Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Nəsibə Zeynalova - 110

Son Yenilənmə : 2026-05-15 04:34:55
Baxış sayı : 3

      Azərbaycan teatr və kino sənətinin ən parlaq simalarından biri Nəsibə Zeynalovadır. Həm istedadı, həm də özünəməxsus xarakteri ilə tamaşaçıların qəlbində silinməz iz qoymuşdur. O, yalnız bir aktirisa deyil milli mədəniyyətin simvollarından biri hesab olunur.           

       Nəsibə Zeynalova (Zeynalova Nəsibə Cahangir qızı) 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlmişdir. Onun atası məşhur tacir eyni zamanda milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşəcəyini görmək ataya nəsib olmayıb. Cahangir Zeynalov qısa müddət sonra yatalaq xəstəliyinə tutulur və  rəhmətə gedir. O zaman Nəsibə Zeynlovanın iki yaşı vardı. Atası dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayır. Uşaqlıq illəri maddi çətinliklər içində keçsə də, o güclü xarakteri və həyat eşqi ilə seçilirdi. Bu çətinliklər onun gələcəkdə formalaşmasına və səhnədə yaratdığı obrazların daha real və təsirli olmasına səbəb olmuşdur. Nəsibə Zeynalova gənc yaşlarından incəsənətə böyük maraq göstərirdi. O, 1938-ci ildə Bakı teatr məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Azərbaycan Dövlət Musiqili Komediya teatrının Truppasına birinci dərəcəli aktirisa kimi işə götürülüb. Böyüdükdən sonra atasının arzusunu inamla həqiqətə çevirib. Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb.İlk vaxtlar səhnədə kiçik rollarla çıxış etsə də, qısa müddətdə öz istedadı ilə seçilərək diqqət mərkəzində olmuşdur. Onun mimikası, jestləri və təbii oyun tərzi tamaşaçıların böyük rəğbətini qazanmışdır. Nəsibə xanım əsasən komediya janrında yaratdığı obrazlarla məşhurlaşmışdı. Ömrünü Musiqili Komediya teatrı ilə bağlayan aktrisa Gülpəri, Cahan xala, Sənəm kimi xarakterik səhnə obrazlarında çıxış etmişdir. Aktrisa tetarda “Qızaxtaranlar”, “ Rəisin arvadı”, “ Hacı Kərimin aya səyahəti”, “Sevindik qız axtarır”, “Hicran” tamaşalarında uğurlu rollar ifa edib. O, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində (Ögey ana), Fatmanisə, (Böyük dayaq) Telli, (Ulduz) Züleyxa, (Bəyin oğurlanması) Əsli xala, (Qaynana) Cənnət xala rolları ilə daha da şöhrət qazanmışdır. “Qaynana” obrazı ilə o, Azərbaycan kino tarixində əfsanəyə çevrilmişdir. Onun yaratdığı qadın obrazları həyatiliyi, yumoru və səmimiliyi ilə seçilirdi. Tamaşaçılar onun oynadığı rollarda öz gündəlik həyatlarını, ailə münasibətlərini və cəmiyyət problemlərini görə bilirdilər.             Nəsibə Zeynalova yalnız səhnədə deyil, həyatda da olduqca səmimi,mehriban və güclü qadın kimi tanınırdı. Aktirasının şəxsi həyatı da müəyyən çətinliklərlə yadda qalmışdır.Nəsibə xanımın həyat yoldaşı həm də musiqiçi olub. O, öz xatirələrində deyirdi: “Ailəmiz inam üstünə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim. Atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə yoldaşımdan eşitdim. Allah onuda mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimidə xatırlamağa ondan sonra vaxt tapdım”. Lakin o, heç vaxt bu çətinliklərin sənətinə təsir etməsinə imkan verməmişdir.     

  Nəsibə Zeynalovanın yaradıcılığı hər zaman dövlətin diqqət mərkəzində olmuşdur. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə bir çox mükafatlara layiq görülmüşdür. Musiqili teatrımızın inkişafında xidmətlərinə görə Nəsibə xanıma 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı laureatıdır. Onun sənətdəki xidmətləri bu gün də yeni nəsil aktyorlar üçün nümunə hesab olunur. O, sadəcə bir aktirisa deyil, bir dövrün simvolu idi. Onun həyat yolu çətinliklərlə dolu olsa da, sənətə olan sevgisi və zəhməti sayəsində zirvəyə yüksəlmişdir. Yaratdığı irs Azərbaycan mədəniyyətinin qiymətli bir hissəsi olaraq yaşayır. Onun sənədləri gələcək nəsillərə əmanətdir və bu gün həmin dəyərli sənədlər Salman Mümtaz  adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat Və İncəsənət arxivində 748 N-li fondda qorunub saxlanılır. Onun sənədlərinin əsasını yaradıcılığına aid, yazışmaları,tərcümeyi-hal, yubiley sənədləri üstünlük təşkil edir. Onun həyat yolu və yaradıcılığı milli mənəvi simanı əks etdirən parlaq nümunələrdəndir.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Məqalədə 748 №-li fondda olan sənədlərdən istifadə edilmişdir                                                                                            

                                                                       Gülnar Şərifova

               S.Mümtaz adına Dövlət Ədəbiyyat

və İncəsənət arxivinin aparıcı arxeoqrafı



Bugün: 84
Dünən: 1560
Bu həftə: 9031
Son həftə: 10866
Bu Ay: 24711
Son Ay: 55339
Bu İl: 232089
Ümumi: 1926014
1926014