Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-05-20 23:09:35
Baxış sayı : 5366

Ömür dedikləri bir karvan yolu

 

İnsana xöşbəxt olmaq üçün yol göstərmək olmaz. Amma onu elə tərbiyyə etmək olar ki, o xöşbəxt olsun. İnsan xöşbəxtliyinin yarısı, bəlkə də çox hissəsi, qədim yunanlıların dedikləri kimi hansı ailədə və necə tərbiyyə edilməsindən, hansı peşəyə və necə yiyələnməsindən asılıdır. Müəllimi adətən bağbana bənzədirlər. Bağban ağac yetişdirir, müəllim isə şüurlu insan tərbiyyə edir. Müəllimdə o qədər böyük məhəbbət olmalıdır ki, tərbiyyə edib, elm öyrətdiyi yüzlərlə gəncə ondan pay düşsün.

Pedaqoji elmlər doktoru, professor, Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadımı, əmək veteranı Sədi İmanov müəllim belə bir məhəbbətə malik insan olmuşdur. Görkəmli pedaqoq həmişə axtarışda olmuş, axtardığını tapmış və öyrətmişdir. Sıldırım qayalara yüksəlmək istəyənlərin əlindən tutub addım-addım kəşməkeşli cığırlardan yüksələn zirvələrə aparmışdır. Özü də bir deyil, on deyil, yüzlərlə gənci.

O, 1926-cı il aprel ayının 14-də Şamaxı rayonunun Əngəxəran kəndində göz açmışdır. İbtidai təhsilini orda başa vurduqdan sonra Məlhəm kənd 7 illik məktəbini bitirərək Şamaxı Pedaqoji Məktəbində təhsilini davam etdirməli olmuşdur. Hələ kiçik yaşlarında ikən Sədi həyatın kəşməkeşli yollarına düşmüş, iztirablı bir həyat yolu keçmişdir. Belə ki, onun ailəsi 37-ci ilin represiyasına məruz qalmış, 11 yaşlı Sədini atasız qoymuşdur. Başsız qalan ailənin bütün ağırlığı anası Yəmən xanımın çiyninə düşür. Böyük Vətən müharibəsinin başlanması bu ailənin vəziyyətini daha da ağırlaşdırır. Çətinlik çəkən Sədi İmanov az qala təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Şamaxı Pedaqoji Məktəbinin o vaxtkı direktoru Əbülfət Mirzəyev xeyirxahlıq göstərərək əla oxuduğuna görə Sədiyə yardım edir.

1942-ci ildə həmin məktəbi müvəffəqiyyətlə başa vuraraq Mərzəndiyə kənd ibtidai məktəbinə müəllim təyin olunur. Sonralar Pedaqoji fəaliyyətini Ərciman, Qaleyibuğurd, Dəmirçi kənlərində davam etdirir. 1945-ci ildə təhsilini davam etdirmək üçün Bakıya gəlir və V.İ.Lenin adına APİ-nin (indiki Nəsrəddin Tusi adına) fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Fərqlənmə diplomu ilə ali təhsilini başa vurandan sonra Şamaxı Pedaqoji Məktəbində, daha sonra Bakı Neft Texnologiya Texnikumunda pedaqoji fəaliyyətini davam etdirir.

Gənc müəllim aspiranturaya dəvət olunmağına baxmayaraq süzgəc komissiyası “xalq düşməninin” övladı kimi, onu 8 il qəbul imtahanına buraxmır. Atasına bəraət (ölümündən sonra) veriləndən sonra aspiranturaya qəbul edilir. Bundan sonra Sədi İmanovun elmi işə yolu açılır. O, 1963-cü ildə CCRİ PEA-nın müxbir üzvü, professor A.Abbaszadənin rəhbərliyi ilə “Orta məktəbdə fizikanın tədrisində kinoproyeksiyadan istifadə metodikası” adlı namizədlik, 1973-cü ildə “Orta məktəbdə fizikanın tədrisində təlimin texniki vasitələrindən istifadə metodikası” adlı doktorluq dissertasiyalarını müdafiə edərək, sonrakı bütün fəaliyyətini “Fizikanın tədrisi metodikası” kafedrasına bağlayır. Belə ki, 1965-ci ildə kafedranın dosenti, 1974-cü ildə professoru secilir. 1976-cı ildən isə həmin kafedraya rəhbərlik edir.

Sədi İmanov elmi-metodiki fəaliyyətə 1953-ildə başlamış, 350 cap vərəqinə yaxın elmi işi azərbaycan və rus dillərində nəşr olunmuşdur. Onların arasında 6 monoqrafiya, 15 elmi-metodiki kitab, 120-dən artıq məqalə vardır. Bir sıra dərslik və elmi-kütləvi ədəbiyyatın tərcüməçisi, elmi redaktoru olmuşdur. ARDETSA-də (F-146,siy.1,2) qorunub saxlanılan 8-ci sinif şagirdləri üçün nəzərdə tutulan İ.K.Kikoinin “Fizika” dərsliyini, A.V.Pyorişkinin “Pedaqoji İnstitutlar üçün proqram”-ın tərcümə olunmuş variantlarını görürük. Bundan başqa həmin fondda Sədi müəllimin müəllifi olduğu “Canlanan səslər”, “İldırım və göyquruluşu” kitabları, Ümumittifaq və Respublika miqyasında keçirilən elmi cimpozium, konfrans və sessiyalarındakı məruzələrinin, radio-televiziyada tərbiyyə problemlərinə aid etdiyi çıxışların əl yazıları qorunub saxlanılır.

Görkəmli alim-pedaqoq A.Disterviq demişdir: “Pis müəllim həqiqəti uşaqlara şərh edirsə, yaxşı müəllimin həqiqəti onlara tapdırır”. Sədi müəllim də öz təlimini bu amal üzərində quraraq, həqiqəti həmişə öz şagird və tələbələrinə tapdırmışdır. Özü də hər zaman axtarışda olmuşdur. Apardığı axtarışlardan belə bir qənaətə gəlmişdir ki, şagirdlərin psixikasına daha güclü təsir göstərən və öyrətmə prosesini asanlaşdıran TTV-nin (Təlimin Texniki Vasitələri) rolu əvəzsizdir. 

 

Zaqafqaziya regionunda ilk dəfə tədris prosesinə təlimin texniki vasitələrini daxil etməyin zəruriliyini elmi-pedaqoji cəhətdən əsaslandırmış, dərsdə və dərsdən kənar məşğələlərdə səs texnikası, statik proyeksiya aparatları, kino proyektor və təlimin digər texniki vasitələrinin rolunu aydınlaşdırmış və onlardan istifadənin konkret yollarını işləmişdir.

Görkəmli pedaqoqun elmi yaradıcılığında başlıca yerlərdən birini gənc və yüksək ixtisaslı kadrların hazırlanması tutmuşdur. O, Respublikamızda və eləcə də Rusiya, Ukrayna, Zaqafqaziya və Orta Asiya regionları üçün yüksək ixtisaslı mütəxəssislər yetişdirmişdir. Onun rəhbərliyi altında Respublikamızda 14 nəfər, MDB ölkələrində isə 15 nəfər namizədlik dissertasiyası müdafiə edərək elimlər namizədi, 40-a yaxın doktorluq dissertasiyasının müdafiəsində rəsmi opponent olmuşdur. Elmi-pedaqoji kadrlar hazırlığındakı xidmətlərinə görə Sədi müəllim SSRİ Maarif Nazirliyinin, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

Sədi müəllimi tələbələrinə sevdirən cəhətlərindən biri də, onlara həmişə qayğı göstərməsi, öz zəngin təcrübəsini onlara məmnuniyyətlə öyrətməsi olmuşdur. Arxiv sənədlərini vərəqlədiqcə orda tələbələri tərəfindən öz sevimli müəlliminə həsr etdikləri şeir parçalarından da bunu görmək olar.

“Harda səadət var, sən orda varsan,

Solmaz laləzarsan, solmaz baharsan,

Sən əldə bayraqsan, dildə şüarsan,

Bəşər qüvvət alır sənin adından.

Solmaz günəşində nurlanır cahan,

Yaşar qəlbimizdə adın müəllim!”

(Zərifə Əliyeva. 18.04.1986, qrup 3 d), (Fond 146, sax. vah.303)

                              

2013-cü ildə vəfat etmiş Sədi müəllimin elmi irsi öz əməksevərliyi, elmi prinsipiallığı ilə ondan sonrakı tədqiqatçılar üçün zəngin xəzinə, mənalı həyat yolu isə gənc nəslə örnəkdir.

Məqalənin yazılmasında DETSA-də mühafizə olunan (fond 146) sənəd və foto-şəkillərdən istifadə edilmişdir. 

 

Səadət CABBARLI

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri 

 Arxivinin aparıcı mütəxəsis  arxeoqrafı 

 



Bugün: 704
Dünən: 740
Bu həftə: 2956
Son həftə: 6066
Bu Ay: 16852
Son Ay: 28223
Bu İl: 257894
Ümumi: 1278315
1278315