci illərdə Nadir Bakıda Respublika Uşaq Yaradıcılıq Evində məşğələlərə gedirdi. 1940-1941-ci illərdə Moskvada yaşayan Nadir burada rəssamlıq təmayüllü orta məktəbdə oxuyur. 1941-ci ilin yayında  Bakıya gələn Nadir burada qalır və 1942-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinin 2-ci kursuna daxil olur. Lakin burada bir il təhsil alan Əbdürrəhmanov növbəti ildə Bakı Tibb İnstitutuna daxil olur. Tibb İnstitutunda axşam fakültəsinə keçən Nadir tezliklə yenidən Rəssamlıq məktəbinə geri dönür. Beləiklə, o 1944-cü ildə rəssamlıq məktəbini, 1947-ci ildə isə tibb institutunu bitirərək həkim diplomu alır. Bu dövr ərzində o “Qaçqınlar” əsəri ilə 1944-cü ildə respublika sərgisində iştirak edir və 1945-ci ildə Respublika Rəssamlar İttifaqına üzvlüyə namizəd olur.

    1947-ci ildə özü üçün ixtisas seçimi məsələsini qəti şəkildə həll edən Nadir Leninqrada (indiki Sank-Peterburq) gedir və Rəssamlıq Akademiyasına daxil olur. 1953-cü ildə Akademiyanın rəssamlıq fakültəsini bitirən Nadirin rəssamlılq dünyagörüşünün, incəsənətə baxışının formalaşmasında  Akademiyanın və Sankt-Peterburq muzeylərinin böyük rolu olmuşdur.

    Akademiyanı bitirdikdən sonra Bakıya dönən Əbdürrəhmanov Azərbaycan rəssamlarının kollektivinə daxil olur və oranın fəal üzvlərindən birinə çevrilir. O bütün respublika, 1952-ci ildən isə ümumittifaq sərgilərin iştirakçısı olur.

      Leninqradda Rəssamlıq Akademiyasını bitirən Nadir Bakıya döndükdən sonra bütün janrlarda çalışmağa başlayır. Bunlar müasir və tarixi-inqilabi mövzulara həsr edilmiş tematik süjetli kətan üzərində yağlı boya ilə çəkilmiş böyük rəsm əsərləri, kompozisiya peyzajları idi. Müasirliyə həsr edilmiş işlər içində həm ölkənin sənaye həyatına, həm də dağ rayonlarının, kəndlərin həyatna həsr edilmiş rəsm əsərlərinə rast gəlirik. Bu da təəccüblü deyildi. Məhz bu dövrdə öz sənətini  həyata yaxınlaşdırmaq cəhdləri bütün rəssamları aktiv şəkildə əhatə etməyə başlayır. Bu da ilk növbədə, əlbəttə ki, tematikanın qeyri-adi şəkildə genişləndirilməsində ifadə olunurdu. Bu dövr, belə demək mümkünsə,  respublika həyatının rəssamlıq  cəhətdən mənimsənilməsinin  başlanğıc etapı idi.  Bu dövrdə Əbdürrəhmanov sanki öz qüvvəsini hər bir janrda sınayır, öz yolunu təyin etməyə çalışırdı. Məsələn, belə rəsm əsərlərindən biri 1957-ci ildə işlənmiş “Sumqayıt alüminium  zavodunda” əsəridir. Məqsəd aydın idi: müasir sənaye sexini, poladəridən fəhlələri göstərmək.

    Rəssamın əsasən peyzaj janrında işlənmiş “Dağlardan eniş” (1956) “Yaylaqda” (1957),  “Dağlarda səhər” (1958) əsərlərində həyata bilavasitə baxış və rəssam azadlığını görmək olar.  Bu əsərlərdə rəssam uşaqlıqdan ona tanış olan dağ rayonlarının həyatını göstərir, əsərlərdə təbiətin canlı hiss edilməsi qabarıq görünür, insan fəaliyyətinin təbiətlə ayrılmazlığını göstərmək arzusu ön plana çıxır. Bu rəsmlərdə  səmimilik və həyatın sadə şəkildə göstərilməsi diqqətə çarpır.  “Dağlardan eniş” adl rəsm əsərində dağ yolu ilə asan olmayan hərəkətin hissiyatı, köhnəliklə yeniliyin birləşməsinin təbiiliyi, ilkin təbiətlə ona yeni texnikanın nüfuzetmə əlamətləri təsirli şəkildə təsvir olunmuşdur. Respublikanın müasir həyatı ilə əlaqəli olan bu rəsm əsərlərindən başqa həmin dövrdə Əbdürrəhmanov bir neçə böyük peyzaj əsərləri də yaradır – “Bakı şəhərinin görünüşü” (1954), “Sənaye peyzajı” (1954) və s.

      1958-ci ildə Rəssamlar İttifaqı Nadiri Koreyaya ezam edir. N.Əbdürrəhmanov  orada kənd təsərrüfatı kooperativlərini, balıq artellərini , düyü plantasiyalarını, zavodları, təhsil müəssisələrini ziyarət edir, Şimali Koreyanın bir çox şəhərlərində olur. Şimali Koreyada olduğu dövr rəssam üçün qeyri-adi dərəcədə əhəmiyyətli olur. O maraq dolu və qərəzsiz baxışlarla özü üçün tamamilə yeni olan həyatı və təbiəti seyr edirdi. Koreyaya səfəri barədə gündəliyində rəssam dəfələrlə qeyd edirdi ki, onu  Koreya təbiətinin özünəməxsusluğu və gözəllliyi cəlb edirdi. Rəssamın “Yeni Koreya”, “Kənd təsərrüfatı artelində”, “Balıqçılar”, “Körpüdə səhər”, “Şərq dənizi”, “Kessonda” və digər rəsm əsərləri Koreya, bu ölkənin adamları, xüsusi atmosferi haqda çox şey deyirdi.

    Bakıya döndükdən sonra rəssam emalatxanada “Yeni Koreya” (1959) silsiləsindən olan əsərlərini yaradır.

     Koreya  haqda əsərlər silsiləsi üzərində çalışarkən Əbdürrəhmanov Azərbaycanın subtropik rayonu olan Lənkərana gedir. Rəssamın oraya səfərinin  məqsədi düyü sahələrindəki işləri canlı şəkildə görmək, etüdlər yaratmaq idi. Rəssamım etirafına görə, Lənkəranda gördükləri ilə Koreyada gördükləri təəccüblü dərəcədə bir-birinə bənzəyirdi. Peyzajların xarakteri, kvadratlara bölünmüş düyü sahələri, hətta sahələrdəki qadınların gördükləri işlər də Koreya qadınlarının işləri ilə çox oxşar idi.  Bu oxşarlıq Azərbaycanın cənub bölgəsinə səfərlərin materialları əsasında yaranmış  “Düyü əkini” (1960) adlı böyük rəsm əsərində öz əksini tapmışdır. “Bu rayon mənə Koreyanı canlı şəkildə xatırladırdı,- deyə rəssam qeyd edirdi, - sahələrin oxşarlığı, ən başlıcası isə qadınlar Koreyada olduğu kimi gözəl geyinirlər, çətin işi asanlıqla, mahnı oxuya-oxuya yerinə yetirirlər...”

      Əbdürrəhmanov yaradıcılığında monumental stilə ən çox yaxınlaşmanı onun “Əli-Bayramlı DRES tikintisi” (1961) adlı kətan üzərində işlənmiş böyük rəsm əsərində müşahidə edirik. Əbdürrəhmanovun işləri içində “Əli-Bayramlı DRES tikintisi” respublikanın sənaye həyatı ilə bağlı yeganə  kətan üzərində işlənmiş böyük əsərdir. İnşaat pafosu, entuziazm, yüksək əhval-ruhiyyə boz-göy tonların üstünlük təşkil etdiyi ümumiləşdirilmiş koloritlə, inşaatçıların  fiqurlarının cəsur, enerjili və aydın ritmi ilə verilmişdir. Zamanın pafosunun ifadə olunduğu sənaye peyzajlarından biri də rəssamın 1961-ci ildə çəkdiyi “Yedilliyin tikintiləri” adlı əsəridir.

     Rəssamın sənaye mövzusundan uzaqlaşaraq insan və təbiət mövzusunda yaratdığı əsərlərdən olan “Dağlarda alatoranlıq” (1963) adlı rəsm əsəri diqqəti xüsusilə cəlb edir.  Bu əsər zəhmət adamlarına həsr edilmişdir. Əsərin qəhrəmanları gənc sağıcı qızlardır. Amma ilk dəfə olaraq rəssam öz qəhrəmanlarını  müəyyən əmək prosesi çərçivəsində təsvir etmir. O, sadəcə olaraq onları iş gününü başa  vurmuş,  axşam istirahəti anında təsvir edirdi.

     Rəssamın 60-cı illərin sonlarında kətan üzərində işlənmiş əsərləri  Azərbaycanın dağ rayonlarının – Lerik, Laçın, Şuşa və bu rayonların qadın və qızlarına həsr edilmiş peyzajlar və böyük kompozisiyalar silsiləsidir. Laçın peyzajları və rəsmləri üzərində işləyərkən o dövrdə yazdığı gündəliyində  rəssam təbiət qarşısında heyrətini sözlərlə belə ifadə edirdi: “Cazibədar gözəllik özü insanda qeyri-ixtiyari romantik hisslər yaradır. Elə bil təbiət özü sehirli fırçası ilə dağ silsilələrində bu təkrarolunmaz rəsmləri çəkib”. Rəssamın 1964-cü ildə işlədiyi “Laçın” əsəri Laçının 60-cı illərdəki qış peyzajı üçün son dərəcə xarakterikdir.  “Lerik. Bahar” peyzajında isə rəssam eyni zamanda zərif və  parlaq coxçalarlı rənglərə vurğu edirdi.

     60-cı illərin sonlarında Əbdürrəhmanovun yaradıcılıq axtarışları üçün “Sevimli naxışlar” əsəri çox xarakterikdir. “Lerikə çoxsaylı səfərlərim zamanı peyzajlar çəkdikdən, bu yerlərdə öz gözəlliyi, harmoniyası olan həyatı müşahidə etdikdən sonra məndə təəssüratlarımı  ümumiləşdirən bir neçə rəsm əsəri çəkmək ehtiyacı yarandı. Bir dəfə tanışımgilin evinə çaya gedirdim və gördüm ki, həyətdə  burada xalça toxuyarkən istifadə edilən rəngarəng hörgü iplərinin yumaqlarının arası ilə qız gedir. Bu çox gözəl mənzərə idi və dərhal məndə  təəssüratımı rəsm əsərinə həkk etmək  istəyi yarandı. Mən çoxlu eskizlər, etüdlər çəkmişəm,  lakin onlarda bu rəsmdə olan rəqs hərəkətləri yoxdur. Bu hərəkətlər və ritm ümumi təəssüratlardan doğulub”- deyə rəssam müsahibələrinin birində xatırlayırdı. ”Sevimli naxışlar” əsəri təkrarolunmaz milli xüsisiyyətləri ehtiva edir.

     Rəssamın “Talış qadınları”, “Dağ qızı”, “Talış qızları” əsərləri də bu qəbildəndir. Rəssam qeyd edirdi ki, “Dağ kəndlərində  bulaq başında toplaşan qadın və qızları daim görmək olar. Bu rayonların qızları gözəl geyinməyi sevirlər. Onlar həmişə səliqəli, bəzəkli geyimdədirlər, onların yerişi zərif və sərbəstdir. Mən bu rayonlarda olmağı, bu insanlar arasında işləməyi sevirəm, burada işləmək mənə böyük sevinc bəxş edir”.

       Nadir Əbdürrəhmanov rəssamlıqla ictimai fəaliyyəti daim birləşdirirdi. O 1965-1969-cu illərdə o Azərbaycan SSR Rəssamlar İttifaqının sədri olur. 1965-1970-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. 8 iyun 1964-cü ildə ona Azərbaycan SSR Xalq rəssamı fəxri adı verilir. N.Əbdürrəhmanov müstəqillik illərində “Şöhrət” ordeni ilə təltif edilmişdi.

      Əslən Qarabağlı olan Nadir Əbdürrəhmanov torpaqlarımızın işğalını şəxsi faciəsi kimi yaşayırdı. Təəssüf ki, 2008-ci ildə vəfat edən rəssama toraqlarımızın işğaldan azad olunmasını görmək nəsib olmadı.

                                                                                              Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat  

                                                                           və İncəsənət arxivinin şöbə müdiri 

                                                 

                                                              Məqalənin hazırlanmasında 176 №-li fondun       

                                                              sənədlərindən istifadə olunmuşdur.



Bugün: 1016
Dünən: 1505
Bu həftə: 12417
Son həftə: 13420
Bu Ay: 35922
Son Ay: 55392
Bu İl: 187961
Ümumi: 1881886
1881886