Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 105 il əvvəl - 26 iyun 1918-ci ildə Milli Ordunun yaradılması haqqında qərar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla isə ölkəmizdə həmin gün Silahlı Qüvvələr Günü elan olunmuşdur.
1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər Heydər Əliyev demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 İyun gününü Azərbaycan Silahlı Qüvvələri, Ordusu günü elan etmişik".
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini qurdu, ictimai-siyasi quruluşun müvafiq modelini təsis etdi. Yenicə yaradılmış dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, daxili düşmən qüvvələri zərərsizləşdirmək və xarici müdaxilələrin qarşısını almaq üçün Silahlı Qüvvələrin yaradılması idi. Milli Ordunun təşkili həyati zərurətdən irəli gəlirdi və bu, dövlətin qarşısında dayanan təxirəsalınmaz vəzifələrdən biri sayılırdı.
Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci müvəqqəti hökumətin tərkibində təsis edilmiş hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Həmin tarixdə hökumətin digər qərarı ilə Əlahiddə Azərbaycan Korpusu nəzdində xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi.
1918-ci il iyulun əvvəllərində Azərbaycan Korpusunun hissələri iki türk diviziyasının - 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyalarının hissələri ilə birgə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Başda general-leytenant Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunun qərargahı Gəncə şəhərində yerləşdirildi.
Arxiv sənədlərinə əsaslanaraq qeyd olunmalıdır ki, ölkəmizdə Silahlı Qüvvələrin yaradılması son dərəcə ağır hərbi-siyasi şəraitdə aparılırdı. 1918-ci ilin yayında Azərbaycanda siyası vəziyyət ikihakimiyyətliliyin mövcudluğu ilə xarakterizə edilirdi. Ölkənin şərq hissəsi (Bakı quberniyası) Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı Xalq Komissarları Sovetinin (XKS) təsiri altında, qərb hissəsi (Yelizavetpol quberniyası) isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe idi. Əsasən erməni bolşevik-daşnaklardan ibarət olan Bakı Xalq Komissarları Soveti Azərbaycanın milli hökumətini nəinki tanımadı, hətta ona qarşı mübarizə elan etdi. Bakı XKS və onun ordusu Gəncə üzərinə yürüşə keçərək ölkədə vətəndaş müharibəsini yenidən alovlandırdı. Ölkədə sovet hakimiyyəti qurmaq adı altında Azərbaycan türklərinə divan tutulmağa başlandı. Bakı, Şamaxı, Quba, Lənkəran, Salyan, Naxçıvan, Qarabağ və digər bölgələrdə dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törədildi.
Erməni-daşnak qüvvələrinin törətdiyi bu azğınlığın qarşısının alınmasında xalqımızın hərbi köməyə ehtiyacı var idi. 1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacinski, Türkiyə tərəfindən xarici işlər naziri Xəlil bəy və Qafqaz cəbhəsinin baş komandanı Vahib Paşa imzaladılar. İmzalanmış həmin müqaviləyə əsasən, Türkiyə tərəfindən Azərbaycana lazımi hərbi yardım göstərildi. Azərbaycan-Türkiyə qoşun hissələrinin birgə səyi nəticəsində əsasən ermənilərdən ibarət olan qırmızı ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı. Azərbaycan-Türkiyə birləşmiş qoşunları ilə Bakı XKS-nin qoşunları arasında ilk döyüş iyunun 16-18-də Göyçaydan bir qədər şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verdi. Nazirlər Şurası 1918-ci il iyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il iyunun 23-də qəbul etdiyi qərarla ölkədə hərbi dövrün qanunları tətbiq olundu. Müvəqqəti Hökumət 1918-ci il iyulun 3-də əsgərliyə çağırış yaşının müəyyən edilməsi haqqında qərar qəbul etdi. Həmin qərara görə 19 yaşına çatmış gənclər hərbi mükəlləfiyyətli hesab olunurdu. Daha sonra 1918-ci il iyulun 11-də 1894-1899-cu illərdə anadan olmuş və müsəlman dininə mənsub vətəndaşların ordu sıralarına çağırılması barədə qərar qəbul edildi. "Azərbaycan" qəzetinin 15 sentyabr 1918-ci il tarixli nömrəsində hərbi xidmətə çağırışın müvəffəqiyyətlə keçirilməsi haqqında məlumat dərc edilmişdir. Həmin məlumatda bildirilirdi: "Əyalətlərdən alınmış məlumatlara görə, əsgərliyə çagırış müvəffəqiyyətlə keçirilir. Yaşın düzgün təyin edilməsi ilə bağlı yaranmış vəziyyət bir qədər çətinlik törədir. Bakıya yaxın kəndlər döyüş qabiliyyəti olan bütün kişiləri cəbhəyə çıxarmışdılar. Nuxa və Ərəş qəzalarından əsgərliyə yeni çağırılmış şəxslər isə artıq çoxdandır ki, Bakı ətrafında gedən döyüşlərdə iştirak edirlər".
Türk və Azərbaycan qoşunları ilə Bakı XKS-nin qoşunları arasında Göyçay ətrafında gedən dördgünlük (27 iyun-1 iyul) qızğın döyüşlərdən sonra əsasən ermənilərdən ibarət olan qırmızı ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks-hücuma keçdi. İyulun sonlarında Şamaxı, Qarasu, Hacıqabul, Ələt, Qobu, Xırdalan, Sumqayıt və Səngəçal, avqustun 3-də isə Quba azad edildi.
Qafqaz İslam Ordusunun Bakıya doğru əks-hücumu Bakıdakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi və nəticədə Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı XKS iyulun 31-də öz səlahiyyətlərindən imtina etməli oldu. Bakıda hakimiyyət sağ eser-menşevik-daşnak blokunun əlinə keçdi və həmin blok avqustun 1-də "Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatlarının Müvəqqəti İcra Komitəsinin Rəyasət Heyəti" adlı hökumət təşkil etdi. Avqustun 5-də Azərbaycan-türk qoşun birləşmələri səhər tezdən şəhərin yuxarı dağlıq hissəsində yerləşən Badamdar yüksəkliyini ələ keçirərək Bibiheybətə doğru endi və oranı erməni daşnaklarından təmizləməyə nail oldu. Xilaskar qoşunun digər dəstələri isə Bibiheybətə doğru Şıxov kəndi tərəfindən irəlilədi. Avqustun 5-6-da Bibiheybət, Badamdar, Qurd qapısı, Binəqədi, Biləcəri və digər bölgələrdə gedən ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu sentyabrın 14-dən 15-nə keçən gecə həlledici hücuma keçdi. Sentyabrın 15-də Azərbaycan-Türkiyə birgə qüvvələri Bakını azad etdi.
1918-ci il sentyabrın 15-də çıxan "Azərbaycan" qəzetində Azərbaycan hökumətinin adına Nuru Paşadan aşağıdakı məzmunlu teleqramın daxil olduğu barədə məlumat verildi: "Allahın mərhəməti ilə Bakı şəhəri 15(9) 34-də (müsəlman tarixi ilə 1334-cü il nəzərdə tutulur) saat 9 radələrində bizim hissələr tərəfindən alındı. Qafqaz müsəlman ordusunun komandanı general-leytenant Nuru". 1918-ci il sentyabrın 15-də Türkiyənin Gürcüstandakı hərbi nümayəndəsi general-mayor Abdul Kərim Paşa Bakının azad edilməsi ilə bağlı Tiflisdən Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təbrik telefonoqramında isə qeyd edilirdi: "Fədakarcasına döyüşmüş türk və Azərbaycan qoşunlarının Bakını alması münasibəti ilə sizi böyük hörmətlə təbrik edirəm".
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və ərazi bütövlüyünün bərpa edilməsi, habelə genişlənməkdə olan erməni daşnak-bolşevik təcavüzünün qarşısının alınmasında 1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu Hökuməti ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq müqaviləsinin müstəsna əhəmiyyəti olmuşdur. Qeyd etmək kifayətdir ki, Bakını düşmən qüvvələrdən məhz Azərbaycan-Türkiyə birgə qüvvələri azad etmişdir.
1919-cu il 15 sentyabr tarixli "Azərbaycan" qəzeti Bakının azad olunduğu günün böyük əhəmiyyətini qiymətləndirərək yazmışdır: "Əgər biz 28 mayı müstəqilliyimizin elan olunduğu rəsmi gün hesab ediriksə, 15 sentyabr Azərbaycan qoşunlarının, Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü - müstəqilliyin faktiki olaraq əldə olunduğu və dövlətin əsasının qoyulduğu gün kimi hesab etmək mümkündür. Bu gün mütəşəkkil daşnak-bolşevik qüvvələrinin yalnız Azərbaycanın və digər Zaqafqaziya respublikalarının müstəqilliyinə qarşı deyil, Zaqafqaziyada türk xalqlarının varlığına qarşı yönəltdikləri ölümcül təhlükənin qarşısının alındığı gündür.
Türk qoşunları Azərbaycanın köməyinə imperialist və istila məqsədləri ilə deyil, öz qardaşlarını xilas etmək üçün gəldilər, Azərbaycan torpaqlarında təmənna güdmədən və fədakarcasına öz qanlarını axıdıb qardaşları qarşısında öz borclarını yerinə yetirərək getdilər. Qədirbilən Azərbaycan xalqı türk qoşunlarının son dərəcə mühüm xidmətlərini unutmayacaq və Bakıya onlarla birgə daxil olmasını Azərbaycan xalqının tarixinin ilk səhifələrinə yazacaqdır".
Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə türk və azərbaycanlı əsgər və zabitlər, yerli əhali həlak olmuşdur. Onlar Şəhidlər xiyabanında dəfn edilmişlər. Azərbaycanın müxtəlif bölgələrində, Bakıdakı Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Qədirbilən xalqımız Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş qəhrəman insanların, əsgər və döyüşçülərin şücaətlərini heç vaxt unutmur, böyük hörmət və ehtiramla yad edir.
Bakı erməni-bolşevik-daşnak qüvvələrindən təmizləndikdən sonra respublikada ordu quruculuğu və müdafiə sahəsində görülən işlər bir qədər də sürətləndirildi. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ bölgəsində mövqelərini möhkəmləndirmək məqsədilə general-leytenant Nuru Paşa başda olmaqla Qafqaz İslam Ordusunu bu bölgəyə göndərdi. Hökumətin 1918-ci il oktyabrın 6-da keçirilmiş iclasında Nazirlər Şurasının sədri F.X.Xoyski nazir portfellərinin yenidən bölüşdürülməsinin nəticələrini elan etdi. İ.X.Ziyadxanov hərbi işlər üzrə müvəkkil təyin olundu.
Birinci Dünya müharibəsində məğlub edilmiş Almaniya-Türkiyə bloku qalib gəlmiş Antanta ölkələri ilə 1918-ci il oktyabrın 30-da ağır şərtli müqavilə bağladı. Mudros müqaviləsinin şərtlərinə görə, Türkiyə qoşunları Azərbaycanı və Zaqafqaziyanı tərk etdi. 1918-ci il noyabrın 17-də müttəfiq dövlətlər adından general Tomsonun başçılığı altında ingilis hərbi qüvvələri Bakıya daxil oldular. Həmin qüvvələr Azərbaycan qoşunlarının Bakını tərk etməsini tələb etdi. Yaranmış vəziyyətlə əlaqədar 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və fəaliyyətini orada davam etdirdi. Hərbi Nazirliyin Gəncəyə köçürülməsi nazirliyin dövlət strukturları ilə əlaqələrində və ordunun formalaşması prosesində müəyyən çətinliklər yaratmasına baxmayaraq, artilleriya generalı Səməd bəy Mehmandarovun rəhbərliyi altında aparılan təşkilati işlər öz nəticəsini verdi. Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun əsas qüvvələri Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti dövründə yaradıldı.
Qeyd edək ki, Hərbi Nazirlik Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1 noyabr 1918-ci il tarixli qərarı ilə yaradılmışdı. Nazirliyin yaradılması haqqında qəbul edilmiş həmin qərarda qeyd edilirdi ki, hərbi nazir portfeli Nazirlər Şurasının sədrinə həvalə edilsin. Onun müavini artilleriya generalı S.S.Mehmandarov təyin olunsun. Daha sonra qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də hərbi nazirin müavini Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan korpusunun qərargah rəisi polkovnik Həbib bəy Səlimov Baş Qərargahın və hərbi nazirin dəftərxanasının rəisi vəzifəsinə təyin edildi. Nazirin əmri ilə polkovnik Səlimova tapşırıldı ki, Nazirlər Şurasının təsdiq etdiyi ştata uyğun olaraq Hərbi Nazirliyin Baş Qərargahını və Dəftərxanasını, habelə Baş Qərargahın general-kvartirmeyster, növbətçi-general, artilleriya, intendant, mühəndislik, hərbi-məhkəmə, hərbi-təlim, topoqrafiya və nəzarət şöbələrini yaratsın. İntendant şöbəsinin rəisi polkovnik Seyfulla Mirzə Qacar, artilleriya şöbəsinin rəisi general-mayor Tlexas, polkovnik Qaytabaşi isə nəzarətçi general vəzifəsinə təyin edildi. Polkovnik-leytenant Vəkilov tərəfindən müvəqqəti olaraq mühəndislik şöbəsinin rəisi vəzifəsini icra etməyə icazə verildi.
Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da Azərbaycan korpusunun komandiri, general-leytenant Əliağa İsmayılağa oğlu Şıxlinski isə hərbi nazirin köməkçisi təyin edildi. Xalqımızın zəngin hərbi biliyə və təcrübəyə malik görkəmli övladları S.S.Mehmandarov və Ə.İ.Şıxlinski respublikada aparılan hərbi quruculuq işlərinə rəhbərlik etdikdən sonra ölkədə hərbi qüvvələrin yaradılması sahəsində işlər uğurla həyata keçirilməyə başlandı. Ordu quruculuğuna Azərbaycan Parlamenti tərəfindən də böyük diqqət yetirildi.
Azərbaycan Parlamentinin 1918-ci il 26 dekabr tarixli iclasında F.X.Xoyskinin sədrlik etdiyi hökumətin bəyannaməsi elan edilmişdir. Həmin bəyannamədə ordu quruculuğu ilə bağlı qeyd edilirdi: "Möhtərəm məbuslar! Sülhsevərlik yanğısı nə qədər böyük olsa da, hökumət hüquq və maraqlarının qorunmasında canlı qüvvəyə-orduya arxalanmalıdır. Beləliklə, ərazi bütövlüyünü qorumağa qadir olan hərbi qüvvələrin yaradılması hökumətin qarşısında duran başlıca vəzifələrdən biridir. Bu qüvvələr bütün lazımi vəsaitlərlə: silahla, əsgəri təchizatla, ərzaqla təmin edilməlidir. Hökumət dərhal bunun təşkilinə başlayacaqdır".
S.S.Mehmandarovun 1919-cu il yanvarın 3-də hərbi nazir vəzifəsində fəaliyyətə başlaması haqqında imzaladığı əmrdə qeyd edilirdi:
1. Mən bu gün Bakı şəhərindən qayıdaraq Hərbi Nazirliyi idarə etməyə başladım; Azərbaycan korpusunun komandiri general-leytenant Şıxlinskidən xahiş edirəm ki, öz vəzifəsinin icrasına başlasın.
2. 1918-ci il dekabrın 25-də Azərbaycan Respublikasının hərbi naziri vəzifəsinə təyin edilmişəm, bunu hərbi təsisata elan edirəm.
3. Azərbaycan korpusunun komandiri general-leytenant Şıxlinski Nazirlər Şurasının 29 dekabr 1918-ci il tarixli qərarı ilə hərbi nazirin köməkçisi təyin edilmişdir.
Hərbi nazir S.Mehmandarovun 10 yanvar 1919-cu il tarixli əmri ilə Hərbi Nazirliyin nəzdində piyada və atlı diviziyalarının, Baş Qərargahın, Artilleriya və İntendant idarələrinin rəislərindən, qərargahın general-kvartirmeysterdən, növbətçi-generaldan, tapşırıqlar üzrə generaldan və mühəndislik şöbəsinin rəisindən ibarət Hərbi Şura yaradıldı. Qoşunların yerləşdirilməsi, təchiz edilməsi, təlim-tərbiyə işlərinə aid bütün məsələlərin hazırlanması Hərbi Şuraya həvalə olundu.
Qeyd edək ki, yenicə yaradılmış respublikada həyata keçirilən ordu quruculuğunda yerli şərait nəzərə alınmaqla çar ordusu qoşunlarının yaradılması, komplektləşdirilməsi, idarə edilməsi və döyüş hazırlığı prinsipləri tətbiq olunurdu. Bu, ilk növbədə onunla izah edilirdi ki, yaranmaqda olan Azərbaycan Ordusunun ali zabit korpusunun bir çoxu rus-yapon və Birinci Dünya müharibəsinin iştirakçıları olmuş və zəngin döyüş təcrübəsi əldə etmiş keçmiş çar ordusunun general və zabitlərindən ibarət idi. Ədliyyə və daxili işlər naziri X.Xasməmmədovun 1919-cu il fevralın 12-də qubernatorlara göndərdiyi təlimnamədə hərbi xidmətə çağırışın həyata keçirilməsində türk komandanlığının işləyib hazırladığı təlimatın deyil, hərbi mükəlləfiyyət barədə keçmiş Rusiya Nizamnaməsinin əldə rəhbər tutulması tövsiyə edilirdi.
Hərbi Nazirliyin qarşısında duran ən vacib məsələlərdən biri də milli hərbi zabit kadrlarının hazırlanması idi. Bu məsələnin aktuallığı xüsusilə onunla izah olunurdu ki, Denikin qoşunları Azərbaycanın sərhədlərinə yaxınlaşdıqca keçmiş Qafqaz cəbhəsinin və Qafqaz Dairəsinin bir çox rus zabitləri Azərbaycan Respublikasına qarşı kəşfiyyat işləri aparır və təxribat törədirdilər. Doğma xalqına və vətəninə sadiq olan milli zabit kadrlarına son dərəcə böyük ehtiyac duyulurdu. Milli zabit kadrları hazırlayan hərbi məktəbə mövcud təlabat nəzərə alınaraq hökumətin 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Gəncə Sənət Məktəbinin təmir edilməsi və onun hərbi məktəb kimi yenidən təchiz edilməsi üçün Gəncə hərbi məktəb müfəttişinin sərəncamına 30 min rubl pul vəsaiti ayrıldı. Bundan əlavə, Bakı şəhərində üç hərbi məktəbin açılması və onların avadanlıqlarla təchiz edilməsi məqsədilə hökumətin 27 oktyabr 1918-ci il tarixli qərarı ilə daxili işlər nazirinin sərəncamına 50 min rubl kredit ayrıldı. Bunlardan əlavə, 1918-ci il dekabrın 1-də Gəncə podpraporşik məktəbinin fəaliyyəti yenidən quruldu və həmin məktəbin statusu genişləndirilərək praporşiklər məktəbinə çevrildi. 1919-cu ilin oktyabrında isə həmin məktəbin bazasında piyada, artilleriya, mühəndislik, habelə kürd bölmələrindən ibarət Hərbi Məktəb yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda milli duyum, milli birlik və milli iftixar, vətənə, torpağa bağlılıq əsas prinsiplərdən idi. Hər bir zabit və əsgər öz xalqının şanlı döyüş tarixini, özünün kökünü və soyunu bilməli və onlara qırılmaz köklərlə bağlı olmalı idi. Əsgər və zabitlər ilk növbədə vətəndaş olmalı, doğma yurdunu, dilini və millətini sevməli, onun keşiyində layiqincə dayanmağı bacarmalı idi. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il aprelin 2-də etdiyi məruzəsində bildirirdi: "...bizim hərbi qüvvələr, ümumdünya tarixinin səhifələrinə yazdıqları və indiyə qədər Avropa xalqlarının unutmayaraq xatırladıqları qəhrəmanlıqları, özünün şanlı döyüş tarixini bilməlidirlər. Bunlar haqqında ən az danışan və xatırlayan da deyəsən elə özümüzük. Yüz ildən artıq davam etmiş rus hökmranlığından azad olmuş türk xalqına xatırlatmaq lazımdır ki, biz heç də həmişə itaət altında olmamışıq, öz qərarımızı Avropa və Asiyaya qəbul etdirmişik. Olduqca faydalı hesab edirəm ki, türk tarixini yaxşı bilənlərdən bir kəsə tapşırılsın ki, xalqımızın bu günə kimi olan tarixini və əlamətdar hadisələrini qısa şəkildə əks etdirən sadə dildə yazılmış kitablar tərtib edərək dərc etsin... Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu şübhəsiz ki, xalqın milli heysiyyətini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır". S.Mehmandarov əsgər və zabitlərin xalqımızın tarixini, qəhrəmanlıq ənənələrini əks etdirən kitablarla təmin edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı.
S.Mehmandarov Ali Qərargahın Baş idarəsinin yaradılması haqqında 1919-cu il martın 26-da 147 saylı əmr imzaladı. Həmin əmrə əsasən, I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviçə martın 19-dan etibarən Ali Qərargah Rəisi vəzifəsini icra etməsinə icazə verildi.
Ali Qərargahın Baş idarəsi aşağıdakı şöbələr əsasında yaradılmışdır: a) general-kvartirmeyster, b) hərbi-topoqrafiya, c) rabitə xidməti. Baş idarəyə qoşunların təşkili, təlimi, dislokasiyası məsələlərinə baxılması həvalə edildi. Baş Qərargahın səlahiyyətlərində isə qoşunların komplektləşdirilməsi, yerləşdirilməsi və daxili təsərrüfat məsələləri saxlanıldı. 1919-cu il martın 28-də hərbi nazir, artilleriya generalı S.Mehmandarov və Ali Qərargahın rəisi general-leytenant M.Sulkeviçin general-kvartirmeyster şöbəsinin strukturu haqqında birgə imzaladıqları 157 saylı əmrlə əməli-səfərbərlik, hesabat, kəşfiyyat və əks-kəşfiyyat şöbələrindən və rabitə xidmətindən ibarət general-kvartirmeyster bölməsi formalaşdırıldı.
1920-ci il martın 2-də Azərbaycan Ordusunun Qərargahı yaradıldı. Hərbi nazir S.Mehmandarov və ordu qərargahının rəisi H.Səlimov tərəfindən imzalanmış əmrə əsasən, Baş Qərargah və Ali Qərargahın Baş idarəsi bir qərargahda birləşdirilərək Azərbaycan Ordusunun Qərargahı adlandırıldı. Həmin əmrlə Ali Qərargahın Baş idarəsinin rəisi general-mayor H.Səlimov korpus komandiri hüququ və təminatı ilə ordu qərargahının rəisi təyin edildi.
Hərbi Nazirliyin qərargahlarına, habelə idarə və şöbələrinə müxtəlif vaxtlarda generallardan Həbib bəy Səlimov, İbrahim ağa Usubov, Abdul Həmid Qaytabaşı, İbrahim ağa Vəkilov, Məmməd bəy Sulkeviç, Murad Qirey Tlexas, Firudin bəy Vəzirov, Məmməd Mirzə Qacar, Amanulla Mirzə Qacar, Davud bəy Yadigarov və başqaları başçılıq etmişlər. Eyni zamanda Azərbaycanın Milli Ordu hissələrində layiqincə xidmət göstərən zabitlər arasında digər millətlərin nümayəndələri də olmuşdur: polkovnik V.N.Sokolov - I piyada diviziyasının qərargah rəisi, B.K.Bekov - istehkamçı məktəbinin rəisi, S.M.Koçladze-hərbi dəmir yolu məktəbinin rəisi, V.S.Xarkeviç - I artilleriya briqadasının divizion komandiri, polkovnik V.D.Klementyev - qoşunların hərəkətinin müdiri, polkovnik-leytenant P.P.Mikeladze - Bakı müdafiə rayonunun mövqe batareyalarının rəisi və başqaları. Şəxsi heyətin tərbiyə edilməsində Milli Ordunun strukturunda fəaliyyət göstərən din xadimlərinə də böyük əhəmiyyət verilirdi. Hətta baş molla vəzifəsi təsis edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti dövlətin təhlükəsizliyini, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ordu quruculuğuna xüsusi diqqət verərək büdcədən mümkün qədər böyük vəsait ayırırdı. 1919-cu ildə büdcədən ən böyük vəsait ordu quruculuğu üçün ayrılmışdır - 399 milyon 454 min 242 rubl.
1919-cu ilin sonunda Azərbaycan Ordusunun tərkibində 2 piyada və 1 atlı diviziya var idi. I piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, diviziyanın qərargah rəisi Vasiliy Sokolov idi. I piyada diviziyasına Cavanşir I piyada alayı (polkovnik Vladimir Levestan), Zaqatala 2-ci piyada alayı (polkovnik Əhməd bəy Dibirov), Gəncə 3-cü piyada alayı (polkovnik Cahangir bəy Kazımbəyov) daxil idi. II piyada diviziyasının komandiri İbrahim Ağa Usubov, qərargah rəisi polkovnik-leytenant Mahmud bəy Zeynalov olmuşlar. II piyada diviziyasına 4-cü Quba piyada alayı (polkovnik Həsən bəy Ququşev), 5-ci Bakı piyada alayı (polkovnik-leytenant İsrafil bəy İsrafilov), 6-cı Göyçay piyada alayı (polkovnik Əfəndiyev), 7-ci Şirvan piyada alayı (Lənkəran ehtiyat taboru alaya çevrilməklə) və 8-ci Ağdaş piyada alayı daxil idilər. Piyada diviziyalarının hər biri həmin diviziyanın nömrəsi altında iki divizion heyətdən ibarət artilleriya biriqadası ilə təmin edilmişdir. 1-ci briqadanın komandiri Məmməd Mirzə Qacar, 2-ci briqadanın komandiri Rüstəm bəy Şıxlinski idi.
Atlı diviziyanın tərkibinə komandir general-mayor Teymur bəy Novruzov olmaqla, aşağıdakı alaylar daxil idi:
*1-ci atlı Tatar alayı (polkovnik-leytenant Cəmşidxan Naxçıvanski);
*2-ci atlı Qarabağ alayı (polkovnik Məhəmməd bəy Tuqanov);
*3-cü atlı Şəki alayı (Xosrov Mirzə Qacar).
Həmin diviziyanın tərkibinə həmçinin Kürd atlı divizionu (rotmistr Səlim bəy Sultanov), Kürd atıcı batalyonu (ştabs-kapitan Yunis Şakarov) və atlı-dağ batareyası (podpolkovnik Dunin-Marsinkeviç) daxil idi.
Azərbaycan xalqının və hökumətinin iradəsi ilə müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda yerləşdirilməsinə razılıq verdi. İngiltərə hərbi qüvvələri Azərbaycan ərazisini tərk etdikdən sonra Hərbi Nazirliyin rəhbər orqanları 1919-cu il iyunun sonu-iyulun əvvəllərində yenidən Bakıya köçürüldü. 1919-cu ilin yayında Bakıda Komendant İdarəsi yaradıldı. Bakı şəhəri komendantı general-mayor Firidun bəy Vəzirov oldu.
1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakının Möhkəmləndirilmiş Müdafiə rayonu idi. Yaradılmış bu strukturun başlıca məqsədi Denikin ordusunun şimaldan, xüsusən dənizdən ehtimal olunan təhlükəsinin qarşısını almaq və bütünlükdə Bakının etibarlı müdafiəsini təşkil etmək idi. Həmin strukturun rəisi general-mayor Murad Girey Tlexas, qərargah rəisi polkovnik Hacıbəylinski idi.
1919-cu ilin sonunda respublikanın ərazisində nizami ordu hissələri ilə yanaşı, qeyri-nizami hissələr - polis də yaradıldı. Həmin qüvvələr üzərində rəhbərliyi yerli qarnizon rəisləri həyata keçirirdi.
1920-ci ildə aşağıdakı birləşmələrin yaradılması nəzərdə tutulurdu: 9-cu piyada alayı, 3-cü piyada diviziyanın qərargahı, 2 qaubitsa batareyası, 1 atlı-dağ batareyası, atlı-dağ diviziyonunun idarəsi, diviziyonu idarə etməklə 3 batareya heyətli 1 yüngül döyüş diviziyonu. Əgər bu hərbi hissələrin yaradılmasını başa çatdırmaq mümkün olsaydı, Azərbaycan Xalq Cümhuriyyətinin quru qoşunları təşkilati baxımdan ordu korpusu təşkil edərdi ki, bu da o dövrün ali taktiki birləşməsi sayılırdı.
Lakin məlum səbəblər ucbatından bunu həyata keçirmək mümkün olmadı. 1920-ci il aprelin 27-də XI ordu Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə daxil oldu. Azərbaycan Parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş axşam iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi barədə qərar qəbul edildi. S.Mehmandarov 1920-ci il aprelin 28-də tutduğu vəzifəni sovet hakimiyyəti tərəfindən yeni təyin edilən hərbi və dəniz komissarı Cingiz İldırıma təhvil verdiyi barədə əmr imzaladı. Əmrdə yazılırdı: "...vidalaşarkən əziz xidmət yoldaşlarıma vicdanlı və rəşadətli xidmətlərinə görə minnətdarlığımı bildirirəm. Onların yeni hakimiyyətdə də bizim sevimli Azərbaycanımız naminə vicdanla və rəşadətlə xidmət edəcəklərinə şübhə etmirəm. Əlvida, böyükdən tutmuş kiçik əsgərə qədər sizin hamınıza əmin-amanlıq, əməkdə və şəxsi həyatda müvəffəqiyyətlər və xoşbəxtlik arzulayıram".
Azərbaycan sovetləşdirildikdən sonra 1920-ci ilin yalnız iyun-iyul aylarında Fövqəladə Komissiyanın hökmü ilə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun 15-dən artıq tanınmış hərbi sərkərdəsi, o cümlədən general-mayor Firidun bəy Camal bəy oğlu Vəzirov, Qaytabaşı Abdulhəmid bəy, Qacar Feyzulla Mirzə, Qacar Məmməd Mirzə, Qacar Əmir Kazım Mirzə, Yedigarov David bəy, Həşimbəyov Əliyar bəy, Səlimov Həbib bəy, Sulkeviç Matvey Aleksandroviç, Tlexas Murad Qirey, Usubov İbrahim Musa oğlu, Talışxanov Həbib bəy, polkovnik: Qalajev Danyal bəy, Qacar Sədrəddin Mirzə, Şıxlinski Rüstəm bəy və başqaları edam edildilər.
Azərbaycan hərbi sərkərdələrinə qarşı repressiyalar 1930-cu illərdə də davam etdi. Onların hər biri şərəfli həyat və döyüş yolu keçmiş peşəkar hərbçi olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə respublikada aparılan ordu quruculuğunda və ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xidmətləri olmuş hərbi sərkərdələr və hərbçilər heç vaxt unudulmur. Onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və böyük ehtiramla yad edilir.
Rafiq SƏFƏROV,
Milli Arxiv İdarəsinin baş məsləhətçisi
Bugün: | 287 |
Dünən: | 774 |
Bu həftə: | 5656 |
Son həftə: | 6350 |
Bu Ay: | 18365 |
Son Ay: | 25108 |
Bu İl: | 284514 |
Ümumi: | 1304935 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az