Öz sahəsinin peşəkarı
Yaradanımız heç nəyi səbəbsiz yaratmayıb. İnsan üçün, bəşəriyyətin varlığı üçün zəruri və təsərrüfatda istifadə olan təbiət elementlərini (təbii sərvətləri): Günəşi, nüvə enerjilərini, iqlimi, bütün faydalı qazıntıları və s. yaradıb. Azərbaycan xalqına isə iki böyük töhfə verib: birincisi - zəkalı, ağıllı və fədakar insanları, digəri milli sərvət kimi öyündüyümüz neft və qazı. Birincilər olmasaydı, yəqin ki, ikincilərin milli sərvət olaraq yerin tərkibində qalması ehtimalı daha çox olardı.Təbiətin sahibi insandır. Verilən təbii sərvətlərdən istifadə edərək onlar yeni-yeni tapıntılar, kəşflər edirlər. Bu missiya isə alimlərin üzərinə düşür. Alim-ziyalı vətəndaşdır. Alim ömrünün mahiyyəti elmi ilə xalqının tərəqqisinə çalışmaqdan ibarət olmalıdır.
Müqəddəs, nəcib əməllərlə öz sahəsində yeni-yeni kəşflərlə xalqına xidmət edən belə alimlərdən biri də Mikayıl Bağırovdur. Dünya şöhrətli alim A.Mirzəcanzadə məktəbinin ən istedadlı tələbələrindən olan Mikayıl müəllim onun ümidlərini həm alim kimi, həm də böyük qəlbli, sadə insan kimi doğruldan, “xalqın işinə yarayan” bir şəxsiyyət kimi hörmət və ehtiramını qazanmışdır. Öz sahəsinin peşəkarı səviyyəsinə yüksələn Mikayıl müəllim nəyə nail olmuşsa öz zəhməti və istedadı sayəsində müvəffəq olmuşdur. Dahi Sokrat demişkən: “İstedad bir faiz qabiliyyətdirsə, doxsan doqquz faiz zəhmətdir”.
Bax bu iki mühüm amil Mikayıl müəllimdə cəm olduğundandır ki, istərorta məktəbdə, istərsə də oxuduğu ASİ - (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) əla qiymətlərlə oxumuş, hər zəhmətə qatlanmışdır.
Texnika elmləri doktoru Mikayıl Kazım oğlu Bağırov neft yataqlarınınişlənməsiprosesinin intensivləşdirilməsi problemlərinin həllində, xüsusilə neft quyularının hasilatının intensivləşdirilməsi metodlarının elmi, elmi praktiki həll edilməsində çalışan görkəmli alimlərdən biridir. M.K.Bağırov 1934-cü ilin noyabr ayının 1-də Naxçıvan MR Şərur rayonunun Daşarx kəndində anadan olmuş, 1951-ci ildə orta məktəbi bitirib, elə həmin ildə dəAzərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsinə daxil olmuşdur. 1956-cı ildə İnstitutu bitirərək, Azərbaycan neft sənayesində neftçi-mühəndis (dağ mühəndisi) kimi əmək fəaliyyətinə başlamışdır.
Mikayıl Bağırov 1956-cı ildə Ə.Əmirov adına Neft-Qazçıxarma İdarəsində VII dərəcəli neft çıxarma operatoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, 1960-cı ilə qədər müxtəlif vəzifələrdə işləməklə neft çıxarma sahəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdir.
1960-cı il fevral ayının 20-də Azərbaycan Neft Sənayesi ET və Layihə İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub, 1963-66-ci illərdə həmin institutun aspiranturasında əyani təhsil almış və vaxtından əvvəl bitirərək şöhrətli alim, Akademik Azad Mirzəcanzadənin elmi rəhbərliyi altında “Layların hidravlik yayılmasının bəzi məsələlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonrakı illərdə həmin institutda elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində çalışmışdır.
1969-cu ildə Moskva şəhərində 10 aylıq fransız dili kursunu bitirərək, 1971-75 və 1982-86-cı illərdə Əlcəzair Respublikasının “Neft-Kimya İnstitutu”nda öz ixtisası üzrə müəllim işləyib, həm də, elmi fəaliyyətlə məşğul olub. Sonrakı illərdə AzNSETLİ-də “Neft quyularının hasilatının intensivləşdirilməsi, “Neft quyularının əsaslı və cari təmiri” laboratoriyalarına rəhbərlik etmiş, 1992-2002-ci illərdə AzNSETLİ-nin direktoru vəzifəsində işləmiş, 1998-ci ildə “Neft-qaz çıxarılmasının intensivləşdirilməsi metodlarının effetliyinin artırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 130-dan artıq elmi məqalənin, o cümlədən 40 patent və ixtiranın, 7 monoqrafiyanın müəllifidir.
Mikayıl Bağırovun elmi fəaliyyəti əsas etibarı ilə neft-qaz yataqlarının işlənməsi problemlərinə, istismar quyularının hasilatının intensivləşdirilməsi, layların neft veriminin artırılmasının laylara və quyudibi sahəyə təsir üsullarının yaradılması və neft sənayesinin digər aktual problemlərinin həllinə, elmi axtarışları aldığı orijinal nəticələr, elmi işlərinin məğzi və tətbiq sahəsi “neft-qaz yataqları”nın işlənməsi problemlərinin təkmilləşməsinə yönəldilmişdir. Bu sahənin inkişafı üçün Mikayıl müəllimin elmi, inzibati rəhbərliyi altında və şəxsən məhsuldar iştirakı ilə ilk dəfə layların quyudibi sahəsinə kompleks təsir üsulları, fundamental elmlərin nəzəri nəticələrinə əsaslanmış yeni orijinal üsul və vasitələr hazırlanmış və tətbiq olunmuşdur.
Mikayıl Bağırovun irəli sürdüyü ideya və fikirlər sonralar bir neçə namizədlik və doktorluq dissertasiyalarının mövzularına çevrilmişdir. Çox fərəhli haldır ki, onun elmi axtarışları və onlara həsr olunmuş məqalələr dəfələrlə Rusiya Federasiyasının və digər MDB ölkələrinin, eləcə də Əlcəzair Respublikasını elmi, elmi-texniki ədəbiyyatlarında çap edilmiş, elmi inkişaf etdirən disput və müzakirə obyektləri kimi səslənmiş və böyük neftçilər nəslinin yetişdirilməsində fövqəladə müsbət rol oynamışdır. M.Bağırov böyük alim, bacarıqlı təşkilatçı və istedadlı müəllim kimi dəfələrlə xarici ölkələrə dəvət almışdır. Rusiya Federasiyasının və başqa xarici ölkələrinin neft şirkətlərinin dəvəti ilə Mikayıl müəllim Türkiyə, Polşa və s. ölkələrdə işgüzar səfərlərdə olmuş, respublika neft elmini ləyaqətlə təmsil etmişdir.
Alimin keçmiş SSRİ-də ilk neft elmi-tədqiqat institutlarından olan AzNSETLİ-yə rəhbərlik etdiyi müddətdə şöhrəti daha da artmış, onun fəaliyyəti neft sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş, Azərbaycan neftçilərinin avanqard rolunu bir daha sübuta yetirmişdir. Onun rəhbərliyi altında sağlam, təcrübəli, yaradıcı kollektiv formalaşmış, ayrı-ayrı alimlərin və tədqiqatçıların məhsuldar əməyi üçün hər cür şərait yaradılmışdır.
Mikayıl Bağırovun elmi konfranslarda, simpoziumlarda, beynəlxalq görüşlərdə məruzə və çıxışları alimlər tərəfindən həmişə maraqla qarşılanmışdır. Alim geniş elmi-ictimai fəaliyyət göstərmiş və bu fəaliyyət bəzi sahələrdə indi də davam etməkdədir. O, uzun müddət Dövlət Elm və Texnika Komitəsinin, “Yanacaq Energetika” Şurasının üzvü, Azərbaycan Ali Attestasiya Komissiyasının “Yer Elmləri üzrə” Ekspert Şurasının sədri, Azərbaycan neft sənayesinin və neft elminin inkişafında müstəsna rolu olan “Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiya heyətinin və şurasının üzvü olmuşdur.
M.Bağırovun geniş elmi ictimai fəaliyyəti Beynəlxalq Elmi Təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, akademik A.X.Mirzəcanzadənin prezidenti olduğu Beynəlxalq Şərq Neft Akademiyasının üzvü (akademiki), Beynəlxalq EA Azərbaycan Bölməsinin Rəyasət Heyətinin üzvü-akademiki, Beynəlxalq EKO Energetia Akademiyasının elmlər doktoru, professoru adına layiq görülmüşdür.
Hazırda Geofizika və Mühəndis Geologiyası EİB-də məsləhətçi vəzifəsində çalışanMikayıl müəllim yenə də eyni həvəslə, eyni ruh yüksəkliyi ilə çalışır. Axı o, əsl alimdir, əsl ziyalıdır. Harada çalışmasından asılı olmayaraq belələri öz başlıca vəzifələrini xalqa, vətənə xidmətdə görür. Professor Mikayıl Bağırova müstəqil dövlətimizin tərəqqisi naminə yeni-yeni elmi nailiyyətlər arzulayırıq.
Məqalənin hazırlanmasında ADETSA-də alimin 154 №-li şəxsi fondunda mühafizə edilən foto və sənədlərdən istifadə olunmuşdur.
Səadət Cabbarlı
Dövlət Elm və Texnika Sənədləri Arxivinin
aparıcı arxeoqrafı
Bugün: | 790 |
Dünən: | 793 |
Bu həftə: | 1583 |
Son həftə: | 5729 |
Bu Ay: | 2285 |
Son Ay: | 25108 |
Bu İl: | 268434 |
Ümumi: | 1288855 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az