XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının yorulmaz tədqiqatçılarından biri də Nazim Axundovdur. O öz istedadını ən müasir ədəbi proseslərdə sınaqdan çıxarmış, gənclik illərindən bu mövzulara çox yaxından bağlı olmuşdur.
Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Ibtidai təhsilini Tərtər rayonunun Qazax kəndində almışdır. Daha sonra 1937-ci ildə Bakı Pedaqoji İnsitutunun Filologiya fakültəsinə daxil olmuşdur. 1940-1944-cü illərdə Tərtər rayonunda müəllim kimi fəaliyyət göstərmişdir. Institutu bitirdikdən sonra aspirantura təhsili almış və elə həmin illərdən mətbuat tarixinə, mətnşünaslığa böyük sevgi ilə yanaşmışdır. “Molla Nəsrəddin jurnalının nəşri tarixinə aid tədqiqlər” mövzusunda dissertasiya işi müdafiə etmişdir. 1948-ci ildə filologiya elmlər namizədi adı qazanmışdır.
Nazim Axundov istər mətbuat tariximizin istərsə də ədəbiyyatımızın araşdırılmasında böyük zəhməti olan tədqiqatçılardandır. Hər iki sahəni yaradıcılığında paralel xətt kimi saxlamışdır. Onun ilk mətbu əsəri “Cəfər Cabbarlı” adlı kitabçası çap olunmuşdur. Daha sonra o “ “Mirzə Fətəli Axundov”, “Səməd Vurğun”, “ Mirzə Ələkbər Sabir” və başqa biblioqrafik kitabçaları tərtib etmişdir. Elmi-ədəbi fəaliyyətinin nəticəsi olan bu bibioqrafik kitabçalar Azərbaycan ədəbiyyatşünaslığını daha da zənginləşdirmişdir. O öz yorulmazlığı, işinə bağlılığı, millətsevərliyi ilə hamının hörmətini qazanmışdı. Onun tədqiqatında Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı mühüm yer tutur. O, unudulmaz şair haqqında silsilə məqalələr və elmi biblioqrafiyanın müəllifidir. Səməd Vurğunun altıcildlik nəşrinə də ətraflı izahı Nazim Axundov yazıb. Bu kitab o dövrkü Azərbaycan ədəbiyyatını öyrənmək baxımından ən etibarlı mənbədir. Onu bir pedaqoq kimi tələbələri də sevirdi. Əmək fəaliyyəti dövründə 1948-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstiutunun Dil və Ədəbiyyat fakültəsinin dekanı, 1952-ci ildə Quba Pedaqoji İnsitutunun direktoru, 1988-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnsitutunun professoru vəzifəsində çalışmışdır. O dəfələrlə şəhər və rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. Azərbaycan KP XIX qurultayının nümayəndəsi olmuşdur.
Onun haqqında tanınmış ədiblər, ədəbiyyatşünas alimlərimiz Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Ziyəddin Göyüşov və başqaları yüksək fikirlər söyləmişdir. 1991-ci ildə onun “Qarabağnamələr” adlı kitabı çap olunur. Bu kitabın nəşrindən bir il sonra doğma yurdu Şuşa düşmən tərəfindən işğal edilir. Butün yaşanan xatirələrlə bağlı tanınmış xanəndə Bəsti Sevdiyevanın (gəlini) xatirlərindən : “ Nazim müəllim gümrah, həyat eşqli daim yazmaqdan yaratmaqdan bezməyən, ürəyi arzularla dolu olan ağır-batman, zabitəli bir kişi idi. Şuşanın işğalı onu birdən-birə qocaltdı,rəngini, ruhunu dəyişdirdi. Səsi titrəyirdi, gözləri yol çəkirdi. Mənim illər boyu tanıdığım Nazim müəllim iki ilin içində çox dəyişdi. Elə “ Şuşa” deyə-deyə gözlərini yumdu”... Öz doğma yurdunu bugun gedib qarış-qarış gəzə bilməsə də Şuşa nisgilli ədibimizin ruhu bugün rahatdır.
Nazim Axundovun xatirəsini əziz tutan insanlardan biri də Mustafa Çəmənli olmuşdur. Onu xatırlayarkən belə deyirdi " Nazim Axundovu çox yaxşı tanıyırdım. O, dövrünün tanınmış biblioqrafı, görkəmli pedaqoqu və ədəbiyyatşünas alimi idi. Bu gün aramızda olmasa da nurlu siması, xoş ünsiyyəti daim yadımdadır. Onu xatırlamaq hər zaman xoşdur. Qoy, gələcək nəsillər layiqli alimlərimizi, ziyalılarımızı yaxşı tanısınlar”...
Nazim Axundovun satirik jurnallar haqqında kitabı xarici ölkə ədibləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Görkəmli ədəbiyyatşünas akademik M.Xrapçenko öz xatirələrində yazırdı : “ Nazim Axundov inqilaba qədərki Azərbaycan satirasının tədqiqinə həsr olunmuş əsəri Sovet ədəbiyyatşünaslığında əhəmiyyətli hadisədir...”
Bu gün Nazim Axundovun sənədləri Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 442 N-li fond adı altında qorunur və saxlanılır. Onun fondu öz zənginliyi ilə seçilir. Sənədləri arasında onun əlyazmaları (pyeslər, məqalələr, rəy və çıxışlar), yazışmaları, tərcümeyi-hal sənədləri, topladığı,təsviri sənədlər təşkil edir. Bu gündə ondan geriyə qalan məhsuldar sənət yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına xidmət edir.
Görkəmli biblioqraf,ədəbiyyatşünas 1994-cü il martın 10-da 70 yaşında Bakıda vəfat etmişdir.
Məqalədə 442 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.
Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Gülnar Şərifova (aparıcı arxeoqraf)
Bugün: | 305 |
Dünən: | 774 |
Bu həftə: | 5674 |
Son həftə: | 6350 |
Bu Ay: | 18383 |
Son Ay: | 25108 |
Bu İl: | 284532 |
Ümumi: | 1304954 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az