Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Şeirimizin incə ruhlu nəfəsi - Osman Sarıvəlli

Son Yenilənmə : 2025-12-10 13:00:23
Baxış sayı : 78

XX əsr Azərbaycan ədəbiyyatı zəngin yaradıcılıq axtarışları, milli düşüncə tərzinin inkişafı və poeziyanın yenilənməsi ilə seçilən bir dövrdür. Bu dövrün ən parlaq simalarından biri də öz incə lirizmi, xalq ruhuna bağlılığı və səmimi ifadə tərzi ilə yadda qalan şair Osman Sarıvəllidir. O, Azərbaycan poeziyasına özünəməxsus şeir nəfəsi gətirməklə yanaşı, ədəbi prosesin formalaşmasında mühüm rol oynamış, dövrünün ictimai-siyasi hadisələrinə şair duyarlığı ilə münasibət bildirmişdir.                      

Osman Sarıvəlli 13 iyun 1905-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Şəkinin qədim tarixi və xalq mədəniyyəti ilə zəngin mühitində keçməsi onun poetik təfəkkürünün formalaşmasında xüsusi rol oynamışdır. Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində aldığı təhsil onun ədəbi dünyagörüşünü daha da genişləndirmiş, klassik Şərq poeziyasına duyduğu maraq yaradıcılığında özünü büruzə verir. Təhsil illərindən sonra Osman Sarıvəlli Azərbaycan Pedaqoji və Mədəni həyatında yaxından iştirak etmiş, qəzet və jurnallarda çalışmış ədəbi mühitdə tanınmağa başlamışdır. O, uzun illər Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətində iştirak edərək həm yaradıcılığı, həm də təşkilatı işi ilə ölkənin ədəbi inkişafına töhfə vermişdir. Onun yaradıcılığının əsas xəttini lirizm, vətənpərvərlik və insan duyğularının incə təsviri təşkil edir. Şeirlərində axıcı dil və obrazlılıq başlıca yer tutur. Şair həm də Azərbaycanın müxtəlif bölgələrinin məruzələrini, insan qəlbinin iç dünyasını, həyat müşahidələrini ustalıqla şeirə çevirə bilmişdir. Osman Sarıvəllinin lirikasında sevgi, həsrət, gözəllik və insan duyğuları vəhdət təşkil edir. Şeirlərini sadə sözlərlə oxucuya çatdırmaq onun başlıca xüsusiyyəti idi. Şairin İkinci Dünya müharibəsi illərində yazdığı şeirləri Azərbaycan xalqının birliyini və dözümünü tərənnüm edən nümunədir. O, zamanın ağrı-acılarını, insan taleyini, həyatın mənasını fəlsəfi üslubla təqdim etmişdir. Ona görə də Sarıvəllinin yaradıcılıq yolu çoxşaxəlidir. Şeirləri, poemaları həm də tərcümələri Azərbaycan ədəbi xəzinəsinin dəyərli nümunələri sırasında yer alır. Onun ən məşhur əsərləri “ Gözlə məni”, “ Səadət”, “ Durna”, “ Vətən”, “Şəki” və.s.             

Osman Sarıvəlli rus, fars və digər dünya ədəbiyyatından etdiyi tərcümələrlə mədəni əlaqələrin inkişafında mühüm rol oynamışdır. Onun tərcümələrində sadə və axıcı dil, hisslərin səmimiliyi, obrazlılıq və düşüncə böyük rol oynayırdı. Bununla yanaşı, o təkcə şair kimi deyil, həm də ədəbi təşkilatçı, düşüncə adamı və tərcüməçi kimi Azərbaycan ədəbi mühitinin inkişafında rol oynamışdır. Onun fəaliyyəti nəticəsində bir çox gənc yazarlar ədəbiyyata gələrəköz yardadıcılıqlarını formalaşdırmışdılar. Şairin əsəsrləri həm ideya zənginliyi, həm də bədii dəyəri ilə Azərbaycan poeziyasının inkişafında mühüm mərhələ sayılır. XX əsr Azərbaycan poeziyasının şedevr nümunələrindən biri də “ Gətir oğlum, gətir !” poemasıdır.Sarıvəllidən söz düşərkən bu əsər daim xatırlanır çünki poemada milli mənəvidəyərlərin yaşadılması başlıca məqamlardan biridir. Onun hissləri isə bu misralarla daha aydın ifadə olunur;              

Özünlə çiçəkli, güllü yaz gətir, 

Bir aşıq mahnısı, bir də saz gətir! 

Ana yurdumuzun nəyi var gətir,

Məhəbbət, sədaqət, etibar gətir...!              

O, yaradıcılıq fəaliyyəti dövründə bir neçə dəfə dövlət mükafatlarına layiq görülmüşdür. İlk öncə “Əməkdar incəsənət xadimi” fəxri adını almış, daha sonra isə Ulu Öndər Heydər Əliyev onun ədəbiyyatımızın inkişafında xidmətlərini layiqincə qiymətləndirmiş və “Xalq Şairi” fəxri adına layiq görülmüşdür. 

Osman Sarıvəllinin yaradıcılıq poeziyasını yüksək qiymətləndirən ədəbiyyat, mədəniyyət və elm xadimləri onun ədəbiyyatımıza gətirdiyi yeni nəfəsi xüsusi vurğulayırdılar. Xalq şairi Bəxtiyar Vahabzadə onu “millətin ruhundan gələn ağrının və yanğının dili” adlandırırdı. Onun fikrincə şairin yaradıcılığının əsasını bəzəksiz təbiilik və səmimiyyət təşkil edir. O, sözə süni gözəllik verməyə çalışmır, əksinə, sözün öz təbiii gücündən istifadə edərək oxucuya təsir etməyi bacarır. Xalq şairimiz Mirvarid Dilbazi isə onun haqqında belə düşünürdü “ Osman Sarıvəlli şeirinin ən böyük gücü onun köhnəlməzliyidir. Dövr dəyişsə də onun misraları oxucuya hər zaman eyni təsiri göstərir”. Tanınmış söz və elm adamlarının fikirləri göstərir ki, o Azərbaycan poeziyasının inkişafında, milli düşüncənin formalaşmasında rol oynamışdır. Haqqında deyilmiş sözlər isə onun mövqeyinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir.       

Osman Sarıvəlli Azərbaycan poeziyasının incə ruhlu, duyğulu və səmimi səsidir. Onun yaradıcılığı təkcə bir şairin həyatı və duyğuları deyil həm də xalqın taleyi, nəfəsidir. Bu gündə Azərbaycan ədəbiyyatında öz layiqli yerini qoruyub saxlayır. Onun poeziyası göstərir ki, sözün gücü yalnız bədii formada deyil, həm də insan qəlbinə toxunan səmimiyyətdə mümkündür.   Osman Sarıvəllinin xatirəsi onu tanıyanların, qəlbində hər zaman səmimi insan kimi yaşayacaq. Onun şəxsi fond sənədləri gələcək nəsillərə əmanətdir və bu gün həmin dəyərli sənədlər Salman Mümtaz  adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət arxivində 268 N fondda qorunub saxlanılır. Sənədlərin arxivə  verilmə aralığı 1968-2003- cü illəri əhatə edir. Onun sənədlərinin əsasını əlyazmaları, yazışmaları, təsviri sənədləri təşkil edir.        

O, 1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində Qazaxın İkinci Şıxlı kəndində dəfn edilmişdir.     

Məqalədə 268 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.

 

Gülnar Şərifova

 ARDƏİA-nin aparıcı arxivçisi

                  



Bugün: 363
Dünən: 1430
Bu həftə: 9999
Son həftə: 11350
Bu Ay: 38172
Son Ay: 48584
Bu İl: 38172
Ümumi: 1732097
1732097