Erməni xəyanəti və satqınlığı bu gün də davam etməkdədir.
Azərbaycan xalqının Ukraynalı oğlu Oleq Yakovleviç Babak - satqın erməni millətçi silahlı dəstələrin üzvü olan və vaxtı ilə Sovet Ordusu sıralarında birgə qulluq edən keçmiş döyüşçü yoldaşı, milliyyətcə erməni olan silahlı tərəfindən 07 aprel 1991-ci il tarixdə xaincəsinə qətlə yetirilmişdir.
2021-ci ildə faşist Almaniyası üzərində qələbənin 76 illiyi bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da böyük hörmət və ehtiramla qeyd ediləcəkdir. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının istər ön cəbhədə - döyüş meydanında, istərsə də arxa cəbhədə müstəsna xidmətləri olmuşdur. Keçmiş Sovet İttifaqı və bütün Avropanın alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycan neftçilərinin xüsusi rolu və xidməti olmuşdur.1941-1945-ci illərin müharibəsində Azərbaycan neftçilərinin arxa cəbhədə nümayiş etdirdikləri fədakar əməyi danılmaz qəhrəmanlıq nümunəsidir və bu sonrakı nəsillər tərəfindən həmişə, o cümlədən bu gün də böyük hörmət və ehtiram, minnətdarlıqla yad edilir və yüksək qiymətləndirilir.
1941-1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri keçmiş Sovetlər İttifaqının bütün cəbhələrinin yanacağa olan ehtiyacının 80 faizindən çoxunu ödəyən nadir sənaye şəhərinə çevrilmişdir. Bakı- Alman faşizmi üzərində qələbənin əldə edilməsi və dünyanın faşizmdən azad edilməsi uğrunda gedən amansız müharibədə misli görünməyən fədakarlıq nümayış etdirmiş qəhrəman bir şəhərdir.
Həmin müharibə illərində rəşadətli Azərbaycan neftçilərinin son dərəcə ağır əməyi sayəsində Bakı nefti çıxarılır, sonra emal edilərək benzin,yanacaq, müxtəlif sürtkü yağları qismində konteyner və sisternlərlə müxtəlif yollarla - dəmir yolu və xəzər dəniz yolu vasitəsilə cəbhəyə göndərilir və bununla da döyüşən bütün cəbhələrin yanacağa və neft məhsullarına olan təlabatları ödənilirdi. Müharibə illərində Bakı ölkəyə tələb olunan neftin 70-75 faizini, benzinin isə 85-90 faizini verirdi. Sovet İttifaqının müharibədə iştirak edən bütün motorlu hərbi texnikası əsasən Bakının istehsal etdiyi yanacaqla işləyirdi. O dövrün müharibə tarixində misli görünməmiş sayda motorların və texnikanın cəlb edildiyi bu müharibədə keçmiş Sovet İttifaqının əsas duru yanacaq-neft bazası olan Bakının rolu əvəzedilməz olmuşdur. Bakı nefti hərbi strategi əhəmiyyə malik məhsul kimi həyatı əhəmiyyət kəsb edirdi. Bakının nefti və neftayırma zavodları, Azərbaycanın fədakar, qəhrəman neftçiləri olmasaydı bəlkə də keçmiş Sovet İttifaqı və bununla yanaşı bütün Avropa ölkələri saz vəziyyətdə olan alman hərbi maşınının, faşizmin qarşısında dayana bilməzdi. Amansız müharibədə qəhrəman Azərbaycan neftçiləri müharibə dövrünün bütün çətinliklərinə mərdliklə sinə gərərək axıra kimi dayandılar və qalib gəldilər! Bununla yanaşı qeyd edirik ki, müharibə illərində Azərbaycanın təkcə neft sənayesi deyil, onun iqtisadiyyatının bütün sahələri müharibə tələblərinə uyğun qurulmuşdu. Azərbaycan və Bakı döyüşən Sovet Ordusunun əsas cəbhəxanalarından birinə çevrilmişdir. Bakıda neft istehsalı və emalı ilə yanaşı «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı. Müharibə illərində Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.
1941-ci ilin məlumatlarına görə Azərbaycanda yaşayan əhalinin sayı 3.4 milyon nəfər olmuşdur ki, onun da 681 min nəfəri ön cəbhədə döyüşürdü və onlardan da 300 min nəfər döyüş meydanında qəhrəmancasına həlak olmuşdur. 128 nəfər Azərbaycan vətəndaşı cəbhədə göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layıq görülmüşdülər. Tank qoşunlarının qvardiya general moyoru Həzi Aslanov hətta iki dəfə Sovet İttifaqı Qəhramanı adına layıq görülmüşdür. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepaya rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Sovet İttifaqı marşalı F.İ.Tolbuxinin 1945-ci ilin aprelin 28-də «Бакинский рабочий» qəzetində dərc edilmiş “Azərbaycan xalqına eşq olsun” başlıqlı məqaləsində qeyd edilirdi :”İndiki müharibə - hərb tarixində indiyə qədər görünməyən həddindən artıq tədbiq olunmuş motor və texnikaların müharibəsidir. Motorlarn fasiləsiz olaraq işləməsini təmin etməkdən ötrü neft və neft məhsulları müstəsna əhəmiyyət kəsb edir...Qızıl Ordu əldə etdiyi bir çox qələbələrinə görə Azərbaycan xalqına, hücumda olan hərbi hissələri vaxtlı-vaxtında əla yanacaqla təmin edən qəhrəman Bakı neftçilərinə borcludurlar. Stalinqrad ətrafinda, Donda və Donbasda, Dneprdə və Dnestrin o tayında, Belqradda, Budapeşt və Vena ətrafında bizim cəbhənin döyüşçüləri- təyyarəçilər, tank və özüyeriyən top avtomobillərinin sürücüləri Azərbaycan neftçilərini minnətdarlıqla yad edir, neft şəhəri olan Bakının qəhrəman zəhmətkeşlərini tərif edirlər...Bütün qüvvə və bacarığını, təcrübəsini yüksək keyfiyyətli yanacağın istehsal edilməsinə sərf edən Bakı qəhrəmanlarına eşq olsun!”
Lakin tarixi ədalət naminə onu da qeyd etməliyik ki, müharibə faşizm üzərində tarixi Qələbənin çalınması ilə başa çatdıqdan sonra qələbənin əldə edilməsində Bakının rolu və xidməti təəssüflər olsun ki, layiqincə qiymətləndirilmədi. Bakıya layiq olduğu qəhrəman şəhər adı verilmədi.
1941-1945-ci illər Böyük Vətən Müharibəsindən 46 il keçdikdən sonra keçmiş SSRİ-də Daxili Qoşunlar sırasında ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı adına daxili qoşunlarının sofrin briqadasında xidmət etmiş rota komandirinin siyasi işlər üzrə müavini- leytenant Oleq Babak layiq görülmüşdür. Oleq Babak Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Cibikli kəndində hərbi borcunu yerinə yetirərkən göstərdiyi mərdlik və fədakarlığına görə SSRİ Prezidentinin 17 sentyabr 1991-ci il tarixli UP-2574 saylı Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Oleq Yakovleviç Babak 1991-ci ilin martından etibarən SSRİ DİN-nin daxili qoşunlarının xüsusi təyinatlı hissəsinin 21-ci briqadasının tərkibində Azərbaycanın Qubadlı rayonunda ictimai qaydanın qorunub saxlanılması üzrə vəzifələri yerinə yetirirdi. Oleq Babak 1991-ci ildə keçmiş SSRİ-nin Daxili Qoşunlarının qaynar nöqtələrə göndərilən qüvvələrinin tərkibində qulluq edirdi. Həmin dövrdə Qubadlının Yuxarı Cibikli kəndi mütəmadi olaraq Ermənistanın Qafan və Qoris rayonları tərəfindən ermənilərin hücumlarına məruz qalırdı. Erməni quldurları çalışırdılar ki, qəfil hücumlar təşkil etməklə yerli sakinləri qorxudaraq onları doğma yurdlarından didərgin salsınlar. Oleq Babakın komandanlığında olan rota dinc sakinləri müdafiə etdərək silahlı toqquşmanın qarşısını almağa çalışırdı. 1991-ci ilin aprelində Ermənilərin növbəti təxribatı nəticəsində Yuxarı Cibikli kəndində sakinlərindən iki nəfəri yoxa çıxmışdır.Yoxa çıxan mülki şəxslərdən biri meşəbəyi olmuşdu. Sakinlər iki nəfərin yoxa şıxması haqqında məlumatı Oleq Babakın komandanlıq etdiyi rotaya çatdırmışdılar. Leytenant Oleq Babak vəziyyətlə tanış olmaq və erməni yaraqlılarının hücümunun qarşısını almaq məqsədilə kəndə gəlmişdi. Bəlli olmuşdu ki, meşəbəyi öldürülüb, digər sakin isə yoxa çıxıb. Həmin vaxt erməni quldurları növbəti dəfə hücuma keçərək kəndi və Sovet əsgərlərini atəşə tutmuşdular.
Yeri gəlmişkən qeyd edirik ki, həmin vaxt pravoslav xristianlarının Pasxa və Müqəddəs Müjdə bayramları bir günə təsadüf etmişdi. Bu çox nadir hallarda belə olur. Görünür ki, leytenant Babakın taleyinə də, son döyüşə həmin gün çıxmaq yazılıbmış. Oleq Babak döyüş yoldaşları ilə birlikdə kəndi qorumağa başlayırlar. Yerli sakinlərdən sahə müvəkkili də onlara birgə olmuşdur. Oleq Babakın tabeçiliyində iki serjant - Loginov və Boçkov var idi. Erməni quldurlarının açdığı atəş nəticəsində serjantlardan biri və yerli sakinlərdən isə sahə müvəkkili və meşəbəyinin axtarışına çıxmış nişanlısı Gülnarə adlı xanım yaralanırlar. Erməni yaraqlıları meşəbəyinin axtarışına çıxmış azərbaycanlıları pusquya salaraq atəşə tutmuşdular. Yerli sakinlər arasında yaralananların sayı artmağa başlayırdı. Erməni yaraqlılarına kömək üçün əlavə qüvvələr gətirildiyini və atışmanın daha da intensivləşdiyini görən Oleq Babak yaralıları və yerli sakinləri döyüş meydanından çıxarmaq qərarına gəlir. Serjantlara əmr verir ki, yaralıları maşınla xəstəxanaya çatdırsınlar. Beləliklə, Oleq döyüş meydanında tək qalaraq iki saata yaxın erməni terrorçularına qarşı şiddətli döyüş aparır. Geriyə göndərilən Cibikli kənd sakinlərinə döyüş meydanından uzaqlaşmağa imkan yaratmaq üçün Oleq Babak ermənilərə müraciət edərək sovet zabiti olduğunu deyir və atəşi dayandırmağa çağırır. Lakin erməni yaraqlıları atəşi saxlamayaraq yüzə yaxın erməni millətçiləri Oleq Babakı mühasirəyə alır. Bu zaman Babak onların arasında Sovet Ordusu sıralarında birgə qulluq etdiyi keçmiş döyüşçü yoldaşını görür. Babak ondan soruşur ki, məni xilas edəcəksənmi? Erməni də cavab verir ki, sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar? Müxtəlif mənbələrə görə, Oleq Babak qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın erməni quldurunu zərərsizləşdirmişdi. Erməni millətçilərindən biri arxadan yaxınlaşaraq “obrezi” Babakın zirehli gödəkcəsinin altına yönəldərək atəş açır. Beləliklə, erməni quldurları Oleq Babakı xaincəsinə, arxadan vurub öldürürlər. Sovet qoşunları hadisə yerinə gələndə görüblər ki, Babakın meyiti yerdədir, amma silahı və zirehli gödəkcəsi yoxdur. Baxış zamanı görüblər ki, onurğa sütunundan atəş açılıb. Bundan sonra danışıqlar nəticəsində onun şəxsi silahını ermənilərdən almaq mümkün olub. Həmin döyüş vaxtı Oleq Babakın 24 yaşı vardi. Bir ay sonra onun xidmət vaxtı sona çatacaqdı və o, doğma yurduna dönərək nişanlısı ilə toy etməyi planlaşdırırdı. Lakin erməni xəyanəti buna imkan vermədi və o, ermənilər tərəfindən xaincəsinə öldürüldü. Sonuncü Sovet İttifaqı qəhrəmanı Oleq Babak hərbi məktəbdə oxuduğu müddətdə onun keçmiş hərbi kursant yoldaşı - milliyyətcə erməni olan şəxs tərəfindən xaincəsinə qətlə yetirildi. Ölümündən sonra Oleq Babak hərbi borcunu yerinə yetirərkən göstərdiyi mərdlik və fədakarlığına görə SSRİ Prezidentinin 17 sentyabr 1991-ci il tarixli UP-2574 saylı fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, ailəsinə Lenin ordeni və 1161 saylı “Qızıl Ulduz” medalı təqdim edilmişdir.
Bu hadisə ermənilərin xəyanətkar təbiətini bir daha üzə çıxartdı. Yeri gəlmişkən qeyd edirik ki, bəzi mənbələrdə qeyd edildiyinə görə bəzi erməni hərbçiləri Böyük Vətən Müharibəsi illərində də xəyanətkarlıq etmişdilər. Məsələn, yaralanmış görkəmli azərbaycanlı qəhrəman Həzi Aslanov da erməni xəyanətinin qurbanı olmuşdur. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçmiş Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepaya rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Müasir dövrdə xəyanətkar erməni millətçi qüvvələri Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində işğal altında saxlayaraq həmin şəhər və rayonları xarabalığa çevirmişdilər.
Nəhayət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. İşğal altında olan torpaqlar erməni əsarətindən azad edildi.
Fotolar Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədlər Arxivindən əldə edilmişdir.
Rafiq Səfərov
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
baş məsləhətçisi
Bugün: | 776 |
Dünən: | 740 |
Bu həftə: | 3028 |
Son həftə: | 6066 |
Bu Ay: | 16924 |
Son Ay: | 28223 |
Bu İl: | 257965 |
Ümumi: | 1278387 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az